Kitab nəsillərin bir-biri ilə əlaqəsidir

 

Hazırda həllini gözləyən məsələlərdən biri də kitabçılıq problemidir. Bu istiqamətdə müxtəlif qanunlar qəbul edilsə də, mütəmadi mədəni-kütləvi tədbirlər keçirilsə də, bütövlükdə dəyişikliyin mənfi istiqamətə yönəlik forması görünməkdədir. Belə ki, kitaba, mütaliəyə marağın artdığı, eyni zamanda, ölkə başçısının bu sahəyə xüsusi diqqət və qayğı ilə yanaşdığı bir zamanda kitab mağazalarının bir-birinin ardınca sıradan çıxması, kitabxanaların isə baxımsız, inkişafsız qalması heç də uğurlu nəticə kimi qiymətləndirilə bilməz. Kitab mağazalarını restoranların və mağazaların əvəz etdiyini, kitabxanalardakı kitab rəflərininsə kitab həsrəti ilə toz tutduğunu bir fakt kimi müşahidə edərək məsələyə statistik göstəricilərin gözü ilə baxacağıq.

 

 

 

Kitab alıcılığı artır, amma...

 

 

 

Dövlət Statistika Komitəsinin internet səhifəsində yerləşdirilən illik rəsmi göstəricilərə görə, kitabların pərakəndə satışı 2000-ci ildə 4916 manatlıq idisə, bu rəqəm 2012-ci ildə təxminən 5 dəfə artaraq 24 min 512 manat təşkil etmişdir. Göründüyü kimi, kitab alıcılığında yüksəliş müşahidə olunur. 2012-ci il üçün əmtəə dövriyyəsinin həcmində kitabların pərakəndə satışının xüsusi çəkisi isə 0,3 faiz təşkil edir. Maraqlı və təzadlı reallıq ondan ibarətdir ki, hələ ötən əsrin ortalarında və sonlarında yalnız paytaxtda 80-nədək kitab mağazası vardı. Son 4 il ərzində bu rəqəm 10-a enib. Görünən odur ki, kitab alıcılığı səviyyəsi artır, kitab mağazalarının sayı isə azalır.

Bu gün ölkə daxilində 52 ali təhsil müəssisəsi, 145 min 584 tələbə var. Kitab mağazalarının azlığı, kitabxanaların kitab bazasının arzuolunmaz durumu tələbənin əlavə kitab problemi yaşamasına zəmin yaradır. Kitabxanalarda, ümumən kitabçılıq sahəsində elektronlaşma işləri sürətlə həyata keçirilsə, bəlkə də mövcud problemin həllində müəyyən uğur əldə etmək olar.

Daha bir fakt. 2002-ci ildə 3510 ədəd olan iaşə obyektinin sayı 2012-ci ildə 9502-yə qədər yüksəlib. Buna sözümüz yox. Amma gözümüzün öyrəşdiyi, daimi müştərisinə çevrildiyimiz kitab mağazaları geyim və qida məhsullarının satışı ilə məşğul olan dükanlarla əvəz olunur. Bu rəqəmlər bazar iqtisadiyyatı, eyni zamanda, sahibkarlıq və ticarət azadlığı istiqamətində qazanılmış uğurun təntənəsi kimi də qiymətləndirilə bilər...

Kitab ruhun qidasıdır. Kitabçılıq işinin yüksək inkişaf tempi üzərində köklənməsi insan amilinin inkişafını formalaşdıran xüsusatlardandır. Bəli, fəxrlə deyə bilərik ki, ölkədə ticari dövriyyədə qazanılmış uğurların böyük hissəsi məhz neft və neft məhsullarının payına düşür. Prezident İlham Əliyevin öz çıxışlarında dəfələrlə bəyan etdiyi və artıq aforizmə çevrilmiş "Ölkə qarşısında duran əsas məsələlərdən biri neft kapitalının insan kapitalına çevrilməsidir" deyimindən də göründüyü kimi, insan amilinin formalaşdırılması prosesi ölkə başçısı səviyyəsində dəyərləndirilən məsələlərdəndir.

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov məsələyə münasibət bildirərək qeyd etdi ki, bu problem bazar iqtisadiyyatının müasir qanunlarından qaynaqlanır: "Biz, Milli Məclisdə də, komitədə də bu mövzu ətrafında müzakirələr aparmışıq. Bir zamanlar kitab mağazalarının sayı kitabçılığın bugünkü durumu ilə müqayisə oluna bilinməyəcək dərəcədə  çox idi. Hazırda bizdə kitab mağazalarının sayı faktiki olaraq azalıb. Bunun da səbəbləri çoxdur. İlk olaraq deyim ki, bazar iqtisadiyyatı da istər-istəməz öz şərtlərini diktə edir. Keçmiş dövrdə kitab mağazasına bir mədəniyyət mərkəzi kimi baxılırdısa, bu gün onu demək bir az çətindir. Çünki müasir dönəmin qanunlarına görə, kitab mağazası da ticarət obyektidir. Gəlir gətirəcəksə, işləyəcək, gətirməyəcəksə, yox!"

 

Kitab mağazasının izi itərsə...

 

Daha bir təəccüb doğuran məqam ondan ibarətdir ki, uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərinin sayı 2012-ci ilin rəsmi statistik göstəricilərinə görə 238 ədəddir, lakin ölkədə incəsənətin yuxarıda sadalanan sahələrinin tədrisi ilə bağlı kitabların satışı ilə məşğul olan heç bir dənə də kitab mağazası yoxdur. Halbuki, ötən əsrin sonlarında təkcə paytaxtda ən az 7-8 belə kitab mağazası var idi.

Bildiyiniz kimi, ötən ay metro stansiyalarında fəaliyyət göstərən qəzet satışı məntəqələrinin işi dayandırıldı. Bu məntəqələr qəzetlə bərabər, həm də kitab satışını həyata keçirirdi. Təhsil aldığı universitetə yaxın metro stansiyasından kitab almaq hər bir tələbə üçün yolüstü ənənəyə çevrilmişdi. Metro stansiyalardakı səyyar kitabçıların bağlanması tələbələrə təsirsiz ötüşməyib.

Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin tələbəsi Fidan Həsənzadə: "Yolumun üstündə olduğu üçün hər dəfə "Elmlər Akademiyası" metro stansiyasında yerləşən kitab  köşkündən yeni nəşrlərlə bağlı məlumat əldə edirdim, kitab alırdım. Oranı da bağladılar. Tələbə olduğum üçün vaxtım  kifayət etmir ki, ətraf kitab mağazalarına gedim. Məhz bu səbəbdən son iki ayın nəşrləri haqda məlumatsızam".

Bakı Slavyan Universitetinin filologiya fakültəsinin tələbəsi Ayşən Quliyeva: "Metro stansiyalarındakı kitab köşklərinin bağlanması ən çox biz tələbələrə pis təsir etdi. Çünki ən son bədii və elmi nəşrləri həmin köşklərdən əldə edirdik. Fikrimcə, metroda kitab dükanlarının geyim və ətir dükanları ilə əvəz olunması heç də uğurlu addım deyil."

Kitabların satışını həm də internet üzərindən həyata keçirən "Bakumoz" kitab mağazasının rəhbəri Fərid Kərimov satışlardan razıdır: "Kitab dükanlarının bağlanmasının əsas səbəblərindən biri həmin mağaza sahiblərinin müasir texnologiyalardan səmərəli istifadə edə bilməməsidir. Məsələn, Bakıdakı kitab dükanlarının az bir hissəsi vebsayt, yaxud sosial şəbəkələrdən istifadə edir. Amma digər ölkələrin kitab dükanlarını araşdırsaq, görərik ki, hamısı texnologiyanın imkanlarından səmərəli istifadə edir. Kitab dükanlarının azlığı bizim satışlara müsbət təsir göstərir".

 

 

 

Kitabxanalar elektronlaşırmı?

 

 

 

Ötən ilin rəsmi göstəricilərinə görə, ölkədə 34,6 milyon nüsxə kitab fonduna sahib 3389 kütləvi kitabxana fəaliyyət göstərir. İlk olaraq qeyd etmək lazımdır ki, yalnız 63 kitabxananın internet səhifəsi mütəmadi olaraq yenilənməsə də, oxucuların istifadəsindədir.

Müşahidələrimizə əsasən deyə bilərik ki, kütləvi kitabxanaların saytlarında elektron xidmətin sadəliyinə ehtiyac duyulur. Xüsusilə də elektron kataloqları hər kəsin istifadə edə biləcəyi formada kompyuterləşdirmək lazımdır. İstifadəçi şəxsi kompyuterindən bu kitabxana saytları vasitəsilə istədiyi kitabı öncədən sifariş edə bilmir. Bunun üçün mütləq kitabxanaya getməlidir. Həmin kitabxana saytlarının elektron kitabxana bölməsində PDF formatında yerləşdirilən kitabların yüklənməsindəki yasaqlar da mövcud problemi dərinləşdirir.

Ümumilikdə, elektron kataloqların hazırlanması və elektron kitabxana bazasının formalaşdırılması prosesi həddən artıq ləng gedir. Bu istiqamətdə, məhdud imkanlarına rəğmən inkişaf tempini qoruyub saxladığı üçün M.F.Axundzadə adına Milli Kitabxananın hazırkı vəziyyətini ölkədəki digər kitabxanalarla müqayisədə qənaətbəxş hesab etmək olar...

Araşdırma zamanı Respublika Gözdən Əlillər Kitabxanası diqqətimizi çəkdi. İstifadə qaydalarının, xüsusilə də axtarış sisteminin sadəliyi, gözdən əlillərin qiraəti üçün yaradılan şərait (səsləndirilən kitablar bölməsi, zəngin elektron kitabxana bazası) digər kütləvi və elektron kitabxanalara örnək ola bilər.

Ölkənin internet məkanında kitabların elektron satışı işi də digər dövlətlərlə müqayisədə geri qalır. Məsələ ondadır ki, bu kimi saytların sayı çox azdır. Bunun başlıca səbəblərindən biri vətəndaşların nağdsız ödənişlərdən nadir hallarda istifadə etməsidir. Nağdsız hesablaşmanı problemə çevirən amillər arasında internet üzərindən elektron alış-verişin zəif inkişafı, mağazalarda POS-terminalların quraşdırılmaması, daha doğrusu, mağaza sahibinin vergidən yayına bilmədiyi üçün bu kimi alış-verişə maraq göstərməməsi xüsusi qeyd olunmalıdır.

 

 

 

Kitabxanaların kitab problemi

 

 

 

Oxucular kitabxanalarda yeni nəşrlərin tapılmamasından da şikayətlənirlər. Haqlı olaraq qeyd edirlər ki, Prezident İlham Əliyevin 12 yanvar 2004-cü il tarixli "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" sərəncamına baxmayaraq, kitabxanalarda çapı ötən əsrin ortalarına aid, kiril qrafikası ilə nəşr olunmuş kitabların sayı üstünlük təşkil edir.

Axtardıq, araşdırdıq. Milli Kitabxananın baş biblioqrafı Yaşar Qaralıyevlə problemin kökünə enməyə çalışdıq. Dedi ki, müəlliflər kitablarının kitabxanalara verilməsində maraqlı deyillər: "Biz indiyə qədər "Kitabxana işi haqqında" qanuna əsasən, kitabxanalara daxil olmalı olan məcburi nüsxələri nəşriyyatlardan ala bilmirik. Ona görə ki, müəlliflər nəşr etdirdikləri kitabları kitabxanaya yox, satışa verməyi üstün tuturlar".

"Xəzər" nəşriyyatının icraçı direktoru Anar Mahmudov qanunla müəyyən olunmuş məcburi nüsxələrin kitabxanalara göndərilməməsi ilə bağlı məsələyə münasibət bildirərkən qeyd etdi ki, nəşriyyat olaraq müəllif hüquqlarını pozmamaq üçün sifarişçinin istəklərini reallaşdırmaq məcburiyyətindədirlər: "Nəşriyyatların kitabxanalara kitab göndərib-göndərməməsi birbaşa müştərinin(sifarişçinin) istəyindən asılıdır. Çünki müəllif odur. Amma biz "Xəzər" nəşriyyatı olaraq hər zaman çalışırıq ki, "Nəşriyyat işi haqqında" qanuna tam əməl edək".

Milli Məclisin deputatı Nizami Cəfərov isə mövcud problemin həlli ilə bağlı qanunda nəzərdə tutulan düzəlişlər haqqında danışdı: "Həqiqətən də, "Kitabxana işi haqqında" qanunda qeyd olunurdu ki, məcburi nüsxələr mərkəzi kitabxanalara göndərilməlidir. Bu qanun, demək olar ki, işləmədi. Ona görə ki, orda nəzarət mexanizmi yox idi. Biz indi bununla bağlı qanunda düzəliş etmək istəyirik. Bu məsələni araşdırdıq, öyrəndik. Nəşriyyatların bütün kitabxanalara kitab göndərmək imkanı yoxdur. Yəni bizim əsas kitabxanaları nəzərə alsaq, nəşriyyatlar 20-25 kitabxanaya kitab göndərə bilməzlər. Ona görə ki, kitablar müəlliflərin hesabına, az tirajla çap edilir. Bəlkə də göndərə bilərlər, amma onun poçt xərcini çəkə bilməzlər. Buna görə də biz belə bir qərara gəldik ki, hər bir nəşriyyat öz hesabına bir kitabın 2 nüsxə çap variantını, 1 nüsxə də elektron variantını yalnız Mərkəzi Kitabxanaya göndərsin. Və hər hansı bir kitabxana müraciət edərsə, kitabın elektron versiyası Mərkəzi Kitabxana tərəfindən ona göndərilsin. Bir ay müddətində göndərilməsə, bununla bağlı bir cəza da müəyyənləşdiririk. Yəni bu artıq Mərkəzi Kitabxananın mərkəzləşmiş işidir. Bu qanun mətbuatın zəruri nüsxələrinə də aid olunacaq. Hələlik qanuna düzəlişlərin müzakirəsi gedir.

Amma hər halda, bunu mədəniyyət tələb edir, gərək həm də biz bunu bir təbliğat şəkilində həyata keçirək. Xüsusilə böyük nəşriyyatlar kitablarının həm satışa, həm də kitabxanalara verilməsində maraqlı olmalıdırlar. Bu, xalqın mədəniyyətinə xidmətdir."

 

 

 

Qanunlar nə deyir?

 

 

 

Azərbaycan Respublikasının qanunlar toplusunun işlək vəziyyətdə olması, mövcud qanunvericiliyə əməl edilməsi hər bir vətəndaşın başlıca vəzifələrindəndir. Sadəcə olaraq, qanunlar da bir-birilə uzlaşma təşkil etməlidir, ziddiyyət yox.

Apardığımız araşdırma zamanı məlum oldu ki, Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin müəllif hüquqları ilə bağlı hazırladığı sənədlə "Nəşriyyat işi haqqında" qanun arasında məntiqi uyğunluq əlaqəsi olsa da, "Kitabxana işi haqqında" qanun adı çəkilən digər iki rəsmi sənədlə ziddiyyət təşkil edir. Belə ki, "Kitabxana işi haqqında" qanunun "Kitabxanaların pulsuz məcburi nüsxələrlə təchizatı"ndan bəhs edən 15-ci maddəsində qeyd olunur ki, dövlət və qeyri-dövlət nəşriyyatları, nəşriyyat fəaliyyəti ilə məşğul olan poliqrafiya müəssisələri və digər hüquqi şəxslər tərəfindən buraxılan çap məhsullarından Milli Kitabxanaya 4 pulsuz məcburi nüsxə, qanunvericilik və müvafiq icra hakimiyyəti orqanlarının kitabxanalarına, respublika əhəmiyyətli elmi-sahəvi kitabxanalara, Azərbaycan Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasına və Bakı Dövlət Universitetinin kitabxanasına profilinə uyğun olaraq 2 pulsuz nüsxə, Azərbaycan Respublikasında nəşr olunan bütün qəzet və jurnal redaksiyaları isə 2 pulsuz məcburi nüsxə göndərməlidirlər.

Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin müəllif hüquqları ilə bağlı hazırladığı sənəddə isə yazılıb ki, müəlliflik hüququ - elm, ədəbiyyat və incəsənət əsəri müəlliflərinin hüquqlarını ifadə edən hüquqi termindir. Obyektiv mənada müəlliflik hüququ əsərlərin yaradılması və istifadəsi üzrə münasibətləri tənzimləyən hüquqi normaların məcmusudur və qorunma aləti kimi çıxış edir, subyektiv mənada isə öz-özlüyündə əsərlərin yaradıcılarına məxsus olan şəxsi (qeyri-əmlak) və əmlak (iqtisadi) hüquqlarıdır və bu hüquqlar müstəsna xarakter daşıyır. Sənəddən çıxarış: "Müəlliflik hüququ ilə qorunan əsərlərin müəlliflərinin şəxsi (qeyri-əmlak) hüquqlarla yanaşı, müstəsna əmlak hüquqları vardır. Onların əsərdən istifadə etməyə, yaxud razılaşdırılmış şərtlərlə əsərdən istifadə hüququnu digər şəxslərə verməyə müstəsna müəllif hüququ vardır. Əsərin müəllifi aşağıdakılara icazə verə və ya qadağa qoya bilər:

 

 

 

əsərin birbaşa və ya dolayısı yolla surətini çıxarmaq (surətçıxarma hüququ);

əsərin orijinalını və ya nüsxələrini satış, yaxud mülkiyyət hüququnun başqa cür verilməsi yolu ilə yaymaq (yaymaq hüququ);

əsərin orijinalını və ya nüsxələrini kirayəyə vermək (kirayə hüququ);

əsəri kütləvi nümayiş etdirmək (kütləvi nümayiş hüququ)"

Müəllif hüquqları ilə əlaqədar yuxarıda göstərilən sənədlə məntiqi uzlaşma təşkil edən "Nəşriyyat işi haqqında" qanunun

15-ci maddəsində belə deyilir: "Sifarişçi nəşrin dilini, həcmini, tirajını müəyyən edir və onun istifadə və yayımı qaydasını müstəqil həll edir".

Görünən odur ki, "Kitabxana işi haqqında" qanuna əlavə və dəyişikliklər edilməsə, qanun müəllif hüquqlarını pozmağa davam edəcək.

 

 

 

Kitab və kitabxana işi dünya praktikasında

 

 

 

İnkişaf etmiş ölkələrin əksəriyyətində internet-şopinq anlayışı qısa zaman ərzində formalaşaraq artıq bir rituala çevrilib. Həmin ölkələrdə elektron alış-verişin yüksək inkişaf tempi kitabçılıq sahəsində daha qabarıq müşahidə olunur. Bu, dönəmin tələbatına uyğun atılmış diskursiv, uğurlu bir addımdır. Qərbin biznes mütəxəssisləri hesab edirlər ki, zamanın nəbzini tutmaq, bir-birini əvəz edən texnoloji yeniliklərlə ayaqlaşmaq iqtisadiyyatın qızıl qanunudur. İqtisadi durğunluq dönəmini yaşayan ölkələrin bu durğunluğuna səbəb də onların elə məhz həmin müasir dövrdə uyğunlaşmaması, günün tələblərini və gələcəyin istəklərini öncədən duymamasıdır.

Məsələn, Almaniyada uzun müddətdir ki, tətbiq olunan "səsli kitablar" layihəsi uğurlu yeniliklərdəndir. Belə ki, alman beyni kitabları səsləndirərək, audio-disk şəklində və ya internet səhifələrinə yükləyib dövriyyəyə buraxmaqla kitabçılıq sahəsində inqilab etdi. Klassik oxucu nümunəsində bu yenilik maraqla qarşılandı.

ABŞ-ın Pensilvaniya ştatına aid Pitsburq şəhərində yerləşən Karnegi Kitabxanasının prezidenti Meri Kuper "The Guardian" qəzetinə verdiyi müsahibədə qeyd edir ki, kitab yeganə nostalji əşyadır ki, heç zaman dəbdən düşmür, istifadə müddəti bitmir: "Bu, möcüzədir. Kitabı elə bircə bu keyfiyyətinə görə də qoruyub saxlamaq lazımdır. Ağıllı adamlar bu sərvətdən ağılla istifadə edə biləcəklər. Rəhbərlik etdiyim kitabxanada yenilənən müasirliyin tətbiq olunmasına xüsusilə nəzarət edirəm. Oxu zallarından əlavə, kitabxanada audio-kitablar üçün nəzərdə tutulmuş otaqlar da oxucuların xidmətindədir. Hər ay daimi oxucularımıza PDF və çap üsulu kitablar hədiyyə edirik. Bu, oxucunun oxumaq həvəsini daha da artırır."

Azərbaycanın sağlam gələcəyinin məhz elə sağlam təməllər üzərində qurulması bu günün gəncliyinin savadlanmasından asılıdır. "Kitab nəsillərin bir-birinə vəsiyyətidir" - böyük rus ədibi Gertsen belə deyir. Kitab həm də nəsillərin əlaqəsidir. Gələcək nəsillərə ötürməyə bir vəsiyyətimizin olması və əlaqələrin qırılmaması üçün ən qısa zamanda bu mövzu ətrafında daha ciddi və daha dərin düşünməyə ehtiyac var.

Kitabı, gəncliyi qoruyub, gələcəyi inamla qurmalıyıq - sabahın Azərbaycanı xatirinə.

 

 

 

Məmməd AĞAYEV,

Azərbaycan.-2014.- 11 fevral.- S.7.