Norveçin Azərbaycandakı səfiri Qaçqınların və Məcburi

 Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində olmuşdur

 

Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov fevralın 11-də Norveçin Azərbaycandakı səfiri Erlinq Skjonsberq və "Norveç Humanitar Müəssisəsi" beynəlxalq humanitar təşkilatının Azərbaycandakı nümayəndəliyinin yeni rəhbəri Con Yərtsen ilə görüşmüşdür.

Komitədən bildirmişlər ki, görüşdə Əli Həsənov Azərbaycan Respublikası ilə Norveç Krallığı arasında əlaqələrin yüksək səviyyədə olduğunu diqqətə çatdırmışdır. Bildirilmişdir ki, Azərbaycan bu əməkdaşlığın gələcəkdə də uğurla inkişaf etdirilməsində maraqlıdır.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan Baş nazirin müavini bildirmişdir ki, Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan torpaqlarının 20 faizi işğal olunmuş, 1 milyon 200 min soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür.

Baş nazirin müavini Prezident İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində ölkəmizin haqlı mövqeyinin getdikcə daha çox dəstəkləndiyini və Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artdığını qeyd etmişdir. Nüfuzlu beynəlxalq təşkilatların Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar qətnamələrinə məhəl qoymayan Ermənistanın tutduğu qeyri-konstruktiv mövqe nəticəsində problem hələ də öz həllini tapmamışdır.

Əli Həsənov qaçqınların və məcburi köçkünlərin sosial, mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində Prezident İlham Əliyev və beynəlxalq təşkilatlar tərəfindən görülmüş işlərdən də danışmışdır. Bildirilmişdir ki, dövlət başçısının bu sahəyə olan diqqəti və qayğısı nəticəsində qaçqın və məcburi köçkünlər üçün 82 müasir qəsəbə və məhəllə salınmış, 180 min nəfərin mənzil-məişət şəraiti yaxşılaşdırılmışdır. Baş nazirin müavini bildirmişdir ki, münaqişə nəticəsində doğma torpaqlarından didərgin düşmüş məcburi köçkünlər üçün humanitar proqramlar da həyata keçirilir.

Azərbaycanda "Norveç Qaçqınlar Şurası" və "Norveç Humanitar Müəssisəsi" beynəlxalq humanitar təşkilatının fəaliyyət göstərdiyini qeyd edən Əli Həsənov vurğulamışdır ki, bu müddətdə müxtəlif sahələri əhatə edən bir sıra layihələr həyata keçirilmişdir. Azərbaycan hökuməti təşkilatın azad və şəffaf fəaliyyət göstərməsi üçün hər cür şərait yaratmışdır.

Erlinq Skjonsberq bildirmişdir ki, Norveç Krallığı  bir çox hallarda beynəlxalq tədbirlərdə Azərbaycanın haqlı mövqeyini dəstəkləyir.

Azərbaycanın müstəqilliyinin bərpasından keçən qısa müddətdə dinamik inkişaf etdiyini deyən səfir vurğulamışdır ki, bu müddətdə ölkəsi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində səylərini daha da artıracaqdır. Ölkələrimiz arasındakı iqtisadi əlaqələrdən danışan səfir bu münasibətlərin gələcək illərdə də inkişaf edəcəyinə əminliyini bildirmişdir.

 

 

 

AzərTAc

Azərbaycan.-2014.- 12 fevral.- S.3.