Qaradağlı faciəsinə həsr olunmuş konfrans

 

Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatı fevralın 11-də Beynəlxalq Mətbuat Mərkəzində 1992-ci il fevralın 17-də Xocavənd rayonunun Qaradağlı kəndində Ermənistan silahlı qüvvələri və sovet ordusunun 366-cı alayı tərəfindən törədilmiş soyqırımına həsr olunmuş konfrans keçirmişdir.

Milli Məclisin deputatlarının, işğal olunmuş rayonların icra hakimiyyətlərinin nümayəndələrinin, QHT-lərin təmsilçilərinin iştirak etdikləri tədbirdə "Soyqırımı: Qaradağlı davam edir" filmi nümayiş olunmuşdur.

Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatının sədri Vüqar Qədirov konfransda çıxış edərək Qaradağlı faciəsi haqqında danışmışdır. Ermənistanın Azərbaycan xalqına qarşı soyqırımı siyasətindən bəhs edən V.Qədirov Qaradağlıda baş vermiş faciənin erməni vandallarının Xocalıda törətdikləri soyqırımının bənzəri olduğunu diqqətə çatdırmışdır.

Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz HüseynovMilli Məclisin deputatı Qənirə Paşayeva Ermənistanın Azərbaycan xalqına qarşı törətdiyi soyqırımı aktlarının bəşəri cinayət olduğunu bildirmiş, beynəlxalq ictimaiyyətin Qaradağlı faciəsinə hüquqi qiymət verməsinin vacibliyini vurğulamışlar.

Diqqətə çatdırılmışdır ki, 1992-ci il fevralın 17-də Xocavənd rayonunun Qaradağlı kəndi erməni silahlı qüvvələri tərəfindən mühasirəyə alınaraq amansızlıqla, xüsusi qəddarlıqla məhv edilmişdir. İşğal nəticəsində Qaradağlı kəndində 200 ev, 1 mədəniyyət evi, 320 şagird yerlik orta məktəb binası, 25 çarpayılıq xəstəxana binası və digər obyektlər dağıdılmış, 118 sakin girov götürülmüş, 33 nəfər güllələnmişdir. Erməni cəlladlar öldürülənləri və yaralı halda olanları bir yerdə təsərrüfat quyusuna tökərək basdırmışlar. Qaradağlı kəndində 91 nəfər qətlə yetirilmiş, 800 nəfərə yaxın sakin məcburi köçkün düşmüşdür.

 

 

 

AzərTAc

Azərbaycan.-2014.- 12 fevral.- S.3.