Azərbaycan Ombudsmanı Xocalı
soyqırımının
22-ci ildönümü ilə
bağlı bəyanat ünvanlamışdır
Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (Ombudsman) Elmira Süleymanova Xocalı soyqırımının 22-ci ildönümü ilə əlaqədar BMT-nin baş katibinə, Təhlükəsizlik Şurasına, insan hüquqları üzrə ali komissarına, Avropa Komissiyasına, Avropa Şurasına, ATƏT-ə, beynəlxalq və Avropa ombudsmanlar institutlarına, Asiya Ombudsmanlar Assosiasiyasına, Beynəlxalq Sülh Bürosuna, Universal Sülh Federasiyasına, müxtəlif ölkələrin insan hüquqları üzrə müvəkkillərinə, Azərbaycanın xarici ölkələrdəki və xarici dövlətlərin respublikamızdakı səfirliklərinə, Azərbaycanın diaspor təşkilatlarına ünvanlamışdır.
Bəyanatda deyilir ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycanın Xocalı şəhərində erməni silahlı birləşmələrinin keçmiş sovet ordusunun Xankəndidəki 366-cı motoatıcı alayı ilə birgə törətdiyi cinayət istər Qarabağ müharibəsi, istərsə də dünya müharibələri tarixində dəhşətli nəticələrinə görə analoqu olmayan hadisələrdəndir. Şəxsi heyətində erməni zabitlərin də olduğu bu alayın çoxsaylı ağır texnikası şəhərə yeridilmiş, yaşayış evləri və şəhərin sosial infrastrukturu tamamilə dağıdılmış və yandırılmışdır. Cinayətkarlar vahimə içərisində şəhəri tərk etmək məcburiyyətində qalan dinc insanları amansızcasına qətlə yetirmişlər.
Qeyd edilir ki, Xocalı soyqırımı zamanı adları bəlli olan 613 nəfərin, o cümlədən 106 qadın, 63 azyaşlı uşaq, 70 qocanın həyatına son qoyulmuş, 487 dinc sakin ağır yaralanaraq şikəst olmuş, 1275 nəfər əsir və girov götürülmüşdür. İtkin düşmüş 150 nəfərin taleyi indiyədək məlum deyildir. Həmin kütləvi qırğın həyata keçirilərkən 8 ailə bütünlüklə məhv edilmiş, 25 uşaq hər iki valideynindən, 130 uşaq isə valideynlərinin birindən məhrum edilmiş, mülki əhali görünməmiş vəhşiliklə qətlə yetirilmiş, əsir və girov götürülənlərə amansız işgəncələr verilmişdir. Bu zaman soydaşlarımızın əsas insan hüquqları, ən başlıcası isə təməl hüquq olan yaşamaq hüququ kütləvi şəkildə, kobudcasına pozulmuşdur.
Bəyanatda bildirilir ki, heç bir sanksiyaya məruz qalmayan erməni qəsbkarlarının törətdikləri bu kütləvi insan qırğını ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə əsl vəhşilik, birmənalı olaraq genosid faktıdır. Beynəlxalq hüquqa görə, genosid sülh və bəşəriyyət əleyhinə yönələn əməldir və ən ağır beynəlxalq cinayətlərdən hesab olunur. BMT Baş Məclisinin 1946-cı il 11 dekabr tarixli 96 (I) saylı qətnaməsində qeyd olunur ki, genosid insan qruplarının yaşamaq hüququnu pozmaqla insan mənliyini təhqir edir, bəşəriyyəti insanlar tərəfindən yaradılan maddi və mənəvi dəyərlərdən məhrum edir. Belə əməllər BMT-nin məqsəd və vəzifələrinə, ümumbəşəri dəyərlərə tamamilə ziddir.
Genosid
cinayətinin hüquqi əsası BMT Baş Məclisinin
1948-ci il 9 dekabr tarixli 260 (III) saylı qətnaməsi ilə qəbul
edilmiş "Genosid cinayətinin qarşısının
alınması və cəzalandırılması
haqqında" Konvensiyada müəyyən edilmişdir. Həmin Konvensiyaya qoşulan dövlətlər sülh,
yaxud müharibə dövründə
törədilməsindən asılı olmayaraq,
genosidin beynəlxalq hüquq
normalarını pozan cinayət olduğunu təsdiq edərək onun qarşısının alınması və
səbəbkarlarının cəzalandırılması üçün tədbirlər görməyi
öhdələrinə götürmüşlər.
Xocalı soyqırımı zamanı baş vermiş cinayət əməllərinin qabaqcadan düşünülmüş qaydada, milli əlamətinə görə insanların kütləvi şəkildə məhv edilməsi niyyəti ilə törədilməsi beynəlxalq, həmçinin dövlətdaxili hüquqa əsasən məhz genosiddir və həmin vandalizm aktı insanlığa qarşı törədilən qatı cinayət kimi öz layiqli qiymətini almalıdır. Ermənistanın Azərbaycana qarşı təcavüzü zamanı adıçəkilən Konvensiyada təsbit olunmuş genosid cinayətinin əsasını təşkil edən bütün əməllər tətbiq olunmuşdur.
Bəyanatda bildirilir ki, işğal edilmiş Dağlıq Qarabağ və yeddi ətraf rayon Azərbaycan ərazisinin ayrılmaz tərkib hissəsidir. Bunu beynəlxalq hüquq, o cümlədən BMT Təhlükəsizlik Şurasının məlum 822, 853, 874 və 884 saylı qətnamələri, BMT Baş Məclisinin "Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət" adlı 2008-ci il 14 mart tarixli qətnaməsi, AŞ PA-nın Azərbaycan ərazilərinin erməni hərbi qüvvələri tərəfindən işğal edildiyini və Dağlıq Qarabağ regionunun separatçı qüvvələr tərəfindən idarə olunmasını təsdiq edən 2005-ci il tarixli 1416 saylı qətnaməsi və 2009-cu il tarixli 1690 saylı tövsiyəsi bir daha sübut edir.
Avropa Parlamentinin Dağlıq Qarabağla bağlı 2013-cü il 23 oktyabr tarixli qətnaməsi də beynəlxalq birliyin ölkəmizin haqlı mövqeyini dəstəkləməsini və işğal faktını tanımasını təsdiqləyir. Həmin sənəddə ilk dəfə olaraq, Dağlıq Qarabağ münaqişəsinin BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri əsasında həllinin vacibliyi qeyd olunmuş və işğalçı qüvvələrin zəbt edilmiş Azərbaycan ərazilərindən dərhal, qeyd-şərtsiz və tam çıxarılması tələb edilmişdir. Təəssüf ki, bununla bağlı heç bir tədbir görülməmişdir. Məhz beynəlxalq qətnamələrə əhəmiyyət verməyən Ermənistanın qeyri-konstruktiv mövqeyi səbəbindən münaqişə hələ də həll olunmamışdır.
Qeyd edilir ki, ümummilli lider Heydər Əliyev Xocalı soyqırımının əsl mahiyyətini açıqlamışdır. Hələ 1994-cü ilin fevralında Azərbaycan Respublikasının Milli Məclisi Xocalı soyqırımına hüquqi-siyasi qiymət vermişdir. Prezident İlham Əliyev Dağlıq Qarabağ münaqişəsinin yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini tapmasının, zəbt edilmiş Azərbaycan torpaqlarından işğalçı qüvvələrin çıxarılmasının zəruriliyini daim qətiyyətlə vurğulayır.
Bəyanatda bildirilir ki,
"Xocalı soyqırımının iyirmi ikinci
ildönümünün keçirilməsinə dair tədbirlər planı" təsdiq
edilmiş, bu hadisə ilə bağlı mətbuat
konfranslarının, anım mərasimlərinin keçirilməsi,
xarici KİV-lərdə faciəyə həsr olunmuş
materialların yayılması, təhsil ocaqlarında xüsusi dərslərin təşkili
nəzərdə tutulmuşdur.
ABŞ-ın Qərbi Virciniya ştatının qanunverici orqanının Nümayəndələr Palatasında Xocalı faciəsi ilə bağlı qətnamə qəbul edilmişdir. Qətnamədə Xocalıda törədilmiş cinayətlərin 1988-ci ildən Azərbaycanın Dağlıq Qarabağ regionunda erməni hərbi qüvvələri tərəfindən həyata keçirilən təcavüzün tərkib hissəsi olduğu qeyd edilir. Bundan əvvəl isə Kaliforniya, Massaçusets, Texas, Nyu-Cersi, Meyn, Nyu-Meksika, Arkanzas, Corciya, Oklahoma, Tennesi, Pensilvaniya, Konnektikut, Florida, Missisipi ştatlarının qanunverici orqanlarında da müvafiq qətnamələr qəbul olunmuş, Xocalıda qırğın törədənlərin məsuliyyətə cəlb olunması tələb edilmişdir.
Artıq
Kanada, Meksika, Kolumbiya, Peru, Pakistan, Bosniya və Herseqovina,
Rumıniya, Çexiya və İordaniyanın parlamentləri
də Xocalı soyqırımını tanımışlar.
Müxtəlif
ölkələrdə səfirliklər, nümayəndəliklər,
diaspor təşkilatları və icmalar tərəfindən
Xocalı soyqırımına həsr olunmuş
çoxsaylı tədbirlər keçirilir.
Avropa Azərbaycanlıları Konqresi Xocalı soyqırımının ildönümü və işğal nəticəsində bir milyondan artıq qaçqın və məcburi köçkünlə bağlı Almaniya Bundestaqına müraciət ünvanlamışdır. Müraciətdə Alman Bundestaqından münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində həll edilməsinə, habelə tərəflərin müvafiq BMT qətnamələri, AŞ PA və ATƏT-in qərarlarına əməl etməsinə yardımçı olması xahiş olunur.
İslam
Əməkdaşlıq Təşkilatının Gənclər
Forumunun dünyanın 40-dan çox ölkəsində həyata
keçirdiyi "Xocalıya ədalət"
kampaniyasının məramı da beynəlxalq ictimaiyyəti
bu qanlı hadisə ilə bağlı ətraflı məlumatlandırmaqdır.
Bəyanatda deyilir: "Xocalı soyqırımına hələ də beynəlxalq miqyasda hüquqi qiymət verilməməsi, terror əməllərinə qarşı qəti tədbirlər görülməməsi qəzəb və təəssüf hissi doğurur. Beynəlxalq təşkilatlar ikili standartlara yol vermədən, beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq bu münaqişənin həllinə yönəlmiş səylərini daha da artırmalı, bu hadisə səlahiyyətli beynəlxalq qurumlar tərəfindən genosid aktı kimi tanınmalı, cinayət törədənlərə sanksiyalar tətbiq edilməlidir.
Bir daha bəyan edirik ki, Xocalı faciəsi beynəlxalq hüquq normalarına əsasən soyqırımıdır. Ermənistan münaqişə ilə bağlı qəbul edilmiş beynəlxalq sənədlərin müddəalarını yerinə yetirməli, Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalı, azərbaycanlı əsir və girovlar azad edilməli, qaçqın və məcburi köçkünlərin pozulmuş hüquqları bərpa olunmalı, onlar öz doğma yurdlarına qayıtmalıdır".
AzərTAc
Azərbaycan.-2014.- 12 fevral.- S.3.