Azərbaycan Prezidentinin
aqrar islahatlar proqramı
İbrahim MƏMMƏDOV,
"Azteleradio" QSC-nin sədr
müavini
Preziden
İlham Əliyev ötən həftə regionların
sosial-iqtisadi inkişafına dair iki proqramın yekunlarına həsr
olunmuş konfransda Azərbaycan iqtisadiyyatında və siyasi
sistemində mühüm islahatların
başlanğıcı haqda bəyanatlar verdi. Diqqəti cəlb
edən birinci və genişmiqyaslı islahatlar Azərbaycan
üçün mühüm əhəmiyyət kəsb edən,
əhalinin 52 faizinin məşğul olduğu kənd təsərrüfatı
sahəsində bütün istiqamətləri əhatə edəcək
islahatlardır. Prezident kənd təsərrüfatı sahəsində
genişmiqyaslı islahatlar proqramının əsas istiqamətlərini
bəyan etdi. Onun çıxışının tezisləri
aqrar islahatlar proqramı idi.
Prezidentin
çıxışının detallarından belə
görünür ki, kənd təsərrüfatı sahəsində
böyük dəyişikliklərə hazırlıq gedir. Kənd
Təsərrüfatı Nazirliyində struktur dəyişikliyi
də aparılacaq. Prezident bəyan etdi ki, islahatlar sistem
xarakterli olmalıdır.
Kənd təsərrüfatı
sahəsində daha bir mühüm məqam. Prezident müvafiq
qurumlar qarşısında tapşırıq qoydu: "Şəmkirçay
və Taxtakörpü su anbarlarının kanallarının
tikintisi nəticəsində nə qədər torpaq
dövriyyəyə buraxılacaq və bu torpaqlarda hansı məhsulların
yetişdirilməsi məqsədəuyğundur. Bunu biz dəqiq
bilməliyik ki, işimizi səmərəli quraq".
Üçüncü
mühüm məqam: Prezident regionlar üzrə məhsul
istehsalında ixtisaslaşmanın vacib olduğunu
vurğuladı. Bu daxildə regionlar arasında əmək
bölgüsünü formalaşdırmaqla gəlirlərin də
regionlar arasında paylaşmasını və daxildə hamının
ehtiyacının olduğu milli bazarın möhkəmlənməsi
üçün mühüm qərardır. Yəni, bu
yanaşma müxtəlif regionların bir-birinə
ehtiyacını gücləndirir, məsələn, nar
istehsalçısını kartof istehsalçısı, tərəvəz
istehsalçısını pambıq istehsalçısı
üçün vacib ticarət tərəfdaşına
çevirir. Bu həm də regionları bir-birinə ticarət
vasitəsilə bağlayan bir siyasətdir. Başqa tərəfdən
bu məhsul istehsalında keyfiyyətin artırılmasına
təkan verəcək bir yanaşmadır. Belə ki, müxtəlif
regionların tarixən formalaşmış aqrar vərdişləri
və torpağın təbii imkanları konkret məhsulun daha
keyfiyyətli istehsalına təbii imkanlar yaradır. İndi
bu rəsmi dövlət siyasətinə çevrilərək
daha səmərəli ola bilər və dövlətin dəstəyi
də məhz bu məqamlar nəzərə alınaraq tətbiq
edilə bilər.
Kənd təsərrüfatı
sahəsində genişmiqyaslı islahatlar bu sahədə
subsidiya siyasətinin səmərəliliyinin
artırılmasını zərurətə çevirir. Odur
ki, bu sahədə korrupsiya mexanizmlərinin
sındırılması tapşırıq kimi qoyuldu.
Prezident fermerlərə verilən subsidiyaların bəzən
onlara çatmamasından narazılığını ifadə
etdi və bu sahədə şəffaflığın təmin
edilməsini tələb kimi qoydu. Prezident kənd təsərrüfatı
sahəsində yeni islahatyönümlü sərəncamın
imzalanacağını bəyan etdi: "Subsidiyaların verilməsində
tam şəffaflıq təmin edilməlidir. Mən keçən
dəfə də, bir il bundan əvvəl də bu barədə
danışmışam, bu gün də məcburam bu barədə
öz fikirlərimi bildirim. Burada biz şəffaflığa
nail olmamışıq. Şəffaflıq təmin edilmir və
burada oturanlar bilirlər şəffaflıq nəyə görə
təmin edilmir. Bu mənim son xəbərdarlığımdır.
Subsidiyanın verilməsində tam şəkildə nəzarət-uçot
sistemi yaradılmalıdır. Kənd Təsərrüfatı
Nazirliyinə bu göstərişlər verilmişdir. Yerli
icra orqanlarının nümayəndələri də burada
öz müsbət rolunu oynamalıdırlar. Çünki bəzi
hallarda subsidiyalar fermerlərə çatmır. Ona görə,
konkret təkliflər veriləcəkdir və yeni müvafiq sərəncam
da imzalanacaqdır. Bu, kənd təsərrüfatının
inkişafı ilə bağlı çox ciddi,
islahatyönümlü sərəncam olacaqdır.
Bütün mərkəzi və yerli icra orqanlarının
nümayəndələri bir daha demək istəyirəm ki,
ümumi məqsədə xidmət etməlidirlər.
Ümumi məqsəd şəffaflığı yaratmaq, kənd
təsərrüfatını inkişaf etdirmək və
fermer təsərrüfatlarına yardım etməkdir".
Prezident
İlham Əliyev kənd təsərrüfatı məhsullarının
satışı ilə bağlı çox ciddi bir məqama,
özü də eyni zamanda ciddi xarici siyasət məsələsi
olan (daxili bazarın qorunması bu gün mühüm xarici
siyasət məsələsidir və bəzən dövlətlər
buna görə ciddi təzyiqlərə məruz qalırlar -
İ.M.) daxili bazarın qorunması məsələsinə də
toxundu və bununla bağlı strategiyanı
açıqladı. Azərbaycan öz fermer təsərrüfatlarını
inkişaf etdirmək üçün daxili bazarı qoruyacaq.
Məqsəd Azərbaycanda istehsal edilən məhsullar
üçün daha əlverişli daxili bazar
formalaşdırmaqdır. Bu məqsədlə Azərbaycan
ÜTT-yə daxil olmadan da yerli fermerlərin maraqlarından
çıxış edir. Bu heç də Azərbaycanın
sərhədlərini xaricdə istehsal edilən kənd təsərrüfatı
məhsullarının üzünə bağlamaq anlamına gəlmir.
Bu siyasətin incəliyi də elə bundadır. Beləki,
bir tərəfdən daxili bazarı qorumaq, o biri tərəfdən
Azərbaycan məhsularına xarici bazarı təmin etmək,
üçüncü tərəfdən də xaricdə
istehsal olunan və Azərbaycan bazarının maraq göstərdiyi,
ehtiyac duyulan məhsulları bazara buraxmaq kimi zəruri aspektləri
uzlaşdırmaq lazım gəlir.
Nəhayət,
Prezident kənd təsərrüfatı məhsulları
istehsalında milli strategiyanı bir daha bəyan etdi. Azərbaycan
təbii və keyfiyyətli məhsullar istehsalına
üstünlük verməlidir. Bu mühüm, fundamental bir
milli iqtisadiyyat fəlsəfəsidir. Məsələn, vaxtilə
Almaniya iqtisadiyyatı müharibədən sonra yenidən
qurulanda belə bir dilemmanı həll etmək lazım gəldi:
"Ucuz və keyfiyyəti aşağı, yoxsa yüksək
keyfiyyətli və baha məhsul istehsalını əsas
götürmək?" Bu çox ciddi milli iqtisadiyyat
dilemması idi. Start hansı yanaşma ilə verilsə idi
sonrakı proseslər- kadr, texnologiya, avadanlıqlar və
bazarlar kimi fundamental məslələr də bu starta uyğun
həll olunacaqdı və bundan sonra iqtisadiyyatı tez-tez istədiyin
istiqamətə dəyişmək kimi həvəsə
düşmək qeyri-mümkündür, Prezident İlham Əliyev
də əslində bu gün o zaman alman iqtisadiyyatı
qarşısında durmuş və həll edilmiş və
indi Azərbaycanın kənd təsərrüfatı
qarşısında dayanan bu məsələyə dair qərar
qəbul edib: "Azərbaycanın kənd təsərrüfatı
ekoloji təmiz, təbii məhsullar istehsalını
özünün inkişaf yolu kimi seçməlidir". Bu
tarixi bir qərardır və bu qərar müasir dünyada kənd
təsərrüfatı istehsalı sahəsində vəziyyətin
təhlili, bazarların imkanlarının dövlətlərin
siyasətlərinin araşdırılması nəticəsində
verilib. Məhz bu "təbii imkanların Azərbaycanın
üstünlüyünə çevrilməsi" kimi
müdrik bir iqtisadi yanaşmadır.
Beləliklə,
ötən həftə Prezident, artıq qeyd etdiyimiz kimi, aqrar
islahatlar proqramını açıqlamış oldu. Bu kənd
təsərrüfatı sahəsində islahatlar paketi olaraq təşkilati-struktur
istiqamətindən başlamış istehsalın təşkili,
dövlət dəstəyinin formaları, bazarın təmin
edilməsi, bu sahədə xarici siyasət strategiyasına qədər
bütün istiqamətləri nəzərdə tutan bir
proqramdır. Onun əsas istiqamətləri isə
aşağıdakılardır:
- Kənd
Təsərrüfatı Nazirliyində struktur
islahatlarının aparılması;
-
İslahatların sistem xarakterli olması;
-
Suvarılacaq torpaqların müəyyənləşməsi;
- Yeni
dövriyyəyə buraxılacaq torpaqlarda hansı məhsulların
istehsal edilməsi ilə bağlı siyasətin müəyyənləşməsi;
- Təbii,
ekoloji təmiz məhsulun istehsalına üstünlük
verilməsi;
- Regionlar
üzrə məhsul istehsalında ixtisaslaşmanın dərinləşdirilməsi;
- Fermerlərin
elektron qeydiyyat sisteminin yaradılması;
-
Torpaqların elektron qeydiyyat sisteminin yaradılması;
- Kənd
təsərrüfatında elmin tətbiqi və intensiv
metodlara keçidin sürətlənməsi;
- İri
fermer təsərrüfatı təcrübəsinin genişləndirilməsi;
-
Kiçik və ailə fermer təsəsrrüfatlarının
inkişafını dəstəkləmək;
- Elmi və
intensiv metodların tətbiqinin sürətlənməsi;
- Kənd
təsərrüfatı məhsullarının istehsalında
bölgələr üzrə ixtisaslaşmanın
aparılması;
-
Torpaqların təyinatı üzrə istifadəsinə nəzarət;
- Ərzaq
təhlükəsizliyinin 100 faiz daxili istehsal hesabına təmin
edilməsi;
-
Subsidiyaların verilməsində şəffaflığı
təmin edən mexanizmlərin yaradılması;
- Fermerlərin
aqrolizinq yolu ilə müasir texnika ilə təmin edilməsi;
- Daxili
bazarın qorunması, fermerlər üçün əlverişli
daxili və xarici bazar imkanlarının yaradılması...
Və
bu dəyişikliklərin mahiyyəti məhsuldarlığın
artırılması, keyfiyyətin yüksəldilməsi,
ixracın artırılması, ərzaq təhlükəsizliyininn
təmin edilməsi hədəflərini ehtiva edir. Bu
islahatlar həm də Azərbaycanda kənd təsərrüfatı
məhsulları istehsalının baza fəlsəfəsini
elan edir.
Azərbaycan.-2014.- 12 fevral.- S.4.