Möhtəşəm quruculuq
ünvanı
Ötən ilin
yekunları Nərimanov rayonunda inkişafın davamlı
olmasından xəbər verir
Müəyyənləşdirilmiş sosial-iqtisadi vəzifələrin icra edilməsi, nəzərdə tutulmuş proqram və layihələrin reallaşması, ictimai-siyasi sabitliyin təmin olunması baxımından yola saldığımız 2013-cü il Azərbaycanda növbəti uğurlu dövr kimi tarixə düşdü. Prezident İlham Əliyevin ulu öndər Heydər Əliyev dühasından qaynaqlanan, elmi əsaslara və liberal iqtisadiyyat prinsiplərinə söykənən, insan amilini əsas götürən siyasi kursunun nəticəsində ötən il respublikamızın inkişafının davamlılığı təmin edildi, beynəlxalq iqtisadi mühitdə hələ də müşahidə olunan müəyyən kataklizmlərə rəğmən yeni uğurlar əldə olundu.
2013-cü ildə
ölkəmizin dinamik inkişafı təmin edildi
Azərbaycan iqtisadiyyatının yüksəlişi güclü iqtisadi potensialın, neft gəlirlərindən səmərəli istifadə olunmasının, aparılan ünvanlı və düşünülmüş islahatların nəticəsinin bariz nümunəsidir. Bu il yanvarın 9-da keçirilən Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Prezident İlham Əliyevin giriş və yekun nitqlərində respublikamızdakı iqtisadi və siyasi vəziyyət dərindən təhlil edildi, uğurlar qiymətləndirildi, qarşıda duran vəzifələr və həlli yolları dəqiq müəyyən olundu. Dövlət başçısının qeyd etdiyi kimi, ötən il qarşıya qoyulmuş iqtisadi və sosial məsələlər həllini tapıb, ölkəmizin uğurlu inkişafı davam edib: "2013-cü ildə ölkəmizin dinamik inkişafı təmin edilmişdir. Azərbaycanda böyük layihələr icra edilmişdir, ölkəmizin beynəlxalq nüfuzu artmışdır. Ölkədə aparılan islahatlar daha da dərinləşmişdir. Bir sözlə, biz ölkəmizin uğurlu inkişafını təmin edə bildik".
Əvvəlki illərdə olduğu kimi, 2013-cü ildə də makroiqtisadi sabitlik qorunub saxlandı, iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun və regionların inkişafı davam etdi, sahibkarlığa dövlət dəstəyi gücləndirildi, özəl bölmənin inkişafı üçün azad rəqabət və münbit investisiya mühiti təmin olundu, əhalinin sosial rifahı daha da yaxşılaşdı. Ötən il ən mühüm makroiqtisadi göstərici olan ümumi daxili məhsulun 6 faiz, qeyri-neft sektorunun isə 10 faiz artması ölkə iqtisadiyyatının şaxələndirilməsi ilə bağlı qarşıya qoyulmuş vəzifələrin icra olunduğunu göstərir. İl ərzində ölkə iqtisadiyyatına 28 milyard dollar investisiya qoyulub, valyuta ehtiyatlarımız isə ümumi daxili məhsulun 70 faizini təşkil edərək 50 milyard dollar səviyyəsinə çatıb.
Bakının
gözəlləşən və müasirləşən
siması Nərimanov
rayonunun hər yerində hiss olunur
Azərbaycanın coşğun inkişafının, sürətli yüksəlişinin, gündən-günə dəyişərək gözəlləşən simasının konkret ünvanlarından biri də hər zaman yüksək tərəqqi tempi ilə seçilən Nərimanov rayonudur. Respublikamızda aparılan uğurlu sosial-iqtisadi siyasət nəticəsində indiyədək Bakı şəhərinin aparıcı rayonlarından olan rayonun rayonunun da hərtərəfli inkişafı üçün böyük işlər görülüb və bu işlər hazırda yüksək əzmlə davam etdirilir.
Ümumiyyətlə, son illərin real mənzərəsi Nərimanov rayonunun əsl tikinti meydanına çevrildiyini göstərir. Burada vüsət alan quruculuq işləri paytaxtda Nərimanovun qüruru olduğu qədər ölkəmizdən kənarda Azərbaycanın gözəl tanıtımıdır. Ölkə Prezidentinin birbaşa təşəbbüsü və himayəsi sayəsində son illərdə Nərimanov rayonunda mühüm infrastruktur layihələri həyata keçirilib, möhtəşəm binaların tikintisinin təməli qoyulub və uğurla başa çatdırılıb. İstifadəyə verilən və yenidən qurulan səhiyyə və təhsil müəssisələri, yollar, yol ötürücüləri və yol qovşaqları, idman qurğuları, piyada keçidlər, parklar, inzibati binalar, bərpa olunan tarixi memarlıq abidələri rayonun simasını başdan-ayağa dəyişib. Özünün füsunkar gözəlliyi ilə, dünyadakı möhtəşəm memarlıq əsərləri ilə bir sırada dayanan Heydər Əliyev Mərkəzi isə rayon sakinlərinin fəxr yeridir. Heydər Əliyev Mərkəzi istifadəyə verildikdən sonra beynəlxalq tədbirlər məkanına çevrilib.
Nərimanov rayonunda quruculuq və abadlıq işləri ötən il də yüksək dinamizmlə davam etdirilib. Prezident İlham Əliyev 2013-cü ildə 6 dəfə Nərimanov rayonunda olub, obyektlərin açılış və təməlqoyma mərasimlərində iştirak edib, əsaslı təmir və yenidənqurma işlərindən sonra yaradılan şəraitlə, habelə inşası davam edən obyektlərdə işlərin gedişatı ilə tanış olub. Dövlət başçısı ötən ilin yanvarında "Bakıelektrikşəbəkə" ASC-nin rayondakı yarımstansiyanın, mart ayında isə Rəssamlıq Akademiyasının yeni korpusunun açılış mərasimlərində iştirak edib, 20 may və 22 oktyabr 2013-cü il tarixlərdə Dədə Qorqud parkında həyata keçirilən işlərlə tanış olub. Sentyabr ayında Prezident "Qələbə meydanı"nda müxtəlif səviyyəli tunel tipli yol qovşağı layihəsi çərçivəsində inşa edilən beş tunelin, dekabrda isə "Kitabi-Dədə Qorqud" abidəsinin və yeni salınan Dədə Qorqud parkının açılış mərasimində iştirak edib. Bu il yanvarın 7-də ölkə başçısı respublikanın ən iri səhiyyə müəssisəsi olan Bakı Sağlamlıq Mərkəzinin açılışında iştirak edərək xeyir-duasını verib.
İl ərzində "Gənclik" metrosunun ətrafında yerləşən binaların fasadlarının milli memarlıq üslubunda yenidən qurulması, Vaqif prospektinin genişləndirilməsi, Z.Bünyadov prospektinin yenidənqurulması, şəhərin baş planına uyğun digər layihələrin həyata keçirilməsi işləri davam etdirilib. Heydər Əliyev prospektində, K.Rəhimov, Ə.Əbdürrəhimov, akademik H.Əliyev küçələrində istismar müddətini keçmiş, yararsız hala düşmüş və şəhərin ümumi görkəminə xələl gətirən yaşayış binalarının, qeyri-yaşayış obyektlərinin sökülərək başqa ərazilərə köçürülməsi istiqamətində işlər aparılıb. Qeyd olunan binalarda yaşayan sakinlər üçün hazırda K.Rəhimov küçəsində 126 mənzilli, 7 mərtəbəli yaşayış binasının və Heydər Əliyev prospektində 167 mənzilli 7 mərtəbəli yaşayış binasının tikintisi davam etdirilir və yaxın müddətdə sakinlərin istifadəsinə veriləcək.
Heydər Əliyev prospektinin yenidən qurulması ilə əlaqədar istismar müddətini keçmiş 8 yaşayış binasının yerində müasir, milli memarlıq üslubunda 4 ədəd yeni yaşayış binası tikiləcək. Həmin binalarda yaşayan 320 nəfər sakin əvvəlcədən kirayə haqqı ödənilməklə köçürülüb. Artıq söküntü işləri başa çatdırılıb və tikinti işlərinə başlanıb. Tikinti işləri tam başa çatdırıldıqdan sonra sakinlərin əvvəlki mənzillərinin sahəsindən 30-40 faiz artıq olmaqla tam təmirli, geniş və yaraşıqlı mənzillər onların istifadəsinə veriləcək.
K.Rəhimov küçəsində sökülmüş 7 ədəd yaşayış binasının yerində rayon sakinlərinin mənalı istirahət yerinə çevriləcək müasir parkın salınması davam etdirilir. Artıq parkın birinci hissəsində işlər başa çatdırılıb. Füsunkar gözəlliyi ilə seçilən, Avropa istehsalı olan tikinti materiallarından istifadə edilməklə salınmış parkın birinci hissəsi sakinlərin istifadəsinə verilib. Parkın ikinci hissəsinin 2 mərtəbəli avtomobil dayanacağı ilə birlikdə yaxın gələcəkdə istifadəyə verilməsi nəzərdə tutulur. Bu işlərin başa çatdırılmasından sonra Nərimanov rayonunun siması daha da gözəlləşəcək, sakinlərin yaşayışı və mənalı istirahəti üçün geniş imkanlar yaranacaq.
Sosial-iqtisadi yüksəliş artan
templə davam edib
Hər bir ölkənin, şəhərin, qəsəbənin
inkişafı makroiqtisadi göstəricilərdən daha
aydın görünür. Nərimanov rayonunun
sosial-iqtisadi həyatındakı sürətli inkişaf
2013-cü ildə də saxlanılıb, yeni nailiyyətlər
qazanılıb. Statistik rəqəmlər
də 2013-cü ildə Nərimanov rayonunda nəzərəçarpacaq
müsbət dəyişikliklərin baş verdiyini təsdiq
edir. Ötən ilin yekunlarına əsasən
rayonda iqtisadiyyatın əsasını təşkil edən sənayenin
dinamik inkişafı davam etdirilib. Bu müddət ərzində
xidmətlər də daxil olmaqla 1 milyard 951,9
milyon manatlıq məhsul istehsal olunub, 2012-ci ilə nisbətən
100,6 faiz artım surəti əldə edilib. Belə ki,
2013-cü ildə Nərimanov rayonunda
- istehlakçılara 1 milyard 965,3 milyon
manatlıq və ya bütün sənaye məhsulunun 104,4
faizi qədər sənaye məhsulu göndərilib;
- sənaye
kompleksində işləyənlərin sayı 565 nəfər
artaraq 9972 nəfər təşkil edib, onların orta nominal əməkhaqqı
7,4 faiz artaraq 455,8 manata çatıb;
- yeni müəssisələrin
yaradılması, mövcud müəssisələrin fəaliyyətinin
bərpa edilməsi nəticəsində 2911 daimi iş yeri
açılıb;
- bütün mənbələr hesabına əsas
kapitala 539,3 milyon manatlıq investisiya qoyulub ki, bu da 2012-ci ilə
nisbətən 154,3 faiz təşkil edir;
- ticarət üzrə pərakəndə əmtəə
dövriyyəsinin həcmi 945,3 milyon manat olmaqla 9,4 faiz, əhaliyə
göstərilən ictimai iaşə xidmətinin həcmi
78,8 milyon manat olmaqla 41,1 faiz artıb;
- əhaliyə
84,6 milyon manatlıq nəqliyyat, 312,6 milyon manatlıq rabitə
xidmətləri göstərilib ki, bu da əvvəlki dövrə
müvafiq olaraq 40 faiz və 17,5 dəfə artım deməkdir;
- rabitə
xidmətlərinin həcminin 17,5 dəfə artması ilə
yanaşı işçilərin sayı təxminən 2 dəfə
və ya 935 nəfər artaraq 1834 nəfər təşkil
edib, onların orta aylıq əməkhaqqı 3,3 dəfə
artaraq 1112,2 manata çatıb.
Bakı şəhəri sakinlərinin kənd təsərrüfatı
məhsullarına olan tələbatının tam və
dolğun ödənilməsi, bazar qiymətlərinin süni
surətdə qalxmasının qarşısının
alınması ilə əlaqədar olaraq Nərimanov rayonunda
2006-cı ilin 17 iyulundan başlayaraq hər həftənin
şənbə və bazar günləri kənd təsərrüfatı
məhsullarının satış yarmarkaları təşkil
olunur. Ötən
il belə yarmarkaların təşkili davam edib və rayon
sakinlərinə 4,5 min tona yaxın kənd
təsərrüfatı məhsulları satılıb. Rayon sakinləri tərəfindən böyük
razılıqla qarşılanan bu mühüm tədbirin gələcəkdə
daha da inkişaf etdirilməsi üçün müvafiq
işlər görülür.
Uğurlu lobbiçilik missiyası
Nərimanov rayonu ilə Rusiya Federasiyasının Həştərxan
və Volqoqrad vilayətləri arasında xeyli müddətdir
iqtisadi-siyasi və mədəni sahədə dostluq və əməkdaşlıq
əlaqələri mövcuddur. 2010-cu ildən başlayaraq indiyədək
Prezident İlham Əliyevin göstəriş və
tapşırığı ilə bu əməkdaşlığın
qurulması və genişləndirilməsi istiqamətdə
mühüm layihələr həyata keçirilib.
Rusiyanın
bu vilayətləri ilə dostluq və əməkdaşlıq
əlaqələrinin bariz nümunələri kimi Həştərxan
vilayətinin mərkəzində yerləşən 3,5 hektar ərazisi
olan parkda nümunəvi abadlıq işləri aparılaraq
ümummilli lider Heydər Əliyevin əzəmətli abidəsi
ucaldılıb, Bakı küçəsində yerləşən
11 nömrəli orta məktəbə ulu öndər Heydər
Əliyevin adı verilib. Heydər Əliyev
Fondunun təşəbbüsü və dəstəyi ilə
həmin məktəbin əsas korpusu genişmiqyaslı
rekonstruksiya olunub, müasir standartlara uyğun iki yeni korpus
inşa edilib və şagirdlərin təhsilinin lazımi səviyyədə
təşkili üçün bütün şərait
yaradılıb, mebel və texniki avadanlıqlarla təchiz
edilib.
Həyata
keçirilən layihələrin davamı olaraq, 2012-ci il
sentyabrın 12-də Həştərxan şəhərində
Heydər Əliyev Fondunun dəstəyi ilə inşa
olunmuş Azərbaycan və Rusiya Dostluq
körpüsünün və Heydər Əliyev parkında
yaradılmış "Arzu" uşaq əyləncə
şəhərciyinin açılışı, həmçinin
Heydər Əliyev Fondunun növbəti layihələrindən
biri olan Müqəddəs Knyaz Vladimirin məbədi
önündə knyaz Vladimirin abidəsinin təməlqoyma mərasimləri
keçirilib.
Qarşılıqlı
əməkdaşlığın bariz nümunəsi kimi,
2012-ci il dekabrın 19-da Nərimanov rayonunun ərazisində
yeni salınmış parkda Rusiya Federasiyasının Həştərxan
vilayətinin qubernatoru Aleksandr Jilkinin başçılıq
etdiyi nümayəndə heyətinin iştirakı ilə
"Bakı və Həştərxan dostluğu" abidəsinin
təməlqoyma mərasimi keçirilib.
Ötən
il dekabrın 20-də Heydər Əliyev Fondunun vitse-prezidenti
Leyla Əliyevanın iştirakı ilə Müqəddəs
Vladimir məbədinin önündəki meydanda Knyaz Vladimirin
abidəsinin və abidənin yerləşdiyi ərazidə salınmış
parkın təntənəli açılış
mərasimi keçirilib. Bundan başqa, həmin gün Heydər
Əliyev Fondunun təşəbbüsü ilə Rusiyanın
Həştərxan şəhərində tikilmiş
"Meçta" uşaq kafesinin açılışı
olub, həmçinin Həştərxan şəhərinin
Bakinskaya küçəsində Heydər Əliyev Fondunun dəstəyi
ilə tikiləcək yeni uşaq bağçasının təməli
qoyulub.
Rusiyada bu layihələrin reallaşdırılmasında
yaxından iştirak edən Nərimanov rayonu bununla həm də
Azərbaycanın lobbiçiliyini uğurla həyata
keçirir. Fərəhləndirici haldır ki, Rusiya
Federasiyasının Həştərxan vilayətində
görülən böyük işlərdə göstərdiyi
səy və fəallığa görə Nərimanov
RİH-nin başçısı Abdin Fərzəliyev Rusiya
Prezidenti Vladimir Putinin imzaladığı sərəncamla
"Dostluq" ordeni ilə təltif olunub. Bu orden Abdin Fərzəliyevin timsalında Nərimanov
rayonuna verilən yüksək mükafatdır. Ən əsası, bu nailiyyət Prezident İlham
Əliyevin xüsusi diqqət və qayğısının -
"əsl siyasət real iş və konkret fəaliyyətdən
ibarətdir" məramının məntiqi nəticəsidir.
Nərimanov rayonunun ictimaiyyəti yaxşı
bilir ki, rayonun əldə etdiyi hər bir uğurun əsl
müəllifi Prezident İlham Əliyevdir.
Vətəndaşların problem və
təklifləri daim diqqət mərkəzindədir
Əhalinin problem və təkliflərinin öyrənilməsi
məqsədilə vətəndaşlarla birbaşa ünsiyyət
vasitəsi kimi yerlərdə qəbulların müstəsna əhəmiyyəti
var. Bunu nəzərə alaraq, Nərimanov rayon rəhbərliyi
tərəfindən 2013-cü ildə 25 səyyar qəbul və
görüş keçirilib. Qəbullar müəssisə və
təşkilatlarda, məcburi köçkünlərin məskunlaşdığı
yataqxanalarda, inzibati və inşası yarımçıq
qalmış binalarda, habelə rayonun ayrı-ayrı
yaşayış sahələrində, əhalinin mədəni-kütləvi
tədbirlər otağında keçirilib və 1919 nəfər
vətəndaş iştirak edib. Bu görüş və qəbullar
zamanı edilən 203 müraciətdən 198-i (97,5 faizi) həll edilib, 5-i isə (2,5 faizi) nəzarətə
götürülüb. Keçirilən səyyar
görüş və qəbullarda qaldırılan məsələlər
küçə və məhəllədaxili yolların təmiri,
maddi yardım, dam örtüyünün təmiri, məhəllələrin
abadlaşdırılması, işə düzəlmə,
kommunal problemlər, təhsil, səhiyyə müəssisələrinin
təmiri və tikintisi, mənzil şəraitinin
yaxşılaşdırılması və
sosialyönümlü məsələlərlə
bağlı olub.
Nərimanov
RİH-nin sənədlərlə və vətəndaşların
müraciətləri ilə iş şöbəsinə daxil
olan sənədlərin qeydiyyatı
kompyuter vasitəsilə aparılır. Bu da vətəndaşlara
operativ şəkildə izahatların verilməsi və sənədlərin
icrasına vaxtında nəzarət üçün çox əlverişlidir.
Həmçinin RİH başçısı
aparatının internet səhifəsinə vətəndaşlar
tərəfindən müraciətlərin sayı artıb.
"Qaynar xətt-1643" xidməti isə
2013-cü ilin sentyabr ayının 15-dən fəaliyyətə
başlayıb. Xidmətin əsas məqsəd və vəzifələri
dövlət qurumlarına çıxışın asanlaşdırılması,
vətəndaşların məmnunluğunun təmin edilməsi
istiqamətində yeni yanaşmanın
formalaşdırılması, əhaliyə göstərilən
xidmət səviyyəsinin yüksəldilməsi, dövlət-vətəndaş,
dövlət orqanı ilə cəmiyyət arasında
münasibət və əlaqələrin keyfiyyətcə
yeni müstəvidə inkişafı, dövlət
orqanlarının fəaliyyətində şəffaflığın
artırılması, ictimaiyyətin iştirakının
genişləndirilməsi, minimum zaman kəsiyində vətəndaşların
problem və şikayətlərinin daha çevik və
operativ şəkildə həll olunması və sairdən
ibarətdir. Sözügedən qısa vaxt ərzində
artıq xidmətə 66 müraciət daxil olub. Onlardan 35-i tam həll edilib, digər müraciətlərlə
bağlı isə vətəndaşlara müvafiq izahatlar
verilib.
"Azərbaycan
Respublikasının bəzi şəhər və
rayonlarının inzibati ərazi bölgüsündə qismən
dəyişikliklər edilməsi haqqında" qanuna və Nərimanov
RİH başçısının 6 dekabr 2012-ci il tarixli sərəncamına əsasən rayon
inzibati ərazi vahidi tərkibində 1, 2 və 3 nömrəli
Sahə İnzibati Ərazi Dairələri üzrə
nümayəndəliklər yaradılıb. Hər
bir nümayəndəlik tərəfindən ərazi öyrənilir,
məhəllə və bina kompleksləri, habelə orada
yaşayan sakinlərlə tanışlıq mütəmadi
şəkildə həyata keçirilir. Nümayəndəliklər
tərəfindən vətəndaşları narahat edən
problemlər qeydə alınır və müntəzəm
olaraq həlli istiqamətində müvafiq tədbirlər
görülür. İcra nümayəndəlikləri
onların ərazilərində fəaliyyət göstərən
MKİS-lərlə qarşılıqlı əməkdaşlıq
əsasında küçə və məhəllədaxili ərazilərdə
təmizlik və abadlıq işlərinin həyata
keçirilməsi üçün lazımi işlər
görürlər. Bundan əlavə,
nümayəndəliklər tərəfindən ərazilərində
qanunsuz tikintilərə və ticarətə qarşı
mübarizə tədbirləri işlənib hazırlanıb.
Azərbaycan dilinin normalarının pozulması
hallarının qarşısını almaq məqsədilə
nümayəndəliklər tərəfindən öz əraziləri
üzrə daimi nəzarət və monitorinqlər həyata
keçirilir. Cari ilin yanvar ayında hər
üç nümayəndəliyin hesabat
yığıncaqları keçirilib, sakinlərin təklif
və rəyləri dinlənilib və nəzərə
alınıb.
Əvvəlki
seçkilərdə olduğu kimi, ötən il
oktyabrın 9-da keçirilmiş prezident seçkilərində
də Nərimanov rayonunun seçiciləri fəallığı
və mütəşəkilliyi ilə seçiliblər. Rayon sakinləri həmin gün üzərinə
düşən müqəddəs missiyanı şərəflə
yerinə yetirərək tərəqqiyə və sivil
dünyaya inteqrasiyanın tərəfdarı olduğunu təsdiqləyərək
böyük səs çoxluğu ilə İlham Əliyevə
səs veriblər.
Təbii ki, əldə olunan nailiyyətlərlə kifayətlənmək
olmaz. Elə Nərimanov rayon rəhbərliyi də hesab
edir ki, qazanılan uğurlar davamlı olmalıdır.
Prezident İlham Əliyevin verdiyi göstəriş və
tapşırıqları, çıxışlarında
qarşıya qoyduğu vəzifələri rəhbər tutan
Nərimanov rayonunun aidiyyəti orqanları 2014-cü ili də müvəffəqiyyətlə
başa vuracaqlarına əmindirlər. Çünki
bunun üçün hər bir imkan, o cümlədən
möhkəm iradə və rayon ictimaiyyətinin daim
yaxından hiss olunan dəstəyi var.
Rəşad
CƏFƏRLİ,
Azərbaycan.-2014.- 12 fevral.- S.5.