Ulu öndər Heydər
Əliyevin xarici səfərlərinə
həsr
edilmiş «30 tarixi səfər»
kitabının təqdimatı
Fevralın 11-də Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində (SAM) "30 tarixi səfər (Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin rəsmi və dövlət səfərləri (1993-2003)" kitabının təqdimat mərasimi keçirilmişdir.
Tədbirdə çıxış edən SAM-ın direktoru Fərhad Məmmədov Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin növbəti uğurlu layihəsi olan bu kitabda ulu öndərin 1993-2003-cü illərdə xarici ölkələrə rəsmi və dövlət səfərlərinin, mövzu ilə əlaqədar Prezident İlham Əliyevin çıxış və müsahibələrindən iqtibasların, Azərbaycanın xarici siyasəti ilə bağlı tarixi arayışların, məlumat-soraq materiallarının yer aldığını bildirmişdir. O demişdir ki, Heydər Əliyevin zəngin irsinin araşdırıldığı kitabların, sistemləşdirilmiş formada materialların dərc edilməsi Azərbaycanın xarici siyasəti haqqında məlumat əldə olunması üçün çox gözəl vasitədir.
Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin baş direktoru Fuad Babayev bildirmişdir ki, kitabda ümummilli liderin rəsmi səfərlərinin coğrafiyasına geniş nəzər salınır. Bu nəşr əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və hazırda Prezident İlham Əliyevin uğurla davam etdirdiyi xarici siyasəti öyrənmək istəyən tədqiqatçılar, alimlər üçün çox maraqlı mənbədir.
Prezident Administrasiyası xarici əlaqələr şöbəsinin sektor müdiri Ərəstü Həbibbəyli bildirmişdir ki, ulu öndər Heydər Əliyev Azərbaycanın müstəqil həyatında bir çox sahələrdə olduğu kimi, xarici siyasətdə də fundamental prinsiplərin memarı olmuşdur və hazırda bu prinsiplər Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasətin təməlini təşkil edir. Bildirilmişdir ki, Sovet İttifaqı dağıldıqdan sonra regionumuzun böyük dövlətlərin maraq dairəsindəki geosiyasi həssas bölgə olması burada birtərəfli xarici siyasəti həyata keçirməyi qeyri-mümkün edirdi. Lakin ulu öndərin balanslaşdırılmış, milli maraqlara söykənən xarici siyasəti sayəsində Azərbaycan həmin dövrdə gərgin siyasi vəziyyətdən çıxa bilmişdir. Vurğulanmışdır ki, ümummilli liderin səfər etdiyi ölkələrin bir çoxu hazırda Azərbaycanın strateji tərəfdaşına çevrilmişdir.
Milli Məclisin deputatı Elmira Axundova bildirmişdir ki, ulu öndər Heydər Əliyev o vaxt Azərbaycanın konkret geosiyasi və tarixi şəraitini nəzərə alaraq xarici siyasət kursunun əsas istiqamətlərini müəyyənləşdirmişdir.
Kitabda əks olunmuş 30 səfərin əksəriyyətində jurnalist kimi iştirak etdiyini deyən deputat ulu öndərlə bağlı xatirələrini bölüşmüşdür. Qeyd edilmişdir ki, Heydər Əliyevin ilk xarici səfərlərinin əsas məqsədi Azərbaycanı dünyaya tanıtmaq, ölkəmizin reallıqlarını beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq, iqtisadiyyatımızı dirçəltmək idi. Ulu öndər bu məqsədlərə nail olmuş və hər səfərdən uğurla qayıtmışdır.
Milli Məclisin deputatı Bəxtiyar Əliyev demişdir ki, səfərlərin coğrafiyasına baxdıqda Azərbaycanın geostrateji gedişlərini, qloballaşan dünyada özünün balanslaşdırılmış uğurlu siyasətini necə formalaşdırdığını aydın görmək olur. Azərbaycanın gərgin siyasi dövründə xalqın təkidli tələbi ilə ümummilli liderin ikinci dəfə hakimiyyətə qayıtması ölkəmizi nəinki çox böyük fəlakətlərdən xilas etmiş, eyni zamanda dünyanın ən nüfuzlu dövlətlərindən birinə çevirmişdir.
Yeni nəşrin tarixi arayışlarında Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri, tarix elmləri doktoru, professor Əli Həsənovun "Müasir beynəlxalq münasibətlər və Azərbaycanın xarici siyasəti" kitabından istifadə edilmişdir.
Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc-ın) materiallarından istifadə olunmuş, alimlər, tədqiqatçılar, tələbələr daxil olmaqla geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş kitab Azərbaycan və ingilis dillərində ayrı-ayrı cildlərdə nəşr edilmişdir.
Kitabın
hazırlanmasında "Heydər Əliyev İrsini
Araşdırma Mərkəzi nəşrləri"
seriyasının məsləhətçisi, akademik Asəf
Nadirovun, nəşrin elmi redaktoru, Azərbaycanda Vətəndaş
Cəmiyyətinin İnkişafına Yardım
Assosiasiyasının prezidenti, Milli Məclisin deputatı Elxan
Süleymanovun, yaradıcı qrupun rəhbəri, Heydər
Əliyev İrsini Araşdırma Mərkəzinin baş
direktoru, siyasi elmlər üzrə fəlsəfə doktoru
Fuad Babayevin böyük əməyi olmuşdur.
AzərTAc
Azərbaycan.-2014.- 12 fevral.- S.6.