Yeni Azərbaycan Partiyasının gənclər, idman

 mədəniyyət komissiyasının cari ildə ilk iclası keçirilib

 

Fevralın 11-də Yeni Azərbaycan Partiyasının (YAP) gənclər, idman və mədəniyyət komissiyasının cari ildə ilk iclası keçirilmişdir.

Komissiyanın sədri, YAP İdarə Heyətinin üzvü, mədəniyyət və turizm nazirinin müavini Vaqif Əliyev demişdir ki, iclasa YAP Gənclər Birliyinin üzvləri ilə yanaşı, müxtəlif gənclər təşkilatlarının nümayəndələri də dəvət olunmuşlar. İclasın geniş tərkibdə keçirilməsinin səbəbi ondan ibarətdir ki, cəmiyyətin ayrı-ayrı qruplarını təmsil edən gənclərin fikri, problemləri öyrənilsin və komissiya bu fikirlərdən irəli gələn təklifləri hazırlayıb partiyanın İdarə Heyətinə təqdim etsin.   

Bildirilmişdir ki, Azərbaycan müstəqilliyini bərpa etdiyi ilk vaxtlarda dövlət səviyyəsində gənclərlə aparılmamışdır. Ona görə də gənclər müxtəlif siyasi qrupların qanunsuz silahlı dəstələrinə cəlb edilərək hakimiyyət uğrunda aparılan mübarizədə istifadə olunurdular. Lakin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra vəziyyət tamamilə dəyişmişdir. Azərbaycanın gələcəyinin daha parlaq və müstəqilliyinin əbədi olması üçün Heydər Əliyev gənclərlə işi dövlət siyasətinin prioritet istiqaməti elan etmişdir. Məhz Heydər Əliyevin təşəbbüsü və müvafiq fərmanı ilə 1994-cü ildə Gənclər və İdman Nazirliyi yaradılmış, 1996-cı ildə Azərbaycan gənclərinin birinci forumu keçirilmiş, 1997-ci ildə 2 fevral - Gənclər Günü elan edilmiş, problemləri dərindən öyrənilmiş və aradan qaldırılması üçün konkret addımlar atılmışdır.

Qeyd olunmuşdur ki, bu gün ulu öndərin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev gənclərin sosial-iqtisadi və təhsil problemlərinin həlli istiqamətində böyük işlər görür. Azərbaycan gənclərinin sorağı beynəlxalq idman arenalarından, dünyada tanınmış elm mərkəzlərindən gəlir. YAP cəmiyyətin ən nüfuzlu siyasi təşkilatı olaraq gənclərlə sahəsində dövlətə yaxından kömək göstərir.

Sonra komissiya üzvləri - gənclər və idman nazirinin müavini İntiqam Babayev, təhsil nazirinin müavini Ceyhun Bayramov, YAP Gənclər Birliyinin sədri Seymur Orucov çıxış edərək görülmüş işlərdən və qarşıda duran vəzifələrdən danışmışlar.

Sonda gənclərin iştirakı ilə gələcək planlar haqqında fikir mübadiləsi aparılmış, təkliflər irəli sürülmüşdür.  

 

 

 

AzərTAc

Azərbaycan.-2014.- 12 fevral.- S.6.