Daşkəsən rayonunda
2013-cü ilin yekunlarına və
qarşıda
duran vəzifələrə həsr
edilmiş hesabat yığıncağı
keçirilmişdir
Fevralın 11-də Daşkəsən Rayon İcra Hakimiyyətində 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və cari ildə qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilmişdir.
AzərTAc xəbər verir ki, yığıncaqdan əvvəl rayon statistika idarəsinin yeni inzibati binasının açılışı olmuşdur. Sonra yığıncaq iştirakçıları rayon mədəniyyət evinin foyesində rayonun sosial-iqtisadi inkişafını əks etdirən stendlər və yerli məhsulların sərgisi ilə tanış olmuşlar.
Rayon icra hakimiyyətinin başçısı Əhəd Abıyev hesabat məruzəsi ilə çıxış edərək bildirmişdir ki, 2013-cü il sosial-iqtisadi inkişaf baxımından respublikamız üçün uğurlu illərdən biri olmuşdur. Nazirlər Kabinetinin Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilmiş iclasında qazanılmış uğurlar geniş təhlil edilərək qarşıda duran vəzifələr göstərilmişdir.
2013-cü ili Daşkəsən rayonu üçün də uğurlu illərdən biri hesab etmək olar. Belə ki, iqtisadiyyatın əsas sahələrində istehsal olunmuş məhsul və göstərilən xidmətlərin həcmi əvvəlki ilə nisbətən 32,9 faiz artmışdır. Rayonda sənaye müəssisələrində çalışan bir işçiyə düşən orta aylıq nominal əmək haqqı 329 manat, dövlət sektorunda isə 342,4 manat təşkil etmişdir. 2013-cü ildə rayon büdcəsinin icrası gəlirlər üzrə 99,3 faiz, xərclər üzrə 97,5 faiz yerinə yetirilmişdir.
Qeyd edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə 3 min nəfər əhalinin yaşadığı 13 yaşayış məntəqəsini birləşdirən Zağalı-Kollu-Çıraqlı avtomobil yolunun tikintisi məqsədi ilə Daşkəsən Rayon İcra Hakimiyyətinə ilkin olaraq 3 milyon manat, habelə Prezidentin "Daşkəsən rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında" 2013-cü il 9 yanvar tarixli sərəncamı ilə 2 milyon manat ayrılmışdır.
Hesabatda daha sonra bildirilmişdir ki, 2013-cü ildə Çovdar qızıl zavodunun tikintisi davam etdirilmişdir və hazırda son tamamlanma işləri aparılır. Yatağın tam istifadəyə verilməsi burada 300 nəfərin işlə təmin olunmasına imkan yaradacaqdır.
2013-cü ildə Quşçu qəsəbəsində 16 mənzilli yeni yaşayış binasının, yeni avtovağzal kompleksinin, icra hakimiyyəti üçün yeni müasir tipli inzibati binanın tikintisinə başlanılmış, Daşkəsən şəhərində Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 36 mənzilli yaşayış binasının tikintisi üçün torpaq sahəsi ayrılmışdır.
Ötən il rayon üzrə ümumi məhsul buraxılışında qeyri-dövlət sektorunun xüsusi çəkisi 94 faiz təşkil etmiş, 3 min 300 nəfər əhalinin yaşadığı 9 yaşayış məntəqəsini birləşdirən 25 kilometr Daşkəsən-Əmirvar-Qabaqtəpə avtomobil yolunun tikintisi ilə əlaqədar müvafiq sənədlər hazırlanmışdır. Rayonun hərtərəfli inkişafı məqsədi ilə "Yeni Daşkəsən" layihəsinin işlənib hazırlandığını bildirən Ə.Abıyev demişdir ki, bu layihə rayonun hərtərəfli sosial-iqtisadi inkişafını nəzərdə tutur və mövcud problemlərin həlli müvafiq qurumların qarşısında əsas vəzifə kimi qoyulmuşdur.
Qeyd olunmuşdur
ki, rayon geniş turizm imkanlarına malikdir. Bu imkanların reallaşdırılmasına
investorların cəlb
olunması üçün əlverişli
şərait yaradılmış,
turizmin və sanatoriya-kurort sisteminin inkişaf etdirilməsi istiqamətində işlər
genişləndirilmişdir.
Hesabat yığıncağında
Azərbaycan Respublikası
Prezidenti Administrasiyasının
məsul işçisi
Rüfət Əliyev
və Milli Məclisin deputatı Rövşən Rzayev çıxış edərək
qarşıda duran vəzifələrdən danışmışlar.
Yığıncaqda
Azərbaycan Prezidenti İlham Əliyevə müraciət qəbul
olunmuşdur.
Azərbaycan.-2014.- 12 fevral.- S.6.