Əli HƏSƏNOV: «Azərbaycan Prezidentinin tapşırıq və tövsiyələrindən ciddi nəticə çıxarmaq hər bir vəzifəli şəxsin borcudur»

 

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun Trend-ə müsahibəsi

 

 

- Əli müəllim, Prezident İlham Əliyevin regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrasına həsr olunmuş konfransda korrupsiyaya qarşı mübarizəyə dair səsləndirdiyi fikirlər ictimaiyyət tərəfindən müsbət qarşılanıb. Sizcə, ölkə rəhbərinin qeyd etdiyi kimi, Azərbaycanın korrupsiya ilə mübarizə sahəsində nümunəvi ölkəyə çevrilməsi üçün daha hansı zəruri addımlar atılmalıdır?

- Azərbaycanda korrupsiyaya qarşı mübarizə mexanizminin formalaşdırılması istiqamətində mühüm tədbirlər həyata keçirilmişdir. "Korrupsiyaya qarşı mübarizə haqqında" qanunun qəbul edilməsi, müvafiq dövlət proqramının, milli fəaliyyət planının və digər hüquqi-normativ sənədlərin təsdiq olunması ilə korrupsiyaya qarşı mübarizə sahəsində möhkəm qanunvericilik bazası yaradılmışdır. Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyanın, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin təşkili və fəaliyyətə başlaması, həmçinin "ASAN xidmət" kimi innovativ strukturun formalaşdırılması, "Elektron Hökumət" proqramının tətbiqi və s. əyani şəkildə göstərir ki, bu sosial problemin aradan qaldırılması dövlət siyasətinin prioritet istiqmətlərindən birini təşkil edir.

Regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrasına həsr olunmuş konfransda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə sahəsində görülən işləri vurğulamaqla, bu sahədə institusional, sisteminzibati, cəza xarakterli tədbirlərin daha səmərəli şəkildə davam etdirilməsini bir vəzifə kimi qarşıya qoymuşdur. Dövlət başçısı strateji hədəf kimi Azərbaycanın korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizədə də nümunəvi ölkə olması üçün zəruri tədbirlərin həyata keçiriləcəyini bəyan etmişdir. Son 10 ildə Azərbaycan sürətli və dinamik inkişaf yolu keçmiş, beynəlxalq arenada böyük nüfuz sahibinə çevrilmişdir. Bu gün Azərbaycan dünyanın ən sabit ölkələrindən biridir, xalqımız həyata keçirilən siyasətə böyük dəstək verir. Buna görə də hansısa subyektiv amillərin əldə olunmuş mühüm uğurlara kölgə salmasına imkan verilməməlidir və verilməyəcək. Qarşıdan gələn dövrdə korrupsiyaya qarşı mübarizə sahəsində kompleks tədbirlər davam etdiriləcək, lakin sistem xarakterli tədbirlərə daha çox üstünlük veriləcək. Eyni zamanda, dövlət orqanlarının tam şəffaf fəaliyyətinin təmin olunması, ictimai nəzarət mexanizminin stimullaşdırılması, məmur-vətəndaş münasibətlərinin ictimaihüquqi normalara uyğun tənzimlənməsi, dövlət qulluqçularının məsuliyyəti, Vətənə sədaqətli xidmət kimi məsələlər diqqət mərkəzində olacaqdır. Bu norma və prinsiplərə əməl etməyən, öz işində ardıcıl nöqsanlara yol verən dövlət qulluqçuları, vəzifəli şəxslər ya Azərbaycan Prezidentinin tapşırıq və tövsiyələrindən ciddi nəticə çıxarıb öz işlərində dönüş yaratmalıdırlar, ya da qanunun sərt üzü ilə üzləşəcəklər.

- Azərbaycan gənclərinin xarici ölkələrdə, xüsusilə Suriyada silahlı münaqişələrə cəlb edilməsi geniş müzakirə mövzusuna çevrilmişdir. Bu cür neqativ halların qarşısının alınması üçün qanunvericiliyin daha da sərtləşdirilməsinə və ya digər qabaqlayıcı tədbirlərin həyata keçirilməsinə ehtiyac varmı?

- Bilirsiniz ki, humanizm, problemlərin dialoq vasitəsilə həlli dövlətimizin xarici siyasətinin başlıca istiqamətlərindən biridir. Azərbaycan dünyanın müxtəlif nöqtələrində baş verən münaqişələrdə, o cümlədən Suriyada tərəf kimi iştirak etmir və belə bir niyyəti də yoxdur. Azərbaycan özü münaqişədən əziyyət çəkən, ərazisinin 20 faizi işğal altında olan bir ölkədir və bütün resurslarını bu problemin ədalətli şəkildə, beynəlxalq hüquq prinsiplərinə uyğun həll edilməsinə yönəltmişdir. Buna görə də vətəndaşlarımızın ayrı-ayrı bölgələrdə münaqişələrə cəlb olunması, hansısa anlaşılmaz ideyaların, kimlərinsə maraqlarının qurbanına çevrilməsi narahatlıq doğurmaya bilməz. Çünki həmin şəxslər bizim vətəndaşlarımızdır və dövlət onların taleyinə biganə qala bilməz. Digər tərəfdən, bu gün Azərbaycanın özünün vətənpərvər, millətini sevən, mübariz insanlara, gənclərə ehtiyacı var. Azərbaycan dövləti bütün mümkün vasitələrdən istifadə edərək bunun qarşısını almağa çalışır. Həm təhlükəsizlik orqanları, həm də Xarici İşlər Nazirliyi, səfirliklərimiz bu məsələ ilə yaxından məşğuldurlar və müvafiq tədbirlər həyata keçirirlər. Ancaq onu da nəzərə almaq lazımdır ki, bu, çox mürəkkəb məsələdir və müəyyən mərhələdə daha sistemli yanaşma tələb edə bilər. Azərbaycan vətəndaşlarının müxtəlif qaynar nöqtələrdəki münaqişələrə cəlb olunması fərdi xarakter daşıyır. Lakin bu proses kütləviləşərsə və cəmiyyət üçün təhlükə yaradarsa, qeyd etdiyim kimi, sistem xarakterli tədbirlərin həyata keçirilməsi və bunun tərkib hissəsi kimi qanunvericiliyin sərtləşdirilməsi istiqamətində addımlar atıla bilər.

- Bəzi KİV-lərdə və sosial şəbəkələrdə radikal dini təmayüllü cərəyanların, qrupların nümayəndələrinin Azərbaycanın milli təhlükəsizliyinə xələl gətirə bilən, onu təhdid edən təbliğatlarına geniş yer verilir. Azərbaycanda əsrlər boyu hökm sürən məzhəblər və dinlərarası tolerantlığa zidd olan bu cür fikirlərin yayılmasının arxasında hansı qüvvələr dayanır? Ümumiyyətlə, bu qüvvələrin məqsədi nə ola bilər?

- Dünyada iqtisadi böhran, sosial təlatümlər, vətəndaş qarşıdurması, qanlı münaqişələr, gərginlik müşahidə olunduğu bir dövrdə Azərbaycanın dinamik inkişafı, hökm sürən sabitlik ölkəmizi istəməyən müəyyən xarici qüvvələri narahat edir. Bəzi hallarda xarici KİV-lərdə Azərbaycan haqqında obyektivlikdən uzaq, qərəzli materialların şahidi oluruq. İnternet, sosial şəbəkələr isə tam sərbəst bir məkandır və çox təəssüf ki, qlobal şəbəkədən həm də müxtəlif şəxslərə, ölkələrə qarşı kampaniya təşkil etmək, ictimai fikrə təsir göstərmək, cəmiyyətdə süni şəkildə narazılığı, o cümlədən dini radikallığı stimullaşdırmaq üçün istifadə olunur. Bəzi hallarda belə cəhdlərin arxasında müəyyən xarici qüvvələrin, beynəlxalq təşkilatların kölgəsi də sezilir. Lakin Azərbaycan güclü dövlətdir və istənilən təhdidlərin, milli təhlükəsizliyə xələl gətirmək cəhdlərinin qarşısını layiqli şəkildə almaq iqtidarındadır.

- Azərbaycan vətəndaşı Mahir Zeynalovun Türkiyədən deportasiya edilməsi faktı bəzən çox şişirdilir. Bununla, iki ölkə arasında olan strateji əməkdaşlığa kölgə salmaq istəyirlər. Bu məsələyə münasibətinizi bilmək istərdik.

- Türkiyənin rəsmi instansiyaları məsələyə münasibət bildirərək bəyan etmişlər ki, M.Zeynalovun deportasiyası onun ölkədə qalma müddətinin başa çatması ilə bağlı olmuşdur. Hesab etmirəm ki, bu hadisə iki qardaş ölkə arasında əməkdaşlığa kölgə sala bilər. Buna cəhd göstərənlər də bu reallığı anlamalı və qəbul etməlidirlər.

Digər tərəfdən, hər hansı xarici ölkədə əmək fəaliyyəti ilə məşğul olan şəxs, fəaliyyət istiqamətindən asılı olmayaraq, həmin ölkənin qanunlarına, ictimai yaşayış normalarına, xalqın mədəniyyətinə, adət-ənənələrinə hörmətlə yanaşmalıdır.

- Ermənistan tərəfi Soçi Olimpiadası dövründə atəşkəsə əməl olunacağını vəd etsə də, buna əməl etmir. "Soçi barışığı" dövründə cəbhə xəttində gərginlik davam edir...

- Bu hal bir daha təsdiq edir ki, Ermənistan konstruktiv dialoqda, münaqişənin sülh yolu ilə tənzimlənməsində maraqlı deyil. Ermənistan rəhbərliyi mövcud status-kvonun saxlanmasına çalışır və istənilən sülh təşəbbüslərini müxtəlif vasitələrlə əngəlləyir. Hər halda, Ermənistanın növbəti təxribatı ATƏT-in Minsk qrupunun həmsədrləri - həm Olimpiya oyunlarının keçirildiyi Rusiya, həm də bu barədə sosial şəbəkədə məlumat verən amerikalı həmsədr üçün aydın mesaj olmalıdır.

- Bakıda bir sıra iri infrastruktur layihələri həyata keçirilir. Bununla bağlı şəhərin mərkəzində, o cümlədən Yasamal rayonu ərazisində minlərlə evin sökülməsi nəzərdə tutulur. Azərbaycanın müvafiq qurumları vətəndaşların mülkiyyət hüququnun qorunması üçün hansı işləri həyata keçirəcək?

- Artıq bir neçə ildir ki, ölkəmizdə, xüsusilə də Bakı şəhərində genişmiqyaslı infrastruktur layihələri həyata keçirilir. Yeni parklar salınır, müasir binalar, mədəniyyət abidələri və s. inşa olunur. Bütün bunlar paytaxtımızın inkişafına, müasirləşməsinə xidmət edir. Bəzi hallarda layihələrin icrası zamanı vətəndaşların köçürülməsinə ehtiyac yaranır və bu işə məsul orqanlar vətəndaşlara müvafiq kompensasiyalar ödəməklə zəruri tədbirlər həyata keçirirlər. Tam əminliklə deyə bilərəm ki, bu günə qədər olduğu kimi, bundan sonra da vətəndaşların mülkiyyət hüququ ilə bağlı hər hansı problem olmayacaq. Köçürülmə nəzərdə tutulan ərazi, köçürməni həyata keçirən orqanlar, kompensasiyaların məbləği artıq müəyyənləşmişdir və bütün bu məsələlər müvafiq qaydada tənzimlənəcəkdir.

 

Azərbaycan.-2014.- 13 fevral.- S.4.