«ASAN xidmət»in nailiyyətləri Azərbaycan
Respublikası
Prezidentinin
güclü siyasi iradəsinin nəticəsidir
Azərbaycan
Respublikası Prezidenti
Administrasiyasının Hüquq-mühafizə orqanları ilə
iş şöbəsinin müdiri
Fuad Ələsgərovun AzərTAc-a
müsahibəsi
- Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 11 fevral tarixli Fərmanı ilə "ASAN xidmət" mərkəzlərinə hansı yeni xidmətlər əlavə edilmişdir?
- Azərbaycan Respublikasının Prezidenti yalnız "ASAN xidmət" mərkəzlərinin coğrafiyasının deyil, həm də mərkəzlərdə göstərilən xidmət növlərinin sayının artırılması, daha geniş sahələr üzrə vətəndaşlara keyfiyyətli və şəffaf xidmətlərin göstərilməsi barədə ciddi tapşırıqlar vermişdir.
Əgər bu günə qədər "ASAN xidmət" mərkəzlərində 25 hüquqi xidmət göstərilirdisə, Azərbaycan Respublikası Prezidentinin tapşırığı ilə həmin xidmətlərin dairəsi daha da genişləndirilmişdir. Prezident İlham Əliyevin imzaladığı 2014-cü il 11 fevral tarixli Fərmanla:
- mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması və çıxarışların, texniki pasportların verilməsi,
- fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması və çıxarışların, texniki pasportların verilməsi,
- yaşayış yeri üzrə qeydiyyata alındığı və ya qeydiyyatdan çıxarıldığı hallarda çağırışçıların və hərbi vəzifəli vətəndaşların hərbi qeydiyyata qəbulu və hərbi qeydiyyatdan çıxarılması,
- xaricdə istifadə üçün nəzərdə tutulan sənədlərə apostil verilməsi üçün sənədlərin qəbulu xidmətləri "ASAN xidmət" mərkəzlərində həyata keçiriləcəkdir.
Azərbaycan Prezidentinin Fərmanı ilə elektron xidmətlərin dairəsi də genişləndirilmişdir. Belə ki, fərmanda nəzərdə tutulan "ASAN ödəniş" sistemi elektron xidmət olaraq həm nağdsız ödənişlərin aparılmasını stimullaşdıracaq, həm də bütün inzibati cərimələrin, məhkəmə qərarı ilə ödənilməli olan vəsaitlərin onlayn rejimdə ödənilməsini təmin edəcəkdir.
Məsələn, hər hansı sürücü yol hərəkəti qaydasını pozduqda qəbul edilən inzibati cərimə barədə qərar və törətdiyi qayda pozuntusunun foto və ya videoçəkilişi "ASAN ödəniş" sistemi vasitəsilə həmin sürücünün e-mail ünvanına və ya mobil telefon nömrəsinə göndəriləcəkdir. "ASAN ödəniş" sistemi vətəndaşı cərimənin ödənilməsi müddətinin bitməsi barədə xəbərdar edəcəkdir. Vətəndaşlar istənilən inzibati cəriməni heç bir dövlət orqanına getmədən mobil telefonla ödəmə imkanı əldə edəcəklər.
Bundan əlavə, cərimələrin digər alternativ ödəmə üsulu da nəzərdə tutulmuşdur. Belə ki, vətəndaşlar cərimələri ticarət mərkəzlərində, yanacaqdoldurma məntəqələrində, avtomobil dayanacaqlarında və əhalinin intensiv istifadə etdiyi digər ictimai yerlərdə quraşdırılmış xüsusi terminallar vasitəsilə ödəyə biləcəklər. "ASAN ödəniş" sistemi, eyni zamanda, cərimə və digər pul vəsaitlərinin ödənilməsi barədə məhkəmə qərarlarını icra etmək üçün ödənişlərin məhkəmələrin inzibati binalarında və digər ictimai yerlərdə quraşdırılan xüsusi terminallar vasitəsilə ödənilməsini təmin edəcəkdir.
Cəriməni qısa müddət ərzində ödəyən şəxslər cərimə məbləğinin müəyyən faizi məbləğində ödənişdən azad olunacaqlar. "ASAN ödəniş" sistemi imkan verəcəkdir ki, vətəndaş cərimə olunması barədə məlumat əldə etsin və cəriməni dərhal ödəməklə müəyyən edilmiş güzəştdən yararlana bilsin. "ASAN ödəniş" sistemi bütün dövlət orqanları tərəfindən tətbiq edilən inzibati cərimələri ödəmək imkanı yaradacaqdır. Artıq həmin sistemin yaradılması üçün institusional və praktiki tədbirlər görülməsinə başlanılmışdır.
Bu islahatlar bir neçə məqsədə
xidmət edir:
- vətəndaşla dövlət orqanı əməkdaşı arasında
birbaşa təması
istisna edir,
- şəffaflığı
və operativliyi təmin edir,
- korrupsiya və
digər mənfi halların qarşısını
alır,
- habelə hüquq
qaydalarını pozan
şəxslərin cəriməni
ödəməkdən yayınma
halları aradan qalxır.
- Ümumiyyətlə, ölkəmizdə
dövlət orqanları
tərəfindən göstərilən
xidmətlərin vahid
reyestri aparılırmı?
- Fərmanda Nazirlər
Kabinetinə dövlət
orqanları tərəfindən
həyata keçirilən
xidmətlərin reyestrinin
elektronlaşdırılması ilə bağlı təkliflərini təqdim
etməsi barədə
tapşırıq verilmişdir.
Hazırda dövlət orqanlarının
göstərdikləri bütün
xidmətlərin ümumi
sayı və onların reyestrinin aparılması istiqamətində
müəyyən işlər
görülür. Xidmətlərin reyestrinin elektron qaydada aparılması bizə hansı xidmətlərin göstərildiyi
və onlardan hansıların elektronlaşdırıldığını
müəyyən etməyə
imkan verəcəkdir.
Bununla
"elektron hökumət"ə
keçid prosesi daha da sürətlənəcəkdir.
-
"ASAN xidmət" mərkəzlərinin
son 1 il ərzində
fəaliyyətini necə
qiymətləndirirsiniz?
- Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev tərəfindən
yaradılan "ASAN xidmət"
fəaliyyətə başladığı
1 il ərzində
qarşısına qoyulan
vəzifənin öhdəsindən
layiqincə gələrək
insanların etimadını
doğrultmuşdur. "ASAN
xidmət" dövlət
xidmətlərinin göstərilməsi
sahəsində müasir
texnologiyaların tətbiqi
ilə korrupsiya hallarının istisna edilməsinə, şəffaflığın,
vətəndaş məmnunluğunun
təmin edilməsinə
nail olmuşdur.
"ASAN xidmət"in ötənilki
fəaliyyəti ilə
bağlı qısa məlumat vermək istərdim. Hazırda Bakı şəhərində
3, Sumqayıt və Gəncə şəhərlərində
1 "ASAN xidmət" mərkəzi
fəaliyyət göstərir.
"ASAN xidmət" mərkəzlərinin fəaliyyət
dairəsinə daxil olan əhalinin sayı 3 milyon 500 min nəfərə qədərdir. Bu da ölkə əhalisinin təxminən
37 faizi deməkdir.
Fəaliyyətə başladığı
vaxtdan bu günədək "ASAN xidmət"
mərkəzlərinə 1 milyon 100 mindən artıq insan müraciət etmiş və müxtəlif xidmətlərdən yararlanmışdır.
O cümlədən mərkəzlərin
əhatə etmədiyi
rayonlarda xüsusi texniki vasitələrlə
təchiz edilmiş avtobuslar vasitəsilə
60 minədək vətəndaşa
səyyar xidmət göstərilmişdir.
Eyni zamanda, fevralın 1-dən vətəndaşların
istəyindən asılı
olaraq onların mərkəzə gəlmədən
arzuladığı yerdə
xidmətlərdən yararlanması
üçün səyyar
xidmətlər həyata
keçirilməyə başlanmışdır. Xüsusi vurğulamaq
istərdim ki, səyyar xidmət kənardan qulluğa və yardıma ehtiyacı olan əlillər və sağlamlıq imkanları
məhdud uşaqlar üçün əlavə
ödəniş aparılmadan
həyata keçirilir.
Əlillərə mərkəzə gəlmədən
evində ödənişsiz
səyyar xidmət göstərilməsi Prezident
İlham Əliyevin əlillərin sosial müdafiəsi sahəsində
həyata keçirdiyi
siyasətin tərkib hissəsidir və bunu sosial həmrəylik
layihəsi kimi səciyyələndirmək olar.
Gün ərzində
6000-6500 vətəndaş "ASAN xidmət" mərkəzlərinə
müraciət edir. 2013-cü il fevralın 1-dən
fəaliyyətdə olan
"Çağrı Mərkəzi"ndə
("Call center"də) 148.000 zəng qeydə alınmışdır. Bundan
əlavə, sosial şəbəkələr (Facebook,
Twitter, Instagram) vasitəsi
ilə 35.000-ə yaxın
müraciət qəbul
edilmişdir. "ASAN xidmət"
mərkəzinin rəsmi
Facebook səhifəsi
2012-ci il oktyabrın 20-də fəaliyyətə
başlamışdır. Rəsmi səhifəyə
qoşulan abunəçilərin
sayı isə 115 mini
keçmişdir.
Mərkəzlərdə aparılan rəy sorğuları və
exit-poll-ların nəticələrinə
görə vətəndaşların
95-100 faizi "ASAN xidmət"dən
razıdır. Bu günədək
Dövlət Agentliyi tərəfindən mərkəzlərdə
işləyən bütün
əməkdaşlara etik
davranış, ünsiyyət
qurmaq bacarığı,
stres menecment, sosial həssaslıq, vaxtın idarə edilməsi, korporativ mədəniyyət və
s. mövzularda 183 təlim
keçirilmişdir.
Eyni zamanda, bildirmək istəyirəm ki, regionlarının sosial-iqtisadi
inkişafı dövlət
proqramlarının icrasına
həsr olunmuş konfransdakı nitqində Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev hər bir dövlət qulluqçusunun fəaliyyətinin
əsas prinsiplərini
müəyyən etmişdir:
"Hər bir dövlət məmuru öz məsuliyyətini dərk etməlidir. Hər bir dövlət məmuru təmiz işləməlidir, xalqla
bir yerdə olmalıdır, təvazökar,
işgüzar və vətənpərvər olmalıdır,
rüşvət almamalıdır,
özünü xalqdan
üstün tutmamalıdır,
işlədiyi bölgələrdə,
sahələrdə hörmət
qazanmalıdır və
Vətənə sadiq,
sədaqətli olmalıdır".
"ASAN xidmət"in bütün əməkdaşları
da çalışır
ki, Prezident İlham Əliyevin müəyyənləşdirdiyi bu prinsiplərə dönmədən əməl
etsinlər.
- Cəmiyyətdə belə
bir təəssürat
yaranıb ki, "ASAN
xidmət" gənclər
qurumudur.
- Bu, tamamilə doğrudur. "ASAN xidmət" əməkdaşlarının tam əksəriyyəti gənclərdir,
onların orta yaş həddi 24-dür.
"ASAN xidmət"ə işə qəbul tam şəffaf və ədalətli qaydalarla aparılır. Xidmətin kadr
və idarəçilik
sistemi ən yüksək beynəlxalq standartlara cavab verir.
"ASAN xidmət"də könüllülük geniş
vüsət almışdır. Ümumilikdə "ASAN xidmət" mərkəzlərində
mindən artıq gənc könüllülük
fəaliyyətinə cəlb
olunmuşdur. Onlar "ASAN xidmət" mərkəzlərinə
müraciət edən
vətəndaşlara hörmət
və nəzakətlə
yardım edirlər.
Gənclər yüksək həvəs
nümayiş etdirir, dövlət orqanlarının
fəaliyyətinə böyük
maraq göstərirlər.
Bu, gənclərin gələcəyi üçün
stimul yaradır.
Belə
ki, ali
təhsilini bitirmiş
və könüllü
kimi fəaliyyətini
başa çatdırmış
gənclərin bir hissəsi "ASAN xidmət"
mərkəzlərində və
digər dövlət
qurumlarında işlə
təmin edilmişlər.
Əldə
olunan nailiyyətlər Azərbaycan Prezidenti İlham Əliyevin
birbaşa dəstəyi və güclü siyasi iradəsi ilə
mümkün olmuşdur.
Azərbaycan.-2014.- 13 fevral.- S.5.