«Qremmi» mükafatı laureatı Di Di Bricuoter

 Heydər Əliyev Mərkəzində konsert vermişdir

 

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva konsertdə olmuşdur

 

 

 

Fevralın 12-də məşhur caz ifaçısı, üçqat "Qremmi" və "Toni" mükafatları laureatı Di Di Bricuoter Bakıda, Heydər Əliyev Mərkəzində solo konsert vermişdir.

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva konsertdə olmuşdur.

AzərTAc xəbər verir ki, səhnəyə çıxan məşhur caz ifaçısı Di Di Bricuoter Azərbaycanın birinci xanımı, UNESCO-nunİSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanı salamlamışdır.

Məşhur caz ifaçısı Azərbaycanda ilk dəfə olduğunu, paytaxt Bakının gözəlliyinə heyran qaldığını bildirmişdir. O, Heydər Əliyev Mərkəzinin nadir arxitektura nümunəsi olduğunu qeyd etmiş və belə bir gözəl məkanda konsert verməyin onun üçün böyük şərəf olduğunu vurğulamışdır.

Müasir caz vokal sənətinin ulduzlarından olan Di Di Bricuoter konsertdə onu milyonların sevimlisinə çevirən məşhur kompozisiyalarını ifa etmişdir.

Əsl adı Dennis Qarret olan müğənni-aktrisa 1950-ci ildə ABŞ-da doğulmuşdur. Karyerasına vətənində başlasa da, onun istedadı Fransada kəşf olunmuşdur.

Di Di Bricuoter ilk peşəkar addımlarını əfsanəvi Ted Cons/Mel Levis Caz Orkestrində atmış və ötən əsrin 70-ci illərində məşhur caz ifaçıları Maks Rouç, Sonni Rollinz, Dekster Qordon, Dizzi Gillepsi ilə birgə çıxış etmişdir.

1980-ci ildə Fransaya köçən müğənni bir neçə il ərzində Avropanın bütün caz festivallarında iştirak etmiş, özünün orkestrini yaratmışdır.

1998-ci ildə kumiri Ella Fitsceraldın xatirəsinə həsr etdiyi "Əziz Ella" albomu iki "Qremmi" mükafatına layiq görülmüşdür. Onun tanınmış caz ifaçısı Billi Holideyə ithaf etdiyi "Eleonora Faqan (1915-1959): Di Didən Billiyə sevgi ilə" adlı albomu da "Qremmi" almışdır.

Di Di Bricuoter musiqili teatrda da fəaliyyət göstərmişdir. O, 1975-ci ildə "Viz" musiqili tamaşasında oynadığı Qlinda roluna görə "Toni" mükafatına layiq görülmüşdür.

Məşhur caz ifaçısının Heydər Əliyev Mərkəzində çıxışı böyük alqışlarla qarşılanmışdır.

 

***

 

Konsertdən sonra Di Di Bricuoter Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva ilə görüşmüşdür.

 

Azərbaycan.-2014.- 13 fevral.- S.8.