Ölümsüzlüyə çevrilən ömür

 

Azərbaycan xalqı tarixən çox ağır sınaqlardan keçib. Faciələr yaşayıb. Lakin bunların heç biri ən yaxın keçmişdə yaşanan faciələrimiz qədər ağrılı olmayıb. Ən yaxın keçmişdəki faciələrdən biri də, heç şübhəsiz, 1990-cı ilin yanvar ayının 19-dan 20-nə keçən gecə yaşadıqlarımızdır.

Qeyd edək ki, 24 il bundan əvvəl sovet qoşunları Bakı şəhərinə daxil olmamışdan əvvəl bu hadisələrin ilk rüşeymləri Naxçıvan Muxtar Respublikasının Ermənistanla sərhədboyu ərazilərində atılmışdı.

1990-cı ilin ilk günlərindən başlayaraq erməni quldur dəstələri muxtar respublikanın sərhəd kəndlərinə hücumlar təşkil etməyə, silahlı basqınlara başlamışdılar. Yanvar ayının 16-da müxtəlif növ silahlarla silahlanmış ermənilər Kərki kəndinə hücum edərək öz vəhşi əməllərini yerinə yetirmişdilər. Sovet rəhbərliyindən havadarlıq görən mənfur qonşumuz bu kəndə daxil olaraq evləri yandırır, soydaşlarımızı doğma ocaqlarından, ev-eşiklərindən çıxmağa, Kərkini tərk etməyə məcbur edirdilər. Bu gözlənilməz hadisələrdən naxçıvanlılar hədsiz dərəcədə təşvişə düşmüşdülər. Vəziyyət çox acınacaqlı hal almışdı. Öz vəhşi əməllərindən çəkinməyən silahlı ermənilər artıq Sədərəyə qarşı hücuma keçmişdilər.

O günlərdə bütün muxtar respublika təşviş içində idi. Buna baxmayaraq, naxçıvanlılar ən çətin anda olsa belə, birləşməyi, düşmənə qarşı əzmkarlıqla mübarizə aparmağı bacardılar. Naxçıvan Muxtar Respublikasının ən ucqar kəndlərinə kimi bu cür xəbəri eşidən oğullar maşınlarla Sədərək kəndinə doğru istiqamət götürmüşdülər.

Silahlı düşmənin qarşısına əliyalın çıxmaqdan heç kim çəkinmirdi. Tək-tük hallarda əhalidə olan ov tüfəngləri təsəlli üçün müdafiə olunan döyüşçülərə paylanmışdı. Hamı əsl həqiqətin, real vəziyyətin acınacaqlı olduğunu bilirdi. Buna baxmayaraq, naxçıvanlıların birliyi, dözüm gücü, mübarizə əzmi düşmənin odlu silahlarını belə dəf etməyə yetdi.

Həmin günlərdə düşmənlə ön cəbhədə vuruşanlardan biri də Şərur Rayon Daxili İşlər Şöbəsi yanında Mühafizə şöbəsinin baş inspektor vəzifəsində çalışan, milis kapitanı Məhərrəm Seyidov idi. Son dəfə evdən çıxanda anasının gözlərinin içinə baxaraq, - ana, vətənin bu dar günündə onun köməyinə getməsəm, sənin südün mənə halal olmaz, - demişdi və Sədərəyə yollanmışdı.

1952-ci ildə sentyabr ayının 7-də dünyaya gəlmişdi Məhərrəm Seyidov. Anadan olduğu Şərur rayonunun Alışar kəndi Sədərəkdən o qədər də uzaqda deyildi. Onun xarakterində əsl igidlik, qəhrəmanlıq nümunəsi var idi. Alışardakı orta məktəbi bitirib hərbi xidmətə yollananda da, xidməti başa vurub geri qayıdanda da tay-tuşlarından, əsgər yoldaşlarından həmişə seçilmişdi. Elə buna görə də əsgərlikdən qayıdan kimi Şərur rayonunun daxil işlər orqanlarında işə götürülür. Bakı Xüsusi Orta Milis Məktəbində təhsil alır. Çevikliyi, qorxmazlığı, özünəməxsus hazırlıq keyfiyyətlərinə görə tez bir zamanda diqqəti cəlb edən Məhərrəm işlədiyi daxili işlər sistemində ilbəil irəli çəkilir, ona müxtəlif vəzifələr tapşırılır, rütbələr verilirdi. Sadalanan bu keyfiyyətlərinin nəticəsi idi ki, 1980-ci ildə Moskva Olimpiadasında ictimai asayişin mühafizəsinə cəlb olunmuş, buradakı nümunəvi xidmətində xüsusilə fərqləndiyinə görə mükafatlandırılmışdı.

20 Yanvar hadisələri öncəsi Naxçıvanda yaşanan bu cür silahlı hücumların qarşısını almaq üçün Şərur Rayon Daxili İşlər Şöbəsinə daxil olan məlumatdan sonra Məhərrəm Seyidov da bir qrup polis əməkdaşı ilə ön cəbhəyə yollanır. Yanvar ayının 18-də Sədərəyə erməni dəstələrinin aramsız hücumlarının qarşısı minlərlə naxçıvanlının səyi nəticəsində alınmışdı. Azğın düşmən böyük itki versə də, geri çəkilmək istəmirdi. Bir gün sonra, yanvarın 19-da yenə də Sədərəyin müdafiəsi təmin olunmuşdu. Lakn çoxlu sayda ölən və yaralananlar var idi.

Həmin gün düşmənin hiyləgər hücumları nəticəsində Məhərrəm Seyidovun döyüş yoldaşlarından kapitan Azər Seyidov mühasirəyə düşmüşdü. Belə bir zamanda - mərmilərin dayanmadan atıldığı, silahların susmadığı bir vaxtda Məhərrəm öz silahdaşını mühasirədən çıxarmaq, düşmən əlinə keçməsinin qarşısını almaq üçün hərəkətə keçir. Güllələrdən yayınaraq özünü Azərin yanına çatdırır. Nə qədər çətin olsa da, Məhərrəm öz yoldaşını mühasirədən çıxarmağı bacarır. Lakin onun özü düşmənlərin əhatəsində qalır. Ağır və gərgin atışmanın sonunda Məhərrəm Seyidov düşmən mühasirəsində son gülləsinə kimi vətən torpağını müdafiə edir. Fəqət amansız güllələr onu da hədəf alır, qəhrəmancasına şəhid olur. Sədərəkdə gedən bu atışma zamanı düşmən yenə susdurulur, geri çəkilməyə məcbur edilir. Əsgər yoldaşları bu qəhrəman el oğlunu göz yaşları içində torpağa tapşırırlar. Ailəli, dörd övlad atası olan Məhərrəm Seyidov Şərur rayonundakı Şəhidlər xiyabanında dəfn edilmişdir. Ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə kapitan Seyidov Məhərrəm Mirəziz oğluna "Azərbaycanın Milli Qəhrəmanı" adı verilir, "Qırmızı Ulduz" ordeni ilə təltif olunur.

Bu cür qəhrəmanlar isə heç vaxt unudulmur, onlar hər zaman yaddaşlarda yaşayırlar. Bu gün Şərur şəhərində Məhərrəm Seyidovun adına küçə var, tuncdan büstü qoyulub. Şərur şəhər 2 nömrəli tam orta məktəb onun adını daşıyır.

24 il bundan əvvəl muxtar respublikanın Şahbulaq, Havuş, Yuxarı Buzqov, Şada və digər sərhəd kəndlərində erməni quldur dəstələrinin hücumları dəf edilsə də, ən qızğın döyüşlər Sədərək uğrunda aparılmışdı. Düşmən önündə bu cür igidliklə dayanan Sədərək bu gün Naxçıvanın "Qeyrət qalası" adlandırılır. Bu adı isə ona Məhərrəm Seyidov kimi qeyrətli Azərbaycan oğulları qazandırıb. O oğullar ki, vətən uğrunda, torpaq uğrunda canlarını fəda etməkdən belə çəkinmədilər.

 

 

 

Elxan MƏMMƏDOV,

Azərbaycan.-2014.- 13 fevral.- S.11.