Azərbaycan gənclərinin 2014-2015-ci tədris
ilində xaricdə təhsil almaları məqsədi ilə seçilmiş ali təhsil
müəssisələrinin və xaricdə təhsil
proqramının prioritet ixtisas
istiqamətlərinin siyahıları təsdiq olunmuşdur
"2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində Azərbaycan gənclərinin 2014-2015-ci tədris ilində xaricdə təhsil almaları məqsədilə seçilmiş ali təhsil müəssisələrinin və xaricdə təhsil proqramının prioritet ixtisas istiqamətlərinin siyahıları təsdiq olunmuşdur.
Təhsil Nazirliyindən AzərTAc-a bildirmişlər ki, Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil üzrə Komissiya sədrinin 2014-cü il 10 fevral tarixli sərəncamı ilə təsdiq olunmuş siyahılara əsasən, 2014-2015-ci tədris ilində azərbaycanlı gənclər dövlət proqramı çərçivəsində dünyanın 33 ölkəsinin 544 ali təhsil müəssisəsində təhsil almaq məqsədilə müraciət edə bilərlər.
Əvvəlki illərlə müqayisədə, siyahıların daha tez təsdiq olunması əksər xarici ali təhsil müəssisələrinə tələbələrin qəbulu prosesinin təqvim ilinin əvvəlində aparılması və bu səbəbdən dövlət proqramı çərçivəsində xaricdə təhsil almaq niyyətində olan gənclərə ali təhsil müəssisələrinin seçimində yardımçı olmaq məqsədi daşıyır.
Daha
bir yenilik ondan ibarətdir ki, müvafiq siyahı qüvvəyə
minənədək, yəni, 2014-cü il 10 fevral tarixinə qədər
xarici ölkələrin ali təhsil müəssisələrinə
qəbul olunmuş şəxslər üçün
2013-2014-cü tədris ili üzrə təsdiq edilmiş
siyahı etibarlı hesab ediləcəkdir.
Təhsil Nazirliyi 2014-2015-ci tədris ili üçün dövlət proqramı çərçivəsində sənəd qəbulu prosesinin başlanması və başa çatması tarixləri haqqında ictimaiyyətə əlavə məlumat verəcəkdir. Təhsil Nazirliyi sənəd qəbulu prosesinin daha səmərəli təşkili məqsədilə öncəki illərin təcrübəsi əsasında hazırlıq işləri həyata keçirməkdədir. Vətəndaşlardan sənəd qəbulu prosesi başlayana qədər sənədlərini Təhsil Nazirliyinə şəxsən və ya poçt vasitəsilə təqdim etməmələri xahiş olunur. Rəsmi şəkildə elan olunmuş sənəd qəbulu prosesindən kənar təqdim olunmuş heç bir sənəd nəzərə alınmayacaqdır.
"Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası" çərçivəsində ölkəmizin ali təhsil sisteminin təkmilləşdirilməsi və müasir standartlara uyğunlaşdırılması hədəfləri əsasında 2014-2015-ci tədris ili üçün dövlət proqramına namizədlərin seçimi prosesində xarici ali təhsil müəssisələrinə magistratura və doktorantura təhsil səviyyələri üzrə qəbul olunmuş gənclərə üstünlük veriləcəkdir. Belə ki, seçim prosesi çərçivəsində bərabər göstəricilərə malik olan namizədlər arasında magistratura və doktorantura səviyyələri üzrə müraciət edən şəxslər bakalavr səviyyəsi üzrə müraciət edənlərlə müqayisədə daha böyük üstünlüyə malik olacaqlar.
"2007-2015-ci
illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə
təhsili üzrə dövlət proqramı" çərçivəsində
Azərbaycan gənclərinin 2014-2015-ci tədris ilində
xaricdə təhsil almaları məqsədi ilə müəyyən
edilmiş xaricdə təhsil proqramının prioritet ixtisas
istiqamətləri və Dövlət Proqramı çərçivəsində
Azərbaycan gənclərinin 2014-2015-ci tədris ilində
xaricdə təhsil almaları məqsədilə
seçilmiş ali təhsil müəssisələrinin
siyahısı Təhsil Nazirliyinin internet saytında
verilmişdir.
Azərbaycan.-2014.- 13 fevral.- S.8.