Mədəniyyət və Turizm
Nazirliyi sistemində fəaliyyət
göstərən təhsil
müəssisələrində tədris
prosesinin təşkili müzakirə olunmuşdur
Fevralın 12-də Azərbaycan Turizm İnstitutunda (ATİ) Mədəniyyət və Turizm Nazirliyi sistemində fəaliyyət göstərən təhsil müəssisələrində tədris prosesinin təşkili və "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası" mövzusunda yığıncaq keçirilmişdir.
Təhsil naziri Mikayıl Cabbarovun, mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin və təhsil işçilərinin iştirak etdikləri yığıncağı Mədəniyyət və Turizm Nazirliyinin elm və təhsil şöbəsinin müdiri Yaşar Əliyev açaraq, tədbirin əhəmiyyətindən danışmışdır.
Qeyd edilmişdir ki, iclasın əsas müzakirə mövzusu "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nın dövlətin təhsil sisteminin inkişafında rolu və strategiyada öz əksini tapmış əsas müddəaların Mədəniyyət və Turizm Nazirliyinin nəzdində fəaliyyət göstərən təhsil müəssisələrində tədris prosesinin təşkili zamanı tətbiqidir. Sonra ATİ-nin rektoru, professor Cəfər Cəfərov rəhbərlik etdiyi ali təhsil müəssisəsinin yaranma tarixi, beynəlxalq əlaqələri və təhsil strategiyasına uyğun olaraq qarşıda duran əsas vəzifələri barədə geniş məruzə etmişdir. O, çıxışında Mədəniyyət və Turizm Nazirliyinin turizm şöbəsinin ATİ-nin əməkdaşları ilə birlikdə hazırladıqları Azərbaycanda turizm sektorunun inkişaf tempi üzrə statistik göstəriciləri də diqqətə çatdırmışdır.
Rektor Azərbaycan Turizm İnstitutu üçün tələbə şəhərciyinin tikilməsini, ən azı 5 regionda Bakı Turizm Peşə Məktəbinin filialının, həmçinin onlardan ikisində (Masallıda və Xaçmazda) ATİ-nin filialının yaradılmasını təklif etmişdir. Yəni, turizm təhsili, həmçinin digər xidmət sahələri üçün, o cümlədən mədəniyyət, idman, təhsil, səhiyyə sahəsində menecerlərin hazırlığı üçün belə bir genişlənməyə ehtiyac vardır. Azərbaycan Turizm İnstitutunun yaradılmasından keçən 8 il ərzində müasir ali təhsil müəssisəsi komandası formalaşmış və bu komanda ilə biz Azərbaycan Tətbiqi Elmlər Universitetinə çevrilmək arzusundayıq.
Mingəçevir Turizm Kollecinin direktoru Əyyub Əyyubov, Bakı Xoreoqrafiya Məktəbinin direktoru Neylüfər Kərimova, Mədəniyyət və Turizm Nazirliyinin sektor müdiri Asif Usubəliyev və Süleyman Ələsgərov adına 1 nömrəli Uşaq İncəsənət Məktəbinin direktoru Vaqif Abbasov strategiyanın əhəmiyyətindən və qarşıda duran vəzifələrdən danışmışlar.
Sonra
mövzu ilə bağlı müzakirələr aparılmış,
təkliflər verilmiş, Mədəniyyət və Turizm və
Təhsil nazirlikləri arasında əməkdaşlığın
konkret istiqamətləri müəyyən olunmuşdur.
AzərTAc
Azərbaycan.-2014.- 13 fevral.- S.9.