«Çıraqov və başqaları Ermənistana
qarşı»
6 həmvətənimiz
1 milyondan artıq qaçqın və məcburi
köçkünün
timsalında ən ali hüquq instansiyasında
təcavüzkardan
hesab sorur
Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq norma və prinsiplər
əsasında həlli istiqamətində aparılan sülh
danışıqlarının müsbət nəticə verəcəyinə,
ərazilərimizin işğaldan azad ediləcəyinə
inam son zamanlar daha da artmaqdadır. Bunun səbəblərindən
biri və əslində, birincisi Azərbaycanın regionda
aparıcı dövlətə çevrilməsi, nail olduğu sosial-iqtisadi
inkişafla bağlıdır. Bununla belə, diplomatik və informatik hücum
taktikası da burada əsas amillərdən
hesab olunur. Azərbaycanın haqlı mövqeyinin
son zamanlar birmənalı şəkildə müdafiə
olunması da öz müsbət təsirini göstərməkdədir.
Eyni zamanda, nüfuzlu beynəlxalq təşkilatların müəyyən
qərar və qətnamələr qəbul etmələrinə
baxmayaraq, bu münaqişənin
aradan qaldırılmasında təcavüzkar Ermənistanla ərazilərinin
20 faizi işğal altında qalan, bir milyon 200 min nəfər
qaçqın və məcburi köçkünü olan
respublikamıza eyni münasibət (əslində, təcavüzkarın
tutduğu qeyri-konstruktiv mövqenin dolayısı ilə dəstəklənməsi)
dünyada ikili standartların davam etdiyini ortaya qoyur. Bu isə
nəticə etibarilə mövcud milli münaqişələrin
həlli müddətinin uzadılması, problemin aradan
qaldırılmasının məqsədli
şəkildə ləngidilməsi anlamına gəlir.
Təcavüzün qurbanları təkcə
insanlar olmayıb...
Ermənistanın
Azərbaycana hərbi təcavüzü nəticəsində
20 min azərbaycanlı həlak olub, 4866 nəfər itkin
düşüb, 100 min nəfər yaralanıb, 50 min nəfər
isə müxtəlif dərəcəli xəsarət alaraq əlilə
çevrilib.
Azərbaycanın mədəni
irsini təşkil edən obyektlər də Ermənistanın
vandalizm siyasəti nəticəsində qəddarcasına məhv
edilib. İşğal altında qalan ərazilərdə
12 muzey və 6 şəkil qalereyası, tarixi əhəmiyyətli
9 saray yerlə-yeksan olunub. 40 min ədəd
tarixi-etnoqrafik əhəmiyyətə malik eksponat Ermənistana
daşınıb. 44 dini məbədlə
18 məscid dağıdılıb. Yandırılan
927 kitabxanada 4 milyon 600 min nüsxə kitab və xüsusi əhəmiyyətli
əlyazma nümunələri məhv edilib.
İşğal olunmuş ərazilərdən didərgin
düşmüş insanların məruz qaldığı mənəvi-psixoloji
sarsıntı və zərbələrlə yanaşı,
Beynəlxalq Qiymətləndiricilər Assosiasiyasının
hasablamalarına əsasən (mal və mülkün bazar
iqtisadiyyatına uyğun olaraq qiymətlərin müntəzəm
şəkildə dəyişilməsinə baxmayaraq), Azərbaycan
iqtisadiyyatına dəymiş 300 milyard ABŞ dollarından
çox maddi ziyanı da bura əlavə etsək, Ermənistanın
necə təcavüzkar olması dəqiq ifadə edilə bilər.
Azərbaycanın
Ermənistan tərəfindən işğala məruz
qalmış rayonlarından biri olan Laçın 18 may 1992-ci il tarixdə düşmən əlinə
keçmişdir. Laçına təcavüzün səbəbi
coğrafi baxımdan ərazisinin strateji əhəmiyyət daşıması, Dağlıq
Qarabağla Ermənistan arasında "dəhliz"
olması o zamankı səriştəsiz hakimiyyət hərislərinin "diqqətini cəlb etməmişdi".
Onlar işğala aparan "Laçın dəhlizi"ni bağlamaq, ərazilərin müdafiəsini
möhkəmləndirmək əvəzinə respublikamızın
strateji əhəmiyyətli yüksəkliklərini nəzarətsiz
buraxmışdılar. Bundan istifadə edən daşnak
quldurlar rayonun yeni salınmış Qayğı qəsəbəsini,
120 kəndini, 13745 fərdi yaşayış evini, 300-dən
artıq tarixi abidəni, 217 mədəniyyət
ocağını, 150 təhsil müəssisəsini, 142 səhiyyə
obyektini, 48 sənaye, 63 kənd təsərrüfatı, 460
ticarət şəbəkəsini darmadağın etdilər. Qəsd, divan təkcə bu sadalananlarla qurtarmır.
Dövlətə və şəxsi əmlaka dəyən
ziyanı da bura əlavə etsək, daha dəqiq mənzərə
alınar. İşğal zamanı şəxsi
və ictimai təsərrüfatların 135 min başa
yaxın mal-qarası Ermənistana aparılıb. 14 minə yaxın fərdi yaşayış evinin
daş üstdə daşı qalmayıb. Rayona,
ümumiyyətlə, 7,1 milyard ABŞ
dolları məbləğində maddi ziyan vurulub.
İşğal
tarixindən ötən müddət ərzində Ermənistanın
beynəlxalq birlik tərəfindən təcavüzkar kimi
tanınmasında Azərbaycan dövlətinin diplomatik nailiyyətləri
artıq silsilə xarakteri almaqdadır. Belə
uğurlardan biri də
laçınlı Çıraqov qardaşları
və digərlərinin onlara vurduğu maddi və mənəvi
zərərin ödənilməsi üçün təcavüzkar Ermənistanı
Avropa İnsan Haqları Məhkəməsinə verməsi və qaldırılan iddianın müəyyən
proseslərdən uğurla keçməsidir.
Vəkillərin mövqe
savaşı: hücumda iddiaçılar, müdafiədə
cavabdehlərdir
Laçın rayonundan olan məcburi köçkünlərin
iddialarını Böyük Britaniyadan bir qrup vəkil
müdafiə edib. Bu prosesdə dövlətimiz adından Azərbaycan Prezidenti
Administrasiyasının Hüquq-mühafizə orqanları ilə
iş şöbəsinin sektor müdiri, Azərbaycanın
AİHM-dəki səlahiyyətli nümayəndəsi
Çingiz Əsgərov, şöbənin baş
müşaviri Otari Qvaladze, həmçinin Malkom Şou və
Qabriel Lanski iştirak ediblər. Ermənistan tərəfindən
də prosesə rəsmi təmsilçi və vəkillər
qatılıblar. AİHM-in son iki iclasında 6 nəfər
iddiaçıdan Laçın rayonundan məcburi
köçkün olan Akif Həsənovla Fəxrəddin
Paşayev iştirak ediblər.
"Çıraqov və
başqaları Ermənistana qarşı" adlı işə
22 yanvar 2014-cü il tarixdə AİHM-in
Böyük Palatasında növbəti dəfə
lüksemburqlu hakim Din Şpilmanın sədrliyi ilə
baxılıb. İclasda 19 hakim, o cümlədən
AİHM-in Azərbaycandan olan hakimi Xanlar Hacıyev, Ermənistandan
isə Alvina Gülümyan iştirak ediblər. Azərbaycan tərəfini rəsmi olaraq
respublikamızın AİHM-dəki səlahiyyətli nümayəndəsi
Çingiz Əsgərov təmsil edib.
Qeyd edək
ki, iddiaçılar 1992-ci il may
ayının 18-də Laçın rayonu Ermənistan
silahlı qüvvələri tərəfindən
işğala məruz qaldığına görə, zorla evlərindən
qovulub, mülkiyyətləri ermənilərin əlinə
keçən məcburi köçkünlərdir. Onlar iddia ərizələrində göstəriblər
ki, Laçına qayıda bilmədiklərinə görə,
öz mülkiyyətlərindən istifadə edə bilmirlər.
Ermənistan hakimiyyəti isə onların məruz
qaldığı zərərin müqabilində təzminat
ödəməyib. İddia ərizəsi
İnsan Haqları Konvensiyasının 1-ci Protokolunun 1-ci
(mülkiyyətin toxunulmazlığı), 8-ci (şəxsi həyatın
toxunulmazlığı), 13-cü (səmərəli hüquqi
müdafiə vasitələrinə malik olmaq hüququ) maddələrinə
əsaslanır. İddiaçılar, həmçinin
milli ayrı-seçkiliyə (14-cü maddə) məruz
qaldıqlarını da bildiriblər. Şikayət ərizəsi
Avropa İnsan Haqları Məhkəməsinə 2005-ci il aprelin 6-da daxil olub. Həmin
vaxtdan başlayan məhkəmə prosesinin hazırkı vəziyyəti
ilə yaxından tanışlıq üçün
Strasburqda Avropa İnsan Haqları Məhkəməsində
keçirilən növbəti 2-ci islasdan qayıdan Fəxrəddin
Paşayev və digər iddiaçılarla
görüşdük.
Laçına aparan yollar hələlik
"Laçın dəhlizi"ndən deyil, Avropa
Məhkəməsi dalanlarından
keçir...
Fəxrəddin Paşayevlə Akif Həsənov indiyə
kimi keçirilən iki məhkəmə prosesində
iştirak etdiklərindən vəziyyəti daha dəqiq qiymətləndirirlər.
Fəxrəddin Paşayev vacib hesab etdiyi məqamlara
toxundu: "Avropa İnsan Haqları Məhkəməsinə
yalnız biz müraciət etməmişdik. Bizim
iddiamızın 2005-ci ildə qəbul edilməsindən sonra ərizəmizlə
bağlı 4 dəfə (6 aprel 2005-ci il, 15 sentyabr 2010-cu il, 9 yanvar 2012-ci il
və 22 yanvar 2014-cü il tarixlərində) məhkəmə
keçirilib. Bu il yanvar ayının 22-də
Strasburqda məhkəmə iclası keçirilməmişdən
bir gün öncə işlə bağlı Azərbaycan ilə
Ermənistan tərəfindən ayrılmış vəkillər
görüşdülər. Əlbəttə, Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində
sülh danışıqlarının aparıldığı
bir vaxtda təcavüzkar dövlətin Avropa İnsan
Haqları Məhkəməsində dindirilməsi, ilk növbədə,
işğalçılıq faktının bir daha təsdiqi
deməkdir. Bizim məqsədimiz yalnız şəxsi
mülkiyyətimizin Ermənistan tərəfindən zorla, təcavüz
vasitəsilə alınmasını dünyaya bəyan etmək
deyil, bütövlükdə bu işğalçılıq
faktını belə bir mötəbər beynəlxalq məhkəmədə
təsdiq etdirməkdir. Düşmən tərəfin
vəkilləri bunu anladıqları üçün müxtəlif variantlara əl
atırlar ki, işğalçılıq faktını təkzib
etsinlər. Amma bizim vəkillər Malkom
Şou, Urdaneta Vitek, Qabriel Lanski və Hannes Tretter onları
fakt qarşısında qoyublar. Çünki
əlimizdə təkzibolunmaz əsaslar var. Vəkillərimiz
beynəlxalq birlik tərəfindən təsdiqini tapan sənədlər
əsasında sübut edirlər ki, Dağlıq Qarabağa və
işğal altında qalan ətraf rayonlara faktiki olaraq Ermənistan
nəzarət edir. Ermənistanın
işğalçı olması, separatçı
"Dağlıq Qarabağ" rejimi ilə işbirliyi barədə
də sübutlar gətirilir".
Yeri gəlmişkən,
Avropa İnsan Haqları Məhkəməsinin Böyük
Palatasının "Çıraqov və başqaları Ermənistana
qarşı" adlı iş üzrə keçirdiyi
növbəti prosesdən sonra Azərbaycan tərəfinin vəkili
Qabriel Lanski jurnalistlərə açıqlamasında konkret
olaraq dedi: "Bugünkü proseslə əlaqədar fikirlərim
kifayət qədər optimistdir. Qərarın
verilməsi 6 ay çəkə bilər. Lakin
qəbul ediləcək qərarın nədən ibarət
olacağını, təbii ki, yalnız onun
çıxarılmasından sonra biləcəyik, ancaq mən
çox optimistəm. Bu prosesdə uğur
qazanacağıq".
22 yanvar 2014-cü il
tarixli məhkəmə prosesindən sonra Azərbaycanın
AİHM-dəki səlahiyyətli nümayəndəsi
Çingiz Əsgərov jurnalistlərə açıqlama
verərkən deyib: "Ədalətli yanaşsaq, Azərbaycan
tərəfi bugünkü prosesdə doğrudan da haqlı
görünürdü. Qarşı tərəfin,
yəni erməni nümayəndələrinin
çıxışından da aydın gördük ki,
arqumentsizlikdən böhtan və yalan danışmağa məcbur
oldular. Məsələn, onlar deyir ki, Ermənistan
ordusu bu əməliyyatlarda iştirak etməyib. Dağlıq Qarabağ ərazisində Ermənistan
silahlı qüvvələri yoxdur. Digər
tərəfdən, Ermənistanın bu işdə
iştirakçı olmadığını söyləsələr
də, hər dəfə şikayətlərin gəlib Ermənistan
məhkəmələrindən keçdiyini deyirlər.
Amma dolayısı ilə özləri də
boyunlarına alırlar ki, onların əsgərləri
işğal olunmuş ərazilərdə hərbi xidmət
keçir, oradakı hakimlər Ermənistan dövlətinin
qanunvericiliyi ilə işləyirlər. Ümumiyyətlə,
prosesdən bir daha aydın oldu ki, Ermənistan Respublikası
Dağlıq Qarabağ üzərində hərtərəfli
nəzarəti həyata keçirir və bunu erməni tərəfi
dolayısı ilə etiraf edir. İndi biz
möhtərəm hakimlərdən də gözləyirik ki,
bütün bunları anlayıb düzgün mövqe
tutsunlar, Azərbaycanın məcburi köçkünlərinin
haqlı mövqeyini dəstəkləsinlər".
Proses Ermənistana qarşıdır
Vəkil Qabriel Lanski isə
vurğulayıb ki, iddia tərəfinin əsas strategiyası
Strasburq Məhkəməsinin son müsbət qərar verməsinə
nail olmaqdır: "Belə bir tarixi qərar regionda və Azərbaycanın
işğal edilmiş ərazilərində gələcəkdə
insanların sülh şəraitində birgə
yaşaması baxımından böyük hadisə ola bilər. Bildiyiniz kimi, tək
Avropa Şurası deyil, bir çox digər beynəlxalq təşkilat
da bu ərazilərin Ermənistan tərəfindən
işğal olunduğunu bəyan edib. Bu baxımdan mən
tam əminəm ki, proses Ermənistana
qarşı aparılmalıdır. Erməni tərəfinin
azərbaycanlıların guya Dağlıq Qarabağdakı məhkəmə
instansiyalarına şikayət verməli olduqları haqda
dedikləri tam əsassızdır. Tam əminəm
ki, azərbaycanlılar bu gün nə işğal olunmuş
Dağlıq Qarabağ, nə də Ermənistan məhkəmələri
qarşısında iddia qaldıra bilərlər. Ona görə də bu işlə bağlı
yalnız Avropa İnsan Haqları Məhkəməsinin qərarına
ehtiyac var".
Fəxrəddin Paşayev hesab edir ki, erməni tərəfinin
apardığı bu oyunu məhkəmə hakimləri də
yaxşı anlayır. Ona görə də onların özünümüdafiə
oyunları qəbul edilməyəcək: "Qaldı ki,
ümumiyyətlə, davam edən məhkəmə proseslərinin
uğurlu sonluğuna inamımıza, bunun da səbəbləri
var. İlk növbədə, Azərbaycan dövlətinin hər
bir vətəndaşının pozulmuş
hüquqlarının müdafiəsində göstərdiyi dəstək
beynəlxalq məhkəmələrin
diqqətindən yayına bilməz. Biz, eyni
zamanda, dövlətimizin mövqeyimizi müdafiə etməsindən
ürəklənib düşmən tərəfindən
pozulmuş hüquqlarımızın bərpası
iddiasını qaldırmışıq. Dövlət
başçısı cənab Prezident İlham Əliyevin,
adları yuxarıda çəkilən vəkillərimizin, Azərbaycanın
AİHM-dəki səlahiyyətli nümayəndəsinin,
Laçın Rayon İcra Hakimiyyətinin başçısı Akif Səlimovun,
Avropa Hakimlər Kollegiyasının üzvü və orada
çalışan, Azərbaycana qanı və canı ilə
bağlı tərcüməçi
Saniya xanım Karakaşın, eləcə də Mustafa
Gündoğdunun bu işdə bizə göstərdiyi mənəvi
yardımı çox önəmlidir".
Ermənilərin daha bir saxta oyunu məhkəmədə
rədd edilib
Məhkəməyə
təqdim edilən materiallar iddiaçı tərəfin, yəni
laçınlı məcburi köçkünlərin bu
işdə uğur qazanacağına tam əminlik yaradır.
Bu işin 2011-ci ildə məhkəmə tərəfindən
icraata götürülməsi haqqında qəbul etdiyi qərar
isə prosesin uğurla sona çatması istiqamətində
ilk addım idi. Bunlardan başqa, Ermənistan
tərəfinin saxta özünümüdafiə
taktikasının da fiaskoya uğraması
iddiaçıların bu işdə uğur
qazanacağına əminlik yaradır. Belə ki, erməni
vəkillər
avropalı hakimləri inandırmağa
çalışıblar ki, Azərbaycan tərəfindən
iki nəfər iddiaçı olub və onların itirdikləri
mal-mülk dəyərləndirilərək əvəzi
ödənilib.
Azərbaycanın AİHM-dəki səlahiyyətli
nümayəndəsi hesab edir ki, belə bir iddia adi erməni
fırıldaqçılığının nümunəsidir. Ermənilər
məhkəmə iclasından əvvəl də belə
iddiaları irəli sürmüş, lakin müəyyən
edilmişdir ki, Ermənistanın məhkəmələrində
İran vətəndaşlarının işlərinə
baxılmış və bu işlər, ümumiyyətlə,
mülki-hüquq münasibətlərinə aid
olmamışdır. Ona görə ermənilərin bu saxta oyunu
da rədd edilib.
Bu cür
yalanın başqa bir misalı: ermənilər,
həmçinin laçınlı məcburi
köçkünlərin evlərinin
dağıdılmamasını bildirmişlər. Lakin Azərbaycan hökuməti məhkəməyə
ərazinin peykdən çəkilmiş
foto-görüntülərini təqdim edərək bir
neçə iddiaçının mülkiyyətinin hansı
vəziyyətdə olduğunu sübut etmişdir.
Bu işdə fəal mövqe tutmuş Azərbaycan
hökuməti öz vətəndaşlarının
hüquqlarının müdafiəsi üçün məhkəmə
prosesində, demək olar ki, əsas rol oynadı. Bu məqsədlə
çoxsaylı sübutlar, o cümlədən rəsmi sənədlər,
müxtəlif beynəlxalq təşkilatların
hesabatları, xarici mətbuatda dərc edilmiş məqalələr,
bəyanatlar, ermənilərin yaydığı məlumatlar,
foto və video materiallar Azərbaycan tərəfindən Avropa
Məhkəməsinə təqdim edilmişdir.
...Hələ
qarşıda 5 ay
var. Yəni növbəti, həlledici qərarın
5 aydan sonra qəbul ediləcəyi gözlənilir. Bu ilin yay aylarında Avropa İnsan Haqları Məhkəməsinin
qəbul edəcəyi qərardan çox şeylər
asılıdır. Bu, bir qrup
iddiaçı məcburi köçkünün Ermənistan
tərəfindən pozulmuş hüquqlarının müdafiəsi
ilə yanaşı, həm də ədalətin beynəlxalq
aləmdə bərpası demək olardı.
Məhəmməd
NƏRİMANOĞLU,
Azərbaycan.-2014.- 13 fevral.- S.11.