Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində 2013-cü ilin

 yekunlarına həsr olunmuş kollegiya iclası keçirilmişdir

 

Fevralın 12-də Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində 2013-cü ilin yekunlarına həsr olunmuş kollegiya iclası keçirilmişdir. AzərTAc xəbər verir ki, iclasda komitənin sədri, akademik Qərib Məmmədov çıxış edərək ötən ilin yekunlarından və qarşıda duran vəzifələrdən danışmışdır.

Qeyd olunmuşdur ki, komitənin struktur vahidləri, o cümlədən Dövlət Yerquruluşu Layihə İnstitutu, Dövlət Aerogeodeziya Müəssisəsi, Dövlət Torpaq Kadastrı və Monitorinqi Elm-İstehsalat Mərkəzi və Bakı Kartoqrafiya Fabriki 2013-cü ildə torpaq, geodeziyakartoqrafiya sahəsində Azərbaycan qanunları, Prezidentin fərmanları, Nazirlər Kabinetinin qərarları ilə üzərlərinə qoyulan mühüm dövlət tapşırıqlarını icra etmişlər.

Məlumat verilmişdir ki, ötən dövrdə torpaq payı alacaq 3 milyon 438 min 625 subyektdən (873 min 618 ailədən) 3 milyon 428 min 136 subyektə (871 min 220 ailəyə) torpaq payları naturadahüquqi sənədlər əsasında ayrılaraq verilmişdir ki, bu da torpaq payı almaq hüququna malik olan subyektlərin 99,7 faizi deməkdir. Keçmiş sovxoz, kolxoz və digər kənd təsərrüfatı müəssisələrinin istifadəsində olmuş və özəlləşdirilməsi nəzərdə tutulan 1,395 milyon hektar torpaq sahəsinin 1,393 milyon hektarı, yəni 99,8 faizi pay torpağı kimi xüsusi mülkiyyətə verilmişdir.

Komitə sədri köçkünlərin məskunlaşdırılması məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 22 avqust, 2001-ci il 7 sentyabr və 2002-ci il 13 may tarixli fərmanlarından və həmin fərmanlara müvafiq olaraq Nazirlər Kabinetinin müvafiq sərəncamlarından irəli gələn işlərin yüksək səviyyədə yerinə yetirildiyini bildirmişdir.

2013-cü ildə məcburi köçkünlərin məskunlaşdırılması məqsədi ilə qəsəbələrin salınması, həyətyanı və kənd təsərrüfatı ilə məşğul olmaq üçün onlara Bakı şəhərinin Qaradağ rayonunun ərazisindən 13 hektarSabunçu rayonunun ərazisindən 15 hektar, Abşeron rayonunun ərazisindən isə 120 hektar olmaqla, cəmi 148 hektar torpaq sahəsinin yerquruluşu qaydasında ilkin torpaqayırma işlərinin hazırlanması və naturada sahələrin seçilib müəyyən edilməsi təmin olunmuşdur.

Komitə sədri daha sonra vurğulamışdır ki, hesabat ilində Milli Məclisdə dövlət reyestri aparılaraq şəhadətnamənin verilməsi məqsədi ilə respublikanın 41 rayonu üzrə 262 inzibati ərazi dairəsinin sərhədlərinin döngə nöqtələrinin koordinatlarının müəyyən edilməsi və xəritələşdirilməsi işləri həyata keçirilmişdir. Ölkənin 34 rayonu üzrə 176 bələdiyyənin ərazi sərhədlərinin döngə nöqtələrinin koordinatlarının müəyyən olunmasına, mərzçəkmə və xəritələşdirmə işlərinə başlanılmışdır. İndiyədək 35 bələdiyyə torpaqlarının xəritələrinin hazırlanması işləri başa çatdırılmışdır.

Azərbaycan Respublikası Prezidentinin apardığı siyasətə uyğun olaraq komitə Aparatının və tabelikdə olan qurumların strukturlarına yenidən baxılmış və müasir tələblərə cavab verən struktur vahidləri formalaşdırılmışdır. Komitənin Aparatında Geoməkan və informasiya texnologiyaları, beynəlxalq əlaqələr şöbəsi yaradılmışdır.

Torpaq məsələləri ilə əlaqədar hesabat ilində 3786 ərizə və şikayətə, o cümlədən 769 təkrar müraciətə, 1300 xüsusi nəzarətə alınmış şikayətə baxılmış, müvafiq tədbirlər görülmüşdür.

Bildirilmişdir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərişi əsasında respublikanın 9 regionu üzrə yerlərdə vətəndaşların qəbulu keçirilmiş, 1300-ə yaxın vətəndaşın torpaqla bağlı məsələlərinə aydınlıq gətirilmişdir.

Qeyd edilənlərlə yanaşı, Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikası ilə GürcüstanRusiya arasında dövlət sərhədlərinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyası haqqında" 2002-ci il 30 iyul tarixli 965 və 966 nömrəli sərəncamlarının və Nazirlər Kabinetinin "Dövlət sərhədlərinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının ekspert qrupu haqqında" 2002-ci il 23 oktyabr tarixli Sərəncamının icrası məqsədi ilə ötən il Azərbaycan Respublikası ilə Gürcüstan arasında dövlət sərhədində delimitasiya ilə bağlı razılaşdırılmamış sahələr üzrə ekspertlər səviyyəsində işlər davam etdirilmişdir. Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dövlət sərhədində demarkasiya üzrə işlərə start verilmişdir. 2013-cü ilin may ayında Rusiya Federasiyasının və Azərbaycan Respublikasının dövlət sərhədlərinin demarkasiyası ilə bağlı dövlət komissiyalarının ilk iclası keçirilmişdir. Hazırda ekspertlər səviyyəsində demarkasiya ilə bağlı normativ sənədlər hazırlanır.

Bununla belə, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında dövlət sərhədində redemarkasiya (sərhəd nişanlarının bərpası və yenidən qurulması) və sahilbərkitmə ilə bağlı müvafiq topoqrafiya, geodeziyayerquruluşu işləri aparılmışdır.

Xəzər dənizinin hüquqi statusunun hazırlanmasında və sektorlara bölünməsi işlərində də Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi fəal iştirak edir.

"Bələdiyyə torpaqlarının torpaq hərracları və ya müsabiqələri vasitəsilə verilməsinin tənzimlənməsi məqsədilə Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tələblərinə müvafiq olaraq komitə tərəfindən 2013-cü ildə respublikanın ayrı-ayrı bələdiyyələri üzrə 2628 hərrac və müsabiqə təşkil olunmuşdur.

2013-cü ildə Azərbaycan Respublikasının hökuməti və Dünya Bankı tərəfindən birgə maliyyələşdirilən "Daşınmaz Əmlakın Qeydiyyatı" Layihəsi üzrə müvafiq işlər davam etdirilmişdir. Belə ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin texniki dəstəyi və nəzarəti altında ölkə ərazisində Daimi Fəaliyyət Göstərən Peyk Geodeziya Şəbəkəsinin qurulması işləri tamamlanmışdır. Bu məqsədlə respublikamızın xüsusi seçilmiş yerlərində 37 Peyk Geodeziya Stansiyası qurulmuşdur.

Q.Məmmədov vurğulamışdır ki, Azərbaycan Respublikasının Prezidenti

İlham Əliyevin ölkə əhalisinin ərzaq məhsulları ilə etibarlı təminatının yerli istehsal hesabına tam şəkildə təmin olunması məqsədi ilə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin rəhbərliyi altında Kənd Təsərrüfatı Nazirliyinin, "MeliorasiyaSu Təsərrüfatı" Açıq Səhmdar Cəmiyyətinin məsul işçilərinin və aidiyyəti yerli icra hakimiyyəti orqanlarının nümayəndələrinin iştirakı ilə torpaq sahələrinin seçilməsi üçün ərazilərə baxış keçirilmişdir.

Bu məqsədlə respublikanın 20 rayonunun inzibati ərazilərində dövlət mülkiyyətinə aid olan qış otlaqlarına, dövlət ehtiyat torpaqlarına, eləcə də dövlət müəssisələrinə və bələdiyyə mülkiyyətinə aid torpaqlara yerində baxış keçirilərək əkin dövriyyəsinə daxil edilməsi mümkün olan sahələr seçilmişdir.

Aparılmış tədqiqat-axtarış işləri nəticəsində həmin rayonların ərazilərindən cəmi 203 min 129 hektar, o cümlədən dövlət fondu qış otlaqlarından 127 min 609 hektar, dövlət ehtiyat fondundan 58 min 186 hektar, dövlət kənd təsərrüfatı istehsalı müəssisələrinin torpaqlarından 4500 hektar və bələdiyyə mülkiyyətinə aid torpaqlardan isə 12 min 834 hektar torpaq sahələri seçilmişdir.

Birinci növbədə taxılçılıq təsərrüfatlarının yaradılması üçün nəzərdə tutulmuşmeliorativ layihələri hazırda mövcud olan 57 min hektar ərazilərdə çöl-tədqiqat işləri başa çatdırılmış, Ağcabədi, Beyləqan, Saatlı, Salyan, Sabirabad, Qax və Şəki rayonları üzrə hazırlanmış xəritələr, torpaqlardan müvəqqəti istifadə edən icarəçilərin siyahısı və torpaq tədqiqatının nəticələrinə dair lazımi məlumatlar Nazirlər Kabinetinə təqdim olunmuşdur.

İkinci növbədə əkin dövriyyəsinə daxil ediləcək 162,5 min hektar ərazilərdə irimiqyaslı tədqiqat və xəritələşdirmə işləri mərhələlərlə başa çatdırılaraq Nazirlər Kabinetinə təqdim edilir.

Nazirlər Kabinetinin 2012-ci il 11 aprel tarixli qərarına əsasən, taxılçılıq üzrə özəl pilot təsərrüfatlarının yaradılması məqsədilə 4800 hektar qış otlaq sahələrinin (o cümlədən Ağcabədi rayonunda 3300 hektar, Beyləqan rayonunda 1500 hektar) təyinatı dəyişdirilərək ehtiyat fondu torpaqları kateqoriyasına keçirilmişdir.

Həmin ərazilərdə kompleks meliorativ tədbirlər həyata keçirilməklə 2013-cü  ilin məhsulu üçün payızlıq buğda səpilmiş və bu sahələrin hər hektarından 55 sentnerdən artıq buğda toxumu məhsulu əldə edilmişdir.

Nazirlər Kabinetinin 2013-cü il 3 aprel tarixli sərəncamına əsasən, Hacıqabul rayonunun inzibati ərazisindən ümumilikdə 1625,6 hektar ərazidə iri taxılçılıq təsərrüfatlarının yaradılması nəzərdə tutulmuşdur. Sərəncama əsasən, Cəlilabad rayonunun ərazisindən 3874,4 hektar torpaq sahəsi taxıl toxumçuluğunun inkişafı məqsədilə ayrılmışdır. Nazirlər Kabinetinin 2013-cü il 12 sentyabr tarixli sərəncamı ilə Xaçmaz rayonu ərazisindən 523 hektar torpaq sahəsi özəl pilot heyvandarlıq təsərrüfatının yaradılması məqsədilə ayrılmışdır.

Komitə sədri sonda bu il qarşıda duran vəzifələrdən danışmış, 2014-cü il fevralın 5-də Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrasına həsr olunmuş konfransda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yekun nitqində Taxtakörpü və Şəmkirçay su anbarlarının tikintisi ilə bağlı suvarılan torpaq sahələrinin dəqiqləşdirilməsi işinin vacibliyini diqqətə çatdırmışdır.

Bildirilmişdir ki, geodeziya, topoqrafiya, kartoqrafiya fəaliyyətinə dövlət nəzarəti və bu fəaliyyətlə bağlı 2013-cü ildə komitə tərəfindən 7 hüquqi şəxsə "Kartoqrafiya" fəaliyyətinə dair xüsusi razılıq (lisenziya) verilmişdir.

Sonra məruzə ətrafında müzakirələr olmuş, struktur rəhbərlərinin hesabatları dinlənilmişdir.

 

 

 

AzərTAc

Azərbaycan.-2014.- 13 fevral.- S.9.