Prezident İlham Əliyev Azərbaycan Milli
Konservatoriyasının
yeni inzibati-tədris kompleksinin
açılışında iştirak etmişdir
Fevralın 13-də Bakıda Azərbaycan Milli Konservatoriyasının yeni inzibati-tədris kompleksinin açılışı olmuşdur.
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev və
xanımı Mehriban Əliyeva mərasimdə iştirak
etmişlər.
Dövlət
başçısı binanın rəmzi
açılışını bildirən lenti kəsdi.
Xalqımızın ümummilli lideri Heydər Əliyevin 2000-ci ildə imzaladığı fərmanla yaranan Azərbaycan Milli Konservatoriyası müstəqillik dövründə fəaliyyətə başlayan ilk ali məktəblərdən biridir. Milli Konservatoriya milli mədəniyyətin öyrənilməsi, tədrisi və ixtisaslaşması kimi məsələlərin ölkəmizin ictimai-mədəni həyatında aktuallıq kəsb etdiyi bir vaxtda meydana gəldi. Elə həmin dövrdə muğam, milli alət ifaçılığı üzrə ali təhsilli kadrlara, muğamların nəzəri tədqiqinə və tətbiqinə yeni yanaşma zərurətinin ortaya çıxması Milli Konservatoriya ideyası ilə vəhdət təşkil etdi. Ulu öndərin 2001-ci il 10 avqust tarixli "Azərbaycan Milli Konservatoriyasının maddi-texniki bazasının yaradılması haqqında" sərəncamı ilə Bakı Musiqi Kolleci və respublika İncəsənət Gimnaziyası Milli Konservatoriyanın tərkibinə daxil edildi. Beləliklə, ümummilli lider Heydər Əliyevin təhsilin və mədəniyyətin inkişafına göstərdiyi qayğı yeni tarixi dövrdə xalqımıza daha bir təhsil ocağını - Milli Konservatoriyanı bəxş etdi.
Sonrakı dövrdə Milli Konservatoriyanın fəaliyyəti dövlət başçısı İlham Əliyevin diqqətindən kənarda qalmadı. 2006-cı ildən Milli Konservatoriyanın yeni inzibati-tədris kompleksinin tikintisinə başlandı. 2012-ci ildə Prezident İlham Əliyev bu təhsil ocağının inşası ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzaladı və müvafiq maliyyə vəsaiti ayrıldı. Bütün bunlar da ondan irəli gəldi ki, dövlət başçısı ölkədə mədəniyyətin inkişafına xüsusi diqqətlə yanaşır, son illərdə bu sahənin tərəqqisi istiqamətində həyata keçirilən tədbirlər mühüm uğurlarla müşayiət olunur. Bütün ölkə miqyasında mədəniyyət ocaqları yenidən qurulur, qədim tarixi abidələrimizə yeni həyat verilir, mədəniyyət xadimlərinin, bu sahədə çalışanların sosial vəziyyətinin yaxşılaşdırılması ilə bağlı əhəmiyyətli addımlar atılır. Azərbaycan Prezidentinin rəhbərliyi ilə həyata keçirilən bu işlərə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva da öz layihələri ilə dəstək verir. Azərbaycan mədəniyyətinin dünya miqyasında təbliği, milli muğam sənətinin yaşadılması ilə bağlı görülən işlər indi ölkəmizin beynəlxalq imicinin formalaşmasında mühüm rol oynayır.
Dövlət başçısına məlumat verən Azərbaycan Milli Konservatoriyasının rektoru, xalq artisti Səyavuş Kərimi bildirdi ki, binada tədrisin yüksək səviyyədə aparılması üçün hər cür şərait yaradılmışdır. Burada xalqımızın ümummilli lideri Heydər Əliyevin və Prezident İlham Əliyevin Azərbaycanda mədəniyyətin inkişafı ilə bağlı həyata keçirdikləri işləri əks etdirən muzey yaradılmışdır. Muzeydə həm ulu öndərin, həm də dövlət başçısının müxtəlif mədəniyyət tədbirlərində iştirakından və incəsənət xadimləri ilə görüşlərindən çəkilmiş fotoşəkillərə geniş yer verilmişdir.
Milli Konservatoriyanın kitabxanası da zəruri ədəbiyyatla təchiz olunaraq tələbələrin istifadəsinə verilmişdir. Lazımi avadanlıqla təmin edilən sinif otaqlarında tədris prosesinin yüksək səviyyədə aparılması üçün hər cür şərait yaradılmışdır. Tələbələrin ixtiyarında olacaq idman zalında da müxtəlif yarışların keçirilməsi üçün hər cür imkan vardır.
Azərbaycan Milli Konservatoriyası ifaçılıq və tarix-nəzəriyyə fakültələrindən ibarətdir. Bu fakültələrin nəzdində dekanlıq və 8 kafedra fəaliyyət göstərir. Hazırda 287 tələbənin təhsil aldığı konservatoriyanın yeni binası 1000 tələbənin burada oxumasına imkan verir. Azərbaycan Milli Konservatoriyasının professor-müəllim heyətinin tərkibi xalq çalğı alətləri üzrə görkəmli ifaçılar, peşəkar dirijor, xanəndə, tanınmış musiqişünas, bəstəkar və ictimai fənlər sahəsində bir çox alimlərdən ibarətdir. Milli Konservatoriyada təhsil və elmin əlaqələndirilməsi məqsədilə "Milli musiqinin tətbiqi" və "Milli musiqi alətlərinin araşdırılması" elmi laboratoriyaları yaradılmışdır. Bu laboratoriyalarda qədim xalq çalğı alətlərimizin bərpası, təkmilləşdirilməsi, onların ifaçılıq və tədrisdə tətbiqinə xüsusi diqqət göstərilir. Elmi-praktik fəaliyyətin çox ciddi istiqamətlərindən biri xalq musiqisi nümunələrinin toplanılması, sənədləşdirilməsi, nota yazılması və tədrisdə istifadə edilməsidir.
Sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Milli Konservatoriyanın müəllim heyəti, görkəmli mədəniyyət xadimləri ilə görüşdülər.
Mərasim iştirakçılarını salamlayan Prezident İlham ƏLİYEV dedi:
- Bu gün çox gözəl bir gündür, əlamətdar bir gündür. Bakıda Azərbaycan Milli Konservatoriyasının yeni binası açılır. Bu münasibətlə sizin hamınızı ürəkdən təbrik edirəm. Artıq konservatoriyanın da öz gözəl binası vardır. Mənə indi göstərdilər əvvəlki vəziyyəti necə idi. Əlbəttə ki, indiki vəziyyətlə onu müqayisə etmək mümkün deyildir. Bu şərait ən yüksək səviyyədədir. Gözəl sinif otaqları, konsert salonları, idman kompleksi də vardır. Mənə dedilər ki, burada səsyazma studiyası, muğam klubu vardır. Yəni, bütün şərait var və əminəm ki, bundan sonra konservatoriyanın fəaliyyəti daha da uğurlu olacaqdır. Çünki daha da çox tələbə qəbul etmək üçün imkan olacaqdır. Məncə, burada tələbələrin sayını bəlkə də iki dəfə artırmaq olar. Ancaq əlbəttə ki, burada seçim düzgün aparılmalıdır. Bunu da siz hamıdan yaxşı bilirsiniz.
Bütövlükdə Azərbaycanda son illərdə tikilmiş ali məktəblərin səviyyəsi bax bu cürdür. Orta məktəblər, ali məktəblər təmir olunur, tikilir və bu, artıq Azərbaycan standartlarıdır. Bu gün ölkəmizdə gedən quruculuq işləri bu sahəyə də öz təsirini göstərmişdir. Bizim tikilən, təmir edilən bütün ali məktəblərimiz gözəl səviyyədədir. Əlbəttə ki, burada tədris prosesi də yüksək səviyyədə təşkil edilməlidir. Mən buna şübhə etmirəm. Bir halda ki, sizin kimi məşhur sənət adamları konservatoriyanın fəaliyyətinə öz dəstəyinizi verirsiniz, əminəm, burada oxuyan tələbələr gələcəkdə sizin yerinizi tutacaqlar. Buna ehtiyac vardır. Çünki Azərbaycan musiqi sənəti çox zəngindir, dünya miqyasında tanınır və bizim musiqi sənətimizin əsası milli musiqimizdir. Milli musiqi Azərbaycan xalqının istedadını göstərir, nə qədər istedadlı xalq olduğumuzu dünyaya nümayiş etdirir. Milli ənənələrimizin qorunması üçün milli musiqimizin çox böyük yeri vardır. Milli musiqimizi ifaçılar, sənətkarlar, bəstəkarlar yaşadırlar. Ona görə əminəm ki, bundan sonra da bu gözəl ənənələr davam edəcəkdir.
Nəzərə almalıyıq ki, gənclərin milli musiqiyə çox böyük marağı vardır. Ölkəmizdə keçirilən müsabiqələr, festivallar bu marağı daha da artırır. Canlı efirdə göstərilən muğam festivalları, muğam müsabiqələri cavanları da, gəncləri də bu istiqamətə sövq edir. Bizim böyük bəstəkarlarımızın da yaradıcılığında milli musiqimizin sədaları eşidilir və böyük klassik əsərlərimiz də milli musiqi zəminində yaradılıbdır.
Bizdə veteran ifaçılara da diqqət göstərilir. Bizim dahi bəstəkarlarımızın
xatirəsi böyük hörmətlə qorunur.
Bakıda Üzeyir Hacıbəylinin, Müslüm Maqomayevin,
son illərdə Fikrət Əmirovun, Bülbülün, Qara
Qarayevin abidələri ucaldılmışdır. Bu, dövlətin və xalqın dahi bəstəkarlarımızın,
ifaçılarımızın xatirəsinə olan hörmətinin
əlamətidir.
Bütövlükdə Azərbaycanın musiqi həyatı
çox zəngindir, çoxsaylı tədbirlər -
festivallar, beynəlxalq muğam müsabiqələri məhz
Azərbaycanda keçirilir. Bu, bir daha onu göstərir
ki, muğamın vətəni Azərbaycandır. Artıq bu müsabiqədə iştirak edənlər
də bunu etiraf edirlər. Bu, çox
vacibdir, çünki biz ilk növbədə
çalışmalıyıq ki, bu nadir sənətimiz daim
yaşasın, digər tərəfdən dünya da bunu
bilsin. Çünki muğam sənəti
ümumdünya musiqi sənətinin zirvəsidir və
Bakıda tikilmiş Beynəlxalq Muğam Mərkəzi, Azərbaycanda
keçirilən muğam müsabiqələri, Qəbələ
musiqi festivalı, digər festivallar bizim musiqi həyatımızı
daha da zənginləşdirir və Azərbaycanı bu
bölgənin mədəniyyət mərkəzinə
çevirir. Bu gün sirr deyil ki, Azərbaycan
bölgənin iqtisadi və siyasi mərkəzidir. Artıq bu, reallıqdır və eyni zamanda, Azərbaycan
humanitar sahədə, mədəniyyət sahəsində
öz liderlik rolunu nümayiş etdirir. Ölkəmizdə
keçirilən beynəlxalq humanitar forumlar, musiqi
festivalları diqqəti cəlb edir və bizə imkan verir ki,
özümüzü dünyada daha da dolğun şəkildə
təmsil edək.
Eyni zamanda, başqa sahələrdə də
ifaçılarımız böyük uğurlar
qazanırlar.
"Eurovision" mahnı müsabiqəsində
Azərbaycan ifaçıları qısa müddət ərzində
birinci yeri tutmuşlar. Beynəlxalq caz
festivallarında ifaçılarımız ən qabaqcıl
yerlərdədir. Milli musiqi ilə
bağlı keçirilən müsabiqələrdə də
biz ön yerlərdəyik. Bu, nəyi
göstərir? Onu göstərir ki,
xalqımız istedadlı xalqdır. Çox şadam
ki, milli musiqimiz digər sahələrə də - klassik
musiqiyə, estrada musiqisinə də
müsbət təsir göstərir. Xüsusilə indi
dünyada qloballaşma prosesi gedir və bu proses istər-istəməz
müxtəlif sahələri əhatə edir. Son
zamanlar qloballaşmanın daha çox mənfi cəhətləri
haqqında diskussiyalar gedir, bu da təbiidir.
Çünki bu proses istər-istəməz milli əsasları
bir növ sarsıdır. Ona görə biz elə
etməliyik ki, gənc nəsil milli ruhda böyüsün, vətənpərvər,
Vətənə sadiq olsun, Vətən üçün
işləsin, çalışsın. Bunu
etmək üçün güclü vətənpərvərlik
hissi və milli ruh lazımdır. Milli
ruhun da təməlində milli ənənələr, musiqi, ədəbiyyat,
ana dili dayanır. Ona görə bu sahə
ümumiyyətlə, ölkəmizin gələcək
inkişafı üçün çox önəmlidir.
Biz hamımız çalışmalıyıq ki, milli
musiqimiz yaşasın, inkişaf etsin, zənginləşsin. Sizin kimi
ifaçılar bu gün milli musiqimizi tərənnüm
edirsiniz, qoruyursunuz, gənclərə də yol göstərirsiniz.
Bax, televiziyada yüz minlərlə
tamaşaçı muğam müsabiqələrini seyr edir, həm
gənc ifaçıların ifasını dinləyir, mənim
üçün də maraqlıdır. Əlbəttə
ki, eyni zamanda, sizin təhliliniz maraqlıdır. Çünki o təhlildə bilmədiyimiz məqamlar
üzə çıxır və bir növ hamımız
üçün bir dərs keçirilir.
Ona görə sizin bu sahədəki fəaliyyətinizi
mən bir daha qeyd etmək istəyirəm. Sizə
böyük hörmətim vardır. Əminəm
ki, siz bundan sonra da bu gözəl şəraitdə gənclərə
öz təcrübənizi çatdıracaqsınız.
Bir daha sizi təbrik edirəm.
* * *
Xalq
artisti Əlibaba MƏMMƏDOV çıxış edərək
dedi:
-
Əzizimiz və çox hörmətli cənab Prezidentimiz,
icazənizlə ağsaqqal musiqiçi olaraq mən bizim Milli
Konservatoriyanın bütün əməkdaşları
adından, öz adımdan Sizə böyük təşəkkürümü,
minnətdarlığımı bildirim ki, Siz bizim
üçün belə bir
möhtəşəm bina yaratmısınız.
Bizi çox sevindirdiniz. Bu saat bizim musiqiçilərin,
konservatoriyada çalışanların sevincinin həddi-hüdudu yoxdur. Mən
buna görə Sizə "Çox sağ
olun!" deyirəm. Var olun, Allah-təala Sizi
qorusun.
Bir az da muğamatımızdan danışmaq istəyirəm.
Muğamatımız keçmişdə də var idi, amma sağ olsun
Mehriban xanım ki, - Siz qeyd etdiniz, - onu yenidən bütün
dünyaya tanıtdırdı, bütün musiqilərin
tacı etdi. Bu saat Fransadan, başqa ölkələrdən Milli
Konservatoriyaya da, mənim yanıma da gəlirlər. Məndən
soruşurlar, muğamları kim yaradıb?
Deyirəm ki, xalq. Xalq deyəndə
inanmırlar. Deyirlər xalq bunu yarada bilməz,
bunu bəstəkar yarada bilər. Amma xalq
yaradıb. Bu, Azərbaycanındır.
Mehriban xanım bizim muğamatımıza elə bir
möhür vurdu və bütün dünya bildi ki, muğam
Azərbaycanındır. Qarabağ xanəndələrinin disklərini
dünyaya yaydı. Dünya bildi ki,
Qarabağ bizimdir, muğam da bizimdir. Buna
görə Mehriban xanım, Sizə də çox
böyük minnətdarlığımı, təşəkkürümü
bildirirəm. Çox sağ olun ki,
varsınız. Ürəyinizdə nə arzunuz
varsa, Allah yerinə yetirsin.
* * *
Xalq
artisti professor Arif BABAYEV çıxış edərək
dedi:
- Cənab
Prezident, qısaca da olsa mən də öz fikrimi söyləyəcəyəm.
Çox sağ olun, Allah Sizi qorusun.
Bu, tarixi bir gündür. Yəni, bu binanın
tikilməsi, bizim ixtiyarımıza verilməsi tarixi bir
gündür, böyük bir gündür. Biz sənət adamları bunu heç vaxt
yadımızdan çıxarmayacağıq, öz əməllərimizlə,
işimizlə bu etimadı doğruldacağıq.
Sizin göstərişinizlə nəinki bu bina, neçə-neçə
belə binalar tikilib sənət adamlarının ixtiyarına
verilibdir. Köhnə binalarımızda dərs keçmək
çox çətin idi. Çox sağ
olun ki, milli musiqimiz üçün belə şərait
yaratmısınız.
Mən Mehriban xanıma da öz minnətdarlığımı
bildirirəm, "Sağ olun!" deyirəm. Ona görə ki, əgər
respublika müsabiqələri, beynəlxalq müsabiqələr
olmasa idi bizim sənətə bu qədər axın
olmazdı. Çox böyük axın
vardır. Milli musiqimizə heç vaxt bu
qədər axın olmayıb. Allah Sizi
qorusun. Cavanlarımızın çoxu bu
müsabiqələrdə mükafata layiq yerləri tutublar,
Qran-pri alıblar. Təyyar, Babək, Ehtiram və digər
cavanlarımız vardır ki, onlar öz ifaları ilə
muğamımızı yaşadır, inkişaf etdirirlər.
Bu, kimin zəhmətinin nəticəsidir?
Bu işlər Sizin böyük zəhmətinizin
əsnasında görülüb. Biz
çalışacağıq ki, bu etimadı doğruldaq.
Çox sağ olun, Allah Sizdən razı
olsun. Allah Sizi Azərbaycan üçün
qorusun. Allah Sizi ona görə qorusun ki, Siz
xalqın sevimlisisiniz. Mən prezident
seçkilərində camaatın necə gülə-gülə,
ürəklə, canla-başla səs verdiyinin şahidi oldum.
Onlar səs verib ki, Siz bizim Prezidentimiz
olasınız və biz də bu xoş günləri, gözəl
günləri görək.
Prezident
İlham ƏLİYEV: Çox sağ olun.
* * *
Xalq
artisti Ağaxan ABDULLAYEV çıxış edərək
dedi:
- Əgər icazə versəniz, mən də ürək
sözlərimi deyərdim.
Cənab
Prezident, ağsaqqallar qeyd etdilər, bu gözəl, möhtəşəm
binanı Siz bizə bəxş etdiniz. Ona görə Sizə
minnətdarıq, "Çox sağ
olun!" deyirik. Allah-təala Sizə, Mehriban xanıma
cansağlığı versin.
Mən bu gün burada, bizə bəxş etdiyiniz bu
gözəl binada, Sizinlə üzbəüz olmağıma
görə çox şadam. Mən üç il
bundan əvvəl ağır xəstələndim. Bunu bütün dostlar bilir. Göydə Allah,
yerdə Mehriban xanım mənə kömək oldu,
üç dəfə məni Almaniyaya göndərdi.
Bütün məni tanıyanlar, ailəm, dostlarım
adından Sizə "Çox sağ
olun!" deyirəm, Sizə minnətdaram.
Siz məni həyata qaytardınız. Şükür
Allaha yaxşıyam, səsim də yerinə gəlib,
yavaş-yavaş oxuya bilirəm, oxuyuram. Bunlara
görə də Sizə minnətdaram. Yəni, bütün bu
işlərə görə Sizə minnətdaram.
O ki
qaldı muğam müsabiqələrimizə, gəncləri
biz seçirik, çox istedadlı gənclər gəlir. Bölgələrə, rayonlara gedib seçirik.
Çünki o gənclər orada dərs
almırlar. Onlar Bakıya gəlirlər,
biz onların yaxşı səsi olanını,
istedadlılarını seçirik. Sonra onlar Milli
Konservatoriyaya daxil olmaqda çox əziyyət çəkirlər. Xahiş edirəm, nəzərə alasınız
ki, istedadı olanlara güzəşt edilsin ki, o uşaqlar kənarda
qalmasınlar.
* * *
Prezident
İlham ƏLİYEV dedi: Sağ olun. Bu təklif
də nəzərə alınacaqdır. Düz
deyirsiniz, burada istedad ön planda olmalıdır. Ona görə siz də təklif hazırlayın,
biz bunu hansı yollarla tənzimləyə bilək ki,
istedadlı uşaqlar kənarda qalmasınlar. Bir də ki, bildiyimə görə indi konservatoriyada
yataqxana da vardır.
Səyavuş
KƏRİMİ: Bəli, biz "E" korpusunda 70 yerlik
yataqxana hazırlayırıq. İndi orada
komplektləşmə gedir.
Prezident
İlham ƏLİYEV: Yəni olacaqdır.
Səyavuş
KƏRİMİ: Bəli, olacaqdır. Bizim
fikrimiz odur ki, buraya xarici tələbələri cəlb edək.
Ən vacibi budur.
Prezident
İlham ƏLİYEV: O da yaxşı olar. Eyni
zamanda, bölgələrdən uşaqlar da gəlib burada qala
bilərlər. Əlbəttə ki, xaricdən
tələbələri cəlb etmək də düzgün
fikirdir. Beləliklə, Azərbaycan bir
musiqi mərkəzi kimi özünü daha da çox göstərəcəkdir.
Əlbəttə ki, xaricdən gələnlər
də burada yüksək təhsil, bilik alacaqlar.
O ki
qaldı Ağaxan müəllimin sözlərinə, əlbəttə,
burada olan və olmayan böyük sənətkarlarımız
bizim milli sərvətimizsiniz. Bu, həqiqətdir,
bu, sadəcə söz deyildir. Doğrudan
da siz milli musiqimizi yaşadırsınız, təbliğ
edirsiniz. Gənclərə öz təcrübənizi
çatdırırsınız. Ona görə,
təbiidir ki, əgər Allah eləməsin hər hansı
bir xoşagəlməz hal baş verərsə, dövlət
və ictimai qurum olan Heydər Əliyev Fondu mütləq
öz sözünü deməlidir. Mehriban
xanım elə insandır ki, o, hər kəsə kömək
etməyə hazırdır. Xüsusilə,
xalq üçün, Vətən üçün çox
böyük xidmətlər göstərmiş insanların
sağlamlığı ilə bağlı bütün
lazımi tədbirlər görülür. Biz çox
şadıq ki, müalicə də yaxşı nəticə verdi. Allah sizin hamınıza
cansağlığı, uzun ömür versin. Siz
dövlətə, xalqa, gənclərə
lazımsınız. Əminəm ki, uzun
illər bundan sonra da siz müəllim, ifaçı,
münsiflər heyətinin üzvü kimi fəal işləyəcəksiniz
və cəmiyyətdə bu istiqamətdə daha da çox
maarifləndirmə işləri aparılacaqdır. Buna
da böyük
ehtiyac vardır. Çünki əgər indi Azərbaycanda
muğam müsabiqələri keçirilməsəydi, burada
oturan laureatları heç kim
tanımazdı. Bizdə daha çox estrada
müğənniləri tanınır. Mən
etiraz etmirəm tanınsın, ancaq milli musiqimizi yaşadanlar
da kənarda qalmasınlar.
Onlar da əsl ulduz olmalıdırlar.
Çünki milli sənət budur.
Mən təsadüfi demədim ki, qloballaşma gedir və
sərhədlər silinir. O cümlədən mədəniyyət,
incəsənət sahəsində bir eyniləşmə
prosesi gedir. Əlbəttə, biz bilirik ki, bu proses kimin xeyrinədir.
Ancaq özünə hörmət edən hər
bir dövlət və xalq öz milli xüsusiyyətlərini
qorumalıdır. Qorumasa onda müəyyən
müddətdən sonra bir xalq kimi yaşaya da bilməyəcəkdir.
Biz ən çətin illərdə öz milli
musiqimizi, adətlərimizi, həyat tərzimizi qoruya
bilmişik. Biz əsrlər boyu başqa
dövlətlərin tərkibində yaşamışıq.
Başqa dövlətlərin təsiri
altında olmuşuq, müstəqil olmamışıq. Mən dəfələrlə
bunu demişəm, bir daha demək istəyirəm, tam əminəm
ki, bizi bir xalq kimi qoruyan mədəniyyətimiz olubdur. Əgər o da əlimizdən alınsaydı, bu
gün heç müstəqilliyimiz də olmayacaqdı. Biz bir xalq kimi də qalmayacaqdıq. Assimilyasiyaya uğraya bilərdik. Mədəniyyət, ana dili, musiqi, poeziya - bizi bunlar
qorudu. Yəni, əgər müstəqil
olmadığımız bir dövrdə bunu qorumuşuqsa,
müstəqillik dövründə biz bunu necə itirə bilərik?!
Amma belə təhlükə var? Əlbəttə ki, var. Hər bir ölkə
üçün, xüsusilə o qədər də
böyük olmayan ölkələr üçün belə
bir təhlükə vardır. Bu təhlükədən
özümüzü qorumaq üçün milli-mənəvi
dəyərlər möhkəm olmalıdır. Mənəvi dəyərlərin də tərkib hissəsi
bizim milli musiqidir. Ona görə biz həm
öz keçmişimizə hörmətlə
yanaşmalıyıq, eyni zamanda, gələcəyə baxaraq
bu müsbət meylləri cəmiyyətdə gücləndirməliyik
ki, Azərbaycan dəyərləri sarsılmasın, əriməsin,
bizim həyat tərzimiz daim ənənəvi olsun və milli
musiqimiz yaşasın.
Mən görürəm ki, indi bəzi ölkələrdə
artıq bu proseslər mənfi istiqamətdə gedir. Bəzi
ölkələrdə milli musiqi anlayışı artıq
yoxdur. Bütün efiri ancaq ümumi, ya klassik, ya estrada musiqisi zəbt edibdir. Yəni,
milli musiqi sadəcə olaraq folklor, yəni ekzotika kimi haradasa
qalıbdır, müxtəlif festivallarda nümayiş
etdirilir. Amma cəmiyyətdə milli musiqi
anlayışı yoxdur. Biz indi dünyada,
ölkələrdə gedən prosesləri, işləri
bilirik. Amma bizim
üstünlüyümüz ondadır ki, musiqi mədəniyyətimizin
böyük hissəsi milli musiqidir. Elə
də olmalıdır. Biz milli musiqimizin
ümumi musiqi mədəniyyətimizdə faiz dərəcəsini
qaldırmalıyıq. Azalmamalıdır,
qalxmalıdır. Belə olan halda, necə
deyərlər, biz öz yolumuzu da qoruyacağıq, ənənələrimizi
də yaşadacağıq və gənclər də milli
ruhda yaşayacaqlar, çalışacaqlar. Azərbaycan gələcəkdə daim müstəqillik
yolu ilə gedəcəkdir.
* * *
Azərbaycanın
birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban
ƏLİYEVA çıxış edərək dedi:
- İlk
növbədə, mən Sizin
hamınızı bu Milli Konservatoriyanın
açılışı münasibətilə ürəkdən
təbrik edirəm. Əlbəttə,
böyük bir hadisədir. Əminəm
ki, ölkəmizin milli mədəniyyətinin
inkişafına böyük bir təkan verəcəkdir.
Əlbəttə, belə bir şəraitdə
gənc nəsil böyüyəcək, siz ustadların təcrübəsindən
bəhrələnəcəkdir.
Amma mən bu gün üzümü sizlərə - bizim
ustadlara tutub ilk növbədə, sizə olan dərin hörmətimi
və məhəbbətimi çatdırmaq istəyirəm. Sizinlə
bizim hər görüşümüz, ünsiyyətimiz mənim
üçün çox dəyərlidir. Bu gün biz çox sözlər eşitdik. Bütün bunların hamısı həqiqətdir.
Amma mən bir şeyi də qeyd etmək istərdim
ki, siz hamınız əlbəttə, böyük incəsənət
xadimisiniz. Amma bununla yanaşı, siz
böyük şəxsiyyətsiniz. Sizin məhz
Prezident dediyi kimi, sizin Azərbaycan xalqının ən
gözəl ənənələrinə sadiq
olmağınız, həyat tərziniz, təvazökarlığınız
həm gənclər, həm də, ümumiyyətlə, Azərbaycan
cəmiyyəti üçün çox böyük əhəmiyyət
daşıyır. Ona görə bizim cəmiyyətdə
ümumbəşəri dəyərlərin yaşaması, -
çünki bu, doğrudan da bu gün çox vacibdir, -
humanizm dəyərlərinin yaşaması üçün mən
sizə cansağlığı və uzun ömür
arzulayıram. Mən də hər zaman əlimdən
gələni etməyə hazıram. Sizə
cansağlığı diləyirəm.
* * *
Səyavuş
KƏRİMİ: Cənab Prezident, Bakıda və
Şuşada milli musiqi alətləri istehsal edən
kiçik fabriklər var idi.
Prezident
İlham ƏLİYEV: Olubdur, bəli.
Səyavuş
KƏRİMİ: İndi nə Bakıda var, nə də təbii
ki, Şuşada. Biz bunu nəzərə
aldıq. Bu konservatoriyanın zirzəmisində
çox böyük - təqribən 600 kvadratmetrdən
böyük olan bir sahəni ayırdıq ki, gələcəkdə
bunu kiçik bir fabrikə çevirək. Çünki bilirsiniz, tar bahalı alətdir. Hər bir ailənin bunu almağa imkanı yoxdur.
Ya da bilmir ki, uşağı gələcəkdə
ifa edəcək, yoxsa yox. Eləcə də
kamança və digər alətlər. Ona
görə əvvəllər, yadıma gəlir, xüsusən
sovet vaxtı mağazalarda, univermaqlarda öyrənmək
üçün 18, 20 manata tar satırdılar ki, alsınlar,
öyrənsinlər. Əgər öyrənə
bilirdilərsə, artıq gedib sifariş edirdilər. Yəni, biz bunu nəzərə alaraq belə bir
laboratoriya yaratmışıq. İndi istəyirik
ki, müxtəlif bölgələrdən ustaları cəlb
edək və ümumiyyətlə, bu prosesi burada qura bilək.
Bundan başqa yeni alətlər istehsalı barədə
də fikirləşirik. Yeni alətlər də olmalıdır.
Yəni, biz bunu da fikirləşirik: yeni alətlər, milli
musiqidə yeni rənglər, yeni tembrlər, tembr xüsusiyyətlərinə
cavab verə biləcək alətlər. Çünki
bizim milli musiqimiz zil səslidir. Bunu
harmoniyalaşdırmaq mümkün deyildir. Ona görə müxtəlif tembrlər
lazımdır ki, bunu harmoniya edə bilək. Niyə bizim xalq çalğı alətləri
orkestri Motsartın və yaxud Sviridovun, Şostakoviçin əsərlərini
çalmasın? Çalsın. Yaxud da ki, tarı, kamançanı Avropaya
çıxarmaq lazımdır. Bizdə
simfonik əsərlər vardır ki, orada məsələn,
solonu tar aləti ifa edir. Yəni, tar bizim
alətimizdir. Gitara ispan alətidir. Bu aləti bütün dünya çalır.
Niyə tar aləti sabah ümumdünyəvi
alət ola bilməsin. Yəni, bunun
üçün belə fikirlərimiz, addımlarımız
vardır.
Prezident
İlham ƏLİYEV: Çox yaxşı. Emalatxananın
fəaliyyəti çox vacibdir. Əlbəttə
ki, burada istehsal təşkil ediləcəkdir. İndi alətlər harada istehsal olunur? Fərdi qaydada?
Səyavuş
KƏRİMİ: Bəli, fərdi qaydada istehsal olunur.
Prezident
İlham ƏLİYEV: Bəlkə də qədimdən qalan,
indi istifadə olunmayan alətləri də bərpa etmək
olar. Çünki bölgələrdə
tarix-diyarşünaslıq muzeylərində qədim alətlər
nümayiş etdirilir. O alətlərdən indi heç
kim istifadə etmir. Bəlkə
onlara da bir nəzər salmaq, onları, necə deyərlər,
dövriyyəyə qaytarmaq olar ki, həmin alətlərdən
də istifadə edilsin.
Səyavuş
KƏRİMİ: Bu sahədə bizim milli musiqi alətlərinin
təkmilləşdirmə laboratoriyası fəaliyyət
göstərir, eyni vaxtda iş gedir. Biz balaban alətinin
müxtəlif modifikasiyalarını, kamançanın dəm
variantını yaratdıq. İndi yeni alət,
burada qoyulub, Azərbaycan santurunu yaratmışıq, gələcəkdə
bunun digər modifikasiyaları yaradıla bilər. Sadəcə, bunların ifaçılarını
yetişdirmək məsələsi vardır. Bəzi alətlərdən artıq bizim xalq
çalğı alətləri orkestrində istifadə
edilir. İndi biz çox arzu edirik ki, Siz
bizim konservatoriyaya, buradakı konsertlərə tez-tez gələsiniz.
Əlbəttə, biz
çalışacağıq ki, Sizi təəccübləndirə
bilək.
Bizim tələbələrimiz, Arif müəllimin bir tələbəsi
var. Çox maraqlıdır. Dünyanın
çox maraqlı regionlarından - Koreyadan gəlib bizdə
muğam öyrənir.
Arif
BABAYEV: Biz onu öyrənə bilmədik, o, muğamı necə
öyrədəcək, məəttəl qaldıq.
Prezident
İlham ƏLİYEV: Öyrəndi?
Səyavuş
KƏRİMİ: Mən ona dedim ki, muğamı öyrənmək
sənin nəyinə lazımdır? O dedi ki, mən gedib
öz vətənimdə məktəb açacağam. Mən
bir az fantaziya etdim. Mən təəccüb
etmərəm ki, 20-25 ildən sonra hansısa bir koreyalı
muğam ifaçısı buraya qastrola gəlib konsert versin.
Təbii ki, o, gedəndə özü ilə
Alim Qasımovun, Ağaxan müəllimin, Arif müəllimin
disklərini aparacaq, orada təbliğ edəcək, öyrədəcəkdir.
O, buraya ödənişli qaydalarla gəlib və istəyəcək
ki, öz vəsaitini geri götürsün. İrandan,
Türkiyədən gəlirlər.
Ağaxan
ABDULLAYEV: Səyavuş müəllim, hətta birinci beynəlxalq
müsabiqədən sonra bir isveçrəli gəldi və o
zamanlar mənim sinfimdə muğam öyrənirdi.
Səyavuş
KƏRİMİ: Çox gəlirlər. Maraq
çox böyükdür.
Prezident
İlham ƏLİYEV: Çox maraqlıdır. Maraq böyükdür. Ona
görə yaxşı fikirdir ki, gəlin belə edək.
Həm ənənəvi, yəni qonşu
ölkələrdən, həm də Avropadan maraq
böyükdürsə, qoy gəlsinlər öyrənsinlər.
Yəni, onda muğam Azərbaycan
ifaçılıq sənəti kimi dünyada daha da geniş
şəkildə tanınacaqdır.
Səyavuş
KƏRİMİ: Bir qədər əvvəl mən bizim
emalatxana haqqında Sizə məlumat verdim. Hörmətli
Mehriban xanımın çox böyük səyi nəticəsində
tar ifaçılığı təxminən bir il bundan əvvəl UNESCO-nun bəşəriyyətin
qeyri-mədəni irs siyahısına daxil edilmişdir. Bu
gün musiqi alətlərindən tar ən güclü
silahımızdır. Ona görə bizim ustalar, - çox
yaxşı ustalarımız vardır, - bizim iki milli alətimizi
Sizin üçün hədiyyə kimi düzəldiblər,
tar və kamança alətlərini. İcazə
versəydiniz, biz onları Sizə təqdim edərdik.
Prezident
İlham ƏLİYEV: Çox sağ olun.
* * *
Tədbirin sonunda Prezident İlham Əliyevə milli musiqi alətlərimiz olan tar və kamança hədiyyə olundu.
Mərasimdə muğam səsləndi.
Sonra xatirə şəkli çəkdirildi.
Daha sonra Prezident İlham Əliyevə Milli Konservatoriyanın maketi təqdim olundu, gələcəkdə burada görüləcək işlər barədə məlumat verildi.
Dövlət başçısı yeməkxanada yaradılan şəraitlə də tanış oldu. Qeyd edildi ki, binanın daxilində yüksək zövqlə tərtib olunan üzgüçülük hovuzu da qurulmuşdur.
AzərTAc
Azərbaycan.-2014.-
14 fevral.- S.1,2.