Ali qonağın şərəfinə
Gürcüstan
Prezidenti Georgi Marqvelaşvilinin Azərbaycana rəsmi səfəri
Xəbər verdiyimiz kimi, fevralın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından ölkəmizdə rəsmi səfərdə olan Gürcüstan Prezidenti Georgi Marqvelaşvilinin şərəfinə rəsmi ziyafət verilmişdir.
Mərasimdə çıxış edən Prezident İlham ƏLİYEV dedi:
- Hörmətli cənab Prezident.
Hörmətli qonaqlar, xanımlar və cənablar.
Cənab
Prezident, Sizi Azərbaycanda bir daha salamlamaq istərdim. Biz bu
gün səhərdən
Sizinlə birlikdə danışıqlar apardıq,
ikitərəfli münasibətlərin
bir çox mühüm, o cümlədən
regional məsələlərini müzakirə etdik. Əlaqələrimizin gələcək inkişafı üzrə
fikir mübadiləsi apardıq. Deyə bilərəm ki,
müzakirə olunan bütün məsələlərdə
fikirlərimiz üst-üstə
düşür. Ən başlıcası
odur ki, biz ikitərəfli əlaqələrimizi
bütün istiqamətlərdə
fəal inkişaf etdirmək niyyətindəyik.
Bu gün biz bir
növ görülən
işləri təhlil
etdik və gələcək üçün
əlaqələrin inkişaf
yollarını müəyyənləşdirdik.
Birinci növbədə qarşılıqlı
siyasi fəaliyyətin
möhkəmləndirilməsi, beynəlxalq təsisatlarda
qarşılıqlı dəstək,
mühüm qlobal enerji və nəqliyyat layihələrinin
reallaşdırılmasına sadiqlik - bunlar çox vacib məsələlərdir. Çünki Gürcüstan və
Azərbaycan bu məsələlərdə - onun
əlaqələndirilməsində, qarşılıqlı fəaliyyətində
və qarşılıqlı
dəstəkdə çox
mühüm rol oynayırlar. Artıq regional çərçivədən kənara
çıxan layihələrin
reallaşdırılmasında bütün bunlar çox vacibdir.
Əminəm ki, energetika sahəsində, nəqliyyat,
kommunikasiya infrastrukturlarında
biz qarşıdakı illərdə
daha böyük uğurlara nail olacağıq. Biz, həmçinin iqtisadi əlaqələrin inkişafı
perspektivlərini müzakirə
etdik. Hesab edirəm ki,
əmtəə dövriyyəsinin
artırılması üçün
yaxşı imkanlar vardır. Ölkələrimizin
potensialından daha geniş istifadə etmək və sahibkarlara daha yaxşı şərait yaratmaq lazımdır ki, onlar bazarın
tələblərinə uyğun
olaraq istehsal edilən məhsulların
ixracını artırsınlar.
Artıq
investisiya layihələri
həyata keçirilir.
Gələcək üçün də perspektivlər vardır.
Hesab edirəm
ki, qarşıdakı
illərdə biz daha böyük həcmdə investisiyalar yatıracağıq. Bununla da
iqtisadiyyatlarımızın daha çox inteqrasiya etməsinə təkan verəcəyik.
Bütövlükdə humanitar əməkdaşlıq
da daxil olmaqla müzakirə edilən bütün məsələlərdə bizdə
qarşılıqlı anlaşma,
münasibətlərimizin perspektivinə
dəqiq nöqteyi-nəzər
mövcuddur. Əsas odur
ki, Gürcüstan və Azərbaycan bu gün iki
müstəqil dövlət
kimi regional və kontinental məsələlərdə
mühüm rol oynayır. Bu qarşılıqlı fəaliyyətin
bünövrəsi isə
əlbəttə ki, xalqlarımızın arasındakı
münasibətdir. Əsrlər boyu xalqlarımız qonşu yaşayıblar, hər zaman bir-birinə dayaq olublar, bir-birini dəstəkləyiblər və
gələcəkdə də
belə dostluq və anlaşma şəraitində yaşayacaqlar.
Bu, bizim qoruya
bildiyimiz əsas sərvətdir və biz bunu gələcəkdə
daha da zənginləşdirəcəyik.
Əlbəttə, xalqlarımız görəndə
ki, dövlət rəhbərləri oxşar,
eyni mövqeyə malikdirlər və bir-birlərini dəstəkləyirlər
bu da, həmçinin
onlar üçün
qarşılıqlı fəaliyyətin
bütün səviyyələrində
münasibətlərin möhkəmləndirilməsi
və inkişafı üçün yeni imkanlar yaratmaq baxımından yaxşı
işarədir. Bizim uğurlu gələcəyimiz
yalnız sıx qarşılıqlı fəaliyyət
sayəsində mümkündür.
Bu məsələlərdə
baxışlarımız tam vəhdət təşkil
edir. Əminəm ki, ölkələrimiz
inkişaf etmiş dövlətə çevrilmək
üçün qarşıya
qoyulan məqsədlərə
nail olacaqdır.
Bilirəm ki, hazırda Gürcüstanda dövlət
rəhbərliyi həyatın
bütün sahələrində
yaxşı nəticələr
verən fəal islahatlara başlayıb. Bu islahatlarda onlara uğurlar arzulamaq istərdim. Əminəm ki, nəzərdə
tutulanların hamısı
gerçəkləşəcəkdir.
Biz də öz tərəfimizdən sizin
nailiyyətlərinizə, qələbələrinizə
yalnız sevinəcəyik
və dost, qardaş kimi həmişə yanınızda olacağıq.
Tarixin hökmü belədir.
Zənnimcə, bu, tarixin, yəqin, həm də təbiətin xalqlarımıza xoş münasibətidir ki, biz qonşu olmuşuq. Bizim münasibətlərin nümunəsi,
fikrimcə, öyrənilməyə
layiqdir. Heç də
həmişə, hər
qonşu xalqlar Gürcüstan və Azərbaycan dövlətləri
və xalqları kimi mehriban dostluq,
anlaşma və sülh şəraitində
yaşamırlar və
iki dövlət kimi qarşılıqlı
fəaliyyət göstərmirlər.
Bu, elə bir
sərvətdir ki, biz
bunu qorumalı və saxlamalıyıq, belə də edəcəyik. Bizim insanlarımızın,
vətəndaşlarımızın güzəranını daha
da yaxşılaşdırmaq,
ölkələrimizin isə
daha güclü olması üçün
birgə işləyəcəyik.
Gürcüstana uğurlar, qələbələr
və gürcü xalqına tərəqqi arzulayırıq.
Gürcüstan Prezidenti Georgi
MARQVELAŞVİLİ çıxış
edərək dedi:
- Cənab Prezident, ilk növbədə istərdim
ki, mənim və nümayəndə heyətimizin üzvlərinin
Azərbaycanın paytaxtı
Bakıda gördüklərimizə
heyrətimizi bildirim.
Əlbəttə, səfərimiz bizim ilk görüşümüzün təəssüratları ilə
başladı. Biz görüşərək
regionun və ölkələrimizin gələcəyi
haqqında söhbət
açdıq. Amma mən
qeyd etmək istərdim ki, gələcək layihələr,
problemlər və onların həlli yollarına baxışlarımız
üst-üstə düşür.
Düşünürəm ki, bu da regionun və
bu layihələrin gələcək inkişafına
müsbət təsir
göstərəcəkdir. Təbii ki, Azərbaycanda gerçəkləşən layihələrə
və sürətlə
gedən inkişafa heyrətlənməmək mümkün
deyildir. Biz bu gün yeniləşən
və müasirləşən
Bakını görmək
imkanı əldə etdik. Biz bütün
gördüklərimizin xoş
təsiri altında olduq. Təbii ki, Azərbaycan
və hökumətiniz
bu inkişafı Heydər Əliyevin rəhbərliyi altında
gedən keçmiş
proseslərdən alır
və çox şadıq ki, bu proseslər bu gün də
davam edir, dərinləşir və
öz bəhrələrini
verir.
Sizin qeyd etdiyiniz kimi, ölkələrimiz arasındakı
əməkdaşlıq nəinki
region, həm də bir çox xalqlar üçün nümunədir. Biz Sovet İttifaqı dağılandan
sonra həm öz dövlətçiliyimizi,
həm də bir-birimiz arasında münasibətləri qardaşlıq,
qarşılıqlı anlaşma
və hörmət əsasında
formalaşdıra bildik.
Təbii
ki, biz gələcəyə
böyük planlarla gedirik. Qeyd etdiyiniz kimi,
enerji və nəqliyyat layihələri
təkcə ölkələrimizin
və xalqlarımızın
deyil, həm də digər dövlətlərin inkişafına
real təminat verir.
İnanıram ki, müasir
dünyanın əksər
dövlətləri bizim
əməkdaşlığa baxır və əmin olurlar ki, bu əməkdaşlıq
gələcəkdə öz
bəhrələrini verəcəkdir.
Müvafiq olaraq bu layihələrin inkişafı
istiqamətində işləyən
tərəfdaş və
tranzit ölkə kimi biz əsası qoyulmuş prinsiplərə
sadiqik və bu layihələrin gələcəkdə daha
da inkişafına ümid edirik. Bir daha qeyd etmək
istərdim ki, biz siyasi sahədə də səmərəli əməkdaşlıq edirik.
Bu əməkdaşlığın
artıq öz tarixi vardır.
Bəli, biz Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik. Azərbaycan da Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyir. Biz bu mövqeyimizi beynəlxalq forumlarda mütəşəkkil şəkildə nümayiş etdiririk. Təəssüf ki, bizim dövlətlərdə bu problemlər yaranıb və əminəm ki, onlar beynəlxalq hüquq normaları çərçivəsində və sülh yolu ilə öz həllini tapacaqdır. Bizim əməkdaşlığımız bunun üçün zəmin yaradır.
Son 20 il ərzində necə əməkdaşlıq etdiyimizə bir daha nəzər yetirsək görərik ki, bu əməkdaşlıqda xalqlarımız böyük rol oynayır. O xalqlar ki, qardaşlaşıblar, öz ölkələrini inkişaf etdiriblər və qonşu ölkələrə hörmətlə yanaşıblar. Burada ölkələrimiz arasında münasibətlərin inkişafına mühüm töhfə vermiş Azərbaycan mənşəli Gürcüstan vətəndaşlarının və gürcü mənşəli Azərbaycan vətəndaşlarının mühüm rolunu qeyd etməmək olmaz.
Bir daha qeyd edim ki, bu gün mənin üçün unudulmaz bir gündür. Əminəm ki, bizim nümayəndə heyətimiz üçün də unudulmazdır. Ölkələrimiz arasında yaranmış dostluq, əməkdaşlıq, mehriban qonşuluq hisslərimizi müvafiq olaraq real layihələrə, real gələcəyə, iqtisadi, siyasi və mədəni əlaqələrin inkişafına yönəldəcəyik. Bütün bunlar olduqca əhəmiyyətlidir. Çünki iqtisadi layihələrin arxasında mədəni və mənəvi birlik dayanır. Biz təhsil, elm sahələrində layihələrin inkişafını böyük diqqətlə izləyəcəyik. Əminəm ki, bu sahələr Gürcüstanda da, Azərbaycanda da inkişaf edəcək və bu sahələrdə əməkdaşlığa ümidlə baxacağıq. Qəbula görə Sizə bir daha səmimi minnətdarlığımı bildirmək istəyirəm.
AzərTAc
Azərbaycan.-2014.- 14 fevral.- S.3.