Gürcüstan Prezidenti Georgi Marqvelaşvili: Gürcüstan-Azərbaycan

 münasibətləri bizim üçün xüsusi rol oynayır

 

Azərbaycanda rəsmi səfərdə olan  Gürcüstan Prezidenti Georgi Marqvelaşvili  fevralın 12-də "Caspian Energy International Medıa Group"un rəhbərliyini qəbul etmişdir. "Caspian Energy International Medıa Group"dan AzərTAc-a bildirmişlər ki, Gürcüstan dövlətinin başçısı görüşdə "Caspian European Club"un (CEIBC) dəstəyi ilə nəşr olunan "Caspian European Club" jurnalının yubiley nömrəsi üçün eksklüziv müsahibə vermişdir.

Gürcüstan Prezidenti müsahibəsində Bakıya səfərinin yekunlarından, Gürcüstanın inkişafı məsələlərindən, regional əməkdaşlıqdan, geosiyasi durumdanbir çox digər məsələlərdən danışmışdır.

Bakıya səfərin onda son dərəcə müsbət təəssürat doğurduğunu bildirən Georgi Marqvelaşvili demişdir: "Bakıda gördüklərimə, Prezident İlham Əliyev, Baş nazir Artur Rasizadə, parlamentin sədri Oqtay Əsədov, görüşdüyüm deputatlarla formalaşan  münasibətlərə heyran qaldığımı bildirmək istəyirəm. Şəxsi münasibətlər təəssüratlara, onların saxlanılmasına çox ciddi təsir göstərir. Bakının inkişaf miqyası da heyrətamizdir".

Prezident Georgi Marqvelaşvili  vurğulamışdır: "Gürcüstan-Azərbaycan münasibətləri bizim üçün xüsusi rol oynayır".

Prezident Georgi Marqvelaşvili ilə geniş müsahibə yaxın günlərdə "Caspian Energy" jurnalının Gürcüstana həsr olunmuş yubiley nömrəsində dərc olunacaqdır.

Görüşün sonunda Gürcüstan dövlətinin başçısına Tbilisidə  "Caspian Energy Forum Georgia" forumunun keçirilməsi məsələsini nəzərdən keçirmək təklif olunmuşdur.

Görüşdə "Caspian Energy International Medıa Group"un prezidenti və baş redaktoru Natalya Əliyeva, baş direktoru Rasim Mahmudov və redaktoru Ceyhun Bayramov iştirak etmişlər.

 

Azərbaycan.-2014.- 14 fevral.- S.3.