Lütfəli Abdullayevin 100 illik yubileyi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

 

2014-cü ildə Azərbaycan teatrkino sənətinin görkəmli nümayəndəsi, respublikanın xalq artisti Lütfəli Əmir oğlu Abdullayevin anadan olmasının 100 illiyi tamam olur.

Fitri istedada, yüksək səhnə mədəniyyətinə malik sənətkar kimi Lütfəli Abdullayev özünəməxsus təkrarolunmaz üslubda canlandırdığı son dərəcə koloritli, rəngarəng obrazlarla Azərbaycan teatr tarixinə və kino salnaməsinə yeni parlaq səhifələr yazmışdır.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq milli teatrkino sənətinin inkişafına dəyərli töhfələr vermiş xalq artisti Lütfəli Abdullayevin 100 illik yubileyinin keçirilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi xalq artisti Lütfəli Abdullayevin 100 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin.

 

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 13 fevral 2014-cü il

Azərbaycan.-2014.- 14 fevral.- S.3.