İçərişəhərlə tanışlıq

 

Gürcüstan Prezidenti Georgi Marqvelaşvilinin Azərbaycana rəsmi səfəri

 

Gürcüstan Prezidenti Georgi Marqvelaşvili Azərbaycana rəsmi səfəri çərçivəsində fevralın 13-də İçərişəhərlə tanış olmuşdur.

Əvvəlcə ali qonağa paytaxt Bakının qədim tarixi rəmzlərindən biri, milli memarlığımızın nadir nümunəsi, UNESCO-nun Dünya İrs Siyahısına daxil edilən Qız qalası abidəsinin qeyri-adi memarlıq özəllikləri barədə məlumat verilmişdir. Bildirilmişdir ki, eramızdan əvvəl VII-VI əsrlərdə əsası qoyulmuş Qız qalası XII əsrdə bərpa edilmişdir. Hündürlüyü 28 metr, diametri 16-16,5 metr olan abidə silindr formalı əsl qaladan və cənub tərəfdən ona bitişən iri dayaq tikilidən ibarətdir.

Dünya əhəmiyyətli bu abidənin qorunub saxlanması və mövcud görkəmdə gələcək nəsillərə çatdırılması üçün Prezident İlham Əliyevin tapşırıqları əsasında 2009-2013-cü illərdə Qız qalasında konservasiya işləri aparılmış və yeni muzey ekspozisiyası yaradılmışdır. Konservasiya işlərini Avstriyanın məşhur bərpaçı eksperti, dünyanın müxtəlif yerlərində 400-dən çox abidəni, o cümlədən İçərişəhərdəki Məhəmməd məscidini bərpa edən Erix Pummerin rəhbərliyi altında xariciyerli mütəxəssislər həyata keçirmişlər. Həmin layihə çərçivəsində həyata keçirilən konservasiya tədbirlərində başlıca məqsəd tikilinin zahiri görünüşünə xələl gətirmədən təbii dağılma prosesinininsan amilinin abidəyə əsrlər boyunca vurduğu ziyanın aradan qaldırılması idi. Elmi araşdırmalara əsaslanan bu layihənin reallaşdırılması zamanı müasir texnologiyalardan geniş istifadə edilmişdir. Burada aparılan işlər nəticəsində Qız qalasının təkrarolunmaz görkəmi tam bərpa edilmiş, bu bənzərsiz abidə yenidən istifadəyə verilmişdir. Milli-mənəvi dəyərlərimizin, maddi mədəniyyət abidələrimizin qorunub saxlanmasına və təbliğinə həssaslıqla yanaşan Heydər Əliyev Fondu konservasiya tədbirləri zamanı yaxından dəstəyini, o cümlədən ekoloji məsələlərin həllinə hərtərəfli köməyini əsirgəməmişdir.

Yaxınlıqdakı Sıratağlı dini-memarlıq kompleksinin ərazisindəki ekspozisiya ilə tanışlıq da ali qonaqda böyük maraq doğurmuşdur.

İçərişəhərlə tanışlıq Azərbaycanın geniş tarixi, iqtisadi və mədəni əlaqələrindən xəbər verən, ölkə əhəmiyyətli abidə - Buxara karvansarası ilə davam etdirilmişdir.

Elektromobillə gəzinti zamanı Gürcüstan Prezidentinə və nümayəndə heyətinin üzvlərinə UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmiş "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu, burada aparılan təmir, abadlaşdırma və bərpa işləri barədə ətraflı məlumat verilmişdir. Bildirilmişdir ki, İçərişəhər ərazisində müxtəlif əsrlərə aid nadir tarixi-memarlıq abidələri vardır və bunlar qorunub saxlanılır.

Gürcüstan Prezidenti Georgi Marqvelaşvili Kiçik Qala küçəsində təndir çörəyinə qonaq edilmişdir.

Gəzinti zamanı ali qonaq orta əsr Şərq memarlığının şah əsəri, dünya əhəmiyyətli tarix-memarlıq abidəsi olan "Şirvanşahlar sarayı kompleksi" ilə tanış olmuşdur. Məlumat verilmişdir ki, XV əsrin əvvəllərində inşa olunmuş tarixi abidənin tikililəri İçərişəhərin təpələrindən birinin ən hündür nöqtəsində yerləşir. O, Xəzər dənizindən və şəhərin ətrafındakı yüksəkliklərdən aydın görünür. Kompleks bugünədək öz tarixi-memarlıq üstünlüyünü saxlamaqdadır.

Dünya əhəmiyyətli memarlıq abidəsi olan Məhəmməd məscidi ilə tanışlıq da böyük maraq doğurmuşdur.

Gürcüstan Prezidenti Georgi Marqvelaşvili "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğunun fəxri qonaqlar kitabına ürək sözlərini yazmışdır.

Azərbaycan paytaxtının qədim guşəsi ilə tanışlıqdan xatirə olaraq ali qonağa hədiyyə təqdim edilmişdir.

 

 

 

AzərTAc

Azərbaycan.-2014.- 14 fevral.- S.8.