Heydər Əliyev Konqres Mərkəzi ali qonaqda böyük maraq doğurmuşdur

 

Gürcüstan Prezidenti Georgi Marqvelaşvili fevralın 13-də Qəbələdə yeni inşa edilmiş Heydər Əliyev Konqres Mərkəzi ilə yaxından tanış olmuşdur.

Ali qonağın diqqətinə çatdırılmışdır ki, 1200 yerlik Konqres Mərkəzi Qəbələ şəhərində, Qaraçay çayının sahilində yerləşir və ərazisinin ümumi sahəsi 8,5 hektardır. Üçmərtəbəli mərkəzin layihələndirmə və tikinti işlərinə 2012-ci ilin mayında başlanılmış və ötən ilin iyulunda sona çatdırılmışdır.

Prezident Georgi Marqvelaşvili binanın ikinci mərtəbəsində yerləşən çoxfunksiyalı 1200 yerlik konfrans zalı ilə tanış olarkən məlumat verilmişdir ki, burada 92 kvadratmetrlik səhnə, VİP və mühafizə otaqları, incəsənət ustaları və media işçiləri üçün otaqlar, geniş foye yerləşir. Konfrans zalı qısa müddətə başqa məqsədlər - konsert, iclas üçün kresloların aşağı enməsi ilə müstəvi halına keçə bilir. Zalın səhnə hissəsi qalxıb-enən platforma üzərində quraşdırılmışdır. Burada sinxron tərcümə üçün xüsusi avadanlıqla təchiz olunan 6 tərcüməçi kabinəsi, habelə müşahidə və zalın avtomatik idarəetmə məntəqəsi vardır. Konfrans zalında mükəmməl səsləndirmə sistemi quraşdırılmışdır ki, bu da tədbirin təyinatından asılı olaraq səsləndirməni həm konfranslar, həm də konsert-əyləncə tədbirləri üçün tənzimləməyə imkan verir. Binada 18 metrlik eskalator və liftlər quraşdırılmışdır. Konqres Mərkəzinin ərazisində 140 yerlik yeraltı qaraj tikilmişdir. Qarajın üstündə bayraq meydanı və dekorativ yaşıllıq salınmışdır. Ərazidə istirahət üçün yerlər, terraslar da yaradılmışdır. Avtomobillərin maneəsiz hərəkətini təmin etmək üçün binaya üç istiqamətdən giriş yolları çəkilmişdir. Binanın önündən keçən çayın üzərində körpü tikilmişdir.

Heydər Əliyev Konqres Mərkəzi ali qonaqda böyük maraq doğurmuşdur.

 

 

 

AzərTAc

Azərbaycan.-2014.- 14 fevral.- S.8.