Rabitə və İnformasiya
Texnologiyaları Nazirliyində Yaponiyanın telekommunikasiya
və peyk sahəsində aparıcı
korporasiyasının nümayəndə heyəti ilə görüş olmuşdur
Fevralın 13-də Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində Yaponiyanın telekommunikasiya və peyk sahəsində aparıcı NEC (Nippon Elektric Compani) korporasiyasının nümayəndə heyəti ilə görüş olmuşdur.
Görüş iki ölkə arasında əməkdaşlığın yaradılması və informasiya-kommunikasiya texnologiyaları sahəsində əlaqələrin daha da genişləndirilməsi məqsədi ilə keçirilmişdir.
Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Azərbaycan iqtisadiyyatının son illər dinamik inkişaf etdiyini bildirmiş, ölkədə həyata keçirilən nəhəng enerji layihələrindən, innovativ texnologiyanın tətbiqindən ətraflı söz açmışdır.
Qeyd olunmuşdur ki, Azərbaycanda İKT sahəsinin sürətlə inkişaf etdirilməsi, infrastruktur layihələrinin həyata keçirilməsi yüksək elektron məhsulların istehsalı və tətbiqinə geniş imkan açmışdır. Respublikamızda beynəlxalq əlaqələrin inkişafı, həmçinin yeni əlverişli biznes mühitinin yaradılması istiqamətində məqsədyönlü siyasət aparılır.
"NEC Corporation"un Avropa, Yaxın Şərq və Afrika bölməsinin baş direktoru Masahiro İkeno təmsil etdiyi şirkətin İKT sahəsində dünyada böyük təcrübəyə malik olduğunu diqqətə çatdırmışdır. Vurğulanmışdır ki, şirkət öz məhsullarının istehsalı və xidməti ilə bağlı Azərbaycan ilə əməkdaşlıqda çox maraqlıdır.
Masahiro İkeno Yaponiya hökumətinin də bu əməkdaşlığa layiqli töhfə verəcəyinə ümidvar olduğunu bildirmişdir.
Sonra nazirliyin və Yaponiya mütəxəssislərinin iştirakı ilə seminar keçirilmişdir.
Seminar NEC korporasiyasının təqdimatı, İKT sahəsində həllər, genişzolaqlı internetin inkişafı layihəsi, əsas şəbəkə sistemləri mövzularına həsr olunmuş sessiyalar üzrə davam etmişdir.
Tədbirdə Yaponiyanın Azərbaycandakı səfiri Tsuquo Takahaşi iştirak etmişdir.
AzərTAc
Azərbaycan.-2014.- 14 fevral.- S.10.