Azərbaycan Milli Elmlər Akademiyasının

 Gəncədə səyyar iclası keçirilmişdir

 

Gəncədəki Heydər Əliyev Mərkəzinin iclas salonunda Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) səyyar iclası keçirilmişdir. AzərTAc xəbər verir ki, əvvəlcə AMEA-nın rəyasət heyətinin üzvləri ümummilli lider Heydər Əliyevin mərkəzin qarşısında ucaldılmış abidəsini ziyarət etmiş, önünə gül dəstələri qoymuşlar.

İclası giriş sözü ilə AMEA-nın prezidenti akademik Akif Əlizadə açmışdır.

Gəncə Şəhər İcra Hakimiyyətinin  başçısı Elmar Vəliyev tədbirdə çıxış edərək belə bir mötəbər qurumun səyyar iclasının Gəncədə keçirilməsini əlamətdar hadisə adlandırmış, AMEA-nın prezidentinə, eləcə də onun rəyasət heyətinin üzvlərinə minnətdarlığını bildirmişdir. O, son illər Gəncədə aparılan abadlıq və yenidənqurma işlərindən, eləcə də elm və təhsilin inkişafı istiqamətində görülən işlərdən danışmışdır. Bildirmişdir ki, dövlət başçısının diqqət və qayğısı sayəsində Gəncənin nəinki sosial-iqtisadi, həmçinin elmi potensialının da gücləndirilməsi istiqamətində müsbət addımlar atılmışdır. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə AMEA-nın Gəncə Elmi Mərkəzi Bölməyə çevrilmiş, 7 elmi-tədqiqat institutunun yaradılması barədə fərman imzalanmışdır.

Sonra AMEA-nın prezidenti akademik Akif Əlizadə çıxış edərək əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulanPrezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən Azərbaycan elmində qazanılan uğurlardan danışaraq qeyd etmişdir ki, bu gün respublikamızın bütün sahələrində olduğu kimi, elmdə də  müsbət irəliləyişlər uğurla davam etdirilir. Sevindirici haldır ki, əvvəlki illərə nisbətən bu sahəyə gənclərin marağı xeyli artmışdır. Bu, ölkədə elmin inkişafına dövlət dəstəyinin məntiqi nəticəsidir.

Akademik Akif Əlizadə Azərbaycanın ikinci böyük şəhəri olan Gəncədə elmin inkişafı üçün yaradılan şəraitdən danışarkən demişdir ki, bu qədim şəhər tarixən elmin beşiyi olmuşdur. Gəncənin yetirdiyi Nizami Gəncəvi kimi dünya şöhrətli şair və mütəfəkkirimiz həmişə dünyanın maraq dairəsində  olmuş, hər bir xalq onu özününküləşdirməyə çalışmışdır. Eyni zamanda, Məhsəti Gəncəvi, Mirzə Şəfi Vazeh və digər onlarla şair və yazıçılarımız əvvəllər də, indi də Azərbaycan xalqının simvoluna çevrilmişlər.

İclasda AMEA-nın Regional Elmi Mərkəzinin Bölməyə çevrildikdən sonra burada mövcud olan elmi potensialın daha da xeyli güclənəcəyinə inam ifadə olunmuşdur. Bildirilmişdir ki, xüsusilə yaxın vaxtlarda burada yaradılacaq texnoparklar alimlərin qarşısında uğurlu fəaliyyət üçün geniş imkanlar açacaqdır.  Bu da qədim Gəncənin iqtisadi inkişafı deməkdir.

Vurğulanmışdır ki, bu gün Gəncə böyüyüb inkişaf edir. Söz yox ki, yaxın gələcəkdə o, Avropa şəhərləri ilə müqayisə olunacaqdır. Lakin istehsal sahələri genişləndikcə, ekoloji problemlərin həlli də qarşıda duran mühüm vəzifələrdən olacaqdır. Bu problemlərin həllində də alimlərin bilik və bacarıqlarına ehtiyac duyulacaqdır. Azərbaycan Prezidenti şəhərdə Ekologiya və Təbii Ehtiyatlar İnstitutunun yaradılması ilə bağlı sərəncam imzalayarkən bütün bunları nəzərə almışdır. Bundan əlavə,  şəhərdə humanitar, diyarşünaslıq, Nizami, bioresurslar, nəbatat, eləcə də aqrar problemlər elmi-tədqiqat institutları yaradılarkən Gəncənin potensial imkanları əsas götürülmüşdür.

İclasda Azərbaycan Milli Elmlər Akademiyasının kadr potensialının gücləndirilməsi, gənclərin elmə marağının daha da  artırılması istiqamətində mövcud vəziyyət təhlil edilmiş, bu sahədə müsbət addımlar atıldığı diqqətə çatdırılmışdır.

Sonra AMEA-nın Gəncə Bölməsinin direktoru akademiyanın müxbir üzvü Fuad Əliyev məruzə ilə çıxış edərək rəhbərlik etdiyi kollektivin 2013-cü ildə gördüyü işlər barədə hesabat vermişdir. Məruzəçi bildirmişdir ki, ictimai elmlər sahəsində xeyli görülmüşdür. Nizami Gəncəvinin 870 illik yubileyi ilə bağlı bir çox xarici ölkələrdən şairin əlyazmalarının surətləri, eləcə də kitabları gətirilərək tərcümə edilmiş və nəfis şəkildə çap olunmuşdur. Əməkdaşların Nizami Gəncəvinin 870 illik yubileyi münasibətilə 5 monoqrafiyası nəşr edilmişdir. Fransada 19 kitab nəşr olunmaqla yanaşı, Nizami Gəncəvinin 870 illik yubileyi geniş  qeyd edilmişdir.

Diqqətə çatdırılmışdır ki, ümumilikdə əməkdaşlar tərəfindən 90 məqalə, o cümlədən onlardan 22-si xarici jurnallarda dərc olunmuşdur. Bundan əlavə, Bölmənin əməkdaşları Daşkəsəndə çıxarılan dəmir filizialunit tullantılarının işlənməsi və zərərsizləşdirilməsi sahəsində bir sıra elmi axtarışlarını uğurla davam etdirmişlər. Xüsusilə Naftalan nefti üzərində tədqiqat işləri davam etdirilir. Bentonit, sianitalüminium zavodunun tullantılarının zərərsizləşdirilməsi, eləcə də bitkilərin bioenerji resurslarının işlənməsi, bir sıra sənaye və məişət tullantılarının təkrar emalı üzərində elmi-tədqiqat işlərinin davam etdirildiyini, həmçinin alternativ enerji, termal suların üzərində aparıldığı diqqətə çatdırılmışdır. Hazırda Bölmədə 294 nəfər çalışır ki, onların da 123 nəfəri elmi işçidir. Sevindirici haldır ki, əməkdaşların 97 nəfəri gəncdir. Ötən il 12 nəfər doktoranturaya qəbul olunmuşdur.

Sonra AMEA-nın rəyasət heyətinin üzvləri, akademiklər  Qərib Məmmədov, Əhliman Əmiraslanov, İsa Həbibbəyli, Asəf Hacıyev, AMEA-nın akademik katibi Rasim Əliquliyev çıxış edərək Azərbaycan elminin inkişafı sahəsində görülən və görülməsi vacib olan işlərdən danışmışlar. Onlar  AMEA-nın Gəncə Bölməsinin gələcək fəaliyyəti ilə bağlı  arzu və təkliflərini vermişlər.

İclasda Gəncə Dövlət Universitetinin rektor əvəzi Yusif Yusifov, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru İbrahim Cəfərov, Azərbaycan Texnologiya Universitetinin rektoru Akif Süleymanov, akademik Siddiqə Məmmədova, professorlardan Həsənbala Sadıqov və Məntiq Cəfərov müxtəlif suallarla rəyasət heyətinin üzvlərinə müraciət etmiş, arzu və təkliflərini bildirmişlər.

Rəyasət heyətinin səyyar iclasında 5 nəfər gəncin doktoranturaya qəbul  ərizələrinə baxılmış və təsdiq edilmişdir.

Ümumilikdə, səyyar iclasda AMEA-nın Gəncə Bölməsində yeni yaradılan 7 institutun fəaliyyətə başlaması, onların maddi-texniki bazalarının yaradılması və binaların inşası məsələləri ətraflı müzakirə edilmiş, Bölmədə yaradılan Gənc Alimlər  və Mütəxəssislər Şurası üzvlərinin elmi-tədqiqat işlərinə daha yaxından cəlb olunması, institutlarda ali təhsil müəssisələrinin uyğun sahə kafedralarının yaradılması və istedadlı tələbələrin elmi-tədqiqata cəld edilməsi kimi məsələlər barədə qərar qəbul edilmişdir.

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə səyyar iclasa yekun vurmuşdur.

 

Azərbaycan $g 2014.- 15 fevral.- S.3.