ABŞ-ın Nyu Meksiko ştatının Senatı Azərbaycanın

 ərazi bütövlüyünü dəstəkləyən qətnamə qəbul edib

 

Fevralın 13-də ABŞ-ın Nyu Meksiko ştatının Senatında Azərbaycanla bağlı qətnamə qəbul edilmişdir.

Azərbaycanın Los-Ancelesdəki baş konsulluğundan AzərTAc-a bildirmişlər ki, qətnamədə Azərbaycanın ərazi bütövlüyünün ABŞ tərəfindən dəstəkləndiyi və beynəlxalq birliyin Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımadığı qeyd edilir.

Bildirilir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupuna problemin beynəlxalq hüququn norma və prinsipləri, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri, eləcə də ATƏT-in qəbul etdiyi qərar və sənədlər əsasında həlli həvalə olunmuşdur. BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələr Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və erməni qoşunlarının işğal olunmuş Azərbaycan ərazilərindən dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılmasını tələb edir. NATO, İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı kimi beynəlxalq təşkilatlar da daxil olmaqla dünya birliyi Azərbaycanın ərazi bütövlüyünüsuverenliyini tanıyır və münaqişənin Azərbaycanın ərazi bütövlüyü və sərhədləri çərçivəsində həllini dəstəkləyir.

Bunları nəzərə alaraq, qanunvericilər ABŞ-ın münaqişənin tezliklə və ədalətli şəkildə həlli istiqamətində səylərini gücləndirməsinin vacibliyini vurğulayırlar.

Xatırladaq ki, bu, 2014-cü ildə ABŞ-da Dağlıq Qarabağ münaqişəsinə dair qəbul edilmiş ikinci qətnamədir. Yanvarın 30-da Arizona parlamenti oxşar qətnamə qəbul edərək, Azərbaycanın ərazi bütövlüyünə dəstək verdiyini bildirmişdi. Ötən il isə Nyu Meksiko parlamenti Xocalı soyqırımını tanıyan qətnamə qəbul etmişdi.

 

Azərbaycan.-2014.- 15 fevral.- S.1.