Azərbaycanın BMT yanında daimi nümayəndəsi cəbhə xəttində
Ermənistan tərəfindən atəşkəs rejiminin pozulması ilə əlaqədar təşkilatın
baş katibinə məktub göndərilib
Azərbaycanın işğal olunmuş əraziləri və Ermənistanla sərhəddə cəbhə boyunca bu ilin yanvarından başlayaraq Ermənistan tərəfindən atəşkəs rejiminin pozulması hallarının kəskin şəkildə artması ilə əlaqədar Azərbaycanın BMT yanında daimi nümayəndəsi, səfir Aqşin Mehdiyev BMT-nin baş katibi Pan Gi Muna məktub göndərmişdir.
Azərbaycanın BMT yanında daimi nümayəndəliyindən AzərTAc-a bildirmişlər ki, məktubda Ermənistan tərəfindən atəşkəs rejiminin pozulması hallarına dair cədvəl baş katibin diqqətinə çatdırılmış və bildirilmişdir ki, yanvar ayında Ermənistan silahlı qüvvələrinin Azərbaycanın mövqelərini atəşə tutması nəticəsində Azərbaycan milli ordusunun iki zabiti snayper gülləsindən həlak olmuş və bir əsgərimiz yaralanmışdır. Bundan əlavə, Ermənistan tərəfi çox vaxt iriçaplı silahlar və snayperlərdən yaşayış məntəqələrini və mülki obyektləri, o cümlədən təsərrüfatları, məktəbləri və tibb müəssisələrini atəşə tutur və bu, mülki şəxslərin yaralanması və onların mülkiyyətinə ciddi ziyan dəyməsi ilə nəticələnir.
Məktubda qeyd edilmişdir ki, Ermənistan tərəfindən atəşkəsin pozulması hallarının vaxtı, istiqaməti və tezliyini təhlil edəndə, habelə onların ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə keçirilən vacib görüşlərlə üst-üstə düşməsini nəzərə alanda, bu pozuntuların məqsədyönlü və sistematik olması və Yerevandakı mərkəzi hərbi komandanlıqdan verilən əmrlər əsasında həyata keçirilməsi aydın olur. Ermənistan tərəfinin yalnız ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi tərəfindən iki həftədən bir keçirilən monitorinq fəaliyyətləri zamanı atəşkəsə riayət etməsi və atəşin monitorinqinin başa çatmasından dərhal sonra, bəzən isə müşahidəçilərin bölgəni tərk etməsini gözləmədən başlaması bu arqumenti təsdiqləyən digər sübutdur.
Bildirilmişdir ki, atəşkəsin pozulması hallarının statistikası bir daha Ermənistan rəhbərliyinin və onun BMT yanında daimi nümayəndəsinin bu ölkənin bölgədə sülh və sabitliyə münasibətinə dair verdikləri bəyanatların yalana əsaslanmasının göstəricisidir. Münaqişənin sülh yolu ilə həllinə sadiqliyinə dair bu ölkənin bəyanatları yerdəki hərəkətləri ilə tam ziddiyyət təşkil edir. Belə ki, ATƏT-in Minsk qrupunun həmsədrlərinin Azərbaycan və Ermənistanın xarici işlər nazirləri ilə yanvarın 24-də Parisdəki görüşündən bir neçə gün əvvəl Ermənistanın silahlı qüvvələri Azərbaycan silahlı qüvvələrinin mövqelərini və yaşayış məntəqələrini intensiv atəşə tutmağa başlamışlar.
Qeyd edilmişdir ki, Ermənistan tərəfindən zorakılığın və təxribatların sayının kəskin surətdə artması Azərbaycanın Xarici İşlər Nazirliyinin yanvarın 25-də verdiyi bəyanatda pislənmişdir. Yanvarın 24-də Parisdəki görüşdən sonra ATƏT-in Minsk qrupunun həmsədrləri yaydıqları mətbuat məlumatında bölgədə davam edən zorakılığa dair ciddi narahatlıq ifadə etmiş və son hadisələrin danışıqlar prosesinə və sülhün bərqərar edilməsi perspektivlərinə ziyan vurduğunu bildirmişlər.
Məktubda xüsusilə qeyd edilmişdir ki, Azərbaycan dünyadakı silahlı münaqişələrin döyüşən tərəflərinin Soçidə keçirilən XXII Qış Olimpiya Oyunları zamanı "Olimpiya atəşkəsinə" riayət etməsinə dair BMT-nin baş katibi və digər yüksək rəsmi şəxslərin etdikləri çağırışları alqışlayır. Fevralın 4-5-də bölgəyə səfərdən sonra yaydıqları mətbuat məlumatında ATƏT-in Minsk qrupunun həmsədrləri cəbhədə silahlı qarşıdurmanın artmasından narahatlıq ifadə etmiş, Ermənistan və Azərbaycan prezidentlərinin Olimpiya Oyunları zamanı atəşkəsə riayət etmək və vəziyyətin daha da gərginləşməsinə yol verməmək niyyətində olduqlarını bildirmişlər. Lakin fevral ayında cəbhə xəttində gərgin vəziyyət davam etmişdir. Azərbaycan tərəfi Ermənistanın qeyd olunan atəşkəs çağırışlarına məhəl qoymamasından və bölgədə təxribatçı hərəkətlərini davam etdirməsindən təəssüflənir.
Ermənistanın bu hərəkətləri dövlət başçısının ATƏT-in Minsk qrupunun həmsədrlərinə verdiyi vədə və xüsusilə BMT Baş Məclisinin keçən ilin noyabrında qəbul etdiyi və Ermənistanın da həmmüəllif olduğu "İdman və Olimpiya ideyaları vasitəsilə sülhpərvər və daha yaxşı dünyanın qurulması" adlı qətnaməsinin tələblərinə ziddir.
Daimi
nümayəndə məktubun BMT Baş Məclisi və Təhlükəsizlik
Şurasının rəsmi sənədləri kimi dərc
edilməsini xahiş etmişdir.
AzərTAc
Azərbaycan.-2014.- 15 fevral.- S.2.