Ermənilərin ATƏT Parlament
Assambleyasının Bakıda keçiriləcək
yay sessiyasının təxirə
salınması üçün cəhdləri puça
çıxmışdır
Vyanada ATƏT Parlament Assambleyasının (ATƏT PA) 12-ci qış sessiyasının ikinci günü də ciddi müzakirələrlə keçmişdir.
Azərbaycan Milli Məclisinin deputatı Azay Quliyev daimi komitənin iclasında çıxış edərək bildirmişdir ki, ATƏT-in müəyyən etdiyi səkkiz prioritet sahələrdən bir neçəsi - ATƏT məkanında münaqişələrin həlli, ATƏT institutlarının səmərəliliyinin artırılması, qəbul olunmuş sənədlərin icra mexanizminin təkmilləşdirilməsi və ATƏT-in digər beynəlxalq təşkilatlar ilə əməkdaşlığının gücləndirilməsi Azərbaycan üçün mühüm əhəmiyyətə malikdir və onların yaxın illərdə Assambleyanın gündəliyinə salınması təklif olunmuşdur.
Assambleyanın yay sessiyasının Bakıda keçirilməsi ilə bağlı məsələ müzakirə olunan zaman Azərbaycan nümayəndələri ölkəmizin bu tədbirə tam hazır olduğunu, lazımi şəraitin yaradıldığını, sessiya iştirakçılarına tədbirlə bağlı bütün müvafiq məlumat və materialların təqdim edildiyini diqqətə çatdırmışlar.
Ermənistan nümayəndə heyətinin rəhbəri Artaşes Qiqanyan daimi komitənin iclasında adəti üzrə Azərbaycana qarşı böhtan dolu çıxışlar silsiləsindən növbətisini etmişdir. O, belə bir tədbirin Bakıda keçirilməsinin qeyri-düzgün qərar olduğunu, erməni deputatların Bakıya səfər etməkdən çəkindiklərini söyləmişdir.
Azay Quliyev erməni deputata cavab olaraq bildirmişdir ki, o, Azərbaycanla bağlı qarayaxma kampaniyası aparır. A.Qiqanyan son illərdə Azərbaycan və Türkiyə ilə bağlı yalnız yalanlar söyləməklə özünün təbliğatını qurmağa çalışır. Azərbaycana səfər edənlər ölkənin kifayət qədər tolerant olduğunu bilirlər. Hətta erməni əsilli vətəndaşlar da Azərbaycanda təhlükəsiz şəraitdə yaşayırlar. 2012-ci ildə Avronest Parlament Assambleyasının illik sessiyası Bakıda keçirilmişdir və həmin tədbirdə Ermənistandan səkkiz deputat iştirak etmişdir. Azərbaycan həmin deputatların təhlükəsizliyi üçün tam təminat vermişdir və onların Azərbaycandan gedərkən heç bir narazılıqları olmamışdır. Azərbaycan bu dəfə də erməni deputatların təhlükəsizliyinə tam təminat verir və onların araqarışdıran çıxışlarına baxmayaraq, yay sessiyasında Bakıda bütün iştirakçılar üçün yüksək səviyyədə şərait yaradılacaqdır.
Sonra ATƏT PA-nın prezidenti Ranko Krivokapiç Azərbaycan nümayəndə heyətinin tədbirə hazırlığını yüksək qiymətləndirdiyini, yay sessiyasının Bakıda uğurla keçiriləcəyinə əmin olduğunu söyləmişdir. Digər çıxışçılar da Azərbaycanın mövqeyini dəstəkləmiş, Bakıdakı illik yay sessiyasında iştirak edəcəklərini bildirmişlər.
Sonra
"Ukraynada cari vəziyyət", "Ekstremizm, radikalizm və
ksenofobiyanın güclənməsi: ATƏT məkanı
üçün təhdidlər" mövzularında
xüsusi müzakirələr keçirilmiş və
qış sessiyasının işinə yekun vurulmuşdur.
Elgün NİFTƏLİYEV,
AzərTAc-ın xüsusi müxbiri
Vyana
Azərbaycan.-2014.- 15 fevral.- S.2.