Baş prokuror
İsmayıllıda vətəndaşları qəbul etmişdir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstəriş və tövsiyələrinə müvafiq olaraq vətəndaşların qəbulu, onların müraciətlərinə vaxtında baxılması və haqlı tələblərinin təmin edilməsi bütün dövlət təsisatlarının əsas vəzifələrindən biri kimi müəyyənləşdirilmişdir.
Baş prokuror Zakir Qaralov fevralın 14-də İsmayıllı Rayon Prokurorluğunun inzibati binasında İsmayıllı, Ağsu, Şamaxı, Qobustan, Kürdəmir və Göyçay rayonlarından olan vətəndaşları qəbul etmişdir.
Baş Prokurorluğun mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, qəbuldan əvvəl Zakir Qaralov ümummilli lider Heydər Əliyevin İsmayıllı şəhərindəki abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad etmişdir.
Qəbulda Baş Prokurorluğun məsul əməkdaşları, habelə əlaqədar tabe prokurorları iştirak etmişlər. Zakir Qaralov bölgədə yaşayan 50-yə yaxın vətəndaşın müraciətlərində qaldırılan və bilavasitə prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan məsələlər üzrə onların qanunauyğun, dərhal və operativ şəkildə həll edilməsi üçün Baş Prokurorluğun əlaqədar struktur qurumlarının rəhbərlərinə və tabe rayon prokurorlarına müvafiq göstərişlər vermişdir.
Gün ərzində Baş prokuror tərəfindən qəbul edilən vətəndaşların müraciətlərinin böyük əksəriyyəti elə yerindəcə həllini tapmışdır.
Vətəndaşların ərizə və şikayətlərində qaldırdıqları məsələlərin, o cümlədən konkret cinayət işlərinin istintaqı və törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları ilə əlaqədar və sosial problemlərə aid müraciətlərin bilavasitə prokurorluqda və ya aidiyyəti üzrə müvafiq icra orqanlarında operativ həlli üçün təxirəsalınmaz zəruri tədbirlərin görülməsi təmin edilmişdir.
Eyni
zamanda, qeyd edilən rayonların prokurorlarının
iştirakı ilə müşavirə keçirilməklə
bölgədə ictimai-siyasi sabitliyin daha da möhkəmləndirilməsi,
cinayətkarlığa qarşı mübarizənin səmərəliliyi
və kəsərliliyinin artırılması
üçün konkret tapşırıqlar verilmiş, vətəndaşların
müraciətlərinə obyektiv baxılması və
onların qəbulu işinin düzgün təşkilinə
görə tabe prokurorların fərdi məsuliyyət
daşımaları onların diqqətinə
çatdırılmışdır.
AzərTAc
Azərbaycan.-2014.- 15 fevral.- S.3.