Gerçəkləşmiş arzular

 

"Elm, ancaq xoşniyyətli insanların əlində olanda fayda verir"

                                                                            SOKRAT     

 

 

 

İnsan dünyaya yaşayıb yaratmaq, özündən sonra iz qoymaq üçün gəlir,  yalnız əməksevər, zəhmətkeş insanlar əvəzolunmaz, möhtəşəm işlərə imza ataraq, bir şəxsiyyət kimi mövcud olduqları cəmiyyəti inkişafa doğru apara bilir. Mənən zəngin, elmi potensialı yüksək, dərin insanlar müraciət etdikləri istənilən sferada uğur qazanaraq nəsillərə örnək olur, atdıqları hər addımla, verdikləri hər qərarla  böyük bir işin ərsəyə gəlməsinə səbəb olurlar. Əsl ziyalı üçün elmin istənilən istiqaməti böyük maraq kəsb edir, desək, yanılmarıq. Görkəmli elm xadimiictimai sima olan akademik Arif Mir Cəlal oğlu Paşayevbu cür fenomenlərdəndir.

Alimin dəqiq elmlər üzrə mütəxəssis olmasına baxmayaraq, bir ziyalı - vətəndaş kimi Azərbaycan aviasiya tarixinin araşdırılmasına göstərdiyi diqqət böyük maraq doğurur. Arif müəllim çıxışlarının birində Azərbaycanda  aviasiya tarixinin öyrənilməsi ilə bağlı dərin məna yükü daşıyan fikirlərini belə ifadə etmişdir: "Müəyyən obyektiv səbəblərdən uzun illər Azərbaycanda  aviasiya tarixinin öyrənilməsinə lazımınca fikir verilməmişdir. Lakin  müstəqil və demokratik hüquqi dövlət quruculuğuna başlanması, vətəndaşların milli vətənpərvərlik ruhunda tərbiyələndirilməsi işinin ön plana çəkilməsi Azərbaycanda aviasiya tarixinin öyrənilməsində köklü dönüş yaradılmasını tələb edir.

Azərbaycanda aviasiya tarixinin hərtərəfli tədqiqi elə başlanğıcdan elmi əsaslara söykənməlidir. Acı təcrübə göstərir ki, təsadüfi, naşı adamların "fəaliyyəti" Azərbaycan tarixşünaslığına böyük zərər vermiş, bir çox yanlış fərziyyə  və mülahizələrin yaranmasına səbəb olmuşdur. Bunun qarşısını almaq və Azərbaycanda aviasiya tarixinin tədqiqinin elmi əsaslarla araşdırılmasını  təmin etmək çox önəmlidir. Təcrübə göstərir ki, həm elmi-tədqiqat, həm də tədqiqatların  nəticələrinin təbliği baxımından ən optimal fəaliyyət vasitəsi muzeylərdir. "Azərbaycanda mülki aviasiya muzeyinin" və onun nəzdində Elmi Mərkəzin yaradılması qarşımızda duran zəruri məsələlərdən biridir."

Arif müəllimin Azərbaycan Mülki Aviasiya Muzeyi ilə bağlı arzusu reallaşmış, məhz onun səyi nəticəsində 2005-ci ilin aprel ayında muzey yaradılmışdır. Qısa müddət ərzində Mülki Aviasiya Muzeyinin yerləşməsi nəzərdə tutulan ən müasir standartlara uyğun yeni binanın inşası, onun fondunun əsasını təşkil edən materialların toplanması, həmin materialların ekspozisiyada elmi xronoloji ardıcıllıqla müasir bədii üslubda tərtibatı həyata keçirilmişdir.

Uzun müddət tarixi tədqiqat və təhlillərdən uzaq qalan mülki aviasiyamızın tarixi muzey əməkdaşları tərəfindən toplanmış materiallar əsasında mükəmməl, sistemli şəkildə araşdırılmış və muzeyin ekspozisiyasındakı bölmələrdə öz əksini tapmışdır. Bu bölmələrin hər biri Azərbaycan mülki aviasiyasının yaradılması üçün atılmış ilk addımlardan başlayaraq, dövlət müstəqilliyimizin bərpa edildiyi dövrdən bu gün baş verən surətli inkişafadək  keçilmiş bütün tarixi yolları işıqlandırır.

Azərbaycanda mülki aviasiyamızın dünənini, bugünkü inkişafını təbliğ etmək məqsədi ilə muzeydə mütəmadi olaraq kütləvi tədbirlər, sərgilər həyata  keçirilir. Muzey 100-dən artıq orta, alitexniki peşə liseyləri ilə müqavilələr bağlamış, həmin təhsil ocaqlarından tələbə və şagirdlərin ekskursiyaya gəlmələrini təmin  etmişdir. Həmçinin bu təhsil ocaqlarında muzey əməkdaşları tərəfindən Azərbaycan  mülki aviasiyasına həsr edilmiş müxtəlif mövzularda mühazirələr oxunur. Onu da qeyd etməliyəm ki, muzeydə Azərbaycan aviasiyasında xüsusi xidmətləri olan təyyarəçilərimizə həsr olunmuş tədbir və sərgilərin keçirilməsi ənənə halını almışdır.

Eyni zamanda muzeyimiz tərəfindən mühüm tarixi məqamlara toxunulan CD-disklər, aviasiyamızda müstəsna xidmətləri ilə yadda qalan  təyyarəçilərimiz haqqında silsilə kataloqlar hazırlanmışdır. Akademiyanın  rektoru Arif Mir Cəlal oğlu Paşayevin göstərişi ilə "Azərbaycan Mülki Aviasiya Tarixi (1910-1980)" adlı dərs vəsaiti muzeyimiz tərəfindən tərtib olunmuş və tələbələrin istifadəsinə verilmişdir. Muzeyin elmi mərkəz kimi fəaliyyətini sübut edən çox önəmli və diqqət çəkən məqamlardan biriMülki Aviasiya Akademiyasında tədris olunan Azərbaycan Mülki Aviasiya Tarixi fənninin muzeyimizin ekspozisiyasında əyani vəsaitlərlə tələbələrimizə çatdırılmasıdır.

Mülki Aviasiya Akademiyası Muzeyi təbliğat vasitəsi kimi Azərbaycan teleməkanından da müvəffəqiyyətlə istifadə edir, televiziya kanalları tərəfindən muzey əməkdaşları ilə birlikdə mülki aviasiyamıza həsr edilmiş rəngarəng verilişlər hazırlanır, geniş tamaşaçı auditoriyasına təqdim edilir. Muzeyin əməkdaşları, həmçinin  mülki aviasiyamızla bağlı dövrü mətbuatda silsilə yazılarla çıxış edərək oxucuları məlumatlandırırlar.

Bir sıra idarə və təşkilatların müraciətlərinə əsasən onların Azərbaycan aviasiya tarixi ilə bağlı materiallarla təmin edilməsində muzeyin əhəmiyyətli rolu vardır. Çox sevindirici haldır ki, Mülki Aviasiya Muzeyi təhsil müəssisəsi nəzdində fəaliyyət göstərməsinə baxmayaraq, bu günə qədər minlərlə tamaşaçının xidmətində duraraq, bir növ əsrarəngiz aviasiya tariximizə unudulmaz səyahət təşkil edir.

Diqqəti  cəlb edən məqamlardan biriArif müəllimin, nəinki tariximizə, eləcə də onu yaradan tarixi şəxsiyyətlərə önəm verməsidir. Onun təşəbbüsü ilə müstəqillik tariximizin qurucusu, ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar Mülki Aviasiya Akademiyasında muzeyimiz tərəfindən yüksək zövqlə, yeni tərtibatda "Heydər Əliyev muzeyi" yaradılıb istifadəyə verilmişdir.    

Arif Mir Cəlal oğlu Paşayev tələbələrimizin ziyalı-vətəndaş kimi formalaşması üçün xalqının mədəniyyəti, tarixi, milli mənəvi dəyərləri, eləcə də dünya mədəniyyəti və incəsənəti ilə tanış olmaq, bədii - estetik zövqünü zənginləşdirmək məqsədilə daim sərgilərin keçirilməsini tövsiyə etmişdir. Muzeybu məqsədlə bir çox sərgilər təşkil edərək tələbələrə nümayiş etdirmişdir.

Arif Paşayevin bizə olan diqqəti və qayğısı, insansevərliyi, əməyimizə  verdiyi yüksək qiymət, onun sözlə ifadə edilə bilməyəcək dəyərli mənəvi keyfiyyətləri bizi həmişə böyük həvəslə işləməyə ruhlandırmışdır. Bu gündən sonra da hörmətli rektorumuzun dəstəyi ilə yeni-yeni lahiyələr hazırlayaraq tariximizin tədqiqinə öz töhfələrimizi verəcəyimizə əminik.

 

 

 

Firəngiz HÜSEYNOVA,

Azərbaycan Mülki Aviasiya Muzeyinin direktoru, əməkdar mədəniyyət işçisi

Azərbaycan.-2014.- 15 fevral.- S.4.