Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin 2013-cü

 ildəki fəaliyyəti ilə bağlı hesabat yığıncağı keçirilmişdir

 

Fevralın 14-də Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin 2013-cü ildəki fəaliyyəti ilə bağlı hesabat yığıncağı keçirilmişdir.

Komitənin sədri Elşad İskəndərov hesabat məruzəsi ilə çıxış edərək ötən il görülmüş işlərdən danışmışdır.

Bildirilmişdir ki, Azərbaycan Prezidenti İlham Əliyevin ardıcıl və məqsədyönlü siyasəti, milli mənəvi dəyərlərimizə yüksək səviyyədə qayğısı din-dövlət münasibətləri sahəsində qarşıya qoyulmuş məqsədlərin reallaşdırılması üçün geniş imkanlar yaradır. 2013-cü ildə bu istiqamətdə həyata keçirilmiş çoxsaylı tədbirlər bunun bariz nümunəsidir.

Diqqətə çatdırılmışdır ki, ötən il əsaslı bərpa və yenidənqurmadan sonra Sumqayıt və Şamaxı Cümə məscidlərinin istifadəyə verilməsi, Qəbələ şəhərində yeni məscid kompleksinin açılışı, Heydər Əliyev Fondu tərəfindən Xəzər rayonu, Binə qəsəbəsində İmam Rza məscidinin əsaslı təmir olunması, eləcə də Bakı və Azərbaycan Yeparxiyasının Pravoslav Dini-Mədəniyyət Mərkəzinin açılışı xüsusi qeyd edilməlidir.

Azərbaycan Prezidentinin müvafiq tapşırıq və sərəncamlarının icrası ilə bağlı DQİDK 2013-cü ildə din-dövlət münasibətləri sahəsində icmalarla maarifləndirmə işi, dini qurumlarda olan problemlərin həlli, milli mənəvi dəyərlərimizin inkişafı istiqamətində 150-dən artıq tədbir həyata keçirmişdir. Eyni zamanda, insan hüquqları sahəsində 30-dan artıq tədbir təşkil edilmişdir.

2013-cü ildə 12 dini icma dövlət qeydiyyatına alınmış, bununla da dövlət qeydiyyatından keçmiş dini qurumların ümumi sayı 588-ə çatmışdır. Həmçinin 688 adda dini məzmunlu ədəbiyyata baxılmış, dini dözümsüzlüyü, ayrı-seçkiliyi və radikallığı təbliğ edən 29 adda kitabın ölkəyə idxalı məqsədəuyğun sayılmamışdır. Ölkədə çap olunmaq məqsədi ilə ekspertizaya 209 adda dini ədəbiyyat təqdim olunmuş, onlardan 4-də dini dözümsüzlüyü təbliğ edən fikirlər olduğundan çapına razılıq verilməmişdir.

Dindarlar arasında vətənpərvərlik və dövlətçilik ruhunun gücləndirilməsi məqsədi ilə bir sıra uğurlu tədbirlər həyata keçirilmişdir. Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar "Dini dözümlülük və tolerantlıq Azərbaycan milli kimliyinin ayrılmaz hissəsi kimi" mövzusunda jurnalistlər arasında məqalə müsabiqəsi, "Keçmişdən gələcəyə: milli mənəvi dəyərlərimizin qorunması" mövzusunda respublika konfransı, müxtəlif konfessiyalara mənsub dini icmalar arasında ölkədə ilk dəfə tolerantlıq kuboku uğrunda mini futbol turniri, müxtəlif konfessiyalara (müsəlman, yəhudi, xristian) mənsub dini icmaların iştirakı ilə "Yaşıl dünyamızı birgə qoruyaq" adlı ağacəkmə aksiyası keçirilmişdir.

Dini maarifləndirmə işi gücləndirilmiş və respublikanın cənub, Şirvan, şimal, Qarabağ, Sumqayıt-Abşeron və qərb bölgələrində fəaliyyət göstərən dini icma sədrləri, din xadimləri, ilahiyyatçılar, həmçinin ictimaiyyətin fəalları üçün "Dövlət-din münasibətləri və maarifləndirmə işi" mövzusunda regional konfranslar keçirilmişdir. Həmin konfransların yekunu olaraq 2013-cü il oktyabrın 2-də Bakıda "Dövlət-din münasibətləri və maarifləndirmə işi" mövzusunda respublika konfransı təşkil edilmişdir. İlk dəfə olaraq 40-dan çox dini icma "Dini icmaların sosial layihələrinə dəstək proqramı"na cəlb edilmişdir.

Qeyd edilmişdir ki, DQİDK tərəfindən yaradılan Milli Tolerantlıq Mərkəzinin beynəlxalq təqdimat mərasimi II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilmişdir. Həmçinin Dövlət Komitəsinin bilavasitə təşkilatçılığı və dəstəyi ilə BMT, UNESCO və Avropa Parlamentinin mənzil-qərargahları da daxil olmaqla, Azərbaycanda dini tolerantlığı əks etdirən beynəlxalq fotosərgilər və konfranslar təşkil olunmuş, "Azərbaycan - İslam incisi" layihəsi həyata keçirilmişdir.

Tədbirdə DQİDK-nın yeni loqosunun təqdimatı olmuşdur.

 

 

 

AzərTAc

Azərbaycan.-2014.- 15 fevral.- S.4.