Azərbaycanda Qadın
İştirakçılığı Proqramının
ikinci mərhələsinə
başlanılmışdır
ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) maliyyə dəstəyi ilə "Kaunterpart İnternational" təşkilatının Azərbaycanda 2012-ci ildən etibarən həyata keçirdiyi Qadın İştirakçılığı Proqramının ikinci mərhələsinə başlanılmışdır.
AzərTAc xəbər verir ki, bununla bağlı fevralın 14-də Azərbaycan Universitetində keçirilən tədbirdə "Lider Qadınlar" İctimai Birliyinin sədri, Milli Məclisin deputatı Məlahət Həsənova və Universitet Təhsilli Qadınlar Cəmiyyətinin sədri Tamam Cəfərova çıxış edərək proqram çərçivəsində görülmüş işlərdən danışmışlar.
Diqqətə çatdırılmışdır ki, proqramın ümumi məqsədi ictimai məlumatlandırma, qadınların qərarvermə proseslərinə təsirinin gücləndirilməsi, qadın hüquqları sahəsində fəaliyyət göstərən vətəndaş cəmiyyəti təşkilatlarının və dövlət strukturlarının bacarıqlarının artırılması yolu ilə Azərbaycanda qadınların vəziyyətinin yaxşılaşdırılmasıdır.
Məlumat verilmişdir ki, layihənin birinci dövrü ötən ilin iyul ayında uğurla başa çatmışdır. Bu müddətdə "Lider Qadınlar", "Qadınlar gələcək uğrunda" ictimai birlikləri və Universitet Təhsilli Qadınlar Cəmiyyətindən ibarət koalisiya Qadın İştirakçılığı Proqramı çərçivəsində "Qərar qəbulu prosesində qadınların bərabərhüquqlu təmsilçiliyinin artırılması gender bərabərliyinin əsas şərtidir" adlı layihəni həyata keçirmişdir. Layihə müddətində Bakıda və Azərbaycanın 5 bölgəsində (Şəmkir, Gədəbəy, Lerik, Qobustan, Xızı) qadın liderliyi ilə bağlı silsilə maarifləndirmə təlimləri, məmurların iştirakı ilə ictimai dinləmələr keçirilmişdir. Bu il yanvarın 15-dən isə Qadın İştirakçılığı Proqramının ikinci mərhələsinə başlanılmışdır. İkinci mərhələdə "Seçkili orqanlarda qadınların təmsilçiliyinin artırılması" layihəsi icra olunacaqdır. Layihənin əsas məqsədi seçkili orqanlarda qadınların təmsilçiliyini artırmaq, onların siyasi və sosial-iqtisadi proseslərə təsirini gücləndirməkdir.
Bildirilmişdir ki, qadınların siyasi iştirakçılığının, seçkili orqanlarda təmsilçiliyinin artırılması zərurətinin əsaslandırılması ilə bağlı ictimai məlumatlandırma və maarifləndirmə kampaniyasının aparılması, onların namizəd qismində seçkilərdə iştirak etməyə həvəsləndirilməsi, habelə potensial qadın namizədlərin seçki texnologiyaları sahəsində maarifləndirilməsi, qadın namizədlərin seçki kampaniyasının təşkili, o cümlədən könüllü qadın müşahidəçilərin hazırlanması layihənin əsas vəzifələrindəndir. Bundan əlavə, qarşıdan gələn bələdiyyə və parlament seçkilərində qadın namizədlərin sayının artırılması və qadınların siyasi iştirakçılığı platformasının gücləndirilməsi də layihənin hədəflərindən sayılır.
Layihə çərçivəsində Bakı, Salyan, Sabirabad, Lerik, Yardımlı, İsmayıllı və Yevlaxda qadın forumları, ictimai dinləmələr, bələdiyyə seçkilərində namizəd qadınlar və müşahidəçilər üçün, eləcə də 18-35 yaşlı qadınlar üçün sahibkarlığın inkişafı ilə bağlı silsilə təlimlər keçiriləcəyi də qeyd edilmişdir. Layihə 2015-ci il iyun ayında başa çatacaqdır.
Bildirilmişdir ki, layihə birinci mərhələdə olduğu kimi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin dəstəyi və iştirakı ilə həyata keçiriləcəkdir.
Sonra
mövzu ilə bağlı müzakirələr
aparılmış və müvafiq təkliflər
verilmişdir.
Azərbaycan.-2014.- 15 fevral.- S.4.