Şərəfli ömür yolu
Ziya Yusif-zadə-85
Mənalı ömür yolu nəsillərə örnək olan Ziya Yusif-zadənin mühüm tarixi dövrü əhatə edən həyatı, şərəfli əmək fəaliyyəti, əldə etdiyi nailiyyətlər sadalamaqla bitən deyil. Çoxsaylı dövlət mükafatları, orden-medallar, fəxri fərmanlar, qiymətli hədiyyələr ləyaqətli və səmərəli ömür yolundan soraq verir. Onun yetirmələri, bu və ya digər şəkildə kömək, qayğı göstərdiyi kadrlar hazırda müstəqil Azərbaycanın təhlükəsizliyinə şərəflə xidmət edirlər. O, Azərbaycanın təhlükəsizlik orqanlarının peşəkarlıq tarixinə dəyərli töhfələr verən əməkdaş və rəhbərlərdəndir.
Vətənə xidmətdən yorulmaq bilməyən bu insanın - Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasının rəisi general-leytenant Ziya Yusif-zadənin rəhbərliyi ilə bu mühüm təhsil ocağında bu gün keçmiş təcrübəyə, müsbət ənənələrə söykənərək müstəqil ölkənin milli maraqlarına və dövlət mənafelərinə, çağdaş dövrün reallıqlarına, çağırış və tələblərinə uyğun tədris işi təşkil olunur və aparılır. Tədrisin əsasını ulu öndər Heydər Əliyevin peşəkarlıq məktəbi və dövlətçilik amalları təşkil edir.
General-leytenant Ziya Yusif-zadə 1929-cu il fevralın 15-də Azərbaycanın qədim diyarı olan Şəkidə, yazıçı-publisist Məmmədiyyə Yusif-zadənin ocağında dünyaya göz açıb.
Böyük Vətən müharibəsi başlayan ərəfədə Zaqatala rayon maarif şöbəsinin müdiri vəzifəsində çalışan Məmmədiyyə Yusif-zadə müharibəyə getməkdən azad edilməsinə baxmayaraq təkidli müraciətdən sonra nəhayət ki, könüllü olaraq cəbhəyə yollanır. O, müharibənin çətin yolları iləı mərdliklə irəliləyərək Berlinə qədər döyüş yolu keçir və 1946-cı ildə vətənə qayıdır. Atasının müharibədə olduğu müddət ərzində ailənin qayğı yükü kiçik Ziyanın kövrək çiyinlərinə düşür və o, bu yükü ləyaqətlə daşıyır. Yeniyetmə çağlarında çətinliklərlə üzləşsə də, gələcəyə inamını itirmir. Həyat onu çox sınaqlara çəkir, lakin o, bütün çətinliklərə mətanətlə sinə gərir. Hələ məktəbli ikən on beş yaşlı Ziyanın dövlət tərəfindən "Rəşadətli əməyə görə" medalı ilə təltif olunması yuxarıda qeyd etdiklərimizi bir daha təsdiqləyir.
Ziya Yusif-zadə Zaqatalada orta məktəbi qızıl medalla bitirdikdən sonra Moris Torez adına Moskva Dövlət Pedaqoji Xarici Dillər İnstitutunun ingilis dili fakültəsinə daxil olur və həmin ali məktəbi fərqlənmə diplomu ilə bitirir. 1952-55-ci illərdə Azərbaycan SSR Maarif Nazirliyində və Azərbaycan SSR Nazirlər Sovetində məsul vəzifələrdə çalışır. 1956-cı ildə Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsində əmək fəaliyyətinə başlayır.
Ziya Yusif-zadə işinə məsuliyyətli yanaşması, yüksək intellektual səviyyəsi, özünə və tabeçiliyində olanlara tələbkarlığı və qayğısı ilə seçilir. Bunlar onun sıravi işçidən Azərbaycan DTK-nın sədri vəzifəsinə qədər yüksəlməsinə gətirib çıxarmışdır.
Qısa müddət ərzində
təhlükəsizlik orqanlarında ən çətin və
olduqca məsul vəzifələrdə çalışaraq
1970-76-cı illərdə Azərbaycan SSR Nazirlər Soveti
yanında DTK-nın əks-kəşfiyyat şöbəsinin
rəisi, 1976-80-ci illərdə DTK sədrinin birinci
müavini, 1980-88-ci illərdə DTK-nın sədri vəzifəsində
işləmişdir. 1977-ci
ildə general-mayor, 1984-cü ildə general-leytenant hərbi
rütbəsini almışdır.
Yuxarıda göstərilən müddət ərzində
Ziya Yusif-zadə bir neçə çağırış
Bakı Sovetinin, Azərbaycan SSR Ali Sovetinin və SSRİ Ali
Sovetinin deputatı seçilmişdir. 1970-1988-ci illərdə
Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin
üzvlüyünə namizəd, MK üzvü, MK-nın
büro üzvlüyünə namizəd, 1980-1988-ci illərdə
MK-nın büro üzvü olmuşdur.
Ziya müəllim sərbəst dörd xarici dil bilir. Bu
xüsusatla, habelə səriştəsi və peşəkarlığı
ilə əlaqədar orqanlarda fəaliyyəti dövründə
bir çox xarici dövlətlərdə qısa və
uzunmüddətli xidməti ezamiyyətlərdə
olmuşdur.
Ziya Yusif-zadənin Azərbaycan DTK-ya rəhbərlik
etdiyi dövr (1980-1988) keçmiş SSRİ məkanında
ictimai-siyasi həyatda böyük dəyişikliklərin,
mürəkkəb proseslərin baş verdiyi bir dövr idi. Məhz həmin dövrdə
millətlər arasında münaqişələrə start
verildi. 1987-ci ildə Heydər Əliyev
M.Qorbaçovun yeritdiyi siyasətə etiraz əlaməti
olaraq istefa verdikdən sonra erməni separatçıları
Dağlıq Qarabağın Azərbaycandan qoparılması
üçün açıq mübarizəyə
başlamışdılar. Ziya müəllim
bu ağrılı hadisələrin canlı şahidi
olmuşdur.
Məlum hadisələr zamanı SSRİ-nin bir dövlət
kimi gücə və hegemonluğa söykənən siyasi
platformasında Azərbaycan xalqına qarşı
haqsızlıqlar xüsusi yer almışdı. 20 Yanvar hadisələrindən
sonra Moskvanın emissarı kimi ölkə rəhbərliyinə
gətirilmiş, mənasız hərəkətləri və
məntiqsiz nitqləri lətifəyə çevrilən
Əbdürrəhman Vəzirov, əlbəttə, ulu öndər
Heydər Əliyevin yaxın silahdaşı, yüksək
peşəkarlığı, təşkilatçılıq
və təşəbbüskarlıq qabiliyyətinə malik,
böyük idarəçilik məktəbi keçmiş
Ziya Yusif-zadəni dövlətin ən mühüm
postlarından birində saxlamaq istəməzdi və belə də
oldu. 1988-ci ildə Azərbaycan DTK-nın sədri
vəzifəsindən kənarlaşdırılsa da, əmək
fəaliyyətinə və həyat təcrübəsinə
həmişə və hər yerdə ehtiyac duyulan bu şəxs
Nazirlər Kabinetində məsul vəzifədə
çalışdı. Belə ki, Ziya
Yusif-zadə 1988-1992-ci illərdə Azərbaycan SSR Nazirlər
Sovetində olduqca mühüm sahədə - Millətlərarası
Münasibətlər şöbəsinin müdiri vəzifəsində
işləmişdir.
1993-cü ildə ikinci dəfə hakimiyyətə
qayıdan Heydər Əliyev müasir tariximizə
xalqımızın xilaskarı, müstəqil dövlətçiliyimizin
memarı və qurucusu kimi daxil oldu. Ulu öndər
müstəqilliyin qorunub saxlanılması üçün,
ilk növbədə ölkədə sabitliyin və ictimai
asayişin təmin olunmasının, qanunçuluğun
möhkəmləndirilməsinin vacibliyinə, bu işdə
hüquq-mühafizə, xüsusilə təhlükəsizlik
orqanlarının fəaliyyətinə böyük önəm
verirdi. O, müstəqil dövlətdə xüsusi xidmət
orqanının fəaliyyətinə, zamanın tələblərinə
uyğun yenidən formalaşmasına diqqətlə
yanaşır və deyirdi: "Milli Təhlükəsizlik
Nazirliyi Azərbaycanın dövlət orqanları arasında
xüsusi yer tutur və arzu edirəm ki, öz əməli
işinizlə, fəaliyyətinizlə belə yüksək
yer tutmağa həmişə nail olasınız".
Azərbaycan təhlükəsizlik orqanlarında hərtərəfli
dünyagörüşünə, dərin biliyə malik kadr
potensialının formalaşmasına, onların peşəkarlıq
səviyyəsinin yüksəldilməsinə daim diqqət və
xüsusi tələbkarlıqla yanaşan ulu öndər Heydər
Əliyev bunun üçün respublikamızda xüsusi təhsil
ocağının olmasını vacib sayırdı. Milli Təhlükəsizlik
Nazirliyinin Akademiyasının yaradılması haqqında 1
dekabr 1998-ci il tarixli sərəncamı ilə
Prezident Heydər Əliyev belə bir məktəbin təməlini
qoydu və bu təhsil ocağının formalaşması ilə
bağlı çətin, eyni zamanda məsuliyyətli vəzifəni
birgə fəaliyyət dövründən yaxından
tanıdığı və qabiliyyətinə
inandığı Ziya Yusif-zadəyə tapşırdı. Milli Təhlükəsizlik Nazirliyinin
Akademiyasının rəisi vəzifəsinə Ziya Yusif-zadənin
təyinatı təsadüfi deyildi. Ulu
öndər əmin idi ki, onunla uzun illər birlikdə
çiyin-çiyinə çalışmış, necə
deyərlər, sınaqdan, bərkdən-boşdan
çıxmış Ziya Yusif-zadəyə bu cür çətin
və məsuliyyətli işi etibar etmək olar.
Qürur hissi ilə qeyd etməliyik ki, bu gün
xalqımızın böyük oğlu Heydər Əliyevin
adını daşıyan Akademiya müstəqil dövlətçiliyə,
vətənə və xalqa ləyaqətli xidmətin parlaq
nümunələrini özündə yaşadır.
Akademiya
yarandığı gündən ona rəhbərliyi uğurla
həyata keçirən general-leytenant Ziya Yusif-zadə
böyük şəxsiyyət Heydər Əliyev tərəfindən
bu vəzifəyə təyin olunduğunun məsuliyyətini
bir an belə unutmur, şəxsi heyətlə
görüşlərində təyinat gününün
unudulmaz anlarını daim xatırlayaraq, sanki bu məsuliyyətin
hər kəsə sirayət etməsinə
çalışır. Ziya müəllim gənc
nəslin tərbiyəsində Heydər Əliyev fenomeninin,
onun ülvi amallarının gələcəyin qurucularına
çatdırılmasının ən mühüm faktor
olduğunu daim önə çəkir. Hər
söhbətdə ulu öndərin şəxsi keyfiyyətlərindən,
peşəkar fəaliyyətindən yeni-yeni faktlar söyləməsi,
maraqlı hadisələri xatırlaması dinləyicidə
heyrət və qürur doğurur. Belə söhbətlərdən
sonra hər kəs Ziya müəllimlə yeni görüşə,
yeni faktları eşitməyə can atır.
Ziya müəllim keçmiş illəri yada saldıqda
xalqımızın ümummilli lideri Heydər Əliyevi
böyük ehtiramla xatırlayır və qeyd edir ki,
özünün orqanlardakı müvəffəqiyyətli
inkişafı məhz ulu öndərlə
bağlıdır. Onun ümummilli liderimizin orqanlarda fəaliyyəti
barədə çıxışları gələcəyin
zabitləri tərəfindən olduqca maraqla
qarşılanır. Hər bir çıxış
özündə Heydər Əliyevin yüksək peşəkarlığını,
milli təəssübkeşliyini, geniş siyasi
dünyagörüşünü, ekstremal şəraitdə
təmkinliyini, çətinlikləri böyük məharətlə
dəf etmək bacarığını, hər bir insana fərdi
yanaşmasını, xalqını və torpağını
hədsiz dərəcədə sevməsini şəxsi heyətə
incəlikləri ilə çatdırır və əbədi
olaraq onların yaddaşına həkk etdirir.
Ziya müəllim ümummilli liderin qətiyyətli
tövsiyəsi ilə bu mühüm missiyanı üzərinə
götürərkən, görüləcək işlərin
vacibliyini və məsuliyyətini yaxşı dərk edirdi. Əvvələr
respublikalarda heç bir vaxt ayrıca möcvud olmayan xüsusi
ali hərbi təhsil ocağının və
burada mükəmməl tədris sisteminin təşkili
heç də asan deyildi. İlk dövrdə Azərbaycanın
qarşısında Dövlət Sərhəd Xidməti
üçün ali savadlı zabitlərin
və sərhəd nəzarətçilərinin
hazırlanması da çox vacib idi. Bunları təşkil
etmək üçün mükəmməl tədris
bazasının yaradılması lazım idi və bu iş
qısa müddətdə təşkil olunmalı idi.
Böyük
coşqunluqla respublikamızda yeni və spesifik təhsil
işinin təməlini qoyan Ziya müəllim nüfuzundan
istifadə edərək Akademiyada tikinti-quruculuq işlərinin
sürətlə aparılmasına nail oldu, eyni uğurla təhsil
prosesinə start verildi, kafedralar, fakültələr təşkil
edildi, yeni təyinat almış professor-müəllim heyəti
ilə dərsliklərin, dərs vəsaitlərinin,
monoqrafiyaların, tədris proqramlarının
hazırlanmasına başlanıldı.
Ziya
müəllim çətinliklərdən və
Akademiyanın inkişaf yolundan söhbət açanda
2004-cü ili Milli Təhlükəsizlik
Nazirliyinin əməliyyat-xidməti fəaliyyəti, eləcə
də bu təhsil ocağı üçün
dönüş ili kimi səciyyələndirir. O,
general-leytenant Eldar Mahmudovun milli təhlükəsizlik naziri vəzifəsinə
təyinatından iki gün sonra Akademiyaya gələrək
buradakı vəziyyətlə ətraflı tanış
olmasını, həyata keçirilən təmir-tikinti və
quruculuq işlərinə gündəlik nəzarəti və
tələbkarlığını xüsusi vurğulayır. Həqiqətən də həmin dövrdən
başlayaraq Akademiyada aparılan təmir-tikinti və quruculuq
işləri daha geniş, beynəlxalq standartlara və
müasir tələblərə uyğun vüsət aldı.
General-leytenant Eldar Mahmudovun mütəmadi olaraq Akademiyanın
mövcud problemləri ilə maraqlanması və onları dərhal
yerindəcə həll etməsi, təlim-tədrisin səviyyəsinin
daha da yüksəldilməsinə və səmərəliliyinin
artırılmasına ciddi təkan verdi.
Yeri gəlmişkən qeyd etməliyik ki, bu proses indi də
uğurla davam etdirilir.
Ümummilli
lider Heydər Əliyevin nəsillərə örnək fəaliyyətini
əks etdirən "Şöhrət" muzeyinin
yaradılması, Akademiyanın həyətində dahi
insanın möhtəşəm abidəsinin
ucaldılması, yeni inzibati binaların və tədris
korpuslarının, müasir standartlara cavab verən
yataqxanaların, idman sağlamlıq mərkəzinin
tikilməsi, tədris otaqlarının, kriminalistika
laboratoriyalarının, linqafon kabinetlərinin, kompyuter
zallarının, mədəni-kütləvi tədbirlərin
keçirilməsi üçün nəzərdə tutulan
klubların ən müasir avadanlıqlarla və texniki ləvazimatlarla
təchiz olunması, zəngin fonda malik xüsusi və
ümumi kitabxanaların istifadəyə verilməsi milli təhlükəsizlik
nazirinin bilavasitə rəhbərliyi və nəzarəti
altında həyata keçirilən işlərin yalnız
bir hissəsidir.
General-leytenant
Eldar Mahmudovun təşəbbüsü ilə Prezident
İlham Əliyevin 20 dekabr 2005-ci il tarixli
sərəncamı ilə Akademiyaya Heydər Əliyevin
adının verilməsi çox böyük hadisə idi.
Ali
Baş Komandanın 2006-cı il martın 27-də Akademiyaya gəlişi
"Şöhrət" muzeyinin, ümummilli liderin əzəmətli
abidəsinin açılışı mərasimində
iştirakı, abadlıq və quruculuq işləri ilə
yerində tanış olması təhsil müəssisəmizin
tarixində yeni və parlaq səhifə açdı. Prezident, Ali Baş Komandan İlham
Əliyev tərəfindən Akademiyaya əsgəri şərəf,
şücaət və şöhrət rəmzi olan
Döyüş Bayrağının şəxsən təqdim
olunması isə Azərbaycan dövlətçiliyinə sədaqətini
əməli fəaliyyəti ilə sübuta yetirmiş
kollektivimizə böyük inamın və etimadın təzahürü
idi. Həmin gün Prezident şəxsi heyətlə
görüşündə demişdir: "Bu gün Akademiya
ilə tanış olarkən gördüm ki, burada işlər
yüksək səviyyədə qurulub, qısa müddət ərzində
böyük təmir-tikinti işləri
aparılmışdır. Akademiyanın
binaları yüksək səviyyədə təmir
olunmuş, yeni avadanlıq
quraşdırılmışdır. Bir
sözlə, indi Akademiya ən yüksək standartlara cavab
verir".
Bu
sözlər Akademiyanın fəaliyyətinə verilən ən
yüksək qiymət, eyni zamanda Akademiya rəhbərliyinin,
general-leytenant Ziya Yusif-zadənin çətin, gərgin vəzifələrin
öhdəsindən bacarıqla gəlməsinin tutarlı ifadəsi
idi. SSRİ Dövlət Təhlükəsizlik
orqanlarının və Azərbaycan Respublikası Milli Təhlükəsizlik
Nazirliyinin fəxri əməkdaşı general-leytenant Ziya
Yusif-zadə Prezident İlham Əliyevin sərəncamlarına
əsasən 2004-cü ildə "Azərbaycan
bayrağı", 2009-cu ildə isə "Şöhrət"
ordeni ilə təltif olunmuşdur. Ümumən,
Ziya müəllim xidmət etdiyi dövrlər ərzində
Azərbaycan Respublikasının, SSRİ-nin və bir çox
xarici dövlətlərin 40-dan artıq orden və medalı
ilə təltif edilmişdir.
Bu gün
Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev
adına Akademiyası xalqa, vətənə, dövlətə
ləyaqətli xidməti ilə nümunə olan şəxsi
heyətinə, intellekt səviyyəsinə və
dünyagörüşü ilə yüksəklərdə
duran professor-müəllim heyətinə, müstəqil Azərbaycan
Respublikasının təhlükəsizliyinin
qorunmasını həyat amalı kimi seçən kursant və
dinləyici auditoriyasına malik, təhsilə
novator yanaşma metodlarının uğurla tətbiq
olunduğu möhtəşəm və müasir tədris
ocağıdır. Tədrisdə başlıca
deviz - Heydər Əliyev amallarına və peşəkarlıq
ənənələrinə, müstəqilliyə və
dövlətçiliyə sədaqət, vətənpərvərlik
və təhsildə yüksək göstəricilərə
malik olmaqdır.
95 yaşlı Azərbaycan təhlükəsizlik orqanlarının 15 yaşlı Akademiyasının rəisi general-leytenant Ziya Yusif-zadənin 85 yaşı tamam olur. Ömrünün 58 ilini təhlükəsizlik orqanlarında xidmətə həsr etmiş bu insanın çoxillik həyat təcrübəsi ilə yanaşı, həm də dərin yeniləşməyə, müasirləşməyə meylli yaratmaq və qurmaq həvəsi Ziya Yusif-zadə şəxsiyyətinin bütövlük rəmzinin ifadəsi, onun mühüm bir sahəyə uğurlu rəhbərliyinin başlıca şərtidir.
İsgəndər ALLAHVERDİYEV,
general-mayor
Azərbaycan.-2014.- 15 fevral.- S.5.