«Xocalıya ədalət»
kampaniyası çərçivəsində Ukraynada
elan
olunmuş «Xocalı ayı» ilə
bağlı tədbirlərə
Odessa şəhərində start
verilmişdir
Ukrayna Azərbaycanlı Gənclər Birliyinin (UAGB), Ümumukrayna Gənclər Assambleyasının və Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumunun (ASAIF) Ukraynada elan etdiyi "Xocalı ayı" ilə bağlı tədbirlərə Odessa şəhərindən start verilmişdir.
UAGB-nin
mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, tədbir
"Xocalıya ədalət" kampaniyası çərçivəsində
keçirilir.
Odessada təşkil olunan anım mərasiminin iştirakçıları - azərbaycanlı və ukraynalı gənclər, diplomatlar, bir sıra xalqların diaspor təmsilçiləri əvvəlcə Xocalı faciəsi qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər. Anım mərasimində UAGB-nin Odessa vilayət təşkilatının sədri Samirə Əliyeva çıxış edərək son iki əsrdə ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri işğalçılıq və soyqırımı siyasətini tarixi faktlarla tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.
1992-ci il fevral ayının 26-da erməni silahlı dəstələrinin Xocalı şəhərində uşaqlara, qadınlara, qocalara və dinc əhaliyə qarşı həyata keçirdikləri misli görünməmiş vəhşiliklərdən söz açan Azərbaycanın Ukraynadakı səfirliyinin birinci katibi Sabir Rzayev, UAGB-nin sədri Anar Tahirov və başqaları faciənin törədilməsindən 22 il keçməsinə baxmayaraq, dünya birliyinin və beynəlxalq təşkilatların Xocalı soyqırımına hüquqi-siyasi qiymət verməmələrini tarixi ədalətsizlik kimi səciyyələndirmişlər.
Mərasim iştirakçıları Heydər Əliyev Fondu tərəfindən hazırlanmış "Xocalı harayı" filmini izləmişlər. Filmdə ermənilərin 22 il öncə azərbaycanlılara qarşı həyata keçirdikləri bəşəri cinayətdən bəhs olunur.
Filmin nümayişindən sonra Odessa meri yanında gənclər təşkilatının sədri İnna Tımçik "Xocalı faciəsini törədənlər beynəlxalq məhkəmə qarşısında cavab verməlidir" şüarını səsləndirmiş və bildirmişdir ki, ukraynalı gənclər indiyədək belə bir bəşəri cinayətə göz yuman dünya birliyini haqqa və ədalətə səsləyirlər. Qeyd olunmuşdur ki, Xocalı faciəsi dünyada baş verən ən amansız qətliamlardan biridir. Biz təəssüf edirik ki, indiyədək beynəlxalq təşkilatlar belə bir bəşəri cinayətə hüquqi-siyasi qiymət verməmişdir. Əminik ki, gec-tez dünya birliyi Xocalı faciəsini soyqırımı aktı kimi tanıyacaqdır.
Tədbirdə Xocalı soyqırımına hüquqi-siyasi qiymət verilməsi üçün beynəlxalq təşkilatlara müraciət qəbul olunmuşdur.
AzərTAc
Azərbaycan.-2014.- 15 fevral.- S.5.