İtaliyanın «Notizie Geopolitiche» xəbər portalında

Xocalı soyqırımı ilə bağlı məqalə yerləşdirilib

 

 

 

İtaliyanın "Notizie Geopolitiche" xəbər portalında Xocalı soyqırımı ilə bağlı məqalə yerləşdirilmişdir.

Məqalədə bildirilir ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycanın Xocalı şəhərində erməni silahlı birləşmələri keçmiş sovet ordusunun Xankəndidəki 366-cı motoatıcı alayı ilə birgə dəhşətli cinayət törətmişlər. 106 qadın, 63 azyaşlı uşaq olmaqla 613 nəfərin həyatına son qoyulan faciə nəticəsində 8 ailə bütünlüklə məhv edilmiş, 25 uşaq hər iki valideynindən, 130 uşaq isə valideynlərinin birindən məhrum edilmişdir.

Yazıda rəsmi Bakının Xocalıda baş verənlərin beynəlxalq birlik tərəfindən soyqırımı kimi tanınmasının vacibliyi ilə bağlı mövqeyi oxucuların diqqətinə çatdırılır. Bildirilir ki, məşhur jurnalist, "Qara bağ" kitabının müəllifi Tomas de Vaal 2000-ci ildə hazırkı Ermənistan prezidenti Serj Sarkisyandan müsahibə almışdır. S.Sarkisyan müsahibəsində demişdir: "Xocalı hadisələrinədək azərbaycanlılar elə bilirdilər ki, ermənilər dinc əhaliyə əl qaldıra bilməyən insanlardır. Bu düşüncələri dəyişmək lazım idi. Belə də oldu". Bu fikirlər Xocalı qətliamının məhz ermənilər tərəfindən törədilən ağır cinayət olduğunu bir daha sübut edir.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ətraflı məlumat verilən məqalədə diqqətə çatdırılır ki, problem Ermənistanın ərazi iddiaları nəticəsində baş vermişdir. 1994-cü ildə tərəflər arasında atəşkəsə dair razılıq əldə olunsa da, cəbhə xəttində tez-tez silah səsləri eşidilməkdədir.

Müəllif münaqişənin sülh yolu ilə həll edilməsi üçün yaradılmış ATƏT-in Minsk qrupunun fəaliyyətinə də toxunmuşdur. Qeyd etmişdir ki, problemin nizamlanması istiqamətində qurum bir sıra addımlar atsa da indiyədək heç bir nəticə əldə edilməmişdir.

Yazıda münaqişəyə dair Azərbaycan tərəfinin mövqeyi də əks olunur: məsələ yalnız erməni silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan torpaqlarından çıxarılması, qaçqın və məcburi köçkünlərin yurdlarına qayıtmalarından sonra həllini tapa bilər. Məqalədə, həmçinin cari il fevralın 12-də Romada Xocalı soyqırımı ilə bağlı keçirilmiş beynəlxalq konfransdan da bəhs edilir. Konfransda müzakirə olunan məsələlərin yer aldığı yazıda tədbirin İtaliya ictimaiyyətini Dağlıq Qarabağ münaqişəsi, o cümlədən Xocalı soyqırımı ilə bağlı məlumatlandırmaq məqsədi daşıdığı qeyd olunur. Məqalənin tam mətni ilə aşağıdakı linkdə tanış olmaq mümkündür:

http://www.notiziegeopolitiche.net/?p=38257

 

 

 

Maqsud Dadaşov,

AzərTAc-ın xüsusi müxbiri

Roma

Azərbaycan.-2014.-15 fevral.-S.5.