Rumıniyanın «Agerpres» xəbər agentliyi Xocalı faciəsinin

22-ci ildönümü ilə bağlı məqalə yaymışdır

 

 

 

Azərbaycanın Rumıniyadakı səfirliyinin təşəbbüsü ilə Rumıniya-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Dumitru Balanın bu ölkənin "Agerpres" milli xəbər agentliyinin saytında Xocalı faciəsinin 22-ci ildönümü ilə əlaqədar "Tarixi ədalətsizlik" başlıqlı məqaləsi yerləşdirilmişdir.

Məqalədə Dağlıq Qarabağın Azərbaycanın əzəli torpağı olması barədə tarixi faktlara geniş yer verilmişdir.

Müəllif sovetlər dövründə ermənilərin Dağlıq Qarabağ uğrunda ədalətsiz siyasi mübarizə aparmalarından, Dağlıq Qarabağda 1988-ci ildə başlayan separatçı hərəkatın 1990-cı ilin sonundan etibarən erməni terrorçu qruplaşmalarının hərbi fəaliyyəti ilə davam etməsindən, ermənilərin Xocalıda amansız kütləvi qətliam törətmələrindən bəhs etmişdir. Qeyd edilmişdir ki, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində 20 mindən artıq azərbaycanlı həlak olmuş, 100 min insan yaralanmış, 50 min nəfər müxtəlif dərəcəli xəsarət alaraq əlil olmuşdur. Müharibə nəticəsində bir milyondan artıq soydaşımız məcburi köçkünə çevrilmiş, yüzlərlə yaşayış məntəqəsi dağıdılmış, talan edilmiş və yandırılmışdır.

Diqqətə çatdırılmışdır ki, Azərbaycanın ərazilərinin 20 faizi hələ də Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. Ermənilər işğal etdikləri torpaqlarda azərbaycanlılara məxsus tarixi-memarlıq abidələrini, məscidləri, qəbiristanlıqları da dağıtmışlar.

Məqalədə bildirilmişdir ki, beynəlxalq təşkilatlar tərəfindən erməni silahlı qüvvələrinin Azərbaycan ərazilərini işğal etmələri ilə bağlı bir çox qətnamə və qərarlar qəbul edilmişdir. Hazırda münaqişənin sülh yolu ilə həlli istiqamətində ikitərəfli qaydada danışıqlar aparılır. Lakin bu danışıqlar Ermənistanın qeyri-konstruktiv mövqeyi səbəbindən heç bir nəticə vermir.

Məqalənin tam mətni ilə aşağıdakı linkdə tanış olmaq mümkündür:  http://www1.agerpres.ro/ots/2014/02/14/nedreptatea-istorica-10-39-33

 

 

 

İqbal HACIYEV,

AzərTAc-ın xüsusi müxbiri

Buxarest

Azərbaycan.-2014.- 15 fevral.- S.5.