Xocalı soyqırımı bəşəriyyətə qarşı ən qanlı cinayətlərdəndir

 

 

 

Elman MƏMMƏDOV: "Faciə qurbanlarının sayı hazırkı statistikadakından çoxdur"

 

 

Son iki yüz il ərzində regionda gedən mürəkkəb siyasi proseslər nəticəsində azərbaycanlılar əzəli yurdlarından zorla köçürülməyə, etnik təmizləmə və deportasiya siyasətinə məruz qalmışlar. XX yüzilliyin tarixinə ən faciəli münaqişələrdən biri kimi daxil olmuş Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ problemindən düz 26 il ötür. 1905-1907-ci, 1918-1920-ci illərdə və 1988-ci ildən bugünədək davam edən Ermənistan-Azərbaycan münaqişəsinin ən dəhşətli günü isə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə baş verən Xocalı soyqırımıdır. Bu qətliam bəşər tarixinin ən qanlı faciələrdən biri hesab olunur.

22 il öncə qədim Azərbaycan torpağı olan Xocalı yerlə-yeksan edildi. Qədim kurqanları, dik daşları, tunc və dəmir dövrünə aid tarixi abidələri, 1 şəhər, 1 qəsəbə, 8 kənd, 2495 yaşayış evi, 31 sənaye obyekti, 15 kənd təsərrüfatı obyekti, 20 təhsil, 14 səhiyyə müəssisəsi, 56 mədəniyyət, 5 rabitə obyekti və s. darmadağın oldu. Tariximizə qara hərflərlə yazıldı 26 fevral 1992-ci il.

22 illik bir ömür payı ayırır bizi Xocalı faciəsindən. Bu uzun zaman kəsimi çox şeyə məlhəm olsa da, yaddaşımıza qanla yazılmış Xocalı soyqırımının ağrılarını bizdən götürə bilmədi. Çünki bu, sağalmaz, dəhşətli yaralardır. Təkcə XX əsrin əvvəllərində Xocalı dəfələrlə erməni təcavüzünə məruz qalmış, yandırılmış, talan edilmiş, dağıdılmış, fəqət ayağa qalxaraq düşməndən qisasını almış, yenidən bərpa olunmuş və yaşamışdı. Amma tarix Xocalını daha bir qanlı faciə ilə sınağa çəkməyə hazırlaşırmış. Azərbaycanın Xocalı şəhərində erməni silahlı birləşmələrinin keçmiş sovet ordusunun Xankəndidəki 366-cı motoatıcı alayı ilə birgə törətdikləri cinayət bəşər tarixinin ən qanlı səhifələrindən biridir. Bu soyqırımı zamanı 613 nəfər öldürülüb, 487 nəfər şikəst edilib, 1275 qoca, uşaq, qadın əsir götürülərək ağlasığmaz təhqirlərə məruz qalıb. Onlardan 150 nəfərin taleyi hələ də məlum deyil. Xocalıda öldürülən 613 nəfərdən 106-sı qadın, 63-ü uşaq, 70-i qoca idi. Səkkiz ailə bütövlükdə məhv edilib, 245 uşaq hər iki valideynini, 224 uşaq isə valideynlərindən birini itirib. İşğal zamanı bir gecədə qətlə yetirilən 63 uşağın başı kəsilib, gözləri çıxarılıb, dərisi soyulub, süngüyə taxılıb.

Bu qətliamın şahidləri indi də həmin günü xatırlayanda dəhşətli anlar yaşayırlar. Sanki bu erməni vəhşiliyi dünən olub. Soyuq, şaxtalı qış günündə düşmən əlinə keçməmək üçün ölümlə mübarizə aparan bu şahidlər 22 il öncə həmin gecə ruhən ölüblər. Ona görə də bu insanların çoxunun ən böyük arzusu məhz Xocalıda dəfn olunmaqdır. O insanlardan biri - həyatı Xocalı torpağı ilə bağlı olan, Xocalı kənd sovetinin sədri, sonra rayon icra hakimiyyətinin başçısı və bu gün Milli Məclisin deputatı kimi fəaliyyət göstərən Elman Məmmədovdur. O, bu faciə, soyqırımı barədə 22 ildir ki, ürək ağrısı ilə danışır və hər dəfə danışdıqca yarasının yasağı qopur. Çünki bu şəxs üçün Xocalının tam başqa bir anlamı var idi. Özünün dilindən bunları eşitsək daha yaxşı olar. 

 

 

 

Xocalılılar yalnız öz gücləri ilə müdafiə sistemi yaratmışdılar

 

 

 

- Bu il Dağlıq Qarabağ münaqişəsinin başlanmasından 26, Xocalı faciəsindən isə 22 il ötür. Bu münaqişənin başlanma tarixi barədə müxtəlif fikirlər söylənilir. İstərdik ki, öncə Xocalı şəhəri və onun strateji mövqeyi barədə söhbət açasınız...

- Xocalıda 1988-1992-ci illərdə baş verən hadisələr heç vaxt unudulmayacaq. Çünki bu faciə hər bir xocalılının, hər bir azərbaycanlının qanına, canına ağrı ilə hopub. 1988-ci ildən 1992-ci ilə qədər olan dövrün hər bir anını, saniyəsini yaşamışam. Mənim yaşantılarım bu gün evimin dörd divarına həkk olub. Hər dəfə müxtəlif istiqamətlərdə cəbhə bölgəsinə yaxınlaşanda Xocalıdan çıxarkən gəldiyimiz dağlara baxıram və həmin vaxt baş verən müdhiş anları yenidən xatırlayıram. Bu elə bir dəhşətli zərbədir ki, gündən-günə insana daha ağır təsir edir. Yadına düşəndə ki, 22 ildir Xocalısız qalmısan, çox kədərlənirsən, ağrıyırsan.

Qədim türk oylağı idi Xocalı. Oradan tapılan Xocalı-Gədəbəy mədəniyyət nümunələri, tarixi abidələri bu gün Sankt-Peterburq şəhərinin Ermitaj muzeyində də saxlanılır. Xocalının taleyi sanki Allah tərəfindən belə yazılmışdı. XX əsrdə Xocalı üç dəfə - 1905-1906, 1918-1920 və 1992-ci ilin fevralında ermənilər tərəfindən yandırılıb. Xocalı bu hadisələr başlayana qədər, yəni 1988-ci ildə kənd statusunda idi və bu kənddə həmin vaxt təqribən üç minə qədər insan yaşayırdı. Ermənilər tərəfindən Xocalının işğalının çox ciddi səbəbləri var idi. Əvvəla, Xocalının yerləşdiyi coğrafi mövqe ermənilərin strateji maraqlarının həyata keçirilməsində onlara çox gərəkli idi. Bakıdan qərb istiqamətində gedəndə Xocalıya qədər Ağdamdır. Ağdamdan şose yolu ilə Xocalıya 16 kilometrlik məsafədir. Ancaq bu 16 kilometr arasında 11 kilometr qərb tərəfdən Əsgəran qalasıdır. Əsgəran zolağı boyunca erməni kəndləri yerləşir ki, məkrli düşmənlərimiz burada azərbaycanlılar qarşısında cəbhə xətti yaratmışdılar. Xocalıdan 10 kilometr qərbə isə Xankəndi şəhəridir və Xocalının ətrafı yenə də erməni kəndləridir.

Həmin ərazidə elə bir azərbaycanlı yaşayış məskəni yoxdur ki, iki erməni kəndini keçməmiş ora gedə biləsən. Xocalı tamamilə erməni yaşayış məntəqələrinin əhatəsində idi. Bizə ən yaxın olanı isə Şuşanun Malıbəyli və Quşçular kəndləri idi. Xocalı ilə bu kəndlər arasında olan yaşayış məntəqələrində ermənilər yerləşmişdilər. Digər yaxın kənd isə Cəmilli idi və ora getmək üçün yenə də ən azı iki erməni kəndindən keçməli olurdun. Xocalı düşmən kəndləri arxasında yerləşirdi. Düşmən Ağdama hücum etmək istəyərkən arxada olan Xocalı özünümüdafiə dəstələrindən qorxurdu. Xocalı Bakı-Ağdam-Laçın-Şuşa magistral yolunun üstündə idi. Dağlıq Qarabağda yeganə hava limanı da məhz Xocalıda yerləşirdi. Hava limanı yaşadığım evdən 500 metr aralıda idı. Üstəlik, Bakıdan Xankəndiyə gedən dəmir yolu da Xocalıdan keçirdi. Biz Xocalıda elə bir müdafiə sistemi yaratmışdıq ki, istədiyimiz vaxt bu yolları bağlayırdıq. Həmin yollar bağlananda Xankəndidən Əsgərana avtomobillə 40 kilometrdən çox məsafə qət etmək tələb olunurdu. Xocalı bu strateji mövqeyinə görə düşmənin əsas hədəflərindən birinə çevrilmişdi.

 - Bəzi mənbələrdə Dağlıq Qarabağ münaqişəsinin ilk dəfə açıq şəkildə 1988-ci il fevralın 13-də Xankəndidə baş verən mitinqlə başladığı qeyd olunur. Bu faktlar həqiqətdirmi?

 - Xeyr. Dəqiq fakt budur ki, bu hadisələr fevral ayının 12-də Əsgəranda başlayb. Fevralın 11-də gecə mənə rayon partiya komitəsindən zəng etdilər ki, sabah saat 09:00-da partiya komitəsinə gələcəksiniz. Yığıncaq olmalıdır. Sabah getdik və cəmi 6 azərbaycanlı idik, zalda olan 300-400 nəfərin hamısı erməni idi. Oraya Azərbaycan KP Mərkəzi Komitəsinin ikinci katibi V.Konavalov gəlmişdi. İclas başlayan kimi ermənilər hay-küy salmağa başladılar. Gələn nümayəndə heyəti durub qaçdı. Biz də birtəhər oradan çıxdıq. Elə birinci mitinq oradan başlandı. Fevralın 13-də isə Xankəndidə ermənilər mitinqlərə başladılar. Bu hadisələr başlayandan sonra Dağlıq Qarabağın müxtəlif kəndlərində və Xankəndidə yaşayan azərbaycanlılar yaşadıqları yerləri tərk etməyə məcbur oldular. Onlar Şuşa və Xocalıya pənah gətirirdilər. 1988-ci ilin may ayında Xocalı Ermənistandan birinci 10 ailəni qəbul etdi. Mən həmin vaxt kənd sovetinin sədri idim. Ermənilər həmin ailələri qəbul etməyimi istəmirdilər. Ancaq biz onları Xocalıda yerləşdirdik. Qısa müddət ərzində Ermənistandan və Dağlıq Qarabağın müxtəlif yerlərindən qovulan soydaşlarımızın hesabına Xocalının əhalisinin sayı bir ildə 5000-6000 nəfərə çatdı. 1991-ci ilin payızında isə əhalinin sayı 7000 nəfərə çatmışdı. Son gələn 54 ailə isə "Fərqanə" hadisələri zamanı Özbəkistandan çıxarılan mesxeti türkləri idi. Onları da evlə, işlə təmin etmişdik.

 

 

 

Dövlət tərəfindən yardım kimi Xocalıya ancaq 16 nəfər hərbçi göndərildi

 

 

 

- Xocalı faciəsi baş verən zaman şəhərin 7 min sakininin olduğu qeyd edilir. Rəsmi mənbələrdə isə soyqırımı zamanı 613 nəfərin qətlə yetirildiyi, 150 nəfərin isə itkin düşdüyü bildirilir. Amma erməni yazıçı-jurnalist David Xerdiyan "Xaç uğrunda" kitabında yazır: "Səhərin soyuğunda biz Daşbulaq yaxınlığındakı bataqlıqdan keçmək üçün ölülərdən körpü düzəltməli olduq... Mən ayağımı 9-11 yaşlı qız meyitinin sinəsinə basıb addımlamağa başladım. Mənim ayaqlarım və şalvarım qan içində idi. Və mən beləcə 1200 meyitin üstündən keçdim". Bu rəqəmlər nə dərəcədə doğrudur?

- 1990-cı il aprel ayının 4-də Xocalıya şəhər statusu verildi. Mən şəhər sovetinin sədri oldum. Bir ildən sonra aprel ayının 4-də Xocalıda ərazi partiya və ərazi icraiyyə komitəsi yaradıldı. Həmin vaxt bütün Dağlıq Qarabağda bu qurum formalaşdırıldı. Mən həmin vaxt partiya komitəsinin birinci katibi, həm də ərazi icraiyyə komitəsinin sədri seçildim. 1991-ci ilin noyabr ayının 26-da Ali Sovetin iclası keçirildi və qərar verildi ki, Dağlıq Qarabağ Muxtar Vilayətinin statusuna xitam verilsin və Əsgəran rayonu ləğv edilərək onun yerində Xocalı şəhəri inzibati mərkəz olmaqla Xocalı rayonu yaradılsın. Mardakert rayonu ləğv olundu və onun yerində mərkəzi Ağdərə şəhəri olmaqla Ağdərə rayonu yaradıldı. Sonralar İsa Qəmbərin parlamentin sədri olduğu dönəmdə heç bir mənası olmayan, kiminsə istəyi ilə 1992-ci ildə Ağdərə rayonunu üç yerə parçaladılar. Bir hissəsi Kəlbəcər, bir hissəsi Ağdam, bir hissəsi isə Tərtər rayonuna verildi. Bunun səbəbi məlum deyildi.  

Şəhər statusu alan Xocalıda əhalinin sayı 1991-ci ildə 7 minə çatmışdı. Mən 50 min nəfərlik Xocalı şəhərinin Baş Planını hazırlatmışdım. Xocalı inkişafa doğru gedirdi. Amma müharibə getdiyindən ara qarışmışdı. May-iyun aylarında Azərbaycan polisi əməliyyatlara başlamışdı. Dağlıq Qarabağda 21 erməni kəndi boşaldılmışdı. Həmin vaxt Ermənistandan qaçqın düşüb Bakı və Sumqayıtda məskunlaşan soydaşlarımızı o kəndlərə köçürdülər. Onların da əksəriyyəti gedib həmin kəndlərdə qala bilmirdilər və qayıdıb Xocalıya gəlirdilər. Ona görə də deyirəm ki, əhalinin sayı daha da arta bilərdi. Müharibə şəraiti, gərginlik olduğu üçün əhalinin sayının tam dəqiqləşdirilməsi qeyri-mümkün idi. Faciə zamanı həlak olanlar çox oldu. Ancaq bizim əlimizdə olan statistik məlumatlar bunlardır. Sağ qalan insanlardan onların itirdiyi ailə üzvlərinin siyahısına və digər başqa hesablamalara görə 613 nəfərin qətlə yetirildiyi qeyd edilir. Meyitlərin xeyli hissəsi Xocalıda, xeyli hissəsi isə meşələrdə qaldı. Mən öz anamın cəsədini 20 gündən sonra meşədən tapdım. Tanınmaz hala düşmüşdü meyitlər. Bəli, görünən odur ki, Xocalı qurbanlarının sayı hazırkı statistikadan artıqdır.    

- Bir gecədə yüzlərlə insan qətlə yetirildi, əsir götürüldü, diri-diri yandırıldı. Bəs, 2 il mühasirə vəziyyətində olan Xocalının müdafiəsi necə qurulmuşdu ki, bu qətliam baş verdi?

- Biz orada 1988-ci ilin fevral ayının 12-dən mühasirə vəziyyətində idik. Həmin gecədən də başlayaraq Xocalının hər tərəfində müdafiə postları qurmuşduq. Xocalı əhalisi gecə-gündüz bu postlarda növbə çəkirdilər. Ancaq yerli əhali Xocalının müdafiəsində idi. Bir də Azərbaycanın müxtəlif bölgələrindən gəlmiş 21 nəfərdən ibarət döyüşçü dəstəsi var idi. Bu dəstəyə ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adını almış leytenant Aqil Quliyev rəhbərlik edirdi. Həmin 21 nəfərin də 5 nəfəri müəyyən səbəblərə görə yanvar ayında Xocalını tərk etdi.

Bu dəstədə 12 nəfər sonadək mübarizə apararaq başda Aqil Quliyev olmaqla qəhrəmanlıqla şəhid oldular. Onlardan 4-ü isə sağ qaldı. Digər müdafiəçilərə gəldikdə isə, onlar - 817 saylı Xocalı ərazi özünümüdafiə taboru idi. Bu taborun xocalılılardan ibarət 200-dək döyüşçüsü vardı. Ancaq onların bir nəfəri də hərbçi deyildi. Bu taboru da silah-sursatla tam təmin edə bilməmişdik. Taborda olan ən ağır atıcı silah 2 dənə 12,7 çaplı DŞK pulemyotu, 4 əl pulemyotu, 2 əl qumbaraatanı idi. Qalanları isə avtomat, tapança və ov tüfəngi ilə silahlanmışdı. Xocalının müdafiəsində hava limanının 25 nəfərdən ibarət polisi, 50 nəfər isə Xocalı polisi dayanırdı. Ümumilikdə 300 nəfərə yaxın döyüşçü Xocalını müdafiə edirdi. Xocalıda müdafiə sistemi qurmuşduq. Şəhəri dairəvi şəkildə, hər tərəfdən müdafiə edirdik. 32 müdafiə postu var idi.

Xocalıda vəziyyətin gündən-günə pisləşdiyini görüb Müdafiə Nazirliyinə dayanmadan müraciət edirdim ki, heç olmasa bizə bircə nəfər hərbi təhsili olan mütəxəssis göndərin. Amma göndərmirdilər. Xocalı 300 nəfərlə müdafiə olunurdu.  Respublika rəhbərliyi Xocalının müdafiəsi ilə bağlı heç bir iş görmürdü. İstənilən vaxt kömək gələ bilərdi. Gələn köməklər Ağdama qədər olurdu. 8 milyonluq Azərbaycandan Xocalıya cəmi 16 nəfər köməyə gəldi. Bu da respublika rəhbərliyinin Xocalıya necə laqeyd yanaşdığını tam sübut edir.

 

 

 

Bu soyqırımı baş verməyə bilərdi

 

 

 

- Fikirlərinizdən belə çıxır ki, xocalılıları xilas etmək mümkün idi. Bunun hansı yolları var idi?

- Bəli, bu faciə baş verməyə bilərdi. Bunun bir yox, iki yolu vardı. Azərbaycanın o vaxtkı gücü ilə Əsgəran zolağını aradan götürüb yolu açmaq lazım idi, Ağdamda mövcud olan könüllü dəstələri və Müdafiə Nazirliyinin orada olan bir hərbi hissəsinin şəxsi heyəti Xocalıya gətirilməliydi. Bu, yuxarıdan Şuşada, aşağıdan isə Xocalıda olan həmin qüvvələrin mövcudluğu iki şəhər arasında olan Xankəndinin təslim olması ilə nəticələnərdi. Bununla da qələbə Azərbaycan tərəfdə olardı.

Bunu 1996-cı ildə ulu öndər Heydər Əliyevin qarşısında çıxış edəndə mən demişdim. Hətta bunu 1992-ci ilin fevral ayında Müdafiə Nazirliyinin baş qərargahında Dadaş Rzayevə demişdim. İstintaq bunu sübut da edib.

Demişdim ki, Azərbaycan ləngimədən bunu həyata keçirə bilsə, qalib gələcəyik. Edə bilməsə, ermənilər Xocalını işğal edib Xankəndidə olan qüvvələri gətirib Əsgəranda cəmləşdirsə, Dağlıq Qarabağın taleyi bununla da bitəcək. 1996-cı ildə həmin planıma bir erməni öz reaksiyasını bildirmişdi. "Naqornıy Karabax" qəzetində Levon Məlik Şahnazaryana cavab yazmışdı. Yazısının başlığı isə belə idi: "Dağlıq Qarabağın xalq azadlıq ordusu Xocalını azad edib". Guya biz "işğal" etmişdik və onlar Xocalını azad ediblər. Sonra Şahnazaryan deyir ki, 1992-ci ildə hərbçilərin yığıncağında iştirak edib. Orada belə bir məsələ səslənib ki, əgər Azərbaycan bizdən öncə Əsgəranı alıb qüvvələri Xocalıya keçirsə, bizi məhv edəcəklər. Ancaq biz əminik ki, Azərbaycan bunu etməyəcək. Çünki bu ölkənin başı hazırda hakimiyyət davasına qarışıb. Ona görə biz Azərbaycandan qabaq Xocalını türklərdən azad elədik və qüvvələrimizi Əsgərana keçirərək qələbəmizi təmin etdik.   

Xocalı soyqırımının qarşısının alınmasının digər yolu isə respublika rəhbərliyinin əlində idi. Həmin vaxt Milli Təhlükəsizlik və Müdafiə nazirlikləri bunun qarşısını ala bilərdi. Əgər ermənilər yolu bağlamışdısa və bunu quru yolu ilə həyata keçirmək mümkün deyildisə, hava yolu ilə mümkün idi. Gəncədə böyük vertolyot eskadriyası var idi. Mən Elman Məmmədov 1992-ci il fevralın 12-də gəlib həmin hərbi vertolyotlardan 2-sini üç dəfə havaya qaldırdım. Bunu etmək mümkün idi. Mən deputat deyildim. Amma gəlirdim, zorla Ali Sovetin iclas zalına daxil olurdum, neçə dəfə çıxış etmişəm. Hətta yalvarmışam. Xocalı camaatı adından Prezident Aparatına, Ali Sovetə, Müdafiə Nazirliyinə dəfələrlə müraciətlər etmişəm, teleqramlar vurmuşam. Dönə-dönə xahiş edirdik ki, yolumuzu açın, kömək göndərin. Sonradan arxivlərdən nə qədər xocalılıların məktubları, müraciətləri tapıldı. Hamısı gizlədilibmiş.

O vaxt Bakıda vəzifə uğrunda qızğın mübarizə gedirdi. Elə bir vəziyyət yaranmışdı ki, Azərbaycandan olan bütün qüvvələr sanki ermənilərə işləyirdi. Müxalifətlə mübarizə aparan hakimiyyət Xocalını qurban verdi. Erməni məkrli məqsədinə çatdı, Xocalı yerlə-yeksan edildi, əhalisinə divan tutuldu. Xocalı xofu isə ətraf rayonlarda yaşayan əhalinin canına sirayət etdi. Bir neçə saatın içində yüzlərlə insan qətlə yetirildi və özü də onların heç biri hərbçi deyildi. Qocaların, uşaqların, qadınların harayı bütün ətraf rayonları bürüdü. Əhalidə erməni qorxusu yarandı. Elə yerlər oldu ki, erməni gəlməmiş çıxıb getdilər. Çünki görürdülər ki, onu qoruyan hökumət yoxdur.

Erməni vandalizminin qəddarlığından dəhşətə gəlmiş fransalı müxbir Jan İv Yuner yazırdı: "Xocalı faciəsi məni dəhşətə gətirdi. Yüzlərlə cəsəd gördüm. Aralarında şəhərin müdafiəçiləri də var idi, günahsız qadınlar, qocalar, uşaqlar da. Mən alman faşistlərinin yırtıcı xisləti haqqında çoxlu kitablar oxumuşdum. Ancaq ermənilərin bu məzlum insanları və 5-6 yaşlı körpə uşaqları öldürərkən etdikləri vəhşiliklər faşistlərin törətdikləri cinayətkar aksiyaları belə kölgədə qoyurdu. Mən xəstəxanada, dağıdılmış uşaq bağçalarında, məktəblərdə və sinif otaqlarında güllələrdən bədənləri deşik-deşik olmuş çoxlu yaralı gördüm".

Milliyyətcə erməni olan avropalı jurnalist belə öz soydaşlarının vəhşiliyindən qəzəblə söz açırdı: "Ermənilər Xoçalıda öldürdükləri 100 nəfərin cəsədini yan-yana düzərək körpü yaratdılar. Mən həmin qanlı cəsədlər üzərindən keçib, ayağımı körpə bir uşağın sinəsi üzərinə basarkən bədənimdə dəli bir titrəyiş hiss etdim. Fotoaparatım, bloknotum və qələmim yerə düşərək qana bulaşdı. Erməni qatillərinin bu ağlasığmaz cinayətləri önündə özümü tamam itirdim. Beynimdə dəhşətli bir ağrı başladı. Belə daşürəkli, qəddar bir millətin nümayəndəsi olduğum üçün özümə nifrət etdim".

 

 

 

Xocalılılar həmin vaxt yeganə xilaskar kimi Heydər Əliyevi görürdülər

 

 

 

- Azərbaycanın o vaxtkı rəhbərliyinin Xocalı sakinlərinə qarşı mövqeyi bəlli idi. Xocalıya faktiki olaraq kömək göstərmirdilər. Hadisə baş verməmişdən bir il qabaq isə siz Naxçıvan Muxtar Respublikasına səfər edərək ümummilli lider Heydər Əliyevlə görüşmüsünüz. Bu görüşü zəruri edən səbəb nə idi?

- Naxçıvana 1991-ci ilin sentyabr ayının 30-da getdim. Oktyabrın 1-də Naxçıvan Ali Məclisinin sessiyası keçirilirdi. Sessiya başlayan kimi ümummilli lider Heydər Əliyev elan etdi ki, zalda Xocalı şəhərinin rəhbəri Elman Məmmədov iştirak edir. Mənim çıxışım üçün imkan yaradıldı. Bütün hər şeyi danışdım. Deputatlar dəhşətə gəldilər. Mən dahi liderə üzümü tutub dedim ki, bura gəlməkdə məqsədim sizin müdrikliyinizdən istifadə edərək çıxış yolu axtarmaqdır. Bəlkə siz respublikanın rəhbərliyinə təsir edəsiniz. Sessiyadan sonra da söhbət etdik. Həmin vaxt televiziyada "Günün ekranı" proqramı yayımlanırmış və Naxçıvan Ali Məclisinin fəaliyyətinə həsr olunmuş kadrlar gedirmiş. Birdən prezident Ayaz Mütəllibov görür ki, mən tribunada çıxış edirəm. Aləm dəyir bir-birinə. O zaman Heydər Əliyev dedi ki, sən nə ürəklə bura gəlmisən, qayıdanda ən yüngül cəzan işdən azad olunmaq olacaq. Həqiqətən də həmin vaxt məni bərk incitdilər. Amma başı özlərinə, hakimiyyət davasına qarışdığı üçün biz yaddan çıxmışdıq. Bəli, biz xocalılılar Heydər Əliyevi yeganə xilaskar kimi hələ o vaxtdan görürdük.

- Bu gün Azərbaycan hökuməti Xocalı soyqırımının dünyada tanıdılması üçün ciddi işlər görür. Dünyanın əksər ölkələrində təbliğat aparılır. Bu istiqamətdə görülən işləri necə qiymətləndirirsiniz?

- Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Milli Məclis 1994-cü il fevralın 24-də "Xocalı soyqırımı günü haqqında" xüsusi qərar qəbul etdi. Həmin sənəddə hadisənin başvermə səbəbləri, günahkarlar təfsilatı ilə açıqlanmışdır. Azərbaycan hökuməti Xocalı faciəsini soyqırımı kimi dəyərləndirərkən 9 dekabr 1948-ci ildə BMT Baş Assambleyası tərəfindən 260 A saylı qətnamə ilə qəbul edilən "Soyqırımının qarşısının alınması və ona görə cəza" haqqında Konvensiyanı, keçmiş Yuqoslaviya üzrə Beynəlxalq Cinayət Tribunalının IV maddəsini, Ruanda üzrə Beynəlxalq Tribunalın Nizamnaməsinin I maddəsini, Beynəlxalq Cinayət Məhkəməsinin statusunu, həmçinin "Xocalı soyqırımı günü haqqında" Azərbaycan Respublikası Milli Məclisinin 24 fevral 1994-cü il tarixli qərarını, Azərbaycan Respublikası Prezidentinin "Azərbaycanlıların soyqırımı haqqında" 26 mart 1998-ci il fərmanını və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 103-cü maddəsini əldə əsas tutur. Xocalı faciəsi ilə bağlı Milli Məclis 76 müraciət, bəyanat və qərar qəbul edib. Son 10 il ərzində isə çox mühüm işlər görülüb.

Bu işdə ən böyük xidmət Prezident İlham Əliyevin üzərinə düşdü. Elə bir beynəlxalq tədbir yoxdur ki, orada Xocalı faciəsi barədə danışılmasın. Bu işdə Heydər Əliyev Fondunun və qurumun vitse-prezidenti Leyla xanım Əliyevanın gördüyü işlərin nəticəsi göz qabağındadır. "Xocalıya ədalət" kampaniyası xüsusi qeyd edilməlidir. Bu gün dünyanın bir çox ölkəsi və ABŞ-ın 14 ştatı Xocalı soyqırımını rəsmən tanıyır. Gün gələcək, dünya bu soyqırımı tanıyacaq və Azərbaycanın haqq səsi bütün cahana yayılacaq. Onun üçün biz avropalı, amerikalı ilə onlaın öz dilində, qəbul etdikləri formada danışaraq bu faciəni, soyqırımı tanıtmalıyıq.

 

 

 

Rəşad BAXŞƏLİYEV,

Azərbaycan.-2014.- 15 fevral.- S.6.