ABŞ-ın Yuta
ştatı Azərbaycan xalqının və Prezidentinin
tarixi nailiyyətlərini təqdir edən
rəsmi Bəyannamə qəbul edib
ABŞ-ın Yuta ştatının qanunvericilik orqanının hər iki palatası tərəfindən Azərbaycan xalqının və Prezident İlham Əliyevin tarixi nailiyyətlərini təqdir edən rəsmi Bəyannamə qəbul edilmişdir.
Bəyannamə Senatın sessiyası zamanı qurumun prezidenti Vayn Niderhauzer tərəfindən oxunduqdan sonra sənədin həmmüəlliflərindən olan senator Cin Devis onu Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanova təqdim etmişdir.
Səfir E.Süleymanov hər iki palatanın nümayəndələrinə, eləcə də sənədin həmmüəlliflərinə təşəkkürünü ifadə etmişdir. Diplomat bu sənədin Yuta ştatı ilə Azərbaycan arasında münasibətlərin gələcəkdə inkişaf etdirilməsi üçün möhkəm zəmin olacağına əminliyini bildirmişdir.
Senator Cin Devis çıxış edərək Azərbaycanın regionda ABŞ-ın strateji tərəfdaşı olduğunu söyləmiş, gənc dövlət olmasına baxmayaraq, ölkəmizin tarixi dövlətçilik ənənələrinə malik olduğunu qeyd etmişdir. Senator Azərbaycanda olduğu vaxt onda yaranmış təəssüratları da bölüşmüşdür.
Bəyannamə təqdim edildikdən sonra azərbaycanlı səfir Konqresin Nümayəndələr Palatasında çıxış etmişdir. O, ölkəmizin müstəqilliyini bərpa etdikdən indiki dövrə qədər həm daxili, həm də xarici siyasətdə əhəmiyyətli uğurlar qazandığını söyləmiş, Azərbaycanın amerikalı hərbçilərlə çiyin-çiyinə dünyanın müxtəlif yerlərində beynəlxalq sülhün və əmin-amanlığın bərqərar olunmasında iştirak etdiklərini vurğulamışdır.
Bəyannamədə Sovet İttifaqının dağılması ilə müstəqilliyini bərpa edən ölkəmizin türk dünyası və müsəlman Şərqində ilk demokratik dövlətçilik ənənələrinə malik dövlət olduğu göstərilir. Həmçinin Azərbaycanın qadınların seçki hüququnu tanıyan ilk dövlətlərdən olduğu qeyd edilir. Bəyannamədə xüsusilə vurğulanır ki, ABŞ və Azərbaycan demokratiya, insan hüquqları və universal azadlıqlarla bağlı eyni dəyərləri bölüşür.
Yuta ştatının qanunvericilik orqanın hər iki palatasında qəbul edilən Bəyannamə Senat prezidenti Vayn Niderhauzer, Nümayəndələr Palatasının spikeri Rebeka Lokhart, senator Cin Devis və konqresmen Lin Heminquey tərəfindən imzalanmışdır. Senator Cin Devis və konqresmen Lin Heminquey 2013-cü ilin may ayında Bakıda keçirilmiş "Gələcəyə baxış" Azərbaycan-ABŞ Forumu zamanı ABŞ nümayəndə heyəti tərkibində ölkəmizdə səfərdə olmuşlar.
Yusif BABANLI,
AzərTAc-ın xüsusi müxbiri
Vaşinqton
Azərbaycan.-2014.- 15 fevral.- S.7.