BİNƏQƏDİ - müasir inkişafmodern quruculuq rayonu

 

 

 

"Son on il ərzində Azərbaycan dünyada ən sürətli templərlə inkişaf etmişdir. İqtisadiyyat 3,4 dəfə artmışdır. Heç bir başqa ölkədə son on il ərzində iqtisadiyyat bu qədər artmamışdır. Bunun başlıca səbəbi aparılan islahatlar, ölkəmizdə hökm sürən sabitlik, ictimai asayişdir. Əlbəttə ki, sabitlikdüşünülmüş siyasət iqtisadi sahədə inkişafa da gözəl şərait yaratmışdır. Azərbaycanda iqtisadi islahatlar siyasi islahatlarla tamamlanır. Bu iki istiqamət arasında uzlaşma vardır. Hesab edirəm ki, Azərbaycan təcrübəsi bu baxımdan başqa ölkələr üçün də maraqlı ola bilər".

Bu fikirləri regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının icrasına həsr olunmuş konfransda çıxış edən Prezident İlham Əliyev söyləmişdir. Bu illər ərzində Azərbaycanın böyük uğurlara imza atdığını vurğulayan dövlət başçısı qeyd etmişdir ki, bu gün hər şəhərdə, hər rayonda abadlıq işləri görülür, ictimai yerlər salınır, parklar, xiyabanlar, mədəniyyət ocaqları, küçələr, binalar abadlaşır. Paytaxt Bakı isə hər bir şəhər üçün nümunədir. İnkişaf tempi, abadlıq və yenidənqurma işləri onu deməyə əsas verir ki, Bakı bu gün  dünya miqyasında ən gözəl şəhərlərdən biridir. Paytaxtın bütün rayon və qəsəbələrində görülən işlər göz önündədir. Prezident İlham Əliyevin Bakı şəhəri, paytaxtətrafı qəsəbə və kəndlərin sosial-iqtisadi inkişafının sürətləndirilməsi üçün verdiyi tapşırıqlar, imzaladığı sərəncamlar, bu tədbirlərin icrasına ayırdığı diqqət, hər yerdə olduğu kimi, Binəqədi rayonunda da öz müsbət nəticələrini verməkdədir.

 

 

 

Sürətlə abadlaşan Binəqədi rayonu Bakının gözəlliyinə özünəməxsus naxışlar vurur

 

 

 

Bakının ən qədim ərazilərindən olan Binəqədi rayonunda qısa zamanda böyük dəyişikliklər edildi. Bu gün inamla demək olar ki, Bakının dörd böyük mikrorayonunubeş qəsəbəsini birləşdirən Binəqədi intensiv işlərin getdiyi, iri sənaye potensialının toplandığı bir rayondur. Sürətlə abadlaşan rayon sanki yenidən qurulur. İnkişaf edən Binəqədi rayonu Bakının gözəlliyinə dəyərli və özünəməxsus naxışlar vurur, füsunkar mənzərə yaradır. Respublikamızın bütün şəhər və kəndlərində müşahidə edilən abadlıq-quruculuq və yüksəliş Binəqədi rayonunda da özünü qabarıq büruzə verir. Mövcud potensialın səmərəli reallaşdırılması, əmək ehtiyatlarının və digər resursların konkret məqsədlərə yönəldilməsi, ən başlıcası, Prezident İlham Əliyevin imzaladığı dövlət proqramlarından, fərman və sərəncamlarından irəli gələn vəzifələrin həyata keçirilməsi rayonun uğurlarını şərtləndirən əsas məqamlar sırasındadır. Bakının "Şimal qapısı" adlandırılan Binəqədi rayonu simasını əsaslı şəkildə dəyişib, əzəmətli tikililəri, müasir sosial-mədəni infrastruktur obyektləri, yaşıl libasa bürünmüş park və meydanları ilə paytaxtımızın göz oxşayan məkanlarından birinə çevrilib. Müasir tikinti-inşaat meyarları əsasında, yüksək estetik zövqlə həyata keçirilən, vətəndaşlarda razılıq doğuran genişmiqyaslı abadlıq-quruculuq tədbirləri Binəqədi rayonunu gözəlləşdirib. Rayonda problemlərin həlli də sürətlənib. Bütün söylənilən fikirlər Binəqədi Rayon İcra Hakimiyyətinin hər ilin yekunlarına dair hazırladığı hesabatda konkret faktlarla öz əsasını tapmışdır.

Fevral ayının 14-də Binəqədi Rayon İcra Hakimiyyətinin inzibati binasında keçirilən 2013-cü ilin yekunlarına dair hesabat yığıncağında da söylənilən fikirlər, statistik rəqəmlər bir daha həyata keçirilən tədbirlərin kampaniya xarakteri daşımadığını, fundamental dəyişikliklərə xidmət etdiyini sübuta yetirir.

Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov 2013-cü ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamızda bütün sahələrdə əldə olunmuş uğurlardan, Bakı şəhəri və onun ətraf qəsəbələrinin, eləcə də regionların sosial-iqtisadi inkişafı istiqamətində görülmüş işlərdən bəhs etmişdir. Azərbaycandakı hərtərəfli müsbət dinamikanı xüsusi qeyd edən X.İsgəndərov 2013-cü ildə ölkə həyatında ən əlamətdar hadisə kimi möhtərəm Prezident İlham Əliyevin xalqın böyük əksəriyyətinin etimadını qazanaraq yenidən ölkə rəhbəri seçilməsini diqqətə çatdırmışdır. O bunu Prezidentin yürütdüyü praqmatik, ardıcıl və məqsədyönlü siyasətə Azərbaycan xalqının obyektiv münasibətinin real təzahürü kimi səciyyələndirmişdir. 2013-cü ildə rayonda sosial-iqtisadi və abadlıq-quruculuq sahəsində görülmüş işlərdən, əldə edilmiş uğurlardan danışan Xsgəndərov bildirmişdir ki, Prezident İlham Əliyevin verdiyi bütün tapşırıq və tövsiyələr Binəqədi rayonunda da öz bəhrəsini verir. Ötən il paytaxtın ən böyük sənaye rayonlarından biri olan Binəqədidə dövlət başçısının imzaladığı "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"na uyğun olaraq mühüm əhəmiyyətli tədbirlər həyata keçirilmişdir. İstər dövlət proqramı çərçivəsində, istərsə də proqramdan kənar rayon ərazisində aparılan abadlıq-quruculuq işləri daim dövlət başçısının diqqətində olmuşbunun məntiqi nəticəsidir ki, 22 aprel 2013-cü il tarixdə Prezidentin imzaladığı  sərəncama əsasən Binəqədi rayonunda proqram çərçivəsində bir sıra bəndlərin icrasının sürətləndirilməsi ilə əlaqədar Binəqədi Rayon İcra Hakimiyyətinə Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan ümumilikdə 2,0 milyon manat məbləğində vəsait ayrılmışdır.

 

 

 

2013-cü ildə Prezident İlham Əliyev 4 dəfə Binəqədi rayonunda olub

 

 

Hesabat məruzəsi ilə çıxış edən X.İsgəndərov il ərzində görülmüş işlərə bir daha nəzər salmışdır. Hesabatda göstərilir ki, il ərzində rayonun bütün qəsəbə və yaşayış massivlərində, mikrorayonlarda genişmiqyaslı abadlıq və quruculuq işləri görülüb, irihəcmli infrastruktur layihələri gerçəkləşdirilib. 2013-cü ildə Prezident İlham Əliyev 4 dəfə Binəqədi rayonunda olmuşdur. 22 aprel 2013-cü il tarixdə Biləcəri qəsəbəsindəki mədəniyyət-istirahət parkının, 3 iyul 2013-cü il tarixdə YAP Binəqədi rayon təşkilatının inzibati binasının, Heydər Əliyev adına mədəniyyət və istirahət parkının, Binəqədi RİH-in inzibati binasının, 30 avqust 2013-cü ildə 135 və 248 saylı tam orta məktəblərin əsaslı təmirindən sonra, 30 sentyabr 2013-cü il tarixdə Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin yeni inzibati binasının açılışında iştirak etmiş, yaradılmış şəraitlə yaxından tanış olmuşdur.

Ötən il Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva rayondakı 298 saylı körpələr evi-uşaq bağçasının əsaslı təmirdən sonra açılışında iştirak etmişdir. Ötən il Binəqədi rayonu paytaxtın ən çox abadlıq-quruculuq və tikinti-bərpa işlərinin aparıldığı rayonlardan biri kimi yadda qalmışdır. Keçən il Sulutəpə və Çiçək yaşayış massivlərinin ərazisində əhalinin asudə vaxtının səmərəli təşkili məqsədilə yeni park salınmışdır. Bakı-Şamaxı şosesinin rayon ərazisindən keçən hissəsində böyük bir sahədə landşaft memarlığı elementləri ilə zəngin olan yaşıllaşdırma işləri aparılıb. "Abad həyət" layihəsi çərçivəsində rayonun mikrorayonlarında və qəsəbələrinin ərazisində müasir standartlara uyğun 16 nümunəvi məhəllə yaradılıb. Kompleks şəkildə yenidən qurulan həyətlərdə yaşıllıq örtüyü salınıb və sakinlərin istirahəti üçün hər cür şərait yaradılıb. Bu məhəllələrdə yaşayış binalarının damları, fasadları, zirzəmiləri, binadaxili sukanalizasiya xətləri, pilləkən qəfəsləri əsaslı təmir olunub. Eyni zamanda, hündürmərtəbəli binalardakı 93 lift təmir olunub, 112  lift isə yenisi ilə əvəzlənib. 2013-cü il ərzində rayonda 6  mədəni-kütləvi tədbirlər evi tikilib istifadəyə verilib, 2 bu tip ev əsaslı təmir olunub, birinin isə tikintisi davam etdirilib. Ötən dövrdə rayon ərazisindəki 54 çoxmənzilli yaşayış binasının fasad hissəsi müasir standartlara uyğun olaraq yenidən qurulub. 24 binanın fasadında müasir texnologiya əsasında müxtəlif üzlük materiallardan istifadə edilməklə üzləmə işləri həyata keçirilib, 30 binada isə boyaq işləri aparılıb. Ötən il 20 Yanvar faciəsinin 23-cü ildönümü ilə əlaqədar rayonun Biləcəri qəsəbəsində yerləşən 20 Yanvar parkı tamamilə yenidən qurulub. 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirildiyi parkda müxtəlif kalibrli orijinal mərmi və gilizlərdən istifadə olunmaqla "Güllə yağışı" abidəsi yaradılıb. Binəqədi qəsəbəsinin mərkəzində, hərəkətin sıx olduğu 179 nömrəli tam orta məktəbin qarşısında vətəndaşların rahat və təhlükəsiz gediş-gəlişini təmin etmək məqsədilə müasir standartlara uyğun yeni yeraltı piyada keçidi inşa olunaraq sakinlərin ixtiyarına verilib. Ötən il ərzində rayon ərazisindəki metronun avtovağzaldepo stansiyalarında, Ziya Bünyadov prospektindəki yol ötürücüsündə inşaat işləri, Binəqədi Məscid Kompleksinin tikintisi, eyni zamanda Binəqədi qəsəbəsində mərkəzi mədəniyyət evinin yenidən qurulması işləri uğurla davam etdirilib.

2014-cü il yanvar ayının 1-i vəziyyətinə Binəqədi rayonunda daimi qeydiyyatda olan əhalinin sayı 254,5 min nəfər olmuşdur. Əhalinin sosial təminatının yaxşılaşdırılması məqsədilə 2013-cü ildə 4352 ailəyə və ya 18130 nəfər ailə üzvünə ünvanlı dövlət sosial yardımı təyin edilmişdir. İl ərzində 33892 nəfər pensiyaçıya xidmət göstərilmişdir ki, bunların 22131 nəfərini yaşa görə, 8471 nəfərini əlilliyə görə, 3290 nəfərini isə ailə başçısını itirdiyinə görə pensiya alanlar təşkil edir.

Dövlət proqramı çərçivəsində rayonun qəsəbələrində məhəllədaxili və qəsəbələrarası yolların asfaltlanması, mikrorayonlarda isə küçə və prospektlərin asfalt örtüyünün dəyişdirilməsi və təmiri istiqamətində geniş tədbirlər həyata keçirilib. Ötən il ərzində rayonun müxtəlif ərazilərində ümumi uzunluğu 25 min 868 metr olan 155 min 210 kvadratmetr sahəyə asfalt örtük çəkilib. Rayonda ekoloji tarazlığın qorunması və yaşıllıqların artırılması da diqqət mərkəzində saxlanılıb. Hesabat dövründə ümumilikdə rayon ərazisində 45 min 109 kvadratmetr sahədə yeni yaşıllıq örtüyü salınıb, 53 min 738 ədəd müxtəlif növ gül-çiçək və dekorativ kollar, eləcə də 3 min 685 ədəd müxtəlif növ iqlimə uyğun, ümumilikdə isə son 2 ildə 7132 ədəd ağac əkilib.

2013-cü ilin birinci rübü də daxil olmaqla, rayon ərazisində 24 xeyir-şər evi tikilib və hazırda 6 yeni xeyir-şər evi tikilməkdədir.

 

 

 

21 məzun 650-dən yuxarı bal toplayaraq yüksək nəticə göstərib

 

 

 

Ötən il təhsilin inkişafı da Binəqədi rayonu üçün uğurlu olub. Belə ki, rayonun 32 orta ümumtəhsil məktəbini bitirərək ali məktəblərə sənəd verən 2 min 129 abituriyentdən 1337-si tələbə adını qazanıb. 21 məzun 650-dən yuxarı bal toplayaraq yüksək nəticə göstərib. Keçən tədris ilində dövlət başçısının sərəncamı ilə rayonun bir məktəbi "İlin ən yaxşı ümumtəhsil məktəbi", 8 müəllimi isə "İlin ən yaxşı müəllimi" müsabiqəsinin qalibi olub. Rayonda 3 orta məktəb yüksək standartlara uyğun əsaslı təmir olunaraq yeni dərs ilində şagirdlərin ixtiyarına verilib. 100, 143, 244 və 246 saylı məktəblərdə əlavə tədris korpusları inşa olunub. Ötən il rayonun Biləcəri qəsəbəsində yerləşən dahi bəstəkar Fikrət Əmirovun adını daşıyan 6 nömrəli 11 illik uşaq-incəsənət məktəbi əsaslı təmir və yenidənqurmadan sonra məktəblilərin ixtiyarına verilib.

Dövlət proqramının icrası məqsədilə il ərzində Binəqədi rayonunda fəaliyyət göstərən 34 məktəbəqədər tərbiyə müəssisəsinin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində də xeyli iş görülüb. Binəqədi qəsəbəsində yerləşən 86 saylı uşaq bağçası, Rəsulzadə qəsəbəsindəki 211 saylı, Biləcəri qəsəbəsində isə 294 saylı körpələr evi-uşaq bağçalarının binaları istismar müddətini başa vurduğundan sökülərək yerində yeni və müasirləri inşa olunub. Rayonun 6, 7 və 8-ci mikrorayonlar ərazisində yerləşən 15, 153, 158, 177 və 193 saylı körpələr evi-uşaq bağçalarındakı şərait də əsaslı təmirdən sonra ən müasir tələblərə uyğunlaşdırılıb. Ötən il rayonda fəaliyyət göstərən 25 səhiyyə müəssisəsinin maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə müəyyən işlər görülüb. Xocasən qəsəbəsində müasir standartlara uyğun inşa olunan həkim məntəqəsi sakinlərin ixtiyarına verilib. İl ərzində rayonun Rəsulzadə qəsəbəsində yerləşən 6 saylı Birləşmiş Şəhər Xəstəxanasında isə əsaslı təmir-tikinti işləri davam etdirilib, 2014-cü ilin əvvəlində isə bu səhiyyə ocağı vətəndaşların ixtiyarına verilib. Rayon ərazisində 5 süni ot örtüklü minifutbol meydançası inşa olunub.

 

 

 

"1646" - sakinlərin etimad ünvanı

 

 

Dövlət proqramı çərçivəsində 2013-cü ildə Binəqədi rayonunda əhalinin içməli su və kanalizasiya, elektrik enerjisi, təbii qaz, eləcə də istilik sistemləri ilə təminatı sahələrində də bir sıra məqsədyönlü tədbirlər həyata keçirilib. Təsdiq olunan qrafikə uyğun olaraq rayon icra hakimiyyəti başçısının 2013-cü il ərzində yerlərdə sakinlərlə 34 səyyar görüşü keçirilib. Bu görüşlərdə ümumilikdə 5 min 381 nəfər rayon sakininin iştirakı təmin edilib və vətəndaşlar tərəfindən qaldırılan 491 məsələdən 337-si həllini tapıb.

Ötən il fevral ayının 6-da elektron hökumət layihəsi çərçivəsində paytaxt Bakı şəhərində yerli icra hakimiyyəti orqanları arasında ilk dəfə olaraq Binəqədi Rayon İcra Hakimiyyətində "Sakinlərin Müraciət Xidməti 1646" yaradılıb. Bu xidmət əhalinin su, qaz, işıq, yol problemlərinin həlli istiqamətində həyata keçirilmiş mütərəqqi layihələrdəndir. Xidmətin ən böyük üstünlüklərindən biri də hökumət orqanının hesabatlılığını və korrupsiyaya qarşı mübarizədə əhalinin rolunu artıraraq rayonun yerli struktur təşkilatlarının məsuliyyət hissinin gücləndirilməsinə, mübahisələrin həllinə və əhalinin informasiya əldə etmək imkanlarının genişlənməsinə verdiyi töhfədir. Xidmətin üstün cəhətlərindən biri də üzləşdikləri problemlərin həlli üçün rayon sakinlərinin yalnız bir ünvana müraciət etmələridir. Həmin müraciətlər operator tərəfindən qeydə alınır və "bir pəncərə" prinsipi üzrə həllini tapır. Bu, sakinlərin fərdi xərclərinin azalmasına, vaxt itkisinin aradan qaldırılmasına, şəffaflığın və vətəndaşların rahatlığının təmin edilməsinə imkan verir. İl ərzində xidmətin işini yaxşılaşdırmaq məqsədilə Binəqədi sakinlərinə rayon icra hakimiyyəti başçısının adından 50 mindən artıq bildiriş məktubu göndərilib və bu işlər davam edir. Bu ildən xidmətin internet səhifəsi də fəaliyyətə başlayıb. Rayon sakinləri birbaşa onlayn rejimdə internet üzərindən öz müraciətlərini edə və onları maraqlandıran suallara cavab ala bilərlər.

Binəqədi Rayon İcra Hakimiyyəti yerli icra hakimiyyətləri arasında elektron  idarəetmənin tətbiqi sahəsində  2013-cü ildə əldə etdiyi uğurlara görə "Konsaltinqbiznes" jurnalı tərəfindən "İlin yerli icra hakimiyyəti orqanı" xüsusi nominasiyasında mükafata layiq görülüb.

 

 

 

Dinamik iqtisadi yüksəliş əhalinin sosial rifah halının yaxşılaşdırılmasına xidmət edir

 

 

 

Onu da qeyd edək ki, 11 fevral 2013-cü il tarixdən Binəqədi rayonunda qeydiyyatda olan vətəndaşlar Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan 1 saylı Bakı "ASAN xidmət" mərkəzinin xidmətlərindən yararlanmağa başlayıblar. Rayonun sakinləri 1 saylı Bakı "ASAN xidmət" mərkəzinə gəlmədən internetya telefon vasitəsilə bütün xidmət növləri, tələb edilən sənədlər barədə məlumat ala, növbə tuta, mərkəzin fəaliyyəti ilə bağlı təkliflərini deyə bilirlər.

Bəli, bu gün Binəqədi öz inkişafının keyfiyyətcə yeni və məhsuldar dövrünü yaşayır. Əldə olunmuş bütün uğurların əsasında Prezident İlham Əliyevin rayona xüsusi diqqət və qayğısı, onun reallığa söykənən, düşünülmüş, sosial-iqtisadi siyasəti dayanır. Hazırda Binəqədi rayonunun hər bir sakini dövlət başçısının rəhbərliyi altında qazanılan uğurları öz həyatında daha qabarıq hiss edir, hakimiyyətin yüksəliş və tərəqqi kursunu ürəkdən dəstəkləyir. Bütövlükdə rayonun həyatında dinamik sosial-iqtisadi tərəqqi qeydə alınır. Demək olar ki, şəhərin sosial-iqtisadi inkişafına dair dövlət proqramının icrası sahəsində Binəqədi rayonunda böyük nəticələr əldə edilib. Binəqədidə bütün sahələr üzrə görülən işləri, aparılan abadlıq-quruculuq prosesini, əhalinin sosial rifah halının yaxşılaşdırılması istiqamətində atılan addımları görən, izləyən hər kəs fəxrlə deyə bilər ki, bu rayon inkişafının keyfiyyətcə yeni mərhələsini yaşayır.

Hesabat yığıncağında çıxış edən Prezident Administrasiyasının məsul işçisi Tağı Tağıyev və digərləri də Prezident İlham Əliyevin rəhbərliyi ilə ötən il ölkəmizdə bütün sahələrdə əldə olunan uğurlardan və sürətli tərəqqidən danışıblar.

Tədbirdə iclasın qərar layihəsi oxunub və Prezident İlham Əliyeyə müraciət qəbul olunub.

 

 

 

Rəşad BAXŞƏLİYEV,

Azərbaycan.-2014.- 16 fevral.- S.4.