Çillələr Novruza hazırlıq mərhələsidir
Üzü
Novruza doğru
Uca Tanrının insanlar və bəşəriyyət üçün xəlq etdiyi möcüzələrindən biri də ağ örpəkli qış fəslidir. Erkən inanca görə, barlı bahar öz bərəkətini Qışdan alır. Qış nə qədər şaxtalı, qarlı olarsa, bahar da bir o qədər bərəkətli olar.
Türk xalqlarının mifoloji düşüncəsində Qışın başlanğıcından sonuna qədər davam edən müddət təbiətin ölüb-dirilməsi dövrü kimi qəbul edilmişdir. Əcdadlarımızı müəyyən sıxıntılarla imtahan edən həmin zaman kəsiyi obrazlaşdırılmış və müvafiq çalarla insanların təfəkküründə canlanmışdır. "Ölüb dirilmə" dövrü Azərbaycanda çillə, yaxud çilə, Anadoluda çilə, çilə ayı kimi xalq arasında yayılmışdır.
Çillə sözünün etimologiyasına gəlincə, bu bir tərəfdən "çehl" sözü ilə bağlı olub 40 rəqəmi ilə əlaqələndirilir, digər tərəfdən "çillə" türk xalqları arasında "əziyyət", "məhrumiyyət", "sıxıntı", "çətinlik" mənalarını ifadə edir.
Təsadüfi deyil ki, qışın çətinliklərini, əzab-əziyyətini dəf etmək üçün əcdadlarımız müəyyən ayinləri, mərasimlər sistemini yaratmışlar.
Türk mifoloji sistemində ölüb-dirilmə funksiyası tanrıçılıq görüşlərindən soraq verir. Sonuncu səmavi kitabımız - müqəddəs "Qurani-Kərim"də böyük Yaradan buyurur: "Həqiqətən də göylərin və yerin yaradılmasında, gecə ilə gündüzün bir-birilə əvəz olunmasında, insanlara fayda verən şeylərlə yüklənmiş halda dənizdə üzən gəmilərdə, Allahın göydən endirdiyi, onunla da ölmüş torpağı diriltdiyi suda, Onun bütün heyvanatı yer üzünə yaymasında, küləklərin istiqamətinin dəyişdirilməsində və göylə yer arasında ram edilmiş buludlarda başa düşən insanlar üçün dəlillər vardır". (Qurani-Kərim. Bəqərə surəsi) Qış fəsli Böyük çillə, Kiçik çillə və Boz ay (Boz çillə, Alaçalpov və ya Ağlar - gülər ay) adları altında 3 övladı olan qoca qarı kimi türk mifologiyasında özünə yer almışdır (C.Bəydili. Türk mifoloji sözlüyü. 2003). Bəzən "Qaraqış" adlandırılan Böyük Çillə 40 gün - dekabrın 21-dən yanvarın sonunadək davam edir. Böyük çillənin ilk gecəsi "şəbi-yelda", yaxud "Yelda gecəsi" adlanır.
İslamaqədərki bayramlarımızdan biri də dekabrın 21-dən 22-nə keçən gecə qeyd olunan Yeldadır. Yelda gecəsi - Yer kürəsinin Şərq yarımkürəsində, ilin 365 gününün ən uzun qaranlıq gecəsidir. "Qurani-Kərimdə "il" mənasını verən "sənə (tək halda) - sinin (cəm halda)" kəlməsindən
19 yerdə istifadə olunmuşdur.
Yer kürəsinin Günəş ətrafına bir dəfə tam dövrü bir il ərzində (365 günə) gerçəkləşir.
Bu müddətdə Ay həm öz, həm də Yer kürəsi ətrafında 12 dəfə dövr edir. Bu, Ay təqviminə görə, tam bir ilə bərabərdir. Lakin Yer kürəsi bu dövrü tamamlayıb başlanğıc nöqtəsinə gəldikdə, Ay hələ həmin nöqtəyə gəlib çatmır. Yer kürəsinin Ayla eyni başlanğıc nöqtəsində görünməsı üçün 19 il keçməlidir.
19 illik bir müddət astronomiyada "meton oli"
adlanır. Yəni, Ay təqvimi 19 ildən bir düzəldilməlidir.
Bu 19 ilin 7 ili artıq (355 günlük),
12-si isə tam illərdir (354 günlükdür).
355-in tək, 354-ün cüt ədəd olduğunu nəzərə
alaraq, başqa bir həqiqət ortaya çıxır. Qurani-Kərimdə
"il" mənasını verən "sənə" kəlməsindən
isə (tək halda) 7, "illər" mənasını verən
"sinin" kəlməsindən isə (cəm halda) 12 dəfə
istifadə olunmuşdur ki, onların cəmi 19-dur" (2013).
Çillələrdə ayrı-ayrı ayinlər, mərasimlər
icra olunar, çillələrin daxili aləmi, məramı,
özəllikləri müvafiq nəğmələrdə
xalq dilində diqqətə çatdırılardı. Məsələn,
"Çillə kəsmək" mərasimi ağırlığı,
çətinliyi aradan qaldırmaq məqsədilə icra
olunurdu. Ayinə görə, çilləni kəsən
çilləsi kəsilənin əl və ayaqlarının
baş barmaqlarını 3 dəfə ağ
iplə bağlayır və deyir:
Həzrət
Süleyman eşqinə,
Çin
qızı Mərcan hökmünə,
Bəni
Adəmdən, bəni-heyvandan,
Cindən,
şeytandan, axar sudan.
Köklü
ağacdan, dibli qayadan,
Yeddi yolun
ayrıcından
Hər kəsin
çilləsinə düşübsə,
Çilləni
kəsdim...
İnanca görə, bu ayinin yerinə yetirilməsi ilə
insan əzab-əziyyətdən, müşküldən azad
olur, yüngülləşir, çətinlikləri arxada
qoyur, yeni həyata başlayır.
Çillələrlə,
o cümlədən Böyük çillə ilə
bağlı xalq arasında müxtəlif nəğmələr
yaranıb formalaşmış və yaddaşlara həkk
olunmuşdur:
Böyük
çillə,
Boyu bir
belə...
Gəldi
elə
Gülə-gülə,
Getdi
gülə-gülə
Ağ
gülünü də
Göstərdi.
Ağ dilini də göstərdi.
Nə nənəmi
dağlatdı,
Nə bir
uşağı ağlatdı...
Tay qoydum
karvanına,
Taylı olsun.
Pay qoydum
xurcununa,
Paylı olsun.
Gəldi
gülə-gülə,
Getdi
gülə-gülə...
Nə
ağrı verdi elə,
Nə ağır söz aldı dilə.
Ötdü
belə-belə,
Getdi gülə-gülə.
Bu nəğmədə Böyük çillə təbiətcə
mülayim, insana ziyan vurmayan tərzdə şəxsləndirilərək
folklorumuza daxil olmuşdur. Böyük çillə ilə
bağlı xalq arasında müəyyən mətnlər də
bu gün diqqəti cəlb edir: "Belə söyləyirlər
ki, bir gün Böyük çillə deyir: - Mən dolu
qazanlar üstə gəlmişəm. Sonra təndirləri
yandırtdım, kürsüləri qurdurdum, küplərin,
çuvalların ağızlarını
açdırdım.
Böyük çillə 40 gün dövran
sürüb gedir. Yolda Kiçik çillə ilə
rastlaşır. Hal-əhvaldan sonra Kiçik çillə
soruşur:
- A Böyük
çillə, de görüm, qırx gün gəlib
atını çapdın, bu qırx gündə nə
gördün, neynədin, işin-gücün nə oldu?
Böyük çillə nə gördüyündən,
nə etdiyindən söhbət açır.
Hikkəli
Kiçik çillə istehza ilə gülüb cavab verir:
- Eh, sən
heç nə eləməmisən ki. Mən gəlmişəm,
gör indi nələr eləyəcəyəm, nə tufan
qoparacağam. Qazanları ağzı
üstə çevirəcəyəm, adamları təndirin
ağzından salıb külfədən
çıxaracağam, küpləri, xaralları
boşaldacağam, üzüqoylu qoyub gedəcəyəm.
Onun
coşduğunu görən Böyük çillə deyir:
-
Çox da öyünmə. Sən insanları
tanımırsan. Mən qırx günlük
ömrümlə bir iş görə bilmədim. Sənin isə cəmi-cümlətanı iyirmi
günlük ömrün var. Bu iyirmi gündə heç yel
də olub onların yanından ötə bilməzsən.
Çünki qabağın yazdır,
ömrün də azdır.
Bu yandan
da Boz ay özünü irəli verib deyir:
- Siz məni
uzaqda görmüsünüz, hə asaram-kəsərəm
deyirsiniz. Sizin acığınıza, indi
baxın, görün mən gedib nə eləyəcəyəm.
Buzları əridəcəyəm,
torpağın donunu açacağam, əkinləri,
çölləri, yamacları cücərdəcəyəm.
Bağ-bağçalarda gül-çiçək
açdıracağam" (Novruz Bayramı Ensiklopediyası,
2008).
Göründüyü
kimi, qış fəslinin ayrı-ayrı mərhələlərini
təşkil edən Böyük çillə, Kiçik
çillə və Boz ayın özəl xüsusiyyətlərini,
daxili aləmini, gücünü-qüvvətini aydın
şəkildə ifadə edən bədii mətnlər əcdadlarımızın
təbiət hadisələrinə olan münasibətini, təbiət
qüvvələrinə olan inamını əks etdirən
amillərdəndir.
Kiçik
çillənin cəmi 20 gün - fevral ayının 1-dən
başlayaraq davam etməsinə, ömrünün az
olmasına baxmayaraq, daha sərtdir, amansızdır, buna
görə də həmin müddət xalq arasında
"qışın oğlan çağı" adlanır.
Kiçik çillənin sərt təbiəti müvafiq nəğmələrdə
qorunub saxlanmışdır:
"Kiçik
çillə...
Boyu bir
belə...
Hikkəsi
ir belə...
Gəlişi
oldu
Hayınan,
Gedişi
oldu
Vayınan.
Əlində
qırmanc
Eli-günü
yandırdı
Neçə
günahsız
Doqqaz
bağladı
Neçə
ala qapı
Sındırdı.
Kəsdi
neçə evin
Yağmasın.
Pendirin, çörəyin, ağmasın.
Axırda
zara gəldi el,
Oturub
şər üstündə
Zarın-zarın ağladı.
Gülüm
gəldi,
Özü bir belə.
Hikkəsi
ir belə
Bu
kiçik çillənin,
Bu piscik
çillənin
Əl-qolunu bağladı.
Gülüm
selə verdi
Piscik çilləni.
Gülüm
yelə verdi
Kiçik
çilləni...
Göründüyü
kimi, bu nəğmə Kiçik çillənin özü
ilə müşküllük, əziyyət gətirməsi və
nəhayət, insanların Qışı başa vurub Yaza
çıxması arzu və istəkləri ilə
bağlı yaranmış, erkən təsəvvürdə
mifik obrazlar şəklində şəxsləndirilmişdir.
Qışın ilk ongünlüyündə türk
xalqlarının folklorunda bolluq, firavanlıq etiqadları ilə
bağlı yaranmış "Xıdır Nəbi" mərasiminin
xüsusi yeri var. Mənbələrdə "Xıdır Nəbi"
mərasiminin təqribən fevralın 9-11-ci günlərində
keçirilməsi qeyd olunur. Xıdır, yaxud
Xızır mifoloji düşüncədə əbədiyyət
bəxş edən dirilik suyunu tapıb içdiyinə
görə peyğəmbərlik səviyyəsinə yüksəlmiş
və "Nəbi" kimi qəbul edilmişdir. Bu obraz xalq tərəfindən sevilmiş və onun
haqqında rəvayətlər dolaşmışdır.
Rəvayətlərdən birində deyilir ki,
Xızır və İlyas iki qardaş olmuşdular. Makedoniyalı İskəndər Zülqərneyn bu
qardaşlarla birlikdə "abi-həyatı" - dirilik
suyunu tapmaq üçün qaranlıq dünyaya səfər
edir, müəyyən müddət keçəndən sonra
qaranlıq dünyada fırtına qopur və onların hərəsi
bir tərəfə düşüb dirilik suyunu axtarmalı
olurlar. Xızır suyun üzündə,
İlyas isə quruda gəzib-dolaşır. Bir gün qardaşlar rastlaşır və "abi-həyatı"
birlikdə axtarmağa başlayırlar. Yorulub
əldən düşəndə dincəlmək
üçün su kənarında dayanırlar. Quru balığı təmizləmək
üçün suya salarkən balıq dirilir.
Qardaşlar bunun axtardıqları dirilik suyu olduğunu bilir, həmin
sudan doyunca içib, əbədi həyat
qazanırlar. Makedoniyalı İskəndər
Zülqərneyn isə nə qardaşları, nə də
dirilik suyunu tapa bilir, qeybə çəkilir.
Ümumilikdə Xıdır xalqın şifahi
yaddaşında müsbət, xeyirxah, insana uğur gətirən
bir obraz kimi əks olunmuşdur. İnanca görə,
"Xıdır Nəbi" mərasimi hər evdə, hər
ailədə qeyd olunmalı, Xıdırın şərəfinə
məclis qurulmalı, süfrələr
açılmalıdır. Əgər hər
hansı bir evdə həmin gün süfrə açılmazsa,
Xıdır küsüb gedəcək, baharın gəlişini
yubadacaqdır. Mərasimin əsas
atributlarından biri qovutdur. Buğda
qovrulub qovut çəkilir və süfrəyə qoyulur.
Erkən etiqadlara görə, Xıdır əlini
qovuta çəkir, bununla da, özü ilə bolluq, bərəkət,
xoşbəxtlik gətirir.
"Xıdır Nəbi" mərasiminin digər
atributları Su və Torpaqdır. Erkən etiqadlara görə Boz atlı Xıdır Nəbi torpağı, təbiəti
ağ örpəyə bürüyür, onun atının
dırnağı torpağa dəyəndə il boyu insanlar
quraqlıqdan əziyyət çəkmir. İnanca
görə, torpaq ölməsə, yenidən dirilməz.
Qarlı, şaxtalı qış fəsli
torpağı təmizləyir, bolluq, bərəkət,
firavanlıq gətirir. "Xıdır Nəbi" mərasimi
üç gün davam edir, mərasimin birinci günü Xan
Xıdır, ikinci günü Rəiyyət Xıdır,
üçüncü günü isə Çillə
Xıdır kimi qeyd olunur. Bu mərasim erkən əkinçilik
təsəvvürləri ilə bağlı yaranan
Novruzqabağı mərasimlərə daxildir. Mərasimin
birinci günündə torpaq üzərində od, ocaq qalayardılar, ikinci gün əkinə
yarayan hər öküzün adına üç duzsuz
kömbə bişirib öküzlərin qarnının
altından diyirlədib belə oxuyardılar:
Xıdır
Nəbi, Xıdır İlyas,
Bitdi
çiçək, oldu yaz!
Üçüncü gün cütçü və əkinçiləri
tərif edərdilər. Xıdır Nəbinin əlində məşəl
olacağını təsəvvür edir, onun gəlişi ilə
istilik, su, sağlamlıq gətirəcəyinə ümid bəsləyirdilər.
Mərasim zamanı insanlar əkin yerlərinə
gedib Xıdır Nəbini axtarardılar. Onlara
"Xıdırçılar" deyilirdi. Onlar hələ dan yeri sökülməmiş
Xıdırın dalınca əllərində məşəl
gedərdilər.
"Xıdır Nəbi" mərasiminin əsas
amalı, məqsədi insanların qışdan salamat
çıxmasını, üzləşdikləri çətinliklərə
sinə gərməsini, yazın gəlişini gözləməsini
əks etdirməkdir.
Qeyd etmək yerinə düşər ki, sözügedən
mərasim Türkiyədə, xüsusən də, Anadolunun
ayrı-ayrı bölgələrində "Xıdırəlləz"
yaz bayramı kimi geniş qeyd olunur. "Xıdır Nəbi"
mərasimi ilə bağlı çoxlu nəğmə mətnləri
qorunub saxlanılır.
Qış fəslinin son ayı Boz aydır. Boz ay
Kiçik çillənin sonuncu günündən Novruz
bayramına qədər davam edir, xalq arasında həm də
Boz çillə, ala çillə, yazayağı və s.
adlandırılır. Boz ayda hava dəyişkən
keçir, ona görə də xalq arasında belə bir deyim
uzun əsrlərdən süzülüb gəlmişdir ki,
"Boz ay bozara-bozara keçər". Azərbaycanın
bəzi bölgələrində Boz aya Döl ayı da
deyilir, xalq arasında "Boz ayınız bozarsa da, döl
ayıdır ki, döl ayı" ifadəsi buna bariz nümunədir.
Erkən dövrlərdə Boz ayın Döl ayı kimi
tanınmasının səbəbi tamamilə məntiqlidir,
çünki həmin müddətdə xalq arasında
dölün uğurlu olması ilə bağlı mərasimlər
keçirilər, ayinlər icra edərdilər, məsələn,
bir oğlan uşağını qoçun belinə mindirib
sürünün içinə buraxardılar, yaxud qoyun
sürüsünün yanında vəhşi heyvandan,
canavardan danışmazdılar. Bütün
bunlar xalqımızın erkən təsəvvürləri ilə
bağlı yaranmış inanc və etiqadlar sisteminə
daxildir.
Boz ayla
bağlı erkən təsəvvürləri əks etdirən
folklor mətnlərinin birində oxuyuruq: "Çox qədim
zamanlarda insanlar ay haqq-hesabını bilmirdilər, elə ona
görə də günü-günə, ayı-aya
qarışdırırdılar. Bu çaşbaşlıq
insanları belə qənaətə gətirir ki, ili aylara, ayları isə günlərə
bölsünlər. İlə 12 ay, hər aya
isə 32 gün verirlər. Ancaq
bölgü vaxtı Boz aya cəmi 14 gün düşür.
İnciklik olmasın deyə, hər aydan bir
gün götürüb Boz ayın günlərinə əlavə
edirlər. Görürlər ki, yenə də
haqsızlıq baş verdi, hər ayın
31 günü, Boz ayın isə cəmi 25 günü oldu. Onda yenidən aylara müraciət edirlər ki, hərəniz
1 gün də Boz aya verin. Ayların
yarısı razılaşır, yarısı isə
razılaşmır; nəhayət, biri 1, digəri 2, fevral isə
hətta 3 gününü verir. Beləliklə,
Boz ay olur 31 gün. Ancaq öz günlərini
ilin müxtəlif fəsillərindən olan aylardan
aldığı üçün günün biri hava
baxımından o birisinə oxşamır".
Boz ay Novruz bayramına qədər olan mərhələdə
dörd həftəlik çərşənbələri əhatə
edir. Yerin Günəş ətrafında hərəkəti
ilə fəsillərin bir-birini əvəz etməsi,
qışdan sonra yazın gəlməsi, gecə ilə
gündüzün bərabərləşməsi Şimal
yarımkürəsində yaşayan xalqlar tərəfindən
təntənə ilə qeyd edilir. Tarixin
yaddaşından süzülüb gələn folklorumuzda
çillələrlə, Boz ayla bağlı zəngin ayin və
etiqadlar sistemi təbiətin oyanmasını, suyun, havanın
istiləşməsini, yeni əmək
mövsümünün başlanmasını bütün
etnoqrafik detallarla birgə tərənnüm edən möhtəşəm
Novruz bayramının mahiyyətini dünya xalqlarına
çatdırmağa imkan verir.
Ülkər NƏBİYEVA,
Bakı Dövlət Universitetinin
dosenti
Azərbaycan.-2014.- 16 fevral.- S.5.