Əlillər, şəhid ailələri
və veteranlara dövlət qayğısı davamlı olaraq
artır
Mehdi MEHDİYEV:
2567 Qarabağ müharibəsi əlili və 692 şəhid
ailəsi evlə təmin edilib, 2482 Qarabağ müharibəsi
əlilinə avtomobil verilib
26 ildir müharibə şəraitində yaşayırıq. 1988-ci il fevral ayından başlanan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi işğalçı ölkənin məkrli niyyəti üzündən hələ də həll olunmamış qalır. Atəşkəs elan olunsa da, Azərbaycan torpaqlarının 20 faizini işğal etmiş Ermənistan sülh danışıqlarından hər dəfə yayınır.
Ermənistan silahlı qüvvələrinin ölkəmizə hərbi təcavüzü nəticəsində Azərbaycan torpaqlarının 20 faizi - Dağlıq Qarabağ, eləcə də ona bitişik olan 7 rayonun (Ağdam, Füzuli, Laçın, Qubadlı, Cəbrayıl, Zəngilan və Kəlbəcər) ərazisi işğal olundu. Bir milyon soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşdü və respublikamızın 62 şəhər və rayonunda, 1600-dən çox yaşayış məkanında müvəqqəti məskunlaşdılar. Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində 20 min nəfər azərbaycanlı həlak olmuş, 4866 nəfər itkin düşmüş, 100 min nəfər yaralanmış, 50 min nəfər müxtəlif dərəcəli xəsarət alaraq əlil olmuşdur.
"Prezident
İlham Əliyevin doğum gününü bizlərlə
birgə qeyd etməsi hər birimizi sevindirir"
Müharibə şəraiti davam etsə də, Azərbaycan qüdrətli dövlətə çevrilmişdir. Prezident İlham Əliyevin yürütdüyü məqsədyönlü, qətiyyətli daxili və xarici siyasət nəticəsində Azərbaycan dünyanın inkişaf edən ölkələri sırasına qoşulmuşdur. Hələ müharibə şəraitində yaşaya-yaşaya Azərbaycanın hərbi büdcəsi işğalçı Ermənistanın dövlət büdcəsindən 4 dəfə artıqdır. Təkcə bu fakt hər şeyi deyir və əlavə statistik məlumatların göstərilməsinə ehtiyac yaranmır.
Bu gün müstəqil Azərbaycan mürahibə nəticəsində qaçqın və məcburi köçkünlərə, mürahibədə şəhid və fiziki sağlamlığını itirən şəxslərin ailələrinə xüsusi diqqət ayırır. Azərbaycanda məcburi köçkün ailəsi artıq çadırda yaşamır. Fiziki sağlamlığını itirən müharibə əlilləri üçün hər cür lazımi şərait yaradılır. Hər keçən gün qanunlara edilən mütərəqqi dəyişikliklərlə Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi zamanı döyüşlərdə fiziki sağlamlığını itirmiş vətəndaşlar, həmçinin Böyük Vətən müharibəsi əlilləri, hərbi xidməti vəzifəsini yerinə yetirərkən əlil olmuş şəxslər, 20 Yanvar və Çernobıl əlillərinin mənzil-məişət şəraitləri yaxşılaşdırılır. Şəhid ailələri və əlillərə mütəmadi olaraq yeni mənzillər, avtomobillər verilir. Onların müalicəsi üçün reabilitasiya mərkəzləri açılır və lazım gələndə isə müalicə olunmaq üçün xarici ölkələrə göndərilirlər. Bir sözlə, dövlətin bu təbəqəyə göstərdiyi qayğı göz önündədir.
Bu günlərdə Qarabağ müharibəsi əlillərinin, şəhid ailələrinin, veteranların son durumu ilə maraqlandıq. Azərbaycan Respublikası Qarabağ Müharibəsi Əlilləri, Veteranları, Şəhid Ailələri İctimai Birliyinə baş çəkdik. Birliyin sədri, ehtiyatda olan polkovnik Mehdi Mehdiyev bizimlə söhbətində bildirdi ki, təşkilatları 2001-ci ildən fəaliyyət göstərir. Hazırda ictimai birliyin 60 mindən çox üzvü var. Respublikanın bütün rayon və şəhərlərində yerli şöbələri fəaliyyət göstərir. Bu kontingentin sosial durumlarının və mənzil şəraitlərinin yaxşılaşdırılması üçün mühüm tədbirlər həyata keçirilir: "Bir ictimai qurum olaraq biz öz fəaliyyətimizi qanunvericilik bazasına uyğun olaraq aparırıq. Çünki qanunvericilikdə qəbul olunan hər hansı bir qərar bu təbəqəyə aid insanların həyatına öz müsbət təsirini göstərir. Əsası 1997-ci ildə ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət qayğısı bu gün yeni formada davam etdirilir. Prezident İlham Əliyev bu təbəqədən olan insanlara, ailələrə xüsusi önəm verir və dövlət başçısının öz doğum gününü bizlərlə birgə qeyd etməsi onun əsl niyyətini dünyaya nümayiş etdirmiş olur. Prezident İlham Əliyev öz doğum günündə şəhid ailələrinə, əlillərə mənzillərin, avtomobillərin açarlarını verir. Bu, bizi daha da fərəhləndirir. Dünyanın heç bir yerində əlillərə, şəhid ailələrinə belə qayğı göstərilmir".
M.Mehdiyev deyir ki, 1997-ci ildən başlayaraq ulu öndər Heydər Əliyevin diqqət və qayğısı sayəsində respublikanın şəhər və rayon mərkəzlərində çoxmərtəbəli yaşayış binaları, kənd yerlərində isə fərdi yaşayış evləri inşa olunaraq mənzil növbəsində dayanan Qarabağ müharibəsi əlilləri, həmçinin 1990-cı il 20 Yanvar hadisələri zamanı əlil olmuş şəxslərin və şəhid ailələrinin istifadəsinə verilir. Qarabağ müharibəsi əlilləri, şəhid ailələri və bu kateqoriyadan olan insanlar daima dövlətin diqqət və qayğısı ilə əhatə olunublar. Onun sözlərinə görə, əlil insanların özlərinin işləyib vəsait toplayaraq belə evlər, maşınlar alması qeyri-mümkündür. Bunu nəzərə alan dövlət bu sahədə böyük işlər görür. Dövlət təmənnasız olaraq bu xidməti öz üzərinə götürərək, şəhid ailələrini mənzillə təmin edir. Bu gün 3200-ə yaxın şəhid ailəsi, müharibə əlili dövlət tərəfindən yeni mənzillə təmin edilib. Onlardan 692-si şəhid ailəsidir. Hazırda isə 2556 şəhid ailəsi mənzil növbəsindədir. Bunun səbəbi isə odur ki, əvvəllər yaşayış evləri yalnız şəhidin həyat yoldaşına verilirdisə, qanunvericiliyə edilən dəyişikliyə əsasən indi şəhidin valideynləri də mənzil növbəsinə dayana bilər.
Mehdi Mehdiyevin məlumatına görə, 2482 nəfər Qarabağ müharibəsi əlili "OKA", "Slavuta" və "LİFAN-NAZ-320" markalı minik avtomobilləri ilə təmin edilib, 665 əlil isə növbədədir. 2567 Qarabağ müharibəsi əlili evlə təmin edilib, 2728 əlil isə növbədədir. Kənd yerlərində yaşayan 480 əlil də fərdi ev növbəsindədir.
Dövlət
siyasətinin mərkəzində vətəndaşlar
dayanır
Hazırda respublika üzrə Qarabağ müharibəsi əlillərinin sayı 11500, şəhidlərin sayı 13628, şəhid ailəsi üzvlərinin sayı isə 18906 nəfərdir.
2013-cü il oktyabrın 1-də - Beynəlxalq Ahıllar Günündə Prezident İlham Əliyev Bakının Bilgəh qəsəbəsində müharibə və əmək əlilləri üçün pansionatda tikilmiş yeni korpusun açılışında çıxış edərkən dövlətin bu təbəqəyə aid gördüyü işlərdən söz açıb: "Bu pansionatın yenidən qurulması, bax belə müasir səviyyədə işlərin görülməsi Azərbaycan dövlətinin güclü sosial dövlət olduğunu təsdiqləyir. Mən bu barədə dəfələrlə fikirlərimi bölüşmüşəm, bir daha demək istəyirəm ki, dövlətimiz sosial dövlətdir. Sosial dövlət o dövlətdir ki, sosial sahəyə, insanlara böyük diqqət göstərilir və siyasətinin mərkəzində vətəndaş dayanır. Bu gün müstəqil Azərbaycanda sosial dövlət anlayışı tam şəkildə təmin edilir. İldən-ilə artan pensiyalar, maaşlar, ünvanlı sosial yardım, - 120 min ailə sosial yardım alır, - son on il ərzində yoxsulluq təxminən on dəfə aşağı düşmüşdür. Köçkünlərə olan münasibət. Hər il 20 min köçkün yeni evlərə, mənzillərə köçürülür. Yaşlı nəslə olan münasibət Azərbaycanı tam şəkildə sosial dövlət kimi təcəssüm etdirir".
M.Mehdiyev bildirdi ki, Prezident İlham Əliyevin əhalinin sosial problemlərinin həllinə xüsusi diqqət və qayğı göstərməsi digər sosial qruplar kimi, əlillərin də həyat şəraitinin yaxşılaşmasına, onların ictimai hüquqlarının bərpa olunmasına şərait yaradıb. Əlil şəxslərlə bağlı qanunvericilik son illərdə təkmilləşdirilib, bu çərçivədə 10-dək yeni hüquqi-normativ akt qəbul edilib. Belə şəxslərin maddi təminatının gücləndirilməsi dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil edir. Prezident İlham Əliyev tərəfindən imzalanan müvafiq fərman və sərəncamlara əsasən, əlillərə ödənilən pensiya və müavinətlərin məbləği hər il artırılır. Dövlət əlil vətəndaşların çoxsaylı sosial proqramlara, o cümlədən reabilitasiya, pulsuz istirahət, texniki-bərpa və nəqliyyat vasitələri ilə təminat proqramlarına cəlb olunmasını həyata keçirir. Dövlətin əlil vətəndaşlara qayğısı çərçivəsində yeni reabilitasiya mərkəzlərinin tikintisi də həyata keçirilir.
Problemlərin həlli
və çıxış yolları ilə bağlı təkliflər
Ötən illərdə əlil vətəndaşların
sosial müdafiəsinin gücləndirilməsi və
onların maddi təminatının
yaxşılaşdırılması istiqamətində
mühüm irəliləyişlərə nail olunub. Buna
baxmayaraq, bəzən şəhid ailələri, əlilliyi
olan şəxslərlə bağlı problemlər ortaya
çıxır. Əlilliyi olan insanlar reabilitasiya kursu
keçmək üçün xarici ölkələrə
göndərilir. Həmin
əlil müalicə
kursundan sonra özünü 1 il çox rahat hiss edir. İctimai birlik isə hesab edir ki, müalicə
kurslarına göndərilən insanların sayının
artırılması və bunun üçün dövlət
büdcəsindən əlavə vəsaitin ayrılması məqsədəuyğun
olardı.
Mehdi
Mehdiyev qeyd edir ki, Qarabağ müharibəsi zamanı əlil
olmuş şəxslər artıq yaşlanıblar və
yaş keçdikcə onların qayğıları,
ağrıları da artır: "Əlil olan şəxslərə
və şəhid ailələrinə yardım Əmək və
Əhalinin Sosial Müdafiəsi Nazirliyi vasitəsilə həyata
keçirilir. Əvvəlki illərdə bəzi
səbəblər üzündən yerlərdə mənzil
növbələrində problemlər yaranırdı. Səlim Müslümov nazir təyin olunduqdan sonra
onun qəbulunda olduq və problemləri göstərdik. Nazir bizi dinlədi və əmin etdi ki, belə
halların qarşısını almaq üçün əlindən
gələni edəcək. Nazir dövlət
başçısının bütün
tapşırıqlarının yerinə yetiriləcəyini
söylədi. Biz Baş nazirin müavini,
Qaçqınların və Məcburi Köçkünlərin
İşləri üzrə Dövlət Komitəsinin sədri
Əli Həsənovla da görüşmüşük.
Həmin görüşdə də mövcud
problemləri qaldırdıq. O da bizi diqqətlə dinlədi
və hiss olundu ki, dövlət bu problemlərin həllində
maraqlıdır. Sadəcə olaraq yeni mexanizmlər
tapılmalıdır".
M.Mehdiyevin sözlərinə görə,
qaldırılan problemlərin içərisində sosial
problemlər də var. Onlardan biri pensiya təminatıdır. Bu gün
ölkəmizdə yaşayış minimum 125 manatdır.
Amma əmək stajı olan (müharibəyə
getmədən öncə işləyən insan) II qrup
müharibə əlili 142 manat pensiya alır. Bunun üzərinə də 85 manat Prezident təqaüdü
gəlir. Yəni əlil 200 manatdan bir qədər yüksək pensiya
alır. Əmək stajı olmayan (orta məktəbi
bitirən kimi ordu sıralarına qoşulan) əlil isə 60
manat alır. Üzərinə 85 manat gəldikdə
bu, ayda 145 manat edir. Artıq müharibədən 26 il ötür və həmin cavan oğlan indi
40-45 yaşlı ailəli bir insandır: "Biz bunu tam əsaslandıraraq
aidiyyəti qurumlara təqdim etmişik və ümid edirik ki,
tezliklə bu problem də öz həllini tapacaq".
Şəhid ailələri
arasında olan təbəqələşmə, əlillərin
tibbi sığortası...
İctimai birliyin sədri onu da vurğuladı ki, şəhid
ailələri üçün Prezident təqaüdü təsis
olunub. Lakin hazırda şəhid ailələri arasında
təbəqələşmə mövcuddur.
Çünki Milli Qəhrəman ailəsi, 20 Yanvar şəhid
ailəsi və Qarabağ müharibəsi şəhidi ailəsi
ayrı-ayrı məvacib alırlar: "Biz
çalışırıq ki, bu təbəqələşmə
aradan götürülsün. Çünki bu təbəqələşmə
şəhid ailələri arasında inciklik yaradır. Nə üçün Qarabağ müharibəsində
şəhid olan əsgərin ailəsi 20 Yanvar şəhid
ailəsindən qat-qat aşağı məvacib alsın?
Bütün bunlar qeyri-obyektiv fikirlərin
formalaşmasına gətirib çıxarır. Biz təklif edirik ki, şəhid ailələri
arasında fərq qoyulmasın. Fikrimizcə,
yalnız Milli Qəhrəman ailəsi fərqlənə bilər".
Hazırda əlillər ölkə daxilində
reabilitasiya kursu keçirlər. Ancaq xəstəxanalarda
əlillərin müalicəsi üçün lazım olan
tibbi ləvazimatlar, dərmanlar azlıq təşkil edir.
Vaxtında müalicə olunmamaq isə onun həyatına
təhlükə yaratmış olur. Ona
görə də birlik ictimai əlillərin tibbi
sığorta məsələsinin həll olunması ilə
bağlı təkliflərini hazırlayıb Nazirlər
Kabinetinə təqdim edib. Qaldırılan
digər məsələ isə hepatit xəstəliyinə
tutulmuş əlillərin dövlət hesabına müalicə
almasıdır. M.Mehdiyevin sözlərinə
görə, bu xəstəlik əlillərdə yalnız
müharibə zamanı yaranıb. Yoluxma
yaralıya həmin zaman yoxlanılmadan köçürülən
qanlardan və cərrahiyyə əməliyyatı zamanı
istifadə olunan tibbi avadanlıqların natəmizliyi səbəbindən
baş verib. Əlil aldığı məvaciblə
bu müalicənin bir kursunu belə keçə bilməz.
Ona görə də bu sahədə dövlətin qayğısına ciddi ehiyac
var.
Təhsil sahəsinə gəldikdə isə, deyə
bilərik ki, qaçqın və məcburi
köçkün ailələrinin övladları pulsuz təhsil
alırdılar. Ancaq adıçəkilən ictimai birliyin aidiyyəti
qurumlara müraciətindən sonra bu gün şəhid ailələrinin
övladları da ali məktəblərdə
təhsil haqqından azad olunublar. Ancaq
canını vətən üçün fəda edərək
müxtəlif qruplar üzrə əlillik dərəcəsi
almış şəxslərin övladları bu hüquqdan
yararlana bilmirlər. Vaxtında təhsil haqqı ödənilmədikdə
isə ali məktəbdən xaric olunurlar.
Bu hal isə əlil olan şəxslərə
ciddi təsir göstərir və bəzən də stress, əsəb
gərginliyi xoşagəlməz hadisələrə səbəb
olur. İctimai birlik bu məsələni də
təkliflər siyahısına daxil edib.
Keçmiş
döyüşçülər hər an səngərlərə
dönməyə hazırdırlar
Söhbətimizin
sonunda M.Mehdiyev dedi ki, təşkilatın üzvləri
mütəmadi olaraq cəbhə bölgəsinə səfər
edib əsgərlərlə görüşlər
keçirirlər. Müxtəlif bayramlar, ənənəvi
günlər ərəfəsində bu səfərlər daha
çox olur. Birliyin
planlaşdırdığı növbəti
görüşü isə çox maraqlı
olmalıdır. Bununla bağlı
müdafiə naziri ilə nəzərdə tutulmuş
görüşdə də məlumat veriləcək. "İstəyirik ki, bir vaxtlar döyüş
tapşırığı yerinə yetirən, qəhrəmancasına
döyüşərək yaralanıb əlil olan insanlarla
hazırda səngərdə vətən keşiyində duran əsgərlər
arasında görüş baş tutsun. Hesab edirəm
ki, bunun çox böyük effekti ola bilər"
deyən M.Mehdiyev hesab edir ki, bu gün Azərbaycan Ordusu
çox güclü bir orduya çevrilib. Bunu bütün səfərlərdə
hiss etmək mümkündür. Həm şəxsi heyətin
döyüş hazırlığının, təchizatının
yaxşılaşması, həm döyüş
texnikalarının, silah-sursatın günü-gündən
yenilənməsi, həm də Ali Baş Komandanın
Silahlı Qüvvələrə ayırdığı diqqət
bunu deməyə əsas verir: "Biz müharibə
veteranları bunu açıq şəkildə
görürük və inanırıq ki, Azərbaycan Ordusu
istənilən vaxt işğal altında olan
torpaqlarımızı azad etməyə qadirdir. Əgər
Ali Baş Komandan döyüşə başlamaq əmri verərsə,
biz keçmiş döyüşçülər vahid amal
uğrunda o tapşırığı yerinə yetirməyə
hər an hazırıq".
Rəşad
BAXŞƏLİYEV,
Azərbaycan.-2014.- 16 fevral.- S.6.