Strasburqda Nizami Gəncəviyə
həsr
olunan beynəlxalq konfrans keçirilmişdir
Azərbaycan mədəniyyətini və ədəbiyyatını bir çox ölkələrdə, o cümlədən Fransada tanıtmaq istiqamətində mühüm tədbirlər həyata keçirən Heydər Əliyev Fondunun təşkilatçılığı və ölkəmizin Parisdəki səfirliyinin dəstəyi ilə fevralın 14-də Avropanın rəmzi paytaxtı hesab edilən Strasburqun Reyn sarayında Azərbaycanın dahi şairi Nizami Gəncəviyə həsr olunan beynəlxalq elmi konfrans keçirilmişdir.
Konfransı açan Strasburq Milli və Universitet Kitabxanasının administratoru Rober Puaro qonaqları salamlamış və Azərbaycanın mədəniyyətlərarası dialoqa mühüm töhfə verdiyini xatırlatmışdır. O, Azərbaycanın dahi şairi Nizami Gəncəvini dünyanın söz ustadlarının ilham mənbəyi kimi təqdim etmiş, şairin Qərbi Avropada da yüksək dəyərləndirildiyini diqqətə çatdırmışdır.
Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov mötəbər konfransın Şərq intibahının və bütün bəşəriyyətin ən parlaq simalarından biri olan Azərbaycanın dahi şairi və filosofu Nizami Gəncəvinin xatirəsinə həsr olunmasından məmnunluq hissi keçirdiyini vurğulamış, söz sərrafının ədəbiyyatla yanaşı elm və humanist sahələrdə özündən sonra xalqımıza böyük irs qoyub getdiyini qeyd etmişdir. Şairin ədəbi və fəlsəfi fikirlərinin məcmusu olan "Xəmsə" əsərinin beş poemadan ibarət olduğunu, Nizami Gəncəvinin əsərlərinin və dərin humanist ideyalarının dünyanın, o cümlədən Avropanın və xüsusilə Fransanın ədəbi və fəlsəfi fikirləri üçün bir mənbə olduğunu vurğulamışdır.
Səfir N.Gəncəvinin 870 illik yubileyinin təntənəli şəkildə qeyd olunması ilə əlaqədar 2011-ci ildə Prezident İlham Əliyevin Sərəncam imzaladığını, Azərbaycanın birinci xanımı, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən şairin əsərlərinin bir çox dillərə tərcümə olunaraq nəşr edildiyini, anadan olmasının 850 illik yubileyi ilə əlaqədar UNESCO tərəfindən 1991-ci ilin "Nizami Gəncəvi ili" elan edildiyini, 2012-ci ildə Romada büstünün qoyulduğunu diqqətə çatdırmış, əsərlərində azadlıq, bərabərlik və qardaşlıq ideyalarının təcəssüm tapdığını bildirmişdir.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Əlyazmalar İnstitutunun direktor vəzifəsini icra edən, AMEA-nın müxbir üzvü Teymur Kərimli "Nizami Gəncəvinin məhəbbət fəlsəfəsi" adlı məruzəsində şairin məhəbbət mövzusunu bitkin bir fəlsəfi konsepsiya səviyyəsinə qaldırmasından, cəmiyyət həyatının və xoşbəxtliyinin ən önəmli amili kimi təqdim etməsindən söhbət açmışdır.
Nizami məhəbbəti və ümumiyyətlə bağlılıq duyğularını fərdlər arasından cəmiyyətə, oradan isə təbiətə keçirərək, onu qlobal bir hadisə kimi qiymətləndirmişdir.
T.Kərimli qeyd etmişdir ki, böyük humanist şair olan Nizami Gəncəvinin məhəbbət haqqında görüşləri özündən sonra da bədii ədəbiyyata təsir göstərərək, bu problem barədə bütöv bir məktəbin formalaşmasına səbəb olmuşdur.
Azərbaycan Yazıçılar Birliyi Gəncə bölməsinin sədri Məmməd Alim "Nizami Gəncəvi bütün zamanların və bütün məkanların şairi" mövzusundakı məruzəsində şairin əsərlərində öz əksini tapmış ideyalardan, onun yaradıcılıq konsepsiyasının əsasında insan amilinin dayandığından, yaşayıb-yaratdığı dövrdən neçə əsrlər keçməsinə baxmayaraq əsərlərində səsləndirdiyi fikirlərin müasir zamanda da aktuallığını itirmədiyindən söhbət açmışdır.
Konfransda Strasburq Milli və Universitet Kitabxanasının əlyazmalar və mədəni irs bölməsinin rəhbəri Frederik Blenin "Nizami Strasburqda", Prinston Universitetinin Yaxın Şərq Araşdırmalar Departamentinin professoru Mikael Barrinin "Nizami Gəncəvi - könül şairi", Dillər və Sivilizasiyalar Kitabxanasının elmi direktoru Fransis Rixardın "Nizami Gəncəvinin Strasburqda saxlanılan əlyazmasının orijinallığı", Berlinin Humbolt Universitetinin professoru Eva-Maria Auxun "Höte və Nizaminin şərqşünaslığı" və Neapol Şərqşünaslıq Universitetinin professoru Mişel Bernardinin "Psixoloji terapiya qismində olan hekayə: Yeddi gözəl" adlı məruzələri dinlənilmişdir.
Çıxışlarda Nizami Gəncəvinin Strasburq kitabxanasında 4175 nömrə altında saxlanılan əlyazmanın 370 səhifə və 1191 illüstrasiyadan ibarət olmasından, Nizaminin poemalarına Şərq rəssamları ilə yanaşı avropalı rəssamların da illüstrasiyalar çəkmələrindən, şairin əsərlərinin üzünün müxtəlif dövrlərdə ayrı-ayrı xəttatlar tərəfindən köçürülməsindən, poemalarda səsləndirilən fikirlərin bəşəri duyğulardan irəli gəlməsindən, alman şairi Hötenin özünün "Şərq-Qərb divanı" əsərində dahi söz ustadına yüksək qiymət verməsindən bəhs olunmuşdur.
Alzas
bölgəsinin mədəniyyət məsələləri
üzrə regional direktoru Alen Hauss Nizami Gəncəvi ilə
bağlı sərginin Strasburqda təşkil
olunmasının onlar üçün böyük şərəf
olduğunu, şairin əsərlərinin bütün dünyada öyrənildiyini
və tanınmış alimlərin iştirak etdiyi bu
konfransın buna bariz nümunə olduğunu diqqətə
çatdırmış,
qloballaşan dünyada mədəni əlaqələrin
inkişaf etdirilməsinin vacibliyini vurğulamış,
Nizaminin əsərlərində əks olunan azadlıq, bərabərlik
və qardaşlıq ideyalarının bu gün də öz
aktuallığını itirmədiyini, sərginin Fransa ilə
Azərbaycan arasında
körpü saldığını, fransız ictimaiyyətinin
sərgi sayəsində Azərbaycan ilə yaxından
tanış olduğunu, ölkənin mədəni dəyərləri
barədə ətraflı məlumat əldə etmələrində
mühüm rol oynadığını diqqətə
çatdırmışdır.
Konfransa
yekun vuran Rober Puaro və səfir Elçin Əmirbəyov
maraqlı məruzələrə görə alimlərə təşəkkürlərini
bildirmiş və bu elmi tədbirin
mühüm əhəmiyyət kəsb etdiyini
vurğulamışlar.
Konfransda Azərbaycanın Avropa Şurası yanındakı daimi nümayəndəliyinin rəhbəri səfir Emin Eyyubov, Amerikadan, İtaliyadan, Almaniyadan və digər ölkələrdən gəlmiş şərqşünaslar və Strasburq ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.
Tədbirin iştirakçıları Nizami Gəncəvinin həyat və yaradıcılığından bəhs edən sərgi ilə yaxından tanış olmuşlar. Onlara Heydər Əliyev Fondu tərəfindən şairin əsərlərinin müxtəlif dillərdə çap olunmuş nüsxələri paylanmışdır.
Əsgər
Əliyev,
AzərTAc-ın xüsusi müxbiri
Strasburq
Azərbaycan.-2014.- 16 fevral.- S.7.