Tofiq Əhmədovun 90 illik yubileyinin keçirilməsi
haqqında
Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı
2014-cü ildə Azərbaycan Respublikasının xalq artisti, tanınmış dirijor və bəstəkar Tofiq Qəzənfər oğlu Əhmədovun anadan olmasının 90 illiyi tamam olur.
Tofiq
Əhmədov uzun illər ərzində estrada orkestrinin bədii
rəhbəri və baş dirijoru kimi səmərəli fəaliyyət
göstərmiş, ölkənin müasir musiqi mədəniyyəti
xəzinəsinə layiqli töhfələr vermişdir.
Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq, Azərbaycanda estrada musiqisinin
inkişafı və təbliği işində özünəməxsus
xidmətləri olan Tofiq Əhmədovun 90 illik yubileyinin
keçirilməsini təmin etmək məqsədi ilə qərara
alıram:
1. Azərbaycan
Respublikasının Mədəniyyət və Turizm Nazirliyi
xalq artisti Tofiq Əhmədovun 90 illik yubileyinə dair tədbirlər
planı hazırlayıb həyata keçirsin.
2. Azərbaycan
Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli
gələn məsələləri həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 17 fevral
2014-cü il
Azərbaycan.-2014.- 18 fevral.- S.1.