Yeni Azərbaycan Partiyası
Naxçıvan Muxtar Respublikası
Təşkilatının İdarə
Heyətinin iclası keçirilmişdir
Fevralın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Sədri Vasif Talıbovun sədrliyi ilə Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı İdarə Heyətinin 2013-cü ildəki fəaliyyəti və qarşıda duran vəzifələrlə əlaqədar iclası keçirilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, iclasda Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının icra katibi Anar İbrahimovun hesabat məruzəsi dinlənilmişdir.
Sonra Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublikası Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin sədri Azad Cabbarov və partiyanın Universitet şəhərciyi ərazi ilk təşkilatının sədri Kamal Camalov çıxış etmişlər.
Ali Məclisin Sədri, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Sədri Vasif Talıbov tapşırıq və tövsiyələrini verərək demişdir: 2014-cü ildə Naxçıvan Muxtar Respublikasının yaradılmasının 90 illiyi tamam olur. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 2013-cü il dekabrın 28-də keçirilən dördüncü çağırış səkkizinci sessiyasında 2014-cü il muxtar respublikada "Muxtariyyət ili" elan olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 14 yanvar tarixli Sərəncamına əsasən, muxtar respublikanın 90 illik yubileyi dövlət səviyyəsində keçiriləcəkdir. Bu baxımdan 2014-cü il digər sahələr kimi, partiya fəaliyyəti sahəsində də tələbkar və məsuliyyətli bir dövr olacaqdır. Cari ildə də siyasi, ideoloji və təşkilati fəaliyyətimiz davam və inkişaf etdirilməli, qarşıya qoyulan vəzifələr icra olunmalıdır. Yeni Azərbaycan Partiyasının sədri, Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının beşinci qurultayında partiyanın və onun hər bir üzvünün qarşısında duran əsas vəzifələrdən danışaraq demişdir: "Bizim bütün istiqamətlər üzrə konkret proqramlarımız, planlarımız, konsepsiyalarımız, icra mexanizmlərimiz vardır. Yəni bizim gələcək inkişafımızla bağlı heç bir tərəddüdümüz, heç bir şübhəmiz yoxdur. Azərbaycan inamla, uğurla irəliyə gedəcəkdir. Bunu təmin etmək üçün Azərbaycanda Heydər Əliyev siyasəti bundan sonra da daim üstünlük təşkil etməlidir".
Yeni Azərbaycan Partiyası muxtar respublika təşkilatının sədri demişdir: "Yeni Azərbaycan Partiyasının Naxçıvan Muxtar Respublika Təşkilatı partiyamızın tarixən ilk yaranmış siyasi qurumu kimi nümunə gücündə olmalı, 2014-cü ildə fəaliyyətini daha da gücləndirməlidir. "Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının 2014-cü ilə dair İş Planı"nda nəzərdə tutulmuş tədbirlər vaxtında və dürüst icra olunmalı, İcra Katibliyi, Gənclər Birliyi, şəhər və rayon partiya təşkilatları öz fəaliyyətlərini buna uyğun qurmalıdırlar. "Muxtariyyət ili" ilə əlaqədar partiya təşkilatlarının xətti ilə tədbirlər hazırlanıb keçirilməlidir.
Şəhər və rayonlarda partiya təşkilatları üçün binalar istifadəyə verilmişdir. Həmçinin kənd mərkəzlərində də ilk partiya təşkilatları üçün nümunəvi iş otaqları yaradılmışdır. Yaradılanların qorunması ilə yanaşı, onlardan səmərəli istifadəyə də diqqət artırılmalıdır. Kənd mərkəzləri ideya, siyasi və təşviqat işləri üçün mərkəz kimi öz statuslarını möhkəmləndirməlidir. Çox vaxt ideoloji tədbirlərin kabinetlərdə keçirilməsinə üstünlük verilir ki, bu da işin səmərəsini aşağı salır. Təbliğat işi yerlərdə, birbaşa insanlarla aparılmalıdır".
Bildirilmişdir ki, nəzəri biliklərə yiyələnmədən ideoloji işi təşkil etmək mümkün deyildir. Özünü partiya işinə həsr edən üzvlər daim nəzəri biliklərini artırmalıdırlar. Ümummilli lider Heydər Əliyevin nəzəri və siyasi irsi öyrənilməli, mütaliə mədəniyyəti gücləndirilməlidir. Yeni üzvlər qəbul edilmədən partiya işi genişlənə və inkişaf edə bilməz. Partiya üzvlüyünə namizədlər diqqətlə seçilməlidir. İlk partiya təşkilatları buna diqqət etməli və unutmamalıdırlar ki, Yeni Azərbaycan Partiyası əqidə partiyasıdır. Partiyaya yeni qəbul edilmiş üzvlərlə sistemli iş aparılmalıdır. Partiyanın yaranma tarixi, məramı, onun banisi ümummilli lider Heydər Əliyevin həyat yolu, siyasi və dövlətçilik fəaliyyəti partiyaya üzv olmaq üçün müraciət edən hər bir şəxsin siyasi biliklərinin əsasını təşkil etməlidir. Partiyanın şəhər və rayon təşkilatları tabeliklərində olan ilk partiya təşkilatları ilə əlaqəni gücləndirməlidirlər.
Partiya işinin yenilənməsi zərurətindən danışan muxtar respublika təşkilatının sədri demişdir: "Müasir cəmiyyət yeniləşməyə doğru gedir. Buna uyğun olaraq partiya işi də yeniləşməli, partiyamızın gələcəyi hamımızı düşündürməlidir. Siyasi fəaliyyətin varisliyi təmin olunmadan partiyanın gələcəyini təmin etmək mümkün deyildir. Partiyanın gələcəyinin təmin edilməsi isə xeyli dərəcədə onun sıralarına hərtərəfli dünyagörüşə malik istedadlı, vətənpərvər gənclərin cəlb olunmasından asılıdır. Buna görə də gənc və yaradıcı qüvvələrlə işi gücləndirməli, yüksək intellektli, vətənpərvər, gələcəkdə işi etibar edə biləcəyimiz lider gənclər yetişdirməliyik.
Bu gün Naxçıvan Muxtar Respublikasında gənclərin hərtərəfli yetişdirilməsi üçün bütün tədbirlər görülür. Olimpiya idman kompleksləri, şahmat məktəbləri, gənclik mərkəzləri, elektron kitabxanalar istifadəyə verilmişdir. Lakin açıq etiraf etmək lazımdır ki, gənclərin bu müəssisələrə cəlbi hələ də lazımi səviyyədə deyildir. Partiyanın İcra Katibliyi və Heydər Əliyev adına Gənclər Birliyi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondu ilə işini əlaqələndirməli, gənclərlə iş sahəsində birgə plana malik olmalı, onun icrasını təmin etməlidir. Partiyanın icra katibliyi Heydər Əliyev adına Gənclər Birliyinin də işinə, onun fəaliyyətinin gücləndirilməsinə daim diqqət göstərməli, azərbaycançılıq, dövlətçilik, millilik və vətənpərvərlik mövzularında tədbirlər keçirilməli, gənclərin sosial şəbəkələrdə fəallığı artırılmalıdır. Partiyanın şəhər və rayon təşkilatları qadınlarla işin təşkilinə də diqqətlə yanaşmalıdırlar. Partiya təşkilatlarının fəaliyyətində qadın üzvlərin və qadınlar şuralarının fəallığına nail olmaq qarşıda duran əsas vəzifələrdən olmalıdır. Kadr siyasətinə diqqət artırılmalı, ehtiyat kadrların hazırlanmasında qayda yaradılmalıdır. Partiyanın elmi və siyasi kadr potensialından düzgün istifadə edilməlidir".
Bildirilmişdir ki, 2014-cü ildə bələdiyyə seçkiləri keçiriləcəkdir. Buna indidən hazırlaşmaq lazımdır. Bələdiyyə seçkiləri partiya təşkilatları üçün əsas fəaliyyət sahələrindən biri olmalıdır. Bələdiyyə seçkilərinə hazırlıqla bağlı tədbirlər planı hazırlanmalı və icrası təmin edilməlidir. Aidiyyəti təşkilatlarla birlikdə bələdiyyə üzvlüyünə namizədlərin müəyyənləşdirilməsinə diqqətlə yanaşılmalı, bu zaman əhali arasında nüfuzu olan şəxslərə üstünlük verilməlidir. Yeni Azərbaycan Partiyasının böyük seçki təcrübəsinin olmasına baxmayaraq, işdə arxayınçılığa yol verilməməlidir.
Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Sədri demişdir ki, 2014-cü ilin noyabr ayında partiyanın beşinci konfransının keçirilməsi nəzərdə tutulmuşdur. İcra Katibliyi, şəhər və rayon təşkilatları partiyanın Nizamnaməsinə və təşkilatın Əsasnaməsinə uyğun olaraq oktyabr-noyabr aylarında konfransın keçirilməsini, o cümlədən nümayəndələrin seçilməsini təmin etməlidirlər. Kütləvi informasiya vasitələri ilə iş partiya fəaliyyətinin mühüm istiqamətlərindən biri olmalıdır. Ümummilli liderimiz Heydər Əliyev Yeni Azərbaycan Partiyasının birinci qurultayında partiyanın tutduğu mövqeyi dəyərləndirərək demişdi: "Yeni Azərbaycan Partiyası yarandığı dövrdən indiyə qədər Azərbaycanın ictimai-siyasi həyatında özünün dəyərli yerini tutubdur, bu yeri heç kəsə verməyəcək və get-gedə öz yerini möhkəmləndirəcəkdir".
"Bizim
vəzifəmiz əldə olunmuş nailiyyətlərlə
kifayətlənməmək, partiya-təşkilat işini daha
da gücləndirmək, partiyamızın cəmiyyətdə
tutduğu yüksək mövqeyi qoruyub saxlamaq, partiya işini
irəli aparmaqdır", - deyən Ali Məclisin Sədri bu
yolda partiya üzvlərinə uğurlar
arzulamışdır.
Azərbaycan.-2014.- 18 fevral.- S.3.