Gernot ERLER: Azərbaycan
region ölkələri üçün
örnək ola
bilər
Berlində, "Alman Parlament Cəmiyyəti"ndə dalbadal
ikinci ildir Cənubi Qafqazda sabitliyin, təhlükəsizliyin
və əməkdaşlığın
dəstəklənməsinə dair Almaniya-Azərbaycan simpoziumu keçirilir. Tədbir
Azərbaycanın ən
müasir tarixində faciəli günə - Ermənistan və Azərbaycan arasında Qarabağ müharibəsinin
ən qanlı səhifəsinə çevrilmiş,
600-dən çox dinc
azərbaycanlının, o cümlədən
qocaların, qadınların
və uşaqların
həyatına son qoymuş
Xocalı qırğınına
həsr olunmuşdur.
Azərbaycanın AFR-dəki səfirliyinin
və Alman-Azərbaycan
Forumunun birgə təşkilatçılığı ilə bu yaxınlarda
Berlində keçirilmiş
simpoziumda (AzərTAc bu barədə fevralın 13-də məlumat
vermişdir: http://azertag.com/node/1191841) Azərbaycanın
və Almaniyanın siyasi isteblişmentinin çoxlu sayda yüksək vəzifəli
nümayəndəsi, o cümlədən
Azərbaycanın xarici
işlər nazirinin müavini Xələf Xələfov, Azərbaycanın
Almaniyadakı səfiri
Pərviz Şahbazov, Almaniya İqtisadi Əməkdaşlıq və
İnkişaf Nazirliyinin
parlament dövlət katibi Kristian Şmidt, Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) vitse-prezidenti
və Almaniyanın bu qurumdakı nümayəndə heyətinin
başçısı Aksel
Fişer, Almaniyanın
ATƏT-in Parlament Assambleyasındakı
nümayəndə heyətinin
başçısı Doris Barnet, hakim Xristian-Demokrat İttifaqından
deputat Marko Vandervits,
"FOCUS" nəşriyyatının Moskva bürosunun başçısı Boris Raytşuster,
habelə diplomatik korpusun və Berlin ekspert cəmiyyətinin çoxsaylı nümayəndələri
iştirak etmişlər.
AFR
XİN-in Rusiya, "Şərq
tərəfdaşlığı" Proqramı, habelə Mərkəzi Asiya ölkələri ilə ictimai-siyasi əməkdaşlıq
üzrə əlaqələndiricisi, sosial-demokrat Gernot Erlerin ənənəvi diplomatik
qaydalara uyğun nitqdən daha çox Cənubi Qafqazın geosiyasi reallıqlarının elmi
təhlilinə bənzəyən
çıxışı tədbir
iştirakçıları tərəfindən xüsusi
diqqətlə qarşılanmışdır.
Ukrayna Prezidenti Viktor Yanukoviçin Aİ ilə
assosiasiya barədə
müqaviləni imzalamaqdan
imtina etməsini nəzərdə
tutan almaniyalı siyasətçi bildirmişdir
ki, "Şərq tərəfdaşlığı" Proqramına üzv olan ölkələrin Vilnüs zirvə görüşündə Aİ-nin Şərq siyasətinə zərbə
vurulmuşdur. G.Erlerin sözlərinə
görə, bu zərbənin nəticələri
Avropa İttifaqının
Cənubi Qafqaz ölkələri ilə münasibətlərinə də
təsir göstərəcəkdir.
O demişdir: "Aydındır
ki, Avropa İttifaqı və Gömrük İttifaqı
bir-biri ilə rəqabət aparan iki inteqrasiya məkanı kimi qəbul edilir".
Ukraynaya gəldikdə elə vəziyyət yaranmışdı
ki, Kiyevin qarşısında ya
Aİ, ya da Gömrük İttifaqı
seçimi qoyulmuşdu. Almaniyalı
siyasətçi demişdir:
"Yalnız sonuncu Rusiya-Aİ zirvə görüşündə mütəxəssislərə
belə bir suala cavab tapmaq
tapşırılmışdır: "İki inteqrasiya məkanı arasında belə qəti seçimin alternativi həqiqətənmi yoxdur?".
G.Erler xatırlatmışdır
ki, Vilnüs zirvə görüşündə
Gürcüstan imzalanması
bu ilin yayına
nəzərdə tutulan
Aİ ilə assosiasiya
barədə müqaviləni
paraflamışdır. O demişdir:
"Rusiya rəhbərliyi
həmin sazişin Gürcüstanla imzalanmasına
Ukraynadakı kimi mane olmağa çalışsa,
onda vəziyyətin artıq bilavasitə Azərbaycan sərhədlərinin
yaxınlığında yenə
də gərginləşəcəyini
gözləmək olar".
G.Erlerin fikrincə, belə olan halda yenə
də Gürcüstan
mallarının Rusiya
bazarlarına ixracında
problemlər yaranacaq, habelə Gürcüstan vətəndaşları barəsində
viza siyasəti sərtləşdiriləcəkdir. Almaniyalı siyasətçi
fikrini bu sözlərlə tamamlamışdır:
"Hadisələrin belə
gedişatı Tbilisi ilə
Moskva arasında münasibətlərin normallaşması
prosesini mütləq pozacaqdır".
Aİ "Şərq Tərəfdaşlığı" Proqramı çərçivəsində
Bakı ilə də danışıqlar
aparır. Bütövlükdə Avropaya inteqrasiya
xətti götürən
Azərbaycan, eyni zamanda, öz siyasətinin digər vektorlarına da böyük əhəmiyyət
verir ki, bunlar arasında da ən mühümü
Rusiya ilə münasibətlərdir. Unutmaq olmaz
ki, Rusiya Azərbaycana malların əsas ixracatçısıdır.
O, bu göstərici üzrə istər Türkiyəni, istərsə
də Aİ-ni qabaqlayır. Bakı ilə Moskva arasında ticarət münasibətləri Rusiya
hərbi texnikasının
və silahlarının
alınmasına dair iri sazişləri də ehtiva edir. Dağlıq
Qarabağ münaqişəsinin
həllinin açarının
Moskva olduğuna işarə edən G.Erler demişdir: "Özü də Azərbaycan başa düşür ki, dövlətin bir nömrəli probleminin həlli - respublikanın ərazi bütövlüyünün
bərpası Rusiyasız
mümkün deyildir".
Azərbaycanın Avropa İttifaqına təbii
qaz idxalı mənbələrini şaxələndirmək
imkanı verən Cənub qaz dəhlizi layihəsinin icrasını dəstəkləmək
qərarını yüksək
qiymətləndirən G.Erler
bildirmişdir ki, bu qərar Azərbaycanın
Avropa yönümlü
mühüm addımı
olmuşdur. Lakin o əmindir ki,
Rusiya "Şahdəniz-2" layihəsindəki Azərbaycan
qazını almaq cəhdlərini gələcəkdə
davam etdirəcəkdir.
Almaniyalı diplomat vurğulamışdır ki,
Tbilisinin Qərb istiqamətində, Yerevanın
isə Gömrük İttifaqı istiqamətində
birtərəfli siyasət
yeritdikləri bir vaxtda, Bakı bu iki istiqaməti
birləşdirmək prinsipinə
söykənən inamlı
siyasət yeridir. Belə
bir siyasəti yalnız güclü və öz imkanlarına əmin olan bir dövlət yeridə bilər. G.Erler demişdir: "Qeyd edək ki, Bakı
Aİ ilə assosiasiya
haqqında saziş imzalamaqdan daha çox Brüssel ilə "imtiyazlı tərəfdaşlıq" barədə
saziş imzalamağa
can atır. Daha dəqiq desək,
söhbət modernləşdirməyə
dair strateji tərəfdaşlıqdan gedir".
G.Erlerin
fikrincə, Azərbaycanın
iki inteqrasiya məkanının dinc yanaşı yaşamasının
dəstəklənməsinə yönəlmiş xarici siyasəti regionun digər ölkələri
üçün örnək
ola bilər.
AFR XİN-in Rusiya, "Şərq
tərəfdaşlığı" Proqramı, habelə Mərkəzi Asiya ölkələri ilə ictimai-siyasi əməkdaşlıq
üzrə əlaqələndiricisi
G.Erler sonda demişdir:
"Aİ ilə Rusiya
arasında gərginliyin güclənməsi
regiondakı vəziyyəti
yalnız gərginləşdirəcək,
məsələn, Dağlıq
Qarabağ münaqişəsini
dərinləşdirəcəkdir. Konturları Cənubi Qafqaz ərazisindən keçəcək
yeni soyuq müharibənin qarşısını
almaq lazımdır".
Pərvanə QARAYEVA,
AzərTAc-ın xüsusi müxbiri
Berlin
Azərbaycan.-2014.- 18 fevral.- S.3.