Quba Soyqırımı
Memorial Kompleksinin tarixi missiyası
Quba
Soyqırımı Memorial Kompleksi elə möhtəşəm
abidədir ki, əsrlər ötdükcə o, tarixi bir zərurət
kimi yarandığını isbat edəcək, erməni
faşistlərinin qəddarlığından, onların
törətdikləri saysız cinayətlərdən bizdən
sonrakı nəsillərə, bu abidəni ziyarətə gələn
istənilən xalqın nümayəndəsinə
danışacaq. Adlarını tarixə
zavallı xalq kimi yazıb ağlasığmaz vəhşiliklər
törədən erməni cəlladlarının mahiyyətini
açacaq, onları və bütünlükdə erməni
faşizmini ittiham edəcək, bəşəriyyəti erməni
vəhşiliklərinə göz yummamağa, əsrlər
boyu davam edən qanlı qətliamların ört-basdır
edilməsinə qarşı üsyana çağıracaq.
Burada hər gün ittihamlar səslənəcək,
hökmlər oxunacaq.
Heydər Əliyev Fondunun təşəbbüsü və
Azərbaycan Prezidentinin sərəncamı ilə ucaldılan
Quba Soyqırımı Memorial Kompleksi erməni cəlladlarının
yüzlərlə günahsız insanı qətlə yetirib
quyulara doldurduğu yerdə ucaldıldı. Erməni faşist
ideologiyası da uydurma soyqırımı qurbanlarına qədim
Azərbaycan şəhəri İrəvanda - əsrlər
boyu etnik təmizləmələr apardığı tarixi Azərbaycan
torpaqlarında bizdən xeyli əvvəl abidə ucaldıb,
"zavallı xalqın" uydurma faciələrinə dünyanı mərsiyə
deməyə çağırır. Quba Soyqırımı Memorial Kompleksi erməni cinayətlərinin
üstü açıldığı yerdə, ermənilərin soyqırımı abidəsi isə
məkrli yalanların üstündə
ucaldılmışdır. Fərqimiz bundadır! Artıq bizə kimsə bundan sonra faciələrimizdən
danışmaq üçün qadağalar qoymayacaq, haqqı,
ədaləti olduğu kimi açıqlamağımıza
mane olmayacaqdır. Bütün bunlar
müstəqilliyimizin əldə etdiyi qənirsiz nailiyyətlərdir.
Azərbaycan Prezidentinin Quba Soyqırımı Memorial
Kompleksinin açılışında dediyi sözlər
tariximizin qaranlıq səhifələrinə gətirilən
aydınlığa bənzəyir: "Sovet dövründə,
təbii ki, tarix təhrif edildiyi üçün bu həqiqətlər
bizdən gizlədilirdi. Uzun illər Azərbaycan
xalqının qanını axıdan quldurlar, - onların da mənfur
adları orada göstərilir, - Şaumyan və onun kimiləri
bizə qəhrəmanlar kimi təqdim edilirdi. Hesab edirəm ki, bu, böyük faciədir. Çünki uzun illər xalqımıza
qarşı amansızlıqla vəhşilik törədən
ünsürlər sovet tarixində qəhrəman kimi təqdim
edilirdi, onların şərəfinə abidələr
ucaldılırdı. Yalnız müstəqillik
dövründə biz həqiqi ədaləti bərpa etdik.
Gözəl şəhərimizi,
Bakımızı o abidələrdən təmizlədik və
bu gün o yerlərdə gözəl parklar, o cümlədən
Sahil parkı yaradılıbdır. Yəni
tarix, ədalət zəfər çaldı. Biz bu gün öz tariximizə qayıdırıq.
Tarixin bütün məqamlarını bilirik,
bilməliyik. Gənc nəsil də bilməlidir
ki, xalqımız keçmişdə hansı fəlakətlərlə
üz-üzə qalmışdır. Erməni
faşizminə o vaxt düzgün qiymət verilmədiyi
üçün sonra tarixin müxtəlif dövrlərində
erməni faşizmi öz yırtıcı sifətini
nümayiş etdirmişdir".
Aramsız
faciələrin zənciri
Hər bir xalqın böyüklüyü onun zəngin
tarixi, keçdiyi məşəqqətli yollarla
yanaşı, digər xalqlara nümayiş etdirdiyi
dözümlülüyü - tolerantlığı ilə
ölçülür. Bu baxımdan əsrlər boyu
torpaqlarımıza köçüb burada yurd salan müxtəlif
millətlərin nümayəndələri heç vaxt
sıxıntıya, yerli əhali tərəfindən təqiblərə
məruz qalmayıblar. Ərazilərimizə
başqa xalqların köçməsi iki yolla - məcburi və
təbii qaydada baş verib.
Birincisi, Azərbaycan işğal edilərək
Rusiyanın tərkibinə qatıldıqdan sonra imperiyanın
ərazilərindən müxtəlif dini təriqətlərin
və sektaların nümayəndələri, malakanlar, almanlar
köçürülüb. Ən böyük
köç isə İran və Türkiyə ərazilərindən
Azərbaycana mühacirət edən yüz minlərlə erməniyə
aid olub. İkinisi isə, Bakıda neft fəvvarə
vurduqdan sonra inkişaf edən və sürətlə
böyüyən sənaye şəhərinə müxtəlif
xalqların nümayəndələrinin təbii axını
baş verib.
Bütün
xalqlardan fərqli olaraq, Azərbaycana köç edən ermənilər
torpaqlarımızda "böyük Ermənistan"
yaratmaqdan ötrü bir tərəfdən qanlı
savaşlar, etnik təmizləmələr, qırğınlar
aparıb, digər tərəfdən hakimiyyət
strukturlarında vəzifələrə oturaraq milli sərvətlərimizə
sahib çıxmağa, maliyyə kanallarını ələ
keçirməyə, hətta İkinci Dünya müharibəsi
illərində bütün Azərbaycan xalqını ölkədən
sürgün etdirməyə can atıblar. Yalançı
sovet tolerantlığı başımızın altına
xalqlar dostluğunun balışını qoyub bizi beynəlmiləlçilik
laylasında mürgü vurmağa məcbur etdikcə erməni
cəlladları azğınlaşıb, vəhşiləşib,
aramsız qətliamlara rəvac veriblər.
Martın 15-də Bakı Sovetinin iclasında
Şaumyanın "Bakı Soveti Cənubi Qafqazda vətəndaş
müharibəsinin başlıca istehkamına çevrilməlidir"
göstərişi azərbaycanlı türklərə
qarşı soyqrımına başlamaq üçün
çağırış rolunu oynadı.
Bolşevik-daşnak dəstələri Bakının
müxtəlif hissələrində azərbaycanlı
türklər əleyhinə mitinqlər və
yığıncaqlar keçirməyə başladılar. "Daşnaksütyun"
partiyası bitərəfliyini elan etsə də,
qırğınlarda Erməni Milli Şurası ilə
Bakı Sovetinin tərəfinə keçdi. Martın 31-də səhər tezdən
bolşevik-daşnak dəstələri azərbaycanlı
türklərın yaşadığı Kərpicxana, Məmmədli
və başqa məhəllələrə hücuma
keçdilər. Azərbaycanlıların
İçərişəhərdə rusları qırmaları
barədə erməni şayiəsinə uyan matroslar da
qırğına qoşulub hərbi gəmilərdən
müsəlman məhəllələrini bunun təxribat
olduğunu bilənədək bombaladılar.
Qeyri-bərabər döyüşdə
soyqırımına məruz qalan azərbaycanlıların
martın 31-də müqaviməti dayandırmalarına
baxmayaraq, erməni millətçiləri şəhərin
dinc əhalisinə divan tutur, qılıncdan keçirirdilər.
Azərbaycanlı türklərin soyqırımı
aprelin 2-si gecədən xeyli keçənədək davam
etdi. Bolşevik-daşnak birləşmələri
Bakıda on minlərlə insanı qətlə yetirmiş,
dini ocaqları darmadağın etmişdilər.
Azğınlaşan və ciddi müqavimətlə
rastlaşmayan bolşevik-daşnak birləşmələri
Şamaxı, Quba, Kürdəmir, Salyan və Lənkəran qəzaları
istiqamətində soyqırımını davam etdirdilər. S.Lalayansın
daşnak dəstəsi aprelin 3-16-sı arasında Şamaxı
əhalisinə qanlı divan tutdu. Yerli erməni
və rus-molokan kəndlilərinin köməyi ilə
daşnaklar 8 mindən çox dinc azərbaycanlı türkləri
öldürdülər, 72 kəndi dağıtdılar.
Hamazaspın başçılıq etdiyi
daşnak dəstələri Quba qəzasının 167 kəndini
yandırdılar, 16 mindən çox azərbaycanlı
türk öldürdülər.
1918-ci il sentyabr ayının ortalarına qədər
davam edən soyqırımında 50 mindən çox azərbaycanlı
türk qətlə yetirildi. Azğın ermənilər
kəndləri viran qoyur, müsəlman əhaliyə
xüsusi amansızlıqla işgəncələr verirdilər.
Bakı Sovetinin Qubaya göndərdiyi Hamazasp burada "qayda-qanun"
yaratmağa başladı. Onun gəlişindən
bir neçə həftə əvvəl yerli əhali onlara
divan tutan Muradyanın əsgərlərini tərksilah
etmişdi. Həbs edilənlərin qisasını alan Hamazasp
çəkinmədən özünü "müsəlmanların
düşməni" adlandırmış, Xəzər dənizindən
Şahdağa qədər olan ərazini onlardan təmizləyəcəyinə
and içmişdi.
Elə
bunun nəticəsidir ki, 1918-ci ilin beş
ayı ərzində daşnaklar Quba qəzasında
ağlasığmaz talanlar, amansız qətllər törətdilər.
Hamazaspın əsgərləri minlərlə
müsəlmanı və qeyri millətləri də
amansız işgəncələrə məruz qoymuş,
onları da məhv etmişlər. Ermənilər
Quba camaatını meşələrə qovur, sonra onları
hissə-hissə güllələyir, qılıncdan
keçirirdilər. Həmin beş
ay ərzində kənd yollarına səpələnən həyətlərdəki
ağaclardan asılan insan cəsədlərinin
sayı-hesabı yox idi. Azğın ermənilər
başqalarına dərs olsun deyə heç kimi meyitlərə
toxunmağa qoymurdular. Ermənilərin
amansız qətllərinin qarşısını Azərbaycana
köməyə gəlmiş türk əsgərləri
aldı.
Qubada
törədilən qətliamlar 1918-ci ildə
yaradılmış Fövqəladə İstintaq
Komissiyası tərəfindən
araşdırılmış, həmin qətllərin təşkilatçısı
və icraçısı olan Şaumyan, Korqanov, Selovani,
Ağacanyan, Hamazasp və digərlərinin qanlı
əməlləri nəticəsində minlərlə
yerli sakinin məhv edildiyi öz təsdiqini tapsa da, canilərin
adı gizlədildi və bəzilərinə də Azərbaycan
xalqının xilaskarı kimi əsərlər ithaf edildi,
filmlər çəkildi. Yüz ilə yaxın bir vaxtdan
sonra həqiqətin üzə çıxmasına, haqqın
qələbəsinə ölkəmizin müstəqilliyi təkan
verdi.
Quba məzarlığı
(qısa arayış)
Quba
soyqırımı məzarlığı 2007-ci il aprelin 1-də ərazidə torpaq işləri
görülərkən aşkar edilmişdir. 2007-ci
ilin iyulundan Azərbaycan Milli Elmlər Akademiyasının
Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları
tərəfindən kütləvi məzarlıqda
başlanılan geniş tədqiqat işlərinə 2008-ci
ilin sentyabrında yekun vurulmuşdur.
Tədqiqat nəticəsində məzarlığın
1918-ci ildə ermənilərin yerli dinc əhaliyə
qarşı törətdikləri soyqırımının nəticəsi
olduğu müəyyən edilmişdir.
2009-cu ildə Azərbaycan Prezidentinin sərəncamından
sonra Nazirlər Kabineti kütləvi qətl
qurbanlarının xatirəsinin əbədiləşdirilməsinə
dair tədbirlər planı hazırladı. Aşkar olunmuş kütləvi
məzarlığın yerləşdiyi ərazidə
monumental xatirə kompleksinin ucaldılması və abadlıq
işlərinin aparılmasına start verildi.
Məzarlığın 514 kvadratmetrlik ümumi sahəsinin
494 kvadratmetrində tədqiqat aparılmış, 20 kvadratmetr
sahə isə beynəlxalq tədqiqatçılar
üçün saxlanmışdır.
Qudyalçayın
sağ sahilində köhnə stadionun yerləşdiyi ərazidə
yeni idman kompleksinin tikintisi zamanı üzə çıxan
bu məzarlıqda iki quyuda üst-üstə qalaqlanan insan
sümükləri tapılıb. Böyük quyunun diametri 5,
kiçik quyunun diametri isə 2,5 metrdir. Quyular arasında 2 metr məsafə var. Böyük
quyuya yüzlərlə insan skeleti tökülüb. Aşkar edilmiş insan cəsədlərinin əksəriyyəti
uşaq və qadınlara aiddir. Skeletlərin
bütöv halda tapılmaması insanların
öldürüldükdən sonra sanki şaqqalanaraq bura
atıldığından qurbanların sayı kəllə
sümükləri ilə müəyyən olunmuşdur.
Sümüklərin tədqiqatı zamanı
ölüm faktının nə vaxt baş verdiyi dəqiqləşdirilib.
Qubada tapılan sümüklərin tərkibindəki nəmliyin
miqdarı
ölüm tarixinin ötən əsrin ikinci
onilliyinə aid olduğunu üzə çıxarır. Məzarlıqda azərbaycanlılarla birlikdə ləzgilər,
yəhudilər, tatlar və digər millətlərin 400-dən
artıq nümayəndəsi qətlə yetirilərək
basdırılmışdır.
Tarixi araşdırmalar və arxiv materialları nəticəsində
müəyyən edilmişdir ki, quyu və arxlarda
basdırılan insan cəsədləri 1918-ci ildəki Quba
qırğınının qurbanlarıdır. Onlar erməni
qatilləri tərəfindən bura gətirilərək qətlə
yetirilmiş, naməlum şəkildə
basdırılmışlar.
Soyqırımı
qurbanlarına Azərbaycanda ucaldılan ilk memorial kompleks
Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın
rəhbərlik etdiyi Heydər Əliyev Fondu istər ölkədən
kənarda, istərsə də respublikamızda bu istiqamətdə
çox vacib layihələr reallaşdırır. Heydər
Əliyev Fondunun dəstəyi ilə Quba Soyqırımı
Memorial Kompleksinin yaradılması fondun bu məsələyə
nə dərəcədə həssas
yanaşdığını nümayiş etdirir.
Sentyabrın
18-də Heydər Əliyev Fondunun dəstəyi ilə
yaradılan Quba Soyqırımı Memorial Kompleksinin
açılışında iştirak edən Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev bildirmişdir:
"Azərbaycanda ilk dəfə olaraq belə memorial kompleks
yaradılır. Kompleksin tərtibatı
çox təsirlidir, memarlığı çox böyük
rəmzi məna daşıyır".
Quba Soyqırımı Memorial Kompleksi dağlıq ərazidə
yerləşir. Kütləvi məzarlığın yerləşdiyi ərazini
sel sularından qorumaq məqsədilə Qudyalçayın məcrası
boyu 400 metr uzunluğunda qoruyucu beton bənd də inşa olunub.
Kompleksin
3,5 hektarlıq ərazisində geniş
quruculuq işləri həyata keçirilmiş, rəmzi məzarlıq
sahəsi yaradılmışdır. Qalereyanın
tərkibində yaradılan inzibati binanın tikinti sahəsi
320 kvadratmetrdir. Burada zəngin kitab fondu ilə təchiz olunmuş
kitabxana, arxiv və başqa inzibati otaqlar vardır. Erməni cəlladlarının azərbaycanlılara
qarşı törətdikləri soyqırımları haqqında istənilən məlumatı
buradan almaq mümkündür.
Pilləkənləri addım-addım düşdükcə
özünü 100 ilə yaxın uzaq bir keçmişə
aparacaq bir yolda görürsən. Sanki günahsız
körpələrin, zavallı qadınların ah-naləsini
eşidirsən. Yerin təkinə doğru
addımladıqca dinc və sülhdə yaşayan şəhərlə
qarşılaşırsan. Burada hərə
öz işinin ardınca gedir. Bir qədər
sonra dağılan tifaqlar faciənin
ağırlığını, erməni cəlladlarının
amansızlığını nümayiş etdirir.
Qanına bələnmiş körpə, sinəsi
parçalanmış ana, şaqqalanmış ata... Amansız düşmənin silahsız, dinc əhaliyə
tutduğu divan beynində erməni cəlladlarını
ittiham edən simfoniya kimi səslənir. Bir
əsr uzunluğunda bu məcazi yolla addımladıqca səndən
hansı həqiqətlərin gizlədildiyini, kimlərə
ithaf olunan şeirləri əzbərləməyə məcbur
edildiyini dərk edirsən. Özün
özünü mühakimə edirsən və həqiqətlərin
faciəsini Quba Soyqırımı Memorial Kompleksinə
çevirənlərə alqış deyirsən.
Kompleksin girəcəyində ötən əsrin əvvəllərində
Quba şəhərinin müxtəlif ərazilərinin
görüntüləri, o zaman burada aparılan tikinti-quruculuq
işləri, əhalinin yaşayış tərzini əks
etdirən fotolar vardır. Burada Azərbaycan Xalq
Cümhuriyyətinin yaranma tarixi, bununla bağlı maraqlı
fotolar yer almışdır. İçəridə
quraşdırılmış sensor ekranlı monitordakı
xüsusi xəritədə ermənilərin ötən əsrdə
xalqımıza qarşı respublikamızın müxtəlif
bölgələrində həyata keçirdikləri
soyqırımları barədə bir neçə dildə məlumat
əldə etmək mümkündür. Burada
ümummilli lider Heydər Əliyevin azərbaycanlılara
qarşı həyata keçirilən soyqırımı
siyasətinin ifşa olunaraq dünya ictimaiyyətinə
çatdırılması istiqamətində
gördüyü işlər, bunun üçün
imzaladığı sərəncamların nümayiş
etdirildiyi guşə də yaradılmışdır. Həmçinin
Quba, Cavad, Göyçay, Şamaxı və Bakı qəzaları
barədə məlumatların və bu qəzalarda ermənilərin
törətdikləri vəhşiliklər haqqında
dolğun məlumatlar vardır. Bu guşələrə həm
də qəzaların əhalisi, müdafiəçiləri,
müsəlman qırğınları üzrə Fövqəladə
Təhqiqat Komissiyasının məlumatları, sənədləri,
Paris Sülh Konfransında Azərbaycan nümayəndə heyətinin
sənədləri sərgilənir. Kompleksdə
kütləvi məzarlığın fotoları, məzarlıq
ərazisində tapılan soyuq silah və digər əşyalar
da vardır. Burada həmçinin Azərbaycan,
İran, Böyük Britaniya və digər ölkələrin
ictimai, siyasi, dövlət və hərbi xadimlərinin ermənilərin
azərbaycanlılara qarşı həyata keçirdikləri
soyqırımı barədə fikirləri yer
almışdır. Qafqaz İslam Ordusunun və
Azərbaycan hərbçilərinin fotoları da maraq
doğurur.
Quba Soyqırımı Memorial Kompleksi "əzabkeş
xalqın" bətnindən gələn faşizmin mahiyyətini
açıqlamaqla yanaşı, bizi özümüzü dərk
etməyə, özümüzü anlamağa imkan verən
möhtəşəm bir abidədir. Bura tariximizi öyrənmək,
dünya düzənində bir xalq kimi yerimizi təyin etmək
üçün məktəbdir. Bu məktəbdə eksponatlarla, erməni cəlladlarının
qəddarlığı ilə tanış olmaqdan savayı
bir də ibrət dərsi alırsan. İçində
qəzəb oyanır, kin kükrəyir.
2009-cu ildə
kanadalı M.Hadirel Qubada olarkən məzarlıqda
gördüklərindən dəhşətə gələrək
xatirə kitabına erməni faşistlərinə nifrətini
bircə cümlə ilə belə ifadə edib:
"Bunları törədənləri Allaha tapşırmaq
lazımdır, çünki onların öhdəsindən
yalnız O gələ bilər".
Haqqın
hayqıran səsi
Bizi tarix boyu susdurdular, tarix boyu yaddaşımızı
silməyə, erməni faşistlərinin vəhşiliklərini
unutmağa məcbur etdilər. Alınmadı.
Yüz ildən sonra yer dözmədi, yarıldı, bu dərdləri,
bu ağla sığmayan faşist amansızlıqlarını sinəsindən bayıra
püskürdü. Bizə düşmənimizi daha dəqiq,
daha dürüst faktlarla ittiham etməyə imkan verdi.
Biz Qubaya
gələndə möhtəşəm bir sənət əsərinin,
əsrlər boyu xalqımızın yaşadığı
faciələri özündə əks etdirən mükəmməl
bir abidənin -
Quba Soyqırımı Memorial Kompleksinin
ucaldığını gördük və qəlbən
sevindik.
Quba Rayon
İcra Hakimiyyətinin başçısı Mübariz
Ağayev abidə ilə bağlı fikirlərini bizimlə də
bölüşdü:
- Quba
Soyqırımı Memorial Kompleksini rəsmi qonaqlar, xarici səfirliklərin
nümayəndələri ilə birlikdə tez-tez ziyarət
edirik. Rəsmi nümayəndələr, siyasi
xadimlər, istənilən xarici qonaq memorial kompleksə daxil
olan kimi həyəcanlanır, təəssüratların
ağırlığından heyrətə gəlir. Erməni faşizminin bu vaxtadək heç yerdə
açılmayan, deyilməyən vəhşiliklərinin
şahidi olurlar. Qərb təfəkküründə
görmək eşitməkdən daha vacibdir. Onlar eşitdiklərindən daha çox
gördüklərinə inanırlar. Məzarlığın
üstündə ucaldılan kompleks şok təsiri
bağışlayır, erməni cəlladlarının bəşəriyyətə
əsrlər boyu sırıdığı "zavallı,
genosidlərə məruz qalan xalq" obrazını
darmadağın edir. Əsrlər boyu Azərbaycan
xalqına qarşı törədilən saysız cinayətlərin,
soyqırımlarının üstü
açılır, "əzabkeş xalqın" qatilləri
ittiham edilir. Erməni
təbliğat maşını yalanlar üstündə
qurulub, biz isə faciələrimizə, reallıqlara söykənirik.
Ona görə də zaman bizim xeyrimizə
işləyir. Getdikcə onların
yalanlardan bəhrələnən təbliğatı zəifləyir,
nüfuzdan düşür, bizim həqiqətlərimiz isə
qalib gəlir. Quba Soyqırımı
Memorial Kompleksinin gücü də bundadır. Kompleksin tərtibatı çox təsirli və
inandırıcıdır, erməni vəhşiliklərinin
amansızlığı ilmə-ilmə açılır,
nümayiş etdirilən eksponatlar bizim tariximizin gizlədilən,
ört-basdır edilən qanlı səhifələrinə
işıq salır.
Quba
Soyqırımı Memorial Kompleksindəki guşələrdən
birində "Azərbaycan" qəzetinin 1918-ci il 8 dekabr
nömrəsindən verilən bir sitat diqqətimizi cəlb
etdi. Sevindik ki, təxminən yüz il
öncə də qəzetimiz Azərbaycan dövlətçiliyinə,
haqqa və ədalətə xidmət edib: "Biz öz məqsədlərinə
nail olmaq üçün heç bir vasitədən çəkinməyən
siyasi düşmənlərimizə bənzəyə bilmərik
və bənzəmək istəmirik. Biz təmkin və
soyuqqanlılıqla haqlı olduğumuzu tam dərk edərək
təmiz vicdanla öz məqsədimizə doğru gedirik və
inanırıq ki, ətrafımızda olan bütün xalqlara
münasibətdə bizim
loyallığımız, səmimiliyimiz və sadəliyimiz
kin və eqoist ehtiras gözlərini
gerçəkliyə qapamadığı hər kəs tərəfindən,
nəhayət ki, etiraf olunacaq və qiymətləndiriləcək.
Fakt göz qabağındadır. Kim istəyirsə yoxlaya bilər".
Bu gün də qəzetimiz Azərbaycan dövlətinin
xidmətindədir, dövlətçilik ənənələrinin
inkişafına, müstəqilliyimizə sadiqdir. Bu gün də ötən əsrin
18-20-ci illərində olduğu kimi, erməni faşizmini, ermənilərin
törətdikləri saysız-hesabsız
soyqırımlarını ifşa edirik. Qəzetimizin 96 il
əvvəl yazdığının tarixi ədaləti təsdiq
edən vacib sənəd kimi kompleks eksponatlarının cərgəsinə
yerləşdirilməsini özümüz üçün
şərəf sayırıq.
Bütün
ölkədə və o cümlədən Qubada erməni
faşistlərinin törətdikləri qırğınlarla
bağlı çoxsaylı yazılarla il
boyu çıxış edirik. Eyni zamanda, Qubada
erməni cəlladlarının qırğın törətdiyi
bütün kəndlərdə bu faciəni xatırladan abidə
sütunların ucaldılması kimi bir təklifimiz də
olub. Söhbət təmtəraqlı abidədən
yox, faciənin yerini bildirən adi daş sütunlardan gedirdi.
Mübariz müəllimdən bir də
çıxışımıza münasibət bildirməsini
xahiş etdik, o da bu məsələyə yenidən
qayıtdı, sualımıza daha ətraflı cavab verdi:
- Qəzetinizin təklifini yüksək dəyərləndiririk və bu haqda redaksiyaya ünvanladığımız cavab məktubunda da ətraflı yazmışdıq. Biz yenə də rayonumuzda ermənilərin qırğınlar törətdikləri kəndlərdə xatirə lövhələrinin, daş sütünların ucaldılmasını vacib sayırıq. Lakin digər tərəfdən nəzərə alaq ki, ermənilərin soyqırımlarına məruz qoyduğu kəndlər Azərbaycan, Gürcüstan, Ermənistan və Türkiyə ərazilərində minlərlədir. Yalnız Quba rayonu ilə kifayətlənmək erməni faşizminin mahiyyətini açmır. Bu ideyanın reallaşması, belə düşünürəm ki, dövlət səviyyəsində həll olunmalı və qeyd edərdim ki, qonşu dövlətlərin, qardaş Türkiyənin də bu layihəyə qoşulması erməni faşizminin Qafqazda törətdikləri vəhşilikləri açıq səma altında muzey kimi bəşəriyyətə sərgiləməyə imkan yaradardı. Yəni ucaldılması nəzərdə tutulan abidənin ölçüləri, forması, onun üstünə yerləşdirilən məlumatların təqdimatı elə olmalıdır ki, hətta kosmosdan, internetdən baxan kimi bilinsin ki, bu kənddə, şəhərdə və ərazilərdə erməni cəlladları dinc əhaliyə divan tutmuş, qırğınlar törətmişlər. Bu, həqiqətən də maraqlı və zəruri bir layihədir, onun reallaşdırılıb həyata keçirilməsinə də dövlət səviyyəsində qərar verilməlidir. Biz bu istiqamətdə təkliflərimizi hazırlayırıq. Belə düşünürəm ki, Quba Memorial Kompleksi kimi böyük layihəni reallaşdıran Azərbaycan hökuməti burada da öz sözünü deyəcəkdir.
Biz də Azərbaycan Prezidenti İlham Əliyevin bu əminliyi ifadə edən sitatı ilə yazımıza son nöqtəni qoyuruq: "Azərbaycanın ərazi bütövlüyü tam şəkildə bərpa edilməlidir, Şuşada, Xankəndidə Azərbaycanın dövlət bayrağı qaldırılmalıdır və gələcəkdə azərbaycanlılar bütün tarixi torpaqlarında yaşamalıdırlar. Bizim tarixi torpaqlarımız İrəvan xanlığıdır, Göyçə, Zəngəzur mahallarıdır. Vaxt gələcək, biz orada da yaşayacağıq. Mən buna inanıram, buna əminəm. Buna nail olmaq üçün hər birimiz öz səylərimizi qoymalıyıq, hər birimiz öz işimizlə o müqəddəs günü yaxınlaşdırmalıyıq".
Bahadur
İMANQULİYEV,
Akif
ƏLİYEV,
Azərbaycanş-2014.-18 fevral.-S.5.