Xocalı həqiqətləri Qərbi Balkanlarda geniş yayılır

 

Yadımdadır, mən Qərbi Balkan bölgəsinə yeni gələndə burada insanlar Azərbaycanın tarixi, mədəniyyəti, əldə etdiyi uğurlar barədə çox az məlumata malik idilər. Həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, işğal olunmuş ərazilərimizdə ermənilərin apardıqları etnik təmizləmə nəticəsində yurd-yuvalarından didərgin düşmüş həmvətənlərimiz barədə, demək olar ki, heç nə bilmirdilər.

Bəşəriyyətin yaşadığı ən qanlı faciələrindən biri - Xocalı soyqırımının ildönümü yaxınlaşdıqca dünyanın müxtəlif ölkələrində erməni hərbi təcavüzünün ağır nəticələri, törədilmiş soyqırımı ilə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması naminə təşəbbüsçüsü Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva olan "Xocalıya ədalət" kampaniyası çərçivəsində Azərbaycanın xaricdəki diplomatik nümayəndəliklərinin, eləcə də diaspor və azərbaycansevərlərin bilavasitə iştirakı ilə genişmiqyaslı tədbirlər həyata keçirilir. Bu baxımdan Azərbaycan Respublikasının Bosniya və Herseqovinadakı diplomatik missiyası da istisna təşkil etmir.

Son dövrdə bütün istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, mədəni, humanitar sahələrdə Azərbaycan-Bosniya əməkdaşlığı dinamik inkişaf edir. Xüsusilə iki ölkə arasında mədəni əlaqələr zəngin tarixə malikdir. Bosniyanın paytaxtı Sarayevodakı Qazi Xosrov bəy kitabxanasında dahi Azərbaycan şairləri Nizami Gəncəvinin və Məhəmməd Füzulinin əsərlərinin əlyazmalarının aşkarlanması buna əyani sübutdur. İkitərəfli dostluq əlaqələrinin göstəricisi olaraq 2011-ci ildə Prezident İlham Əliyevin təşəbbüsü və tapşırığı ilə Azərbaycan dövlətinin maddi dəstəyi hesabına Sarayevo şəhərindəki Bakı küçəsində yenidənqurma və bərpa işləri aparılmış, həmin il noyabrın 8-də küçənin rəsmi açılış mərasimi keçirilmişdir.

Eləcə də son vaxtlar iki ölkə rəsmilərinin qarşılıqlı səfərləri həyata keçirilmiş, o cümlədən 2012-ci ilin noyabrın 5-6-da Baş nazirin birinci müavini Yaqub Eyyubov, 2013-cü il fevralın 18-19-da isə iqtisadi inkişaf naziri Şahin Mustafayevxarici işlər nazirinin müavini Xələf Xələfovun daxil olduğu Azərbaycan nümayəndə heyəti Bosniyada səfərdə olmuşlar.

Azərbaycan və Bosniya xalqlarının taleyində bənzər cəhətlərdən biri də hər iki xalqın amansız təcavüzə məruz qalması, bəşəriyyətə qarşı qəsd kimi dəyərləndirilən faciələr - Xocalı və Srebrenitsa soyqırımlarını yaşamasıdır. Xocalı şəhidlərinin xatirəsinə ehtiram əlaməti olaraq memorial kompleksin məhz Bosniyanın paytaxtında ucaldılması ciddi tarixi, siyasi və mənəvi əhəmiyyət kəsb edir.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Xocalını işğal etmiş, mühasirəyə düşən şəhərdə qalmış təqribən 2500 sakindən 63-ü uşaq, 106-sı qadın, 70-i ahıl və qoca olmaqla 613-ü amnsızlıqla qətlə yetirilmişdir. Soyqırımı nəticəsində 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirmiş, 76-ı uşaq olmaqla 487 nəfər yaralanmış, 1275 nəfər əsir, 150 nəfər itkin düşmüşdür.

2012-ci il fevralın 24-də Sarayevo şəhərində, Dobrinya çayının sahilində Heydər Əliyev Fondunun təşəbbüsü və təşkilatçılığı ilə Azərbaycan-Bosniya dostluq parkı salınmış, parkda Xocalı və Srebrenitsa soyqırımlarını əks etdirən memorial kompleks yaradılmışdır. Abidənin üzərində "Xocalı soyqırımı qurbanlarının xatirəsinə (Azərbaycan, 25-26 fevral 1992-ci il)" sözləri həkk edilmişdir. Hazırda park və abidə paytaxt sakinlərinin və şəhərin qonaqlarının ziyarətgahına çevrilmişdir.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva açılış mərasimində iştirak etmişnitq söyləmişdir. Tədbirdə BosniyaHerseqovina Rəyasət Heyətinin üzvü Bəkir İzzətbeqoviç, nəqliyyat və rabitə naziri Dəmir Haciç, parlamentin üzvləri, həmçinin ölkənin tanınmış ictimai, dövlət və din xadimləri, ziyalıları iştirak etmişlər. Yeri gəlmişkən, BosniyaHerseqovina Xocalıda soyqırımı baş verəndən bəri dünyada bu faciənin qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq bütöv memorial kompleksin yaradıldığı ilk ölkədir.

Prezident İlham Əliyevin Balkanlarda müəyyənləşdirdiyi uğurlu xarici siyasət kursunun əməli nəticəsi olaraq BosniyaHerseqovina Parlament Məclisi Xalqlar Palatasının 2013-cü il fevralın 26-da keçirilmiş iclasında mütləq səs çoxluğu ilə Ermənistanın Azərbaycana qarşı təcavüzünə və Xocalı soyqırımına dair rəsmi sənəd  - "Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün tanınması və hörmət olunması" barədə qətnamə qəbul olunmuşdur.

Bosniyada mövcud mürəkkəb ictimai-siyasi şəraitə, çoxsaylı çətinliklərə, təzyiq və maneələrə baxmayaraq, Azərbaycan dövləti tərəfindən qarşıya qoyulmuş vacib məsələnin - Xocalı soyqırımının tanıdılması hər bir azərbaycanlının, "Xocalıya ədalət" kampaniyasının uğuru, şəxsən Prezident İlham Əliyevin əməli fəaliyyətinin məntiqi nəticəsi kimi nəzərdən keçirilməlidir.

Azərbaycan və Bosniya xalqları arasında dostluq münasibətlərinin daha da inkişaf etdirilməsi, təbliğat işində Xocalı faciəsinə beynəlxalq ictimaiyyət, eləcə də keçmiş Yuqoslaviya üzrə Haaqa Tribunalı tərəfindən soyqırımı kimi rəsmən tanınan Srebrenitsa faciəsi ilə birgə baxılması misilsiz əhəmiyyət kəsb edir.

Avropanın mərkəzində yerləşən, 1992-1995-ci illərdə qanlı müharibəyə səhnə olmuş, Srebrenitsa soyqırımını yaşamış ölkə olaraq Bosniyada yerli parlamentin Xocalı soyqırımını tanıyan sənəd qəbul etməsi, şübhəsiz, dünyada və Avropada ictimai rəyin formalaşmasında və digər ölkələrin parlamentləri tərəfindən bu cür addımların atılmasında mühüm rol oynayacaqdır.

 

 

 

Şahin HACIYEV,

Belqrad Universitetinin tələbəsi

Azərbaycan.-2014.-18 fevral.-S.6.