«Leyla Əliyeva: «Xocalıya ədalət!» (Beynəlxalq erməni terroruna

 qarşı yeni strateji model)» ikicildliyi çapdan çıxmışdır

 

Əsrlər boyu xarici  istilalara, qəsblərə məruz qalmış xalqımızın qan yaddaşında Xocalı faciəsi - Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin davam etdiyi son 26 ildə  ermənilər tərəfindən törədilmiş ən dəhşətli soyqırımı aktlarından biri dərin iz qoymuşdur.

Ermənistanın bu gündavam edən hərbi təcavüzü ilə üz-üzə qalmış Azərbaycan ermənilər tərəfindən uydurulmuş "Dağlıq Qarabağ problemi", o cümlədən XX əsr dünya tarixinin ən qəddar soyqırımı aktı olan Xocalı faciəsi  haqqında tarixi həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində bünövrəsini ümummilli lider Heydər Əliyevin qoyduğu siyasi kurs bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Heydər Əliyev Fondunun vitse-prezidenti, Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci il mayın 8-də elan edilən "Xocalıya ədalət!" beynəlxalq təbliğat və məlumatlandırma kampaniyası da bu siyasi kursun həyata keçirilməsində, xüsusilə  Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasında uzaqgörənliklə düşünülmüş uğurlu bir strategiyadır. "Xocalıya ədalət!" əslində "Azərbaycana ədalət!" deməkdir. Bu kampaniyaya qoşulmaq isə vətənini, xalqını sevən hər bir azərbaycanlının borcudur.

Yazıçı-publisist, əməkdar jurnalist Vasif Səmədov və tanınmış alim Rövşən Vəlizadənin bu yaxınlarda çapdan çıxmış "Leyla Əliyeva: "Xocalıya ədalət!" (Beynəlxalq erməni terroruna qarşı yeni strateji model)" ikicildliyi müəlliflərin gərgin araşdırmaları, yorulmadan apardıqları tədqiqatlar nəticəsində ərsəyə gələn dəyərli mənbədir.

AzərTAc xəbər verir ki, "CBS Polyqrafic production" nəşriyyatında  nəfis tərtibatla çapdan çıxmış bu kitablar hazırlanarkən Respublika Baş Prokurorluğunun, Milli Təhlükəsizlik və Daxili İşlər nazirliklərinin birgə yaratdıqları istintaq qrupunun materiallarından və AzərTAc-ın fotoarxivindəki şəkillərdən istifadə edilmişdir.

Kitablar "Xocalıya ədalət!" beynəlxalq təbliğat və məlumatlandırma kampaniyasının 5 illiyi münasibətilə nəşr olunmuşdur.

Bu nəşrlərdə beynəlxalq terrorizmin bir qolu olan erməni terror təşkilatlarının Azərbaycan torpaqlarında tarixin müxtəlif dövrlərində, xüsusilə ötən əsrin son illərində Ermənistan silahlı birləşmələrinin və onların havadarlarının köməyi ilə işğal olunmuş Dağlıq Qarabağ ərazisində, o cümlədən Xocalı şəhərində törətdikləri kütləvi qırğından, vəhşilikdən, soyqırımıdan bəhs edilir.

İkicildlikdə "Xocalıya ədalət!" kampaniyası çərçivəsində beynəlxalq aləmdə həyata keçirilən təqdirəlayiq tədbirlərdən söhbət açılır. Zəngin fakt və sənədlərlə, sübutlarla əhatələnmiş bu kitab dünyada terrora və zülmə, işgəncəyə və amansız qətliamlara qarşı mübarizədə tarixi həqiqətlərin önəmli bir toplusu kimi oxucuların diqqət mərkəzində olacaqdır.

Müəlliflərin araşdırmalarına xüsusi rəyin və nəşrə "Ön söz"ün müəllifi Milli Məclisin deputatı, Avropa Şurası Parlament Assambleyasındakı Azərbaycan nümayəndə heyətinin üzvü, AMEA-nın müxbir üzvü, filologiya üzrə elmlər doktoru, professor Rafael Hüseynovdur.

Rafael Hüseynov ikicildliyə "Ön söz"ündə qeyd etmişdir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın dünya boyu gerçəkləşdirdiyi və çox uğurlu bəhrələr verən "Xocalıya ədalət!" hərəkatı həm içdən gələn vətənpərvərlik duyğularının hökmü, həm də damarlarında axan qanın diktəsi kimi qavranılmalıdır. Xocalı faciəsini dünya boyunca bir soyqırımı olaraq tanıtmaq həqiqətdə dünya erməniçiliyinin vətənimizə və millətimizə qarşı onillər boyu apardığı soyqırımı siyasətinin anatomiyasını açmaqdır. Kitablarda ortaya qoyulan bir-birindən ifşaedici, danılmaz sübutlar, məntiqi dəlillər bir daha isbat edir ki, Xocalı faciəsi ermənilərin və erməniçiliyin Azərbaycan xalqına qarşı sistemli soyqırımı siyasətinin bariz ifadəsi olmaqla yanaşı, beynəlxalq terrorizmin insanlığa qarşı indiyədək törədilmiş cinayətlərinin ən ağırlarındandır. Düşmənlərimizi bir qədər də yaxşı tanımağımız, dünyanın da bizim hansı düşmənlə üzbəüz olduğumuzu bir qədər də dəqiq bilməsi üçün bu kitabın cildləri ən mötəbər körpülərdəndir.

AMEA-nın İnsan Hüquqları İnstitutunun Emi Şurasının qərarı ilə nəşr edilmiş monoqrafiyanın baş elmi məsləhətçisi Milli Məclisin deputatı, bu elmi müəssisənin direktoru, hüquq üzrə fəlsəfə doktoru, professor Aytən Mustafayevadır.

 Onun fikrincə, tədqiq olunan mövzunun yaddaşlardan silinməyən uzun bir tarixi olsa da, bu mövzuya yanaşma tərzi, onun ideyası yenidir. Artıq dünyada böyük nüfuz qazanmış Heydər Əliyev Fondunun vitse-prezidenti, fondun Rusiya Federasiyasındakı nümayəndəliyinin rəhbəri Leyla Əliyevanın "Xocalıya ədalət!" çağırışına münasibət əvvəlki illərdən tam fərqlidir.

Dünyanın terror tarixində qeyd olunur ki, beynəlxalq terrora qarşı cəmi yeddi strategiya mövcuddur. Heç kəs şübhə etməsin ki, yaşadığımız yüzillikdə yaranmış bu strategiya tarixdə məhz "Leyla Əliyeva strategiyası" kimi qalacaq, təhlil olunacaqdır.

Müəlliflərin məqsədləri Xocalı faciəsinin əsl mahiyyətini, cinayətkarları və onların havadarlarını dünyaya bəyan etmək, ikili standart mövqeyində dayanmış ayrı-ayrı dövlətləri, bəzi beynəlxalq təşkilatları haqqın səsinə səs verməyə çağırmaq, onları beynəlxalq qurumların bu faciə ilə əlaqədar və eləcə də insan hüquqları və azadlıqları haqqında qəbul edilmiş qərarlarına, müraciətlərinə hörmətlə yanaşmağa çağırmaq, həm beynəlxalq hüquq normaları çərçivəsində, həm də əxlaqlı, saf siyasi yanaşma yolu ilə Xocalı faciəsinə hüquqisiyasi qiymət vermək istəyidir.

Kitabın mahiyyəti göstərir ki, "Xocalıya ədalət!" çağırışı beynəlxalq terrora qarşı mübarizədə humanizm dəyərləri üzərində köklənmiş güclüyeni strateji modeldir. Şübhəsiz,  təqdim edilən kitabları oxuyanobyektiv təhlil edən hər kəs bu modelin böyüklüyünü və əhəmiyyətini dərk edəcək və gələcək mübarizəmiz, qələbəmiz üçün lazımi nəticələr çıxaracaqdır.

Ümummilli lider Heydər Əliyevin,  Prezident İlham Əliyevin,  Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nunISESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın, fondun vitse-prezidenti Leyla Əliyevanın Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində qiymətli kəlamlarının da yer aldığı bu kitab mövzu ilə bağlı çoxsaylı materialları əhatə edir.   

Müəlliflər nəşrin birinci cildində yer almış "Xocalıya ədalət!" yeni yüzilliyin strateji modeli kimi... və ya "Xocalıya ədalət!" Azərbaycanlılar üçün yeni ideologiya" başlıqlı yazıda qeyd edirlər  ki, ideoloji çağırış çərçivəsində biz beynəlxalq terror təşkilatlarının, erməni silahlı birləşmələrinin Dağlıq Qarabağı necə dağıdıb viran qoyduqlarını təhlil etməyi bacarmalıyıq. Belə bir yanaşma metodunu verən "Xocalıya ədalət!" çağırışı imkan yaradır ki, terrora məruz qalmış insanlarımız və ayrı-ayrı yaşayış məntəqələrimiz haqqında ictimaiyyəti, eləcə də bəşəriyyəti, demokratik institutları məlumatlandıraq. "Xocalıya ədalət!"in siyasi uğurlarından biribudur.

Qeyd edilir ki, strateji model olaraq "Xocalıya ədalət!" çağırışı düzgün seçilmişdir. Böyük əzmkarlıqla yuxusuz gecələr, gərgin zəhmət hesabına dünya miqyasında hazırlanıb keçirilən tədbirlər, görülən işlər, cəsarətli gedişlər, düşünülmüş siyasi kurs öz bəhrəsini vermişdir. Artıq erməni təbliğat maşını "Xocalıya ədalət!"in qarşısında duruş gətirə bilmir.

Kitabın ulu öndər Heydər Əliyevin 1994-cü il sentyabrın 20-də BMT Baş Məclisinin 49-cu sessiyasındakı çıxışı ilə başlanan ikinci cildində "Xocalıya ədalət!" çağırışının tarixi zərurətdən yaranması, bu müraciətin siyasi coğrafiyası, onda mədəni irsin qorunması məsələləri araşdırılmış, bu beynəlxalq kampaniya  beynəlxalq terrora və müharibəyə qarşı qəhrəmanlıq abidəsi kimi qiymətləndirilmişdir. Qeyd olunmuşdur ki, səhifələrə köçürülmüş tariximizin qan yaddaşını artıq vərəqləmək vaxtıdır. Bu gün bəşəriyyəti terror nəticəsində zülm və işgəncələrdən əziyyət çəkən milyonlarla insanın taleyi uğrunda mübarizəyə çağıran "Xocalıya ədalət!" adlı mənəvi bir cəbhə mövcuddur. Nə qədər ki terror və amansızlıq, müharibə var, bu ideoloji cəbhə də həmişə yaşayacaqdır.

 İkinci cilddə Xocalı soyqırımı qurbanlarının, ümumilikdə həmçinin azyaşlı, yetkinlik yaşına çatmayanların, rayonun qəsəbə və kəndləri üzrə qətlə yetirilənlərin, diri-diri yandırılanların, faciədən sonra indiyədək itkin düşənlərin və digər istiqamətlərdə konkret siyahılar da yer almışdır.

Kitablarda Azərbaycan, ingilis, türk və digər dillərdən olmaqla yüzlərlə mənbədən, eləcə də internet resursları da daxil olmaqla ümumilikdə  350-dək mənbədən istifadə edilmişdir.

Bəli, bu gün "Xocalıya ədalət!" dünyanı gəzir, beynəlxalq kürsülərdən insanları haqsızlığa, zülmə və zülmkarlığa, terrorçuluğa... qarşı mübarizəyə çağırır.

Güclü, təkzibedilməz məntiqi faktsübutlar, dəlillər və sənədlər əsasında ərsəyə gəlmiş bu kitablar müvafiq mövzuda elmi-tədqiqat aparan alimlərimiz, yazıçı və jurnalistlərimiz, siyasətçilərimiz üçün çox zəngin materiallar toplusudur.

Əminik ki, hər kəs bu nəşrlərdən bəhrələnən "Xocalıya ədalət!" kampaniyasının fəal iştirakçısına çevriləcək, ədalətin təntənəsinə, zəfər çalmasına öz töhfəsini verəcəkdir.

 

Azərbaycan.-2014.-18 fevral.-S.7.