İtaliyanın «Geopolitica» onlayn jurnalında

 Xocalı soyqırımı ilə bağlı məqalə yerləşdirilmişdir

 

İtaliyanın "Geopolitica" onlayn jurnalında Xocalı soyqırımı ilə bağlı məqalə yerləşdirilmişdir. Məqalədə bildirilir ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda erməni silahlı qüvvələri dinc azərbaycanlılara qarşı misli görünməmiş soyqırımı törətmişlər. Bu qırğın nəticəsində 613 nəfər günahsız insan ən vəhşi üsullarla qətlə yetirilmişdir.

Müəllif təəssüf hissi ilə qeyd edir ki, bu gün beynəlxalq birlik tərəfindən Xocalı soyqırımına lazımi hüquqi qiymət verilmir. Bu soyqırımını törədənlər hələ də cinayət məsuliyyətinə cəlb olunmamışlar.

Məqalədə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən də bəhs olunur. Qeyd edilir ki, 20 ildən artıqdır həllini tapmayan bu münaqişə nəticəsində bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilmişdir.

Müəllif həmçinin cari il fevralın 12-də Romada Xocalı soyqırımı ilə bağlı keçirilmiş beynəlxalq konfrans, eyni zamanda tədbir çərçivəsində təqdimatı keçirilən, Hamburqda fəaliyyət göstərən Bundesver Akademiyasının tədqiqatçısı professor Yohannes Raunun müəllifi olduğu "Azərbaycan tarixində Dağlıq Qarabağ münaqişəsi" kitabı haqqında məlumat verir. Qeyd olunur ki, bu kitab Dağlıq Qarabağ münaqişəsi ilə bağlı İtaliyada nəşr olunan ən sanballı elmi əsərdir. Kitabda münaqişənin tarixi, səbəbləri və nəticələri ilə bağlı faktlara əsaslanan dolğun məlumatlar əksini tapmışdır.

Məqalənin tam mətnini aşağıdakı linkdə oxumaq olar:

http://www.geopolitica.info/protection-civil-population-armed-conflicts-case-khojaly/.

 

 

Maqsud DADAŞOV,

AzərTAc-ın xüsusi müxbiri

Roma

Azərbaycan.-2014.-18 fevral.-S.7.