AMEA-nın Mərkəzi Elmi Kitabxanasında akademik Arif Paşayevin 80 illik yubileyi münasibətilə alimin zəngin elmipedaqoji fəaliyyətindən bəhs edən sərgi açılmışdır

 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında görkəmli alimictimai xadim, fizika-riyaziyyat elmləri doktoru, Dövlət mükafatı laureatı, akademik Arif Paşayevin 80 illik yubileyi münasibətilə alimin zəngin elmipedaqoji, ictimai fəaliyyətindən bəhs edən sərgi açılmışdır.

AMEA-nın Mərkəzi Elmi Kitabxanasından AzərTAc-a bildirmişlər ki, sərgidə görkəmli alim, akademik Arif Paşayevin elmi, elmi-təşkilati və pedaqoji fəaliyyəti haqqında oçerklər, onun elmi rəhbəri və elmi məsləhətçisi olduğu dissertasiyaların daxil olduğu və Mərkəzi Elmi Kitabxananın hazırladığı "Biblioqrafiya", xeyli sayda elmi əsərləri, o cümlədən alimin həmmüəllifi olduğu "Radiaktivkosmik şüalar", "Bərk cisimlər fizikası", "Aeronaviqasiyada kartoqrafik proyeksiyalar", Aviasiya elektron sistemlərinin element və qurğularına aid "Elektronikanın əsasları", "Antena-Fider qurğularının hesabatı və layihələndirilməsi" və s. kitablar nümayiş etdirilir.

Xatırladaq ki, Arif Paşayev 1966-cı ildə "Yüksək və ifratyüksək tezliklərdə yarımkeçiricilərin parametrlərini ölçmək üçün kontaktsız üsul və cihazların işlənməsi" mövzusunda dissertasiya müdafiə edərək texnika elmləri namizədi, 1978-ci ildə "Yarımkeçiricilərin tədqiqində qeyri-dağıdıcı üsulların fiziki əsasları, inkişaf prinsipləri və tətbiqi perspektivləri" mövzusunda doktorluq dissertasiyası müdafiə edərək fizika-riyaziyyat elmləri doktoru alimlik dərəcəsi almışdır.

Görkəmli alim fizika elminin aktual problemlərinə dair geniş tədqiqatlar aparmış, orijinal, proqram təminatlı eksperimental qurğu yaratmışdır.

Akademik Arif Paşayev 400-dən çox elmi məqalənin, 30-dan artıq kitab və monoqrafiyanın müəllifidir, 60-dan çox ixtira üçün müəllif şəhadətnaməsi almışdır.

Hazırda Milli Aviasiya Akademiyasına rəhbərlik edən Arif Paşayev bu sahədə də böyük xidmətlər göstərmişdir. Onun rəhbərliyi ilə Azərbaycan aviasiyası üçün milli kadrlar - təyyarəçilər, mühəndislər, ümumən 16 ixtisas üzrə mütəxəssislər hazırlanır.

Akademik Arif Paşayev elmi nailiyyətlərinə görə yüksək mükafatlara layiq görülmüşdür.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2014-cü il 14 fevral tarixli Sərəncamı ilə görkəmli alim Arif Paşayev səmərəli elmi fəaliyyətinə və təhsilin inkişafında xüsusi xidmətlərinə görə "İstiqlal" ordeni ilə təltif edilmişdir.

 

Azərbaycan.-2014.-18 fevral.-S.8.